Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1163/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Tofiq Səməd oğlu Səmədovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3097/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 12508 manat dəyərində borcun, 1250,80 manat cərimənin, 313 manat dəyərində əldən çıxmış faydanın, 180 manat dəyərində vəkil xərcinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 14281,8 manat pul məbləğinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli e-2-2(113)-3097/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni cərimə, əldən çıxmış fayda, vəkil xərcinin, yəni 1743,80 manatın ondan tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi onun iştirakı olmadan keçirilmiş, işin obyektiv halları tam şəkildə araşdırılmamışdır. Belə ki, direktoru olduğu "xxxx" MMC artıq ləğv olunmuşdur. O, iddiaçıya 12508 manat dəyərində pulu ödəməyə hazırdır. Lakin qətnamədə qeyd olunan əldən çıxmış faydaya görə 313 manat məbləğində pul, cəriməyə görə 1250,80 manat məbləğində pulun, 180 manat vəkil xərcinin ondan tutulması ilə razı deyil. Borcun ödənilməsinin gecikdirilməsi tamamilə müflis olma ilə əlaqədardır. Buna görə də, əsas borcdan əlavə qeyd olunan 1743,8 manat məbləğində pulun ondan tutulmasına dair hissədə qətnamə ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız cərimə, əldən çıxmış fayda və vəkil xərcinin tutulması hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında 282 saylı 17.12.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı malları alıcıya satmağı, alıcı da həmin malları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, "xxxx" MMC-nin müqavilə rəsmiləşdiyi gündən bu günə qədər İddiaçı MMC-yə ƏDV daxil 12508 manat dəyərində borcu vardır. Sözügedən müqavilənin 7-ci bəndinin 2-ci hissəsinə əsasən "xxxx" MMC İddiaçı MMC-yə 1250,80 manat cərimə ödəməlidir. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq anlamaq olar ki, "xxxx" MMC-nin ödəməli olduğu 12508 manat pulu İddiaçı MMC dövr etdirmiş olsaydı illik ən azı ümumi məbləğin 5-10 faizi miqdarında fayda əldə etmiş olardı. Belə olan halda 12508 manat vəsaiti İddiaçı MMC hər hansısa bankda illik 5 faiz olmaqla əmanət olaraq yerləşdirilsəydi, keçən 6 ay ərzində 313 manat fayda qazanmış olardı. Borclu borcunu ödəmədiyinə görə 313 manat vəsait İddiaçı MMC üçün əldən çıxmış faydadır. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, Alıcı Satıcıya 1 (bir) həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1% həcmində, lakin gecikdirilmiş ödəmənin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödəyəcəkdir. İşin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, onun tərəfindən aparılmış ödənişləri, malların təhvil verilmə tarixini və iddiaçının cərimə kimi yalnız əsas borc məbləğinin 10%-ni tələb etdiyini, nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 1250,8 manat cərimə borcunu tələb etməkdə tam haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə iddianı tam təmin etmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması hissəsində iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni hər hansı bankla əmanət müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu, lakin cavabdehin öz öhdəliyini icra etməməsi səbəbindən müqavilənin reallaşdırıla bilməməsi hallarını təsdiq edən sübutları təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, həmin tələblərin təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin iddia tələbi rədd edilməlidir. Həmçinin iş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 07.06.2021ci il tarixli 772 saylı müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosuna 180 manat ödənilmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələblərinin əsas hissəsinin təmin olunduğunu və mövcud məhkəmə təcrübəsinə əsasən vəkilin göstərdiyi yardıma görə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 180 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməməli, digər mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3097/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.07.2021-ci il tarixli qətnaməsi qismən, yəni 313 manat əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Tofiq Səmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1163/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1163/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver