Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-117/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun tutulması barədə ilk iddiası, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı ödənilmiş pulun qaytarılmasına dair qarşılıqlı iddia tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli e-2-2(113)-3722/2021 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.03.2013-cü il tarixli 31-LD/13 nömrəli müqavilə üzrə 24513,54 manat gecikdirilmiş borcun və hesablanmış 55566,29 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat pulun, cəmi 80579 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış 27.03.2013-cü il tarixli 31-LD/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 10.06.2021-ci il tarixə 27.03.2013-cü il tarixli 31-LD/13 nömrəli müqavilə üzrə 24513,54 manat gecikdirilmiş borcu və hesablanmış 55566,29 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiasının qanunsuz və əsassız olduğundan onun rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq təşkilatda 40 baş holşten friz üçün əlavə ödədiyi 840 manat pulun, daha 3 baş tələf olmuş heyvanlarla əlaqədar dəymiş ziyanın, yəni 5405 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat 13 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.03.2013-cü il tarixli 31-LD (13) saylı lizinq müqaviləsi əsasında ona güzəştli şərtlərlə, yəni satılan 40 (Holşten Friz) baş damazlıq heyvanların, ümumi dəyərinin 3 il müddətində tam ödənilməsi şərti ilə verdiyi müqavilə üzrə öhdəliyi tam və vaxtında ödəmədiyi üçün ödəməli olduğu 71764,15 manat əsas məbləğdən qalan 24513 manat pulun və gecikdirmə üçün hesablanmış 55500 manat cərimə pulunun alınıb ona verilməsini xahiş edir. Onun tərəfindən 40 baş damazlıq holşten friz cinsi damazlıq heyvanlar üçün ödəməli olduğu ümumi məbləğin 40%-i təşkil edən 57412,32 manat əvəzinə 53195 manat şəxsən özü tərəfindən, 3990 manat məhkəmə qətnaməsi ilə, 1101 manat könüllü olaraq, ümumilikdə 58286 manat, yəni 874 manat artıq pul ödənmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-2(113)-3722/2021 saylı qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 24513,54 manat, 2000 manat cərimə, hüquqi yardıma görə 500 manat, cəmi 27013,54 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsini ilkin iddiaya dair hissəsini ləğv edib, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında cavabdeh tərəfin verdiyi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli e-2-2(113)-3722/2021 saylı qətnaməsi Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı 3 baş tələf olmuş heyvanlarla əlaqədar 5405 manat dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC-yə qarşı lizinqə verilmiş 3 ədəd damazlıq heyvana görə dəymiş 5405,48 manat zərərin lizinq öhdəliyindən çıxarılması barədə iddia qaldırmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2017-ci il tarixli 2-2(82)-592/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.08.2012-ci il tarixli Plenumunun Qərarına əsasən iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı 3 baş tələf olmuş heyvanlarla əlaqədar 5405 manat dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbinin əsaslandığı hüquqi faktlar və bu tələbi irəli sürməyə əsaslandı subyektiv hüquq, o cümlədən həmin hüququn irəli gəldiyi hüququ münasibəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2017-ci il tarixli 2-2(82)-592/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmiş iddia tələbindəki faktlar və hüquq münasibəti ilə eyni olduğundan prosessual qanunvericiliyin tələbinə əsasən bu tələb yenidən baxıla bilməz. Belə ki, hazırkı halda iddiaçı əvvəlki tələbini fərqli ifadə formada ifadə etsə də arzu etdiyi nəticə tələf olmuş 3 baş damazlıq heyvana görə lizinq şirkətinin əldə etdiyi sığorta ödənişi məbləğinin lizinq ödənişindən çıxılmasıdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində Cavabdeh hazırkı iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyini və tələbin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğunu qeyd etsə də, həmin hissədə iş üzrə icraata xitam verməli olduğu halda tələbə mahiyyəti üzr yenidən baxaraq hüquqi qiymət vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli e-2-2(113)- 3722/2021 saylı qətnaməsi Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı 3 baş tələf olmuş heyvanlarla əlaqədar 5405 manat dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 385, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli e-2-2(113)-3722/2021 saylı qətnaməsi Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı 3 baş tələf olmuş heyvanlarla əlaqədar 5405 manat dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-117/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-117/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver