Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1169/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4140/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, icraçı İddiaçı ilə sifarişçi "xxxx" MMC arasında 18 oktyabr 2019-cu il tarixli KTTX 92/1019 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı özünə məxsus 1 ədəd Mitsubishi L200 minik markalı nəqliyyat vasitəsi ilə (Tip:pikap, DNN **- RK-***, buraxılış ili: 2008) sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi, sifarişçi isə xidmət müqabilində icraçıya xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Xidmət müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən 1 aylıq xidmət haqqı vergilər daxil 1075 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə üzrə 4730 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 67,3 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, 2021-ci ilin yanvar ayından may ayının sonunadək, yəni 5 ay üçün xidmət haqqı ödənilməmiş, cavabdehin 4730 manat borcu yaranmışdır.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4140/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 2021-ci il dövründə gürülmüş işlərin 2020-ci il tarixli aktlarla təsdiq olunması faktına əhəmiyyət verməmiş, bu uyğunsuzluğa aydınlıq gətirmədən, həmin aktları əsassız olaraq sübut kimi qiymətləndirmişdir. Bundan əlavə məhkəmə 31 mart 2020-ci il tarixli, 18 nömrəli təhvil-təslim aktında, 30 aprel 2020-ci il tarixli, 19 nömrəli təhvil-təslim aktında, 31 may 2021-ci il tarixli, 20 nömrəli təhvil-təslim aktında cavabdehin möhürünün olmaması faktına da əhəmiyyət vermədən, aydınlıq gətirmədən, həmin aktları əsassız olaraq sübut kimi qəbul etmişdir. Tərəflər arasında bağlanılmış xidmət müqaviləsinin 2.2-ci bəndinə əsasən tərəflər hər biri xidmət göstərən hər nəqliyyat vasitəsi üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl nəqliyyat vasitəsinin faktiki işlədiyi günləri, saatları, göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və icraçı ilə sifarişçi arasında bu müqavilənin tələblərinə əsasən hesablamaların aparılması üçün əsas sənəd sayılır. Müqavilənin 2.3-cü bəndinə əsasən hər növbəti ayın ilik 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında “Xidmətlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. Göründüyü kimi müqavilənin bu tələblərinə əməl olunmamış, aktların tarixlərində uyğunsuzluqlar mövcuddur və yuxarıda qeyd olunmuş aktlarda cavabdeh tərəfin möhürü yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
12. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
17. Belə ki, iddiaçı ilə cavabdeh arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır.
18. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
19. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
20. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
21. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.
22. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.
23. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
24. Belə ki, iş materiallarında olan 16 nömrəli xidmətlərin təhvil-təslim aktına əsasən 2021-ci ilin yanvar ayı üzrə 967,5 manat, 17 nömrəli xidmətlərin təhvil-təslim aktına əsasən 2021-ci ilin fevral ayı üzrə 1003,33 manat, 18 nömrəli xidmətlərin təhvil-təslim aktına əsasən 2021-ci ilin mart ayı üzrə 931,67 manat, 19 nömrəli xidmətlərin təhvil-təslim aktına əsasən 2021-ci ilin aprel ayı üzrə 1075 manat, 20 nömrəli xidmətlərin təhvil-təslim aktına əsasən 2021-ci ilin may ayı üzrə 752,5 manat xidmət haqqı İddiaçı hesablanmışdır.
25. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 4730 manat dəyərində xidmət göstərilməsi hər iki tərəfin imzası və cavabdehin möhürü ilə təsdiq edilmiş xidmətlərin təhvil-təslim aktları ilə təsdiq olunur.
26. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 4730 manat məbləğində xidmət haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.
27. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, cavabdeh xidmətlərin təhvil-təslim aktlarını, aktlardakı imzaların və möhür əkslərinin cavabdehə məxsus olmasını mübahisələndirməmiş, yalnız qeyd etmişdir ki, təslim aktlarında 2021-ci il əvəzinə 2020-ci il qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, həmin hal mübahisənin həlli baxımından əhəmiyyət daşımır. Çünki aktların yuxarı hissəsində 2020-ci il göstərilsə də, mətndə 2021-ci ilin yanvar-may ayları üzrə xidmət haqqının hesablanması göstərilmişdir. Bu isə onu göstərir ki, xidmətlərin təhvil-təslim aktlarının tarixlərində texniki səhv olaraq 2021-ci il əvəzinə 2020-ci il qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi də həmin aktları imzalamış və möhürü ilə təsdiq etmişdir. Buna görə də, cavabdehin həmin hallara istinad etməsi əsassızdır. Bundan əlavə məhkəmə bildirişləri cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.
28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4140/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova