Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1170/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı podrat müqaviləsi üzrə borcun ödənilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3237/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsindən (hakim Kənan Hüseynov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 20 aprel 2013-cü il tarixli, 06 nömrəli müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı 116.992 manatın, öhdəliyin icrasının gecikdirilməsinə və iddiaçıya məxsus pul vəsaitini əsassız olaraq 7 il 6 ay saxladığına görə illik 5% olmaqla 44452,4 (qırx dörd min dörd yüz əlli ikimanat 40 qəpik) manatın, 30 (otuz) manat dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə İddiaçı MMC arasında 20 aprel 2013-cü il tarixli, 06 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişinə əsasən Naftalan şəhərində "xxxx"ni inşa etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi bu müqavilənin icra olunmasına üçün İddiaçı MMC bank hesabına ƏDV-siz 143650 (yüz qırx üç min altı yüz əlli) manat ödəməyi, ödənişin 30 %-ə qədər hissəsini avans şəklində, qalan hissəsini yerinə yetirilmiş işin həcminə görə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-yə avans olaraq 26 658 (iyirmialtı min altı yüz əlli səkkiz) manat ödəmiş, İddiaçı MMC həmin sifarişi tam icra edərək, Naftalan şəhərində "xxxx"ni inşa etmiş və 14.11.2013-cü il tarixli təhvil-təslim aktı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə təhvil vermişdir. Həmin tarixdən uzun müddət (7 il 6 aydan çox) keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-yə 116992 (yüz on altımin doqquz yüz doxsan iki) manat borcu qalmış və cavabdeh bu günədək həmin borcu ödəməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə "xxxx" MMC 11 yanvar 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə aktın surətindən göründüyü kimi İddiaçı MMC-yə 116992 (yüz on altı min doqquz yüz doxsan iki) manat borcunu təsdiq etsə də həmin borcu ödəmir. Cavabdeh borclu olduğu 116.992 manatı qanunsuz özündə saxlamışdır. Cavabdeh 116992 manatı 7,6 ildir ki, qanunsuz olaraq özündə saxladığından illk 5% nəzərə alınmaqla (116992x5%:100=5849x7,6=44452,4) əlavə olaraq 44452,4 (qırx dörd min dörd yüz əlli iki manat 40 qəpik) manat ödəməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3237/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 116992 manat əsas borc üzrə, əsas borca illik 5 faiz hesablanmaqla 43872 manat, cəmi 160.864 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə Mülki Məcəllənin 375-ci maddəsinə uyğun olaraq yazılı ərizə təqdim edilmişdir. Həmin ərizədə üzləşmə aktlarının iddia müddətinin kəsilməsinə səbəb olmadığını Mülki Məcəllənin 380-ci maddəsində və Konstitusiya Məhkəməsinin, o cümlədən müxtəlif instansiya məhkəmələrinin qərarlarında bir başa göstərilməsinə baxmayaraq məhkəmə qətmamədə səhv olaraq həmin üzləşmə aktlarının borcun etiraf edilməsinə yönələn hərəkət kimi qiymətləndirmişdir. İddiaçının iddia tələbinə müddət tətbiq edilməlidir. Mülki Məcəllənin 373-cü maddəsində müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddətinin axımı borclunun borcun etiraf edilməsinə yönələn hərəkətləri ilə kəsilir. Məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenum qərarında borclunun kreditora hər hansı bir borcun etirafı barədə məktubu haqqında göstəriş yoxdur. Əgər olsa belə cavabdeh tərəfindən kreditora borcun ödənilməsi barədə məktub göndərilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3237/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İşin sübutlar əsasında müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 20 aprel 2013-cü il tarixdə, 06 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə görə icraçı İddiaçı MMC Naftalan şəhərində "xxxx"nin layihə sənədlərinin hazırlanaraq sifarişçiyə-cavabdehə təhvil verilməsini öz üzərinə götürmüşdür. Layihənin ümumi dəyəri müqavilə ilə 143.650 manat müəyyənləşdirilmişdir. Qeyd edilən layihə sifarişçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə 14 noyabr 2013-cü il tarixli aktla təhvil verilmişdir. İddia ərizəsində qeyd edilənlərə əsasən cavabdeh müqavilə üzrə cəmi 26658 manat ödəniş etmiş, qalan 116992 manat ödənilməmişdir. Cavabdehin iddiaçıya 116992 manat kreditor borcu olduğu tərəflər arasında 16.01.2015-ci il, 16.07.2015-ci il, 14.01.2016-cı il, 13.07.2016-cı il, 11.07.2017-ci il, yanvar 2018-ci il, 11.01.2021-ci il tarixlərdə üzləşmə aktları tərtib edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə mübahisəyə iddia müddətinin tətbiq edilməklə baxılması barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında tərtib edilmiş üzləşmə aktları ilə borcun etiraf olunduğuna və bununla da iddia müddətinin axımının kəsildiyinə istinad edərək iddianın əsas borcla bağlı hissədə təmin edilməli olduğuna dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə faktiki hallarına uyğun olmamaqla yanaşı, mübahisə üzrə tətbiq edilmiş maddi hüquq normalarının tələbləri nəzərə alınmamışdır. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı cavabdehin sifarişi əsasında Naftalan şəhərində "xxxx" inşa etməyi öhdəsinə götürmüşdür. Halbuki iddiaçının sübut qismində təqdim etdiyi müqavilə və digər sənədlərdən görünür ki, tələb edilən borc məbləği Naftalan şəhərində "xxxx"nin inşası ilə bağlı deyil, cavabdehin sifarişi əsasında layihə sənədlərinin (elmi texniki işin icrası) iddiaçı tərəfindən tərtib edilməsi ilə bağlı yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, ödənişin 30 %-i avans şəklində və yerdə qalan hissə yerinə yetirilmiş iş həcminə görə iş sifarişçiyə təhvil verildikdən sonra ödənilir. Qeyd edilən bəndə əsasən müəyyən olunur ki, cavabdehin tələb edilən borcu ödəmək öhdəliyi görülmüş iş 14.11.2013-cü il tarixli akt əsasında təhvil verildiyi vaxtdan yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1 -ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında iddia müddətinin axımının kəsilməsinə əsas verən borcun etirafı ilə bağlı hərəkətlərin nədən ibarət olduğu sadalanmış və qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Hazırkı halda cavabdehin iddiaçıya ödəniş etmək öhdəliyi 14.11.2013-cü il tarixdən yarandığından iddia müddətinin axımı həmin tarixdə başlayaraq 14.11.2016-cı il tarixdə bitmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən borc üzrə hər hansı ödəniş həyata keçirilməmiş, iddiaçıya borcun ödəniləcəyinə dair etirafedici məktub göndərilməmiş, ödənişin həyata keçiriləcəyi barədə hər hansı formada vəd verilməmişdir. Cavabdeh tərəfin təsdiq etdiyi üzləşmə aktlarında sadəcə kreditor borcun qalıq məbləği təsdiq edilmişdir. Üzləşmə aktlarda ödənişlə bağlı vəd olmadığından məhkəmə hesab edir ki, həmin aktlar borclunun iddia müddətinin axımının kəsilməsinə əsas olan etirafedici hərəkətləri kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında izah olunur ki, iddia müddəti: birinci, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə üç illik iddia müddətinin ötürülmədiyinə və əsas borc hissəsində iddianın təmin edilməli olduğuna dair iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əsas borc tələbi üzrə iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tələbi də əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3237/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3237/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi ( elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1170/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1170/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver