Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1168/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və ipoteka müqavilələrinin etibarsızlığının tanınması və digər tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli 2-2(113)-2856/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh1 ASC ilə İddiaçı1 arasında bağlanmış RBN-6412/BK_RES_DEV2 No-li 20.12.2016-cı il tarixli kredit müqaviləsi və onunla bağlı olan RBN-6412/BK-RES-DEV2 saylı 20.12.2016-cı il tarixli sonrakı ipoteka müqavilələri əhəmiyyətsiz olduğundan etibarsızlığının tanınması və tərəflərin münasibətlərinə RBN-6412/BK No-li 01.03.2016-cı il tarixli kredit müqaviləsinin və 21.05.2014-cü il tarixli RBN-5987/BK və RBN-5987/BK/1 Noli ipoteka müqavilələrinə 20.12.2016-cı il tarixli sonrakı ipoteka müqavilələrinin şərtlərinin tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilk dəfə Cavabdeh1la iddiaçı arasında bağlanmış 21.05.2014-cü il tarixli RBN-5987/BK No-li baş kredit müqaviləsinə əsasən iddiaçıya illik 155000 ABŞ dolları kredit verilmişdir. Ondan iddiaçı müntəzəm olaraq vaxtlıvaxtında 85926 ABŞ dolları ödədikdən və birinci devalvasiya baş verdikdən sonra bankın hesablamasına görə qalan qalıq məbləğə 48494 ABŞ dolları əlavə edilməklə 01.05.2015ci il tarixdə bank 140000 ABŞ dolları məbləğin kredit kimi rəsmiləşdirilmişdir. Onu da müntəzəm olaraq vaxtında ödəmişdir. İkinci devalvasiya olduqdan sonra cəmi ödəniş məbləği 63684 ABŞ dolları olanda 01.03.2016-cı il tarixdə (müqavilə No RBN- 6412/BK_RES) qalan məbləğ - 92945 ABŞ dolları yenidən kredit kimi rəsmiləşdirilmişdir. Beləliklə, iddiaçıya birinci dəfə kredit verilib, ikinci dəfə əlavə kredit verilib, son iki dəfə isə heç bir kredit verilmədən sadəcə yenidən rəsmiləşdirmə olub. Bankın qeyd olunan əməliyyatları nəticəsində bank iddiaçıya ümumilikdə 203494 ABŞ dolları kredit vermiş, iddiaçı isə banka 171539 ABŞ dolları və 42292 manat ödəmişdir. Bankın iddiasına görə isə iddiaçının hələ də banka 189000 manat borcu qalmışdır. Bu hesablamalar ədalətsiz və məntiqsizdir, buna heç bir hesablama ilə bəraət qazandırıla bilməz. 20.12.2016-cı il tarixdə rəsmiləşdirilmiş müqavilənin 2.3-cü bəndinə görə kredit 48 ay müddətinə verilmişdir. Kreditin illik dərəcəsi 20% olmuş, sonra 11.07.2017-ci il tarixli əlavə razılaşmaya görə digər şərtlər dəyişdirilmədən illik faiz dərəcəsinin 18-ə endirilməsi şərti ilə yeni ödəniş qrafiki (cədvəli) təyin edilmişdir. Lakin bankın iddiaçıya verdiyi son ödəniş cədvəlinə görə borc qarmaqarışıq aylıq ödəniş məbləğləri ilə 49 hissəyə bölünmüş və 49- cu hissənin sonu faizlə birlikdə 71077,92 manat təşkil etməlidir. Bu qrafikə görə kredit məbləğinin yarısını iddiaçı 1 ayda ödəməlidir. Bu isə ağlabatan və məntiqli deyil. Belə anlaşılır ki, bankın niyyəti borcu geri almaq deyil, iddiaçını düşdüyü ağır vəziyyətdən daha çətin vəziyyətə salmaqdır. Belə ki, iddiaçının düşdüyü vəziyyət aşağıdakılarla bağlıdır; 1) bir il ərzində iki dəfə baş vermiş manatın devalvasiyası nəticəsində manatın ABŞ dollarına münasibətdə 118% dəyər itirməsi ilə əlaqədar məşğul olduğu kiçik biznes mühiti pisləşmiş və iddiaçı son dərəcə ağır maliyyə vəziyyətinə düşmüş; 2) düşdüyü ağır maliyyə vəziyyətinin yaratdığı stress hallarının nəticəsi olaraq keçirdiyi ağır açıq ürək-damar cərrahiyyə əməliyyatı ilə bağlı səhhəti zəifləmiş, işgüzar aktivliyi aşağı düşmüşdür. 3) həyat yoldaşı işləmir, 4 azyaşlı və yeniyetmə yaşında olan oğlu var. Onları böyüdüb başa çatdırmaq, cəmiyyətə sağlam düşüncəli vətəndaş vermək borcudur. Belə çıxır ki, sonuncu müqavilə həqiqi münasibətləri əks etdirmir, əslində xarici valyutadakı krediti manata keçirmək məqsədi daşıyır. Bu, həmçinin sonuncu müqavilə rəsmiləşdirilərkən faiz dərəcəsinin 14%-dən 20%-dək artırıldığından da aydın olur. Başqa sözlə, bankın hərəkətləri Mülki Məcəllənin 339.1-ci maddəsinin tələbləri mənasında etibarsızdır. Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-2(113)-2856/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində qeyd edilmiş dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmənin iddia müddətini bərpa etmək kimi həm hüququ, həm vəzifəsi vardır. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İşə apelyasiya qaydasında baxılması 27.10.2021-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı barədə elektron kabinetə bildiriş yerləşdirilməklə xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli e-2-2(113)-2856/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 ASC-nin “Nəsimi” filialı ilə İddiaçı1 arasında bağlanmış 21 may 2014-cü il tarixli, RBN-5987/BK saylı Baş kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə illik 19 (on doqquz) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 155000 (yüz əlli beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC-nin “Nəsimi” filialı ilə İddiaçı1 arasında bağlanmış 01 may 2015ci il tarixli, RBN-6412/BK saylı Baş kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə illik 17 (on yeddi) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 140000 (yüz qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC-nin “Nəsimi” filialı ilə İddiaçı1 arasında bağlanmış 01 mart 2016-cı il tarixli, RBN-6412/BK_RES saylı Baş kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə illik 14 (on dörd) faiz dərəcəsi olmaqla, 48 (qırx səkkiz) ay müddətinə 92945 (doxsan iki min doqquz yüz qırx beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC-nin “Nəsimi” filialı ilə İddiaçı1 arasında bağlanmış 20 dekabr 2016-cı il tarixli, RBN-6412/BK_RES_DEV2 saylı Baş kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə illik 20 (iyirmi) faiz dərəcəsi olmaqla, 48 (qırx səkkiz) ay müddətinə 142860 (yüz qırx iki min səkkiz yüz altmış) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC ilə İddiaçı1 arasında 01.03.2016-ci il tarixdə bağlanmış 21 may 2014-cü il tarixli RBN-5987/BK saylı İpoteka müqaviləsinə Sonrakı ipoteka müqaviləsindən görünür ki, 21 may 2014-cü il tarixli, RBN-5987/BK saylı, 01 may 2015-ci il tarixli, RBN- 6412/BK saylı və 01 mart 2016-cı il tarixli, RBN-6412/BK_RES saylı Baş kredit müqavilələrinin irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin 2 A nömrəli mənzili Cavabdeh1 ASC qarşısında yüklü edilmişdir. İpoteka predmetinin dəyəri qiymətləndirmə şirkəti tərəfindən 135000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 ASC ilə X2 arasında 01.03.2016-ci il tarixdə bağlanmış 21 may 2014cü il tarixli RBN-5987/BK/1 saylı ipoteka müqaviləsinə Sonrakı ipoteka müqaviləsindən görünür ki, 21 may 2014-cü il tarixli, RBN-5987/BK saylı, 01 may 2015-ci il tarixli, RBN- 6412/BK saylı və 01 mart 2016-cı il tarixli, RBN6412/BK_RES saylı Baş kredit müqavilələrinin irəli gələn İddiaçı1 öhdəliklərin icrasının təmini üsulu kimi X1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 saylı evin 14 nömrəli mənzili Cavabdeh1 ASC qarşısında yüklü edilmişdir. İpoteka predmetinin dəyəri qiymətləndirmə şirkəti tərəfindən 65000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 ASC ilə X2 arasında 20.12.2016-ci il tarixdə bağlanmış RBN-6412/BK- RES-DEV 2 saylı Sonrakı ipoteka müqaviləsindən görünür ki, 20 dekabr 2016-cı il tarixli, RBN-6412/BK_RES_DEV2 saylı Baş kredit müqaviləsindən irəli gələn İddiaçı1 öhdəliklərin icrasının təmini üsulu kimi X1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 saylı evin 14 nömrəli mənzili Cavabdeh1 ASC qarşısında yüklü edilmişdir. İpoteka predmetinin dəyəri qiymətləndirmə şirkəti tərəfindən 65000 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.01.2020-ci il tarixli 2(009)-82/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı “Rabitəbank" ASC-nin cavabdehlər İddiaçı1, X4, X5, X2 və Əliyeva llhamə Təbiyyət qızına qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia qaldırılmışdır. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. İddia ərizəsinin və apelyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı mübahisələndirilən kredit və ipoteka müqavilələrinə həm 339.1-ci maddəyə əsasən şəxsi özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd kimi, həm də MMnin 340.2-ci maddəsinə əsasən yalan əqd kimi hüquqi qiymət verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Hazırkı halda iddiaçı 2016-cı ildə bağlanmış əqdləri MM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş əsasla mübahisələndirmək üçün bir illik müddəti ötürmüşdür. Etibarsız hesab edilməsi tələb edilən müqavilələrin yalan əqd olduğuna, yəni başqa əqdi pərdələmək niyyəti ilə bağlandığına dair iddiaçı tərəfindən iddia ərizəsində irəli sürülən mülahizələr isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli e-2-2(113)-2856/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli 2-2(113)-2856/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1168/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1168/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver