Məhkəmə qərarları › İş №2-2(103)-1167/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1167/2022

08.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1167/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: iddia ərizəsinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6530/2022 nömrəli iş üzrə 01 noyabr 2022-ci il tarixli qərardadından ərizəçinin apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. Ərizəçi məhkəməyə müraicət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardadın əsaslarına görə, “Materiallara əlavə edilmiş maraqlı şəxsin şəxsiyyət vəsiqəsinin surətindən, habelə “Elektron məhkəmə” sisteminin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, maraqlı şəxs Qubadlı rayonu Qubadlı şəhəri ünvanında qeydiyyatdadır. ... Eyni zamanda məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində maraqlı şəxsin ünvanı ünvan 1 təsdiq edən səlahiyyətli dövlət orqanının (Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və digər) müvafiq arayışı ərizəyə əlavə edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan məlum olur ki, Bakı şəhəri ünvan 2 ünvanıdır. Yəni ərizə hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğu halda, hüquqi şəxsin özünün ünvanına görə verilmişdir.”

4. Qərardadla razılaşmayan ərizəçi ondan şikayət verərək, ləğv edilib, işə baxılmasının davam etdirilməsini xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, hazırkı ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişlər, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1731/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsi qərardadında qeyd etmişdir ki, maraqlı şəxsin ünvanı Qubadlı rayonu Qubadlı şəhəri kimi göstərilərək, həmin ərizə Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Lakin, həmin ünvan maraqlı şəxsin yaşadığı (olduğu) ünvan deyil, rəsmi qeydiyyatda olduğu ünvandır və uzun illər işğal altında olduğuna görə o, həmin ünvanda yaşamır. Buna görə də, hazırkı ərizə və ona əlavə edilmiş sənədlərlə maraqlı şəxsin Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşaması müəyyən olunmur. Halbuki, ərizəyə əlavə edilmiş Vergi orqanı (ərizəçi) tərəfindən tərtib olunan bütün sənədlərdə - o cümlədən də xəbərdarlıq haqqında məlumatda və digər sənədlərdə Maraqlı şəxs ünvanı ünvan 6 ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə maraqlı şəxsin Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhərinin Nərimanov rayonunda yaşadığı müəyyən olunur.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 34. Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır; Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; Maddə 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

8. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.

9. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı:

22. Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri: 22.6. Qubadlı rayonu.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə maraqlı şəxsə məxsus şəxsiyyət vəsiqəsinin məlumatlarından məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı olan maraqlı şəxsin yaşayış yeri Qubadlı rayonu Qubadlı şəhəridir.

11. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun imperativ qaydada tələb edir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə, yəni şəxsiyyət vəsiqəsində göstərilən yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu ünvan ilə müəyyən olunur.

12. Bununla da, maraqlı şəxsin yaşayış yerinin Qubadlı rayonu Qubadlı şəhəri olması ilə bağlı işin halı qanunla müəyyən edilən sübutetmə vasitəsi ilə təsdiq edilir, Qubadlı rayonu isə Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

13. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin iddia ərizəsinin qaytarılması haqqında qərardadı digər məhkəmələrə münasibətdə məcburi hüquqi qüvvəyə malik deyil. Ərizəçinin həmin qərardaddan şikayət verib-vermədiyi də iş materiallarından aydın olmur.

14. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6530/2022 nömrəli iş üzrə 01 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar