Məhkəmə qərarları › İş №2-2(103)-1160/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1160/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1160/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iştrakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3005/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 100.000 manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.08.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, müqavilə formal olaraq bağlanılıb. Belə ki, müqavilənin predmetində göstərilir ki, cavabdeh iddiaçıya laminat satışını həyata keçirməyi öhdəsinə götürür. Halbuki, cavabdehin fəaliyyəti (25110 kodlu fəaliyyət) metaldan tikinti konstruksiyaları və onların hissələrinin istehsalıdır. Cavabdeh bu günə qədərki fəaliyyətində laminat nə istehsal edib, nə də satışını həyata keçirmişdir. Eləcə də, iddiaçı mebel hissələri və mebel satışı ilə məşğuldur.İddiaçının fəaliyyəti ilə əlaqədar bu həcmdə laminat alışı həyata keçirməsi real deyil. Müqavilədə malların alqı-satqısı deyil, işlərin və xidmətlərin göstərilməsindən söhbət gedir. Müqavilənin 4.1-ci bəndində deyilir ki, bütün işlər yerinə yetirildikdən və Alıcı (iddiaçı) tərəfindən qaimə ilə qəbul edildikdən sonra ödəniş edilir. Bu şərt ola-ola alıcının 100.000 manat məbləği əvvəlcədən ödəməkdə nə marağı var? Bütün bu hallar müqavilənin formal olduğundan xəbər verir. 100.000 manat məbləğə gəldikdə isə, həmin məbləğ iddiaçının sifarişi ilə nağdlaşdırma aparmaq məqsədilə (yəni 19.01.2021-ci il tarixdə 16B/40 nömrəli müqavilənin məqsədləri baxımından deyil) cavabdehə MMC-yə köçürülmüş və iddiaçının səlahiyyətli şəxsi G.Əliyevanın göstərişi ilə X2 verilmişdir. İş materiallarına əlavə edilən X3 tərəfindən verilmiş ərizədən də göründüyü kimi, iddiaçı tərəfindən V.Kamilova verilməli olan 100.000 manat pul vəsaiti cavabdehin direktoru Qanuni nümayəndə2 tərəfindən nağd şəkildə 19.01.2021-ci il tarixdə ona verilmişdir. Lakin təəssüflər olsun ki, məhkəmə vəsatət verilməsinə baxmayaraq V.Kamilovun şahid qismində dindirilməsini təmin etməmiş, sözügedən ərizəyə isə qətnamədə heç bir münasibət bildirməmişdir. Eyni zamanda, iş üzrə şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, o hər iki tərəfi tanıyır. Bu məsələdə vasitəçi o olmuşdur. Cavabdeh tərəfindən həmin pul vəsaiti onun vasitəsilə Vaqifə verilmişdir. Lakin onun ifadəsinə də düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, tərəflər arasında tarixi 19.01.2020-ci il göstərilən 16B/40 nömrəli alqı-satqı müqaviləsi adlı sənəd imzalanmış, razılaşmaya əsasən satıcı (cavabdeh) alıcıya (iddiaçıya) pərakəndə satış üzrə xidmət göstərməyi (laminat satışı) öhdəsinə götürmüşdür. Hər iki tərəf müqavilənin tarixinin 19.01.2020-ci il göstərilməsinin texniki səhv və 2021-ci il olduğunu bildirmişlər. 19.01.2021-ci il tarixli 15313 nömrəli ödəniş tapşırığına görə, müqavilənin bağlandığı gün iddiaçı tərəfindən cavabdehin hesabına 100.000 manat məbləğdə pul köçürülmüşdür. Mübahisə ondan ibarətdir ki, iddiaçı ödədiyi 100.000 manat məbləğdə pulun müqabilində malların veriilmədiyini və ona görə də pulun qaytarılmasını tələb edir, cavabdeh tərəf isə alqı-satqı müqaviləsinin formal olaraq bağlandığını, 100.000 manat məbləğdə pulun nağdlaşdırılması məqsədilə köçürüldüyünü və köçürülmüş pulun iddiaçının göstərişi ilə başqa şəxsə verildiyini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 599.3-cü və 1092.1-ci maddələri nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 599.3-cü maddəsinə görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Lakin mübahisə üzrə tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması sübut olunmur. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, “Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” Göründüyü kimi, alqı-satqı müqaviləsinin predmetini əşya (mal) təşkil edir, işdə olan müqavilədən isə həmin əqdin alqı-satqı, yoxsa podrat müqaviləsi olmasını ayırd etmək mümkün deyil. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İndiki halda iradənin məzmununu dəqiq müəyyənləşdirmək mümkün olmadığından, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətlərinin yaranmadığı və 599.3cü maddənin dispozisiya şərtlərinin mövcud olmadığı aşkar olunur. Belə olan halda isə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin normaya görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində açıqlanmışdır. Sözügedən normaya əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). 19.01.2021-ci il tarixli 15313 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 100.000 manat məbləğdə pul köçürülmüşdür, cavabdeh qeyd olunan pul məbləğinin qaytarıldığını bildirsə də, pulun qaytarılması halını sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, tərəflər arasında əlaqələndirici olmuşdur, alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır, müqavilədən məqsəd pulun köçürülməsi yolu ilə nağdlaşdırılması olmuşdur, pul köçürüldükdən sonra iddiaçının nümayəndəsi Günay Əliyevaya verilmişdir. Göründüyü kimi, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 100.000 manat pul əldə edərək, varlanmışdır, onun bu cür varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyil. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki: müqavilənin formallığını şikayətində cavabdehin özü də qəbul edir; şahid S.Səfərəliyeva ifadəsində pul köçürüldükdən sonra iddiaçının nümayəndəsi G.Əliyevaya verildiyini bildirsə də, apellyasiya şikayətində pulun iddiaçının səlahiyyətli şəxsi G.Əliyevanın göstərişi ilə V.Kamilova verildiyi qeyd olunmuşdur; V.Kamilovun adından yazıldığı irəli sürülən işdə olan 07.06.2021-ci il tarixli ərizənin həqiqətdə kim tərəfindən tərtib olunduğu məlum olmadığından, mötəbər sübut əhəmiyyətinə malik deyil; V.Kamilovun şahid qismində dindirilməsini onun sözlərinə istinad edən tərəf təmin etməli idi; iddiaçı tərəfindən cavabdehin hesabına 100.000 manat pulun köçürülməsi sübut olunur, cavabdeh qeyd olunan pulun qaytarıldığını və ya iddiaçının göstərişi ilə onun pul ödəməli olduğu üçüncü şəxsə verildiyini bildirsə də, bunlara dair hər hansı mötəbər sübutu Məhkəməyə təqdim etmir; MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3005/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar