Məhkəmə qərarları › İş №2-2(103)-1165/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1165/2024

25.12.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1165/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbinə dair kommersiya mübahisəsi Açar söz: borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7507/2024 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Fiziki şəxs haqqında məlumata əsasən maraqlı şəxs xx.xx.2018-ci ildə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.

2. Maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 6387,50 manat borcu vardır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 6186,19 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 791,62 manat, İşsizlikdən sığorta fonduna olan 22,55 manat, İcbari Tibbi Sığorta Fonduna olan 135,79 manat borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 791,62 manat, İşsizlikdən sığorta fonduna 22,55 manat, İcbari Tibbi Sığorta Fonduna 135,79 manat, dövlət büdcəsinə 6186,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 5591,11 manat, faizlər üzrə 595,08 manat) olmaqla, ümumilikdə 7136,15 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********382800, xx.xx.2024-cü il tarixli **********104700, xx.xx.2024-cü il tarixli **********418100, xx.xx.2024-cü il tarixli **********403700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarından görünür ki, Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7507/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və digər fondlara borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ona borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir. Bununla yanaşı, maraqlı şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş sənədlərindən, habelə maraqlı şəxsin xx.xx.2024-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxsin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 501,92 manat vergi borcu olmuş, maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə həmin borc tam şəkildə ödənilmişdir. Bundan əlavə, maraqlı şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş sənədlərindən, habelə maraqlı şəxsin xx.xx.2024-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 791,62 manat, İşsizlikdən sığorta fonduna olan 22,55 manat, İcbari Tibbi Sığorta Fonduna olan 135,79 manat borclar tam şəkildə ödənilmişdir. Maraqlı şəxsin xx.xx.2024-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxsə xx.xx.2024-cü il tarixdə vergi orqanı tərəfindən 607,22 manat vergi borcu hesablanmışdır. Hazırkı ərizədə isə xx.xx.2024-cü il tarixə olan borcların ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

8. Məhkəmə hazırkı mübahisəyə AR Vergi Məcəlləsinin 16.1.1, 15-3, 24.0.2.1, AR MPM 26.2, 355-5.2-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Ərizəçi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 7507/2024 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ərizəni təmin etməməklə Maraqlı şəxs dövlət büdcəsinə və fondlara olan borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göründüyü kimi qanunverici vergi orqanının bu hüququnun realizə olunmasını vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi ilə məhdudlaşdırmışdır. Yəni vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən də göründüyü kimi Maraqlı şəxs xx.xx.2024-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 791,62 manat, İşsizlikdən sığorta fonduna 22,55 manat, İcbari Tibbi Sığorta Fonduna 135,79 manat, dövlət büdcəsinə 6186,19 manat məbləğində olmaqla, ümumilikdə 7136,15 manat borcu olmuşdur. Məhkəmənin istinad etdiyi şəxsi hesab vərəqəsinin vergilər üzrə vərəqəsindən göründüyü kimi vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş 2023-cü il gəlir vergisi üzrə dəqiqləşmiş bəyannaməsinə əsasən özü 5088,14 manat gəlir vergisi hesablamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə özünün hesablamış olduğu 2023-cü il üzrə gəlir vergisini bəyannamə təqdim edərək, tam azaltmış, eyni zamanda 2024-cü il 1ci və 2-ci rübləri üzrə cari hesablamalarını azaltmışdır. Göründüyü kimi qəbul edilmiş qərar məhkəmə tərəfindən tətbiq edilməli olan ümumdövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən publik hüquq sahəsinə aid maddi hüquq normalarının dairəsinin tam və düzgün müəyyən edilməməsinin, işə birtərəfli yanaşılmasının məntiqi nəticəsidir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq Bakı Kommersiya Məhkəməsi dövlət büdcəsinə borcunun olmadığı əsası ilə şikayəti təmin etməmişdir. Bu da Məhkəmə tərəfindən Vergi Məcəlləsinin 23.1.3-15, 37.1, 37.2, 77.1, 78.1, 149.2, 151.1, 151.3, 152.1-ci maddələrinin tələblərinə riayət etməməsi, həmin maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021 tarixli qərarında qeyd olunur ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə ərizəçi tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7507/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin hallarından görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və digər fondlara borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ona borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir. Bununla yanaşı, maraqlı şəxs tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli ödəniş sənədlərindən, habelə maraqlı şəxsin xx.xx.2024-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxsin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 501,92 manat vergi borcu olmuş, maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə həmin borc tam şəkildə ödənilmişdir. Bundan əlavə, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş sənədlərindən, habelə maraqlı şəxsin xx.xx.2024-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 791,62 manat, İşsizlikdən sığorta fonduna olan 22,55 manat, İcbari Tibbi Sığorta Fonduna olan 135,79 manat borclar tam şəkildə ödənilmişdir. Maraqlı şəxsin xx.xx.2024-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxsə xx.xx.2024-cü il tarixdə vergi orqanı tərəfindən 607,22 manat vergi borcu hesablanmışdır. Hazırkı ərizədə isə xx.xx.2024-cü il tarixə olan borcların ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

19. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxslərlə inzibati orqanlar arasında olan münasibətlərə, məlumat mübadiləsinə, inzibati orqanların aktlarına və qərarlarına vətəndaşların etimad hüququ qanunla qorunur. Dövlət büdcəsinə olan vergiləri düzgün hesablamaq və həmin borcu vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirmək, məlumatların düzgünlüyünü yoxlamaq və bu məlumatların vergi orqanının nəzarətində olan elektron daşıyıcılarda düzgün qeyd etmək vergi qanunvericiliyinin tələblərinə əsasən vergi orqanının vəzifəsidir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxsin dövlət büdcəsinə cəmi 607 manat borcu vardır. Borcun məbləği də belə bir məhdudiyyətin qoyulmasına rəvac vermir, 607 manat borca görə maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq mütənasiblik meyarına ziddir.

20. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7507/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar