Məhkəmə qərarları › İş №2-2(103)-1160/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1160/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1160/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-5084/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli, 05/2024 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də (Qiymət və X2, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan əşya(lar)ın (bundan sonra “Mal(lar)”) Satıcı tərəfindən Alıcıya satılmasından, Alıcı tərəfindən isə bu Müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə Mal(lar)ın dəyərinin Satıcıya ödənilməsindən ibarətdir.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən Mal(lar)ın alqı-satqısı tərəflər arasında Əlavə(lər)in imzalanması və möhürlənməsi ilə razılaşdırılır və belə Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişdirmir və hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra Tərəflər arasında göstərilən Mal(lar) barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər.

4. Müqavilənin 1.3-cü bəndinə əsasən hər bir Malın adı, miqdarı, ölçüləri, qiyməti və digər texniki göstəriciləri Əlavə ilə müəyyən olunur.

5. Müqavilənin 2.1-ci bəndinə əsasən malın 1 ədədinin qiyməti Əlavələr ilə, ümumi toplamının qiyməti isə Alıcının səlahiyyətli nümayəndəsinin Mal(lar)ı təhvil almasını təsdiq edən aktla müəyyən olunur.

6. Müqavilənin 3.1-ci bəndinə əsasən əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, mallar təhvil verildikdən sonra ödəniləcək cəmi məbləğin 100%-i 7 gün ərzində köçürmə yolu ilə Satıcının hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir.

7. Müqavilənin 5.2-ci bəndində əsasən ödənişlərdə gecikmə olarsa, hər keçən günə görə alıcı malın dəyərinin 0,3 %-i həcmində əlavə ödəniş etməlidir.

8. İş materiallarında olan, tərəflərə məxsus imza, möhürlə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 318600 manat məbləğində mallar təhvil verilmişdir.

9. İş materiallarında olan, tərəflərə məxsus imza, möhürlə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 106200 manat məbləğində mallar təhvil verilmişdir.

10. İş materiallarında olan, tərəflərə məxsus imza, möhürlə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 26550 manat məbləğində mallar təhvil verilmişdir.

11. İş materiallarında olan, tərəflərə məxsus imza, möhürlə təsiqlənmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 3186 manat məbləğində mallar təhvil verilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2410 10531987 nömrəli 106200 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 12642709 nömrəli 26550 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10910404 nömrəli 318600 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 11665954 nömrəli 3186 manat məbləğində elektron qaimələr göndərilmişdir.

13. İddiaçıya məxsus xx.xx.2025-xx.xx.2025-ci il tarixi əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2025-ci ilin may ayı ərzində ümumilikdə 64650 manat (40000 manat və 24650 manat olmaqla) ödəniş olunmuşdur.

14. İddiaçıya məxsus xx.xx.2024-xx.xx.2025-ci il tarixi əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 243000 manat məbləğində ödəniş olunmuşdur.

15. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından köçürmələrin siyahısından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 55377 manat məbləğində ƏDV ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

16. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 oktyabr 2024-cü il tarixli, 05/2024 saylı alqı-satqı müqaviləsinə əsasən X7 də nəzərə alınmaqla 92.040,0 manat məbləğində əsas borcun, 15.000 manat hüquqi yardıma görə xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin vəzifəli şəxslərinin əməlində cinayətin əlamətləri aşkar edildiyindən xüsusi qərardad çıxarılmasını və bu barədə Prokurorluq orqanına məlumat verilməsini məhkəmədən xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 04 oktyabr 2024-cü il tarixli, 05/2024 saylı Alqı-satqı Müqaviləsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən və bundan sonra “Satıcı” adlandırılan İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 şəxsində bir tərəfdən və bundan sonra “Alıcı” adlandırılan Cavabdeh MMCnin direktoru Qanuni nümayəndə2 şəxsində digər tərəfdən, bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də (Qiymət və Şərtləri, Razılaşdırma Protokolları, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan əşya(lar)ın, mal(lar)ın Satıcı tərəfindən Alıcıya satılmasından, Alıcı tərəfindən isə bu Müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə dəyərinin satıcıya ödənilməsindən ibarətdir. Eyni zamanda bu Müqavilənin Predmetini təşkil edən 1.2.-1.3.-cü bəndlərdə o da qeyd olunmuşdur ki, “Mal(lar)ın alqı-satqısı tərəflər arasında Əlavə(lər)in imzalanması və möhürlənməsi ilə razılaşdırılır və belə Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və digər adla adlandrrılması onların mahiyyətini dəyişmir və hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sontra Tərəflər arasında göstərilən Mal(lar) barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihləri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər.” və “Hər bir Malın adı, miqdarı, ölçüləri, qiyməti və digər texniki göstəriciləri Əlavə ilə müəyyən olunur. Həmin Müqavilənin 3.1.-ci bəndində göstərilmişdir ki, ”Əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, mallar təhvil verildikdən sonra ödəniləcək cəmi məbləğin 100%-i 7 gün ərzində köçürmə yolu ilə satıcının hesabına ödənilməlidir. Əlavələrdə ayrı qaydada nəzərdə tutulduğu halda, Əlavənin müvafq maddəası daha üstün qüvvəyə malikdir. Beləliklə, hazırki mübahisə üzrə bağlanmış 04 oktyabr 2024-cü il tarixli Müqavilənin şərtləri əsasında, o cümlədən, 4-cü bəndində qeyd olunduğu kimi, Satıcı tərəfindən malların qablaşdırılması və Alıcının göstərişi ilə də müvafiq ünvana vaxtında və tam miqdarda çatdırılması təmin edilmiş və bunun təsdiqi kimi də, malların ünvana çatdırılmasını təsdiq edən qaimə fakturalar tərtib edilərək düzgünlüyü imzalarla və möhürlə də təsdiq edilmişdir. Bundan başqa, Müqavilənin digər şərtləri ilə də nəzərdə tutulmuş öhdliklərinin icrası “Satıcı” tərəfindən tam yerinə yetirilmiş və bununla bağlı, hər vahidinin dəyəri 54,0 manat olmaqla, 5000 ədəd və X7 də nəzərə alınmaqla, ümumilikdə 318.600,0 manat məbləğindəki Yaylı yataq (75x188) dəstləri, İddiaçı MMC-i tərəfindən Cavabdeh MMC-nə 12 dekabr 2024-cü il tarixli Təhvil-Təslim Aktı əsasında təhvil verilmiş və tərəflər bunu, imzaları və möhürləri ilə təsdiq etmişlər. Lakin, Müqavilə öhdəlikləri üzrə İddiaçı MMC-i tərəfindən üzərinə düşən öhdəliklərin, bütünlüklə yerinə yetirilməsi vaxtında təmin edilməsinə belə baxmayaraq, 12 dekabr 2024- cü il tarixdən bu günə kimi, X7 də nəzərə alınmaqla, bizə, ümumilikdə 144.727,0 manat məbləğində borc qalığının ödənilməsi, “Alıcı” tərəfindən təmin edilməmiş, əksinə, çoxsaylı müraciətlərimizlə bağlı, hər dəfə ayrı-ayrı bəhanələr gətirilməklə, faktiki olaraq imtina edilməsi davam etməkdədir. Hərçənd ki, Müqavilənin 5.3.1.-ci və 5.3.4.-cü bəndlərdə də üzərinə götürdüyü öhdəlikdə də açıqdan-açığa göstərilir ki, “Satıcı”ya ödənilməli olan Mal(lar)ın dəyərini vaxtında ödənilməsini təmin etmək.”, “Alıcı”nın vəzifələrindən ən birincisidir. Həmçinin, onu da qeyd etməyi zəruri hesab edirik ki, bu mübahisənin həlli məqsədi ilə, fərdi sahibkar X4 ilə, “Hüquqi xidmətlərin göstərilməsi barədə” aramızda bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən sonra, bizə olan borcun qaytarılmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyimizi cavabdehin nəzərinə çatdırdıq və məhz, bununla bağlı olaraq, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən bizə olan borcun bir hissəsi ödənilmiş, qalıq borcun məbləği X7 ilə birlikdə 92.040 manat təşkil etmişdir. Məhkəməyə müracit edəcəyimizlə bağlı cavabdehə məlumat verdikdən sonra, bir həftə ərzində borcun tam bağlanması ilə bağlı bizə vədlər verilməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixli ödənişdən sonra heç bir tədbir görülmədiyindən, bu borcun bizə qaytarılmasının həyata keçirilməsini öz üzrinə götürmüş fərdi sahibkar X4 tərəfindən xx.xx.2025-ci il tarixdə, Cavabdeh MMC-nin direktoru Cənab Qanuni nümayəndə2 VATSAP telefon nömrəsinə pretenziya göndərilərək, bizə olan borcun 3 gün ərzində ödənilməyəcəyi təqdirdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də maraqlarına toxunan 3-cü şəxs qismində işə cəlb edilməklə, rəhbəri olduğu İddiaçı MMC-nə qarşı aşağıdakı şəkildə iddia tələbi irəli sürüləcəyi bildirilmişdir: “İddiaçı - İddiaçı MMC-i ilə cavabdeh - Cavabdeh MMC-i arasında bağlanmış 04 oktyabr 2024-cü il tarixli, 05/2024 saylı Alqı-satqı Müqaviləsinə əsasən, X7 də nəzərə alınmaqla 92.040,0 manat məbləğində əsas borcun və bu borcun alınması ilə bağlı, fərdi sahibkar X4 ilə bağlanmış Müqaviləyə görə, ona ödənilməsi nəzərdə tutulan ümumilikdə - 15.000 manatın cavabdeh - Cavabdeh MMC-nin hesabından İddiaçı - İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması; Eyni zamanda, prosesin iştirakçısı cavabdeh - Cavabdeh MMC-nin vəzifəli şəxslərinin əməlində cinayətin əlamətləri aşkar edildiyindən xüsusi qərardad çıxarılmaqla bu barədə Prokurora xəbər verilməsi də xahiş edilir. Bu mübahisədə qeyd olunmalı olan məsələlərdən ən mühümü isə, onunla bağlıdır ki, Cavabdeh MMC-i Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkil etdiyi “Tenderin” qalibi olduğundan, Cavabdeh MMC-nin göstərişi ilə də həmin mallar tərəfimizdən Müdafiə Nazirliyinin anbarlarına daşınaraq orada da təhvil verilmişdir və əldə etdiyimiz məlumatlardan da müəyyən edilmişdir ki, tərəfimizdən təhvil verdiyimiz bu mallara görə Müdafiə Nazirliyi tərəfindən də Cavabdeh MMC-nə pul məbləğləri tam şəkildə ödənildiyi halda, bu Cəmiyyət bizə olan borcunu ödəməkdən imtina etməkdədir. Ona görə də hesab edirik ki, Cavabdeh MMC-nin bizə olan borcu ilə yanaşı, bu borcun alınmasına çəkilən bütün xərclərimiz də bu Cəmiyyət tərəfindən bizə ödənilməli olduğundan, həmin borcun Cavabdeh MMC-nin hesabından bizim xeyrimizə tutulması ilə bağlı, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 ilə aramızda bağlanmış Müqaviləyə əsasən tərəfimizdən ona ödənilmiş məbləğin miqdarının da bu Cəmiyyyət tərəfindən bizə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Bununla yanaşı, bizə o da məlum olmuşdur ki, tərəfimizdən istehsal olunan Yaylı yataq (75x188) dəstlərinə yaranan ehtiyac nəticəsində, Müdafiə Nazirliyinin həyata keçirdiyi növbəti Tenderinin qalibi də, məhz, Cavabdeh MMC-i olmuş və həmin yataq dəstlərinin də bizdən alacağı ilə bağlı bu Cəmiyyət Tenderə rəsmi məlumat versə də, bununla bağlı bizimlə hər hansı Müqavilə bağlanmamış və normal insan məntiqi, düşünməyə əsas verir ki, Cavabdeh MMC-i Müdafiə Nazirliyini aldatmaq niyyəti ilə, ikinci Tenderə bizim istehsal etdiyimiz malın texniki şərtini təqdim edərək, faktiki olaraq, başqa istehsal sahəsindən və daha ucuz qiymətə əldə edəcəyi yataq dəstlərini təqdim etməksatmaq niyyətindədir. Belə ki, ilkin Tenderin nəticəsi ilə bağlı tərəfimizdən Müdafiə Nazirliyinə təqdim etdiyimiz Yaylı yataq (75x188) dəstlərin bizdən başqa Azərbaycanda istehsal edə biləcək ikinci istehsal sahəsi ümumiyyətlə mövcud deyildir. Bu da onunla bağlıdır ki, o cür malın istehsalını həyata keçirə biləcək avadanlıqlar ancaq bizim müəssisədə olduğundan, həmin texnki şərtlər altında həmin malı istehsal edə biləcək ikinci istehsal sahəsi də ola bilməz. Ona görə də hesab edirik ki, tərəfimizdən istehsal olunan Yaylı yataq (75x188) dəstlərinə yaranan ehtiyac nəticəsində, Müdafiə Nazirliyinin həyata keçirdiyi növbəti Tenderə, bizdən xəbərsiz və məhz, bizim istehsal etdiyimiz malın texniki şərtlərini təsdiq edən məlumatları təqdim etməklə, faktiki olaraq isə, başqa istehsal sahəsindən və daha ucuz qiymətə əldə edəcəyi yataq dəstlərini satmaqla, Müdafiə Nazirliyini aldatmaq niyyətini açıqdan-açığa nümayiş etdirdiyindən və bununla da Respublikamızın müdafiə qabiliyyətinə zərər vurulduğu tam təsdiq edildiyindən, həmin Tenderin nəticələri etibarsız hesab olunmaqla yanaşı, cinayət əməli törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad çıxarılmaqla prokurora da xəbər verilməlidir.

18. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırkı işlə bağlı üçüncü şəxslə iddiaçı arasında hüquqi yardımla bağlı müqavilə bağlanmış, müqavilənin dəyərinin 12000 manat olması razılaşdırılmışdır, 3000 manat həmin müqavilə üzrə iddiaçı ödəniş etmişdir.

19. Üçüncü şəxs Ə.Rüstəmov iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının cavabdehin və digər üçüncü şəxsin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

21. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5084/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 91509 manat əsas borc, 364,53 manat dövlət rüsumu, 2000 manat hüquqi yardıma görə xərc, ümumilikdə 93873,53 manat (doxsan üç min səkkiz yüz yetmiş üç manat əlli üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, İddia ərizəsi verilərkən çəkilmiş qalan məhkəmə xərcləri (ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə xərc) İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 454536 manat məbləğində mallar təhvil verilmiş, bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil olmaqla ümumilikdə 363027 manat ödəniş olunmuşdur. Həmin müqavilə üzrə hazırda cavabdehin iddiaçıya 91509 manat borcu (454536 manat - 363027 manat) ödənilməmiş qalmışdır. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən 2000 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabehdən tutularaq iddiaçıya ödənilməli, qalan xərc iddiaçının özünə aid edilməlidir. Belə ki, 584411 nömrəli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən X1 hesabına 3000 manat hüquqi xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 364,53 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 35,47 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

23. Məhkəmə cavabdeh barəsində xüsusi qərardad çıxarılması barədə iddiaçının vəsatətini isə əsassız hesab etmişdir. Belə ki, hazırkı kommersiya mübahisəsi ilə bağlı xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir.

24. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələri və AR MPM-nin 121.1, 119.1, 265.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5084/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərək mübahisələndirilən məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd edilən hallar və Cavabdeh MMC tərəfindən edilmiş ödənişlər nəzərə alınmasından görünür ki, tərəfimizdən müəyyən ödənişlər edilmiş, qalan ödənişin edilməsi üçün danışıqlar aparılmışdır. Lakin cavabdeh tərəfindən ödənişlərin aparılmasında müəyyən güzəştlər xahiş edilsə də buna məhəl qoyulmadan qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən “X9” MMC-nin öhdəliklərini müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirilməməsi nəzərə alınmamışdır. Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları apellyasiya şikayətinin 6-cı bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahatlar

28. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Rüstəmov Əliabbas apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

29. Digər işdə iştirak edən şəxlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

31. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

32. Maddə 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.

33. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda cavabdeh tərəfindən qətnamə tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, qətnamənin qanuni və əsaslılığı qismən yoxlanır. Belə ki, cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində, iddiaçı isə iddianın təmin olunmayan hissəsində qətnaməni mübahisələndirməmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

47. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

48. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

49. Kollegiya qeyd edir ki,hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

50. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

51. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin müəyyən olunan halıdır; belə ki, cavabdeh malların təhvil verildiyini mübahisələndirməmiş, həmçinin apellyasiya şikayətində ödənişlərin bir qismini həyata keçirmədiyini qəbul etmiş, lakin iddiaçı tərəfindən ödənişlərin aparılmasında müəyyən güzəştlər aparılmadığını qeyd etmişdir.

52. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu arqumenti borc öhdəliyindən azad olunmaq üçün hüquqi əsas yarada bilməz.

53. Belə ki tərəflər arasında bağlanmış müqavilədə güzəştin edilməsi barədə hər hansı bir şərt nəzərdə tutulmamışdır.

54. Kollegiya apellyatorun apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).

55. Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri).

56. Sahibkarlıqla məşğul olanlar digər şəxslərlə mülki hüqüq münasibətləri qururlar. Bu isə o deməkdir ki, onlar kimlərinsə qarşısında yaxud da kimlərsə onların qarşısında öhdəlik götürməli olur. Bu öhdəliklərin vaxtında və vicdanla yerinə yetirilməsi sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır. Çünki hər bir şəxs sahibkarlıq fəaliyyətini öz əmlakı hesabına və risklə həyata keçirir.

57. Həmçinin məhkəmə kollegiyası izah edir ki, üçüncü şəxsin öhdəliklərini yerinə yetirməməsi cavabdehi müqavilə üzrə öhdəliyini icra etməkdən azad etmir.

58. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5084/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar