Məhkəmə qərarları › İş №2-2(103)-1170/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1170/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1170/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4350/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyul 2021-ci il tarixli, 03/07- 2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə "Satıcı" "Alıcı"ya X2 göstərilən Malları bu müqavilənin şərtlərinə əsasən satır, "Alıcı" isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. 2.1-ci bəndinə əsasən "Satıcı" Malları müvafiq sənədlərlə, Elektron qaimə faktura və hesab -faktura ilə birgə "Alıcı"ya təhvil verir. 2.2-ci bəndinə əsasən təhvil - təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədlərlə imzalamaqla rəsmiləşdirilir. 3.1-ci bəndinə əsasən "Satıcı" bəyan edir və zəmanət verir ki, "Alıcı"ya təchiz olunan "Mallar" Beynelxalq, Azərbaycan Respublikasının standartlarına , yüksək keyfiyyətə malik olan və istifadə müddəti adətən belə növ Mallar üçün qoyulan tələblərə uyğundur. Satıcı tərəfindən göndəriləsi Malların mənşə ölkəsində və Azərbaycan Respublikasında istifadəsi icazə verilib, onlar həmin ölkədə istifadə olunur, satılır, qeydiyyata alınır və müvafiq dövlət icazəsi mövcuddur. 4.1-ci bəndinə əsasən mal "Alıcı"ya tam təhvil verildikdən sonra "Alıcı" 15-30 təqvim günü ərzində Malın dəyərinin 100 % həcmində ödəniş etməlidir. Ödəniş Alıcı tərəfindən Satıcının Bank hesabına Köçürmə və ya digər ödənişlər vasitəsilə edilir. 4.2-ci bəndinə əsasən malın "Alıcı"ya təhvil verilməsi ilə bağlı öhdəlik "Satıcı" tərəfindən lazımınca yerinə yetirilmədikdə "Alıcı" həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. 4.3-cü bəndinə əsasən malın dəyərinin ödənilməsi üçüncü şəxslər tərəfindən də həyata keçinlə bilər. 5.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərərə görə məsuliyyət daşıyır. 5.2-ci bəndinə əsasən tərəflər bu müqavilənin şərtlərini pozaraq bir - birinə vurduqları zərərə görə mülki məsuliyyət daşıyırlar. 6.1-ci bəndinə əsasən bu Müqavilə hər iki tərəfin nümayəndələri tərəfindən imzaladağı andan qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir.

2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmış mallara dair xx.xx.2021xx.xx.2021-ci il tarix aralığında 55.627,53 manat məbləğində, xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında 281985,84 manat məbləğində, xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında 247.036,84 manat məbləğində, xx.xx.2024-cü il tarixində 3624 manat məbləğində eqaimələr göndərilmişdir.

3. 14.07.2025-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2021-ci il tarixində 30982,16 manat məbləğində, 2022-ci il tarixində 276.189,79 manat məbləğində, 2023-cü il tarixində 218.225,39 manat məbləğində, 2024-cü il tarixində 9000 manat məbləğində, 2025-ci il tarixində 1777,46 manat məbləğində ödənişlər edilmişdir.

4. 03.08.2025-ci il tarixli Köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ƏDV üzrə 360 manat məbləğində ödəniş edilmişdir.

5. 01.08.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 588.564,21 manat həcmində e-qaimələr göndərilmişdir. xx.xx.2025-ci il tarixinədək Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə edilmiş ödənişlərin həcmi 567,633.21 manat təşkil etmişdir. Qalıq borc 20931 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC iləCavabdeh MMC arasında imzalanmış 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Alqı-satqı müqaviləsi əsasında yaranmış 22,930.95 manat həcmində borc məbləğinin, müqavilə üzrə yaranmış borcun ödənilməməsinə görə 22,930.95 manatın 7,25 %-i məbləğində, yəni 1662 manat məbləğində faiz məbləğinin və hüquqi xidmət üçün 2000 manat məbləğində vəsaitin, yəni ümumilikdə 25,593.44 manat məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 173.68 (manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı müəyyən edilmiş malları Müqavilənin şərtlərinə uyğun satır, Alıcı isə malları qəbul edib Müqavilənin şərtlərinə uyğun ödəniş edir. Müqavilənin şərtlərinə uyğun olaraq, mallar Satıcı tərəfindən mütəmadi olaraq Alıcıya təhvil verilmiş lakin Alıcı tərəfindən ƏDV daxil olmaqla, 22,930.95 manat dəyərində mallar üçün ödəniş icra edilməmişdir. Beləliklə, Alıcının Satıcı qarşısında 22,930.95 manat həcmində yerinə yetirilməmiş borc öhdəliyi vardır. Bununla bağlı İddiaçı tərəfindən Cavabdeh ilə yazılı və şifahi qaydada aparılmış danışıqlar bu günədək heç bir nəticə verməyib. Cavabdeh aldığı mallara görə yaranmış borc öhdəliyini yerinə yetirməklə yanaşı, bu borcun vaxtında ödənilməməsinə görə qanunvericiliyə əsasən müəyyən edilmiş faiz məbləğini və eyni zamanda iddiaçıya vurulmuş zərəri də ödəməlidir. Müqavilələrin 4.1ci bəndinə əsasən, mallar alıcıya tam təhvil verildikdən sonra, alıcı 15-30 gün ərzində ödənişi həyata keçirməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq, mallar satıcı tərəfindən mütəmadi olaraq alıcıya təhvil verilmiş lakin alıcı tərəfindən ƏDV daxil olmaqla, 22,930.95 manat dəyərində mallar üçün ödəniş icra edilməmişdir. Beləliklə, alıcının satıcı qarşısında 22,930.95 manat həcmində yerinə yetirilməmiş borc öhdəliyi vardır. Müqavilənin 5.1.-ci maddəsinə əsasən üqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazıminca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşıyır. Mərkəzi Bankın ən son 02 may 2024-cü il tarixli məlumatına əsasən, bank uçot dərəcəsi hazırda 7,25% təşkil edir. Beləliklə, Alıcı ödəməli olduğu 22,930.95 AZN borc məbləğindən əlavə, bu vəsaiti əldə olunmuş razılıq üzrə Satıcıya ödəməkdən boyun qaçırdığı üçün həmin vəsaitin 7,25%-i məbləğində yəni, 1662 (manat məbləğində faiz də ödəməlidir. (Hesablanması: 22,930.95 x 7,25% = 1662 manat) Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və Mülki Məcəllənin 443.2-ci maddəsinəəsasən, zərər Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən olunur. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində İddiaçıya vurulmuş zərərin həcmi ən azı 2000 manat həcmindədir. Belə ki, iddiaçı 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Müqavilə üzrə borcun Cavabdehdən tələb edilməsi üçün hüquqlarının müdafiə edilməsi məqsədilə "xxxx" MMC şirkətilə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamalı olub və hüquq şirkətinə 2000 manat məbləğində ödəniş etmək öhdəliyi götürüb. Cavabdeh borcunu ödəməklə yanaşı iddiaçıya hüquqi xidmətlər üçün ödənilmiş 2000 manat məbləğində vəsaiti də vurulmuş zərərin əvəzi olaraq ödəməlidir.

8. 03.08.2025-ci il tarixində iddia tələbi iddiaçı tərəfindən dəqiqləşdirilərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 01 iyul 2021-ci il tarixli, 03/07- 2021 saylı Alqı-satqı müqaviləsi əsasında yaranmış 20931 manat həcmində borc məbləğinin, müqavilə üzrə yaranmış borcun ödənilməməsinə görə 20931 manatın 7,25 %-i məbləğində, yəni 1517 manat məbləğində faiz məbləğinin və vurulmuş zərərin əvəzi olaraq hüquqi xidmət üçün 2710 manat məbləğində vəsaitin, yəni, ümumilikdə 25.158 Azərbaycan manatı məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 173.68 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4350/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Alqısatqı müqaviləsi əsasında yaranmış 20931 manat əsas borc məbləği, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 173,68 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə "Satıcı" "Alıcı"ya X2 göstərilən Malları bu müqavilənin şərtlərinə əsasən satır, "Alıcı" isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 20931 manat ödənilməmiş borcu qalmışdır. Buna görə də, məhkəmə hesab edib ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təyinatı bilavasitə e-qaimələr göstərilməklə qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 20931 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 20931 manat borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 20931 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış 1517 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir.

11. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 567, 568.1, 579.1, 600.1, 600.4, 443.1-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, borcun silinməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki: 13.1 İşə birtərəfli qaydada, cavabdehin iştirakı olmadan baxılaraq onun müdafiə hüququ pozulmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, məhkəmə cavabdehin məhkəməyə gəlmədiyini əsas gətirərək Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə istinadla işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Lakin məhkəmə cavabdehin məhkəmədə iştirak etməməsinin səbəblərini araşdırmamış, ona müdafiə hüququnun reallaşdırılması imkanı verməmişdir. 13.2 Məhkəmə elektron qaimələri malların faktiki təhvili kimi qiymətləndirərək sübutların hüquqi dəyərini yanlış müəyyən etmişdir. Bildirir ki, lektron qaimələr sistem tərəfindən avtomatik şəkildə təsdiqlənir. İddiaçı MMC-nin təqdim etdiyi sənədlərdən də göründüyü kimi İddiaçı MMC tərəfindən göndərilən e-qaimələrin bir hissəsi məhz sistem tərəfindən təsdiqlənmişdir. Cavabdeh sözügedən qaimələr üzrə malları təhvil almamışdır. Həmçinin qeyd etmək istəyir ki, Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura vergi uçotu məqsədi daşıyan elektron sənəd olub, alıcı tərəfindən qəbul edilməsi faktiki malın təhvili və ya qəbulu anlamına gəlmir. Mülki Məcəllənin 567, 568 və 579-cu maddələrinə əsasən, alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi yalnıztərəflərin imzası ilə təsdiq olunan təhvil-təslim aktı ilə rəsmiləşdirilməlidir. İş materiallarında belə bir aktın mövcud olmamasına baxmayaraq, məhkəmə e-qaimələri təhvil sənədi kimi qiymətləndirmişdir. Malların təhvil-təslim aktının olmamasına baxmayaraq, guya malların təhvil verildiyi qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlər arasında nə imzalanmış təhvil-təslim aktı, nə də malın qəbul edildiyini təsdiqləyən hər hansı sənəd mövcuddur. Məhkəmə bu faktı nəzərə almadan yalnız iddiaçının təqdim etdiyi e-qaimələrə əsaslanmışdır. 13.3 Sübutları birtərəfli qiymətləndirərək, işə obyektiv və hərtərəfli baxmamışdır. Məhkəmə qərarının özündə faiz tələbinin təminini sübut çatışmazlığına görə rədd etmiş, lakin eyni sübut bazasında əsas borc tələbinin tam təmininə qərar vermişdir. Əgər faiz tələbi sübut edilməmiş hesab olunursa, eyni sübutlarla əsas borcun təsdiqlənməsi məntiq və hüquq baxımından ziddiyyətlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, işə birtərəfli qaydada cavabdehin iştirakı olmadan baxılaraq, cavabdehin müdafiə hüququ pozulmuşdur – arqumenti ilə bağlı Qeyd edilən arqumentə istinad edərək, qətnamənin ləğvini tələb etmək, nəinki əsassız eyni zamanda ədalətsizdir. Belə ki, elektron məhkəmə kabinetindən də göründüyü kimi, iş üzrə dörd dəfə iclas keçirilmişdir. İlk iclasda iştirak edən cavabdehin vəkili və nümayəndəsi hazırlıq üçün vaxt istəsə də, sonrakı məhkəmə iclaslarında heç bir məlumat vermədən iştirak etməmişdir. Cavabdehin nümayəndəsinin iştirakını təmin etmək üçün məhkəmə iclası bir neçə dəfə təxirə salınsa da, cavabdeh, məhkəməyə heç bir üzrlü səbəb bildirmədən nümayəndəsinin iştirakını təmin etməyib. Cavabdeh apellyasiya şikayətində də hansı üzrlü səbəbdən məhkəmə prosesində iştirak etmədiyini, bu üzrlü səbəb barədə məhkəməyə məlumat verdiyini və ya məhkəmə iclaslarının təyinindən xəbərsiz olduğunu, ona məlumat verilmədiyini göstərmədən və məhkəmənin nə vaxta kimi cavabdehi gözləməli olduğunu və bunun hüquqi əsaslarını göstərmədən, məhkəmənin onun iştirakı olmadan işə baxıb qərar qəbul edərək onun müdafiə hüququnun pozulduğunu yazıb. Halbuki, MPM-in 185.1ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bundan başqa, MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd etdiyi kimi, cavabdeh bütün məhkəmə proseslərinin təyinindən məlumatlı olub və hətta cavabdehə peşəkar hüquqi yardım göstərən vəkili də olub. Lakin cavabdeh özü öz iradəsi əsasında seçim edərək, məhkəmə proseslərində iştirak etməyib. Hətta apellyasiya şikaytinin qətnamənin qüvvəyə minməsi üçün müddətin sonuncu gün də verilməsi cavabdehin bu apellyasiya şikayəti verəkdə məqsədinin yenə də iddiaçıya olan borcun uzadılması məqsədi daşıdığını göstərir. Qeyd edilənlərdən göründüyü kimi, Bakı Kommersiya Məhkəməsi tərəfindən cavabdehin müdafiə hüququn pozulduğu ilə bağlı arqument tamamilə əsassızdır. Məhkəmə e-qaimələri malların təhvili kimi qiymətləndirsə də, həmin e-qaimələr elektron sistem tərəfindən təsdiq edilib və faktiki olaraq həmin eqaimələr üzrə mallar təqdim edilməyib – arqumenti ilə bağlı Vergi Məcəlləsinin 71-1.1-ci maddəsində malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı hansı müddətlərdə təqdim (tərtib) etməli olduğu göstərilib. Bu maddədən də göründüyü kimi, e-qaimə malları təqdim edildiyini təsdiq etmək üçün təqdim edilir. Bundan başqa, cavabdehin də apellyasiya şikayətində istinad etdiyi ARNazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.3-cü bəndinə əsasən, cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Qeyd edilən Qaydaların 3.4-cü bəndinə əsasən, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Cavabdeh iddiaçının təqdm etdiyi heç bir qaiməni 5 gün ərzində geri qaytarmayıb və elektron sistem tərəfindən həmin e-qaimələrin təsdiqini qəbul edib. Bu qaimələrin sayı isə bir deyil, iki deyil. Xeyli sayda qaimədir. Bu da cavabdehin iddiaçıdan həmin qaimələrdə göstərilən malları qəbul etdiyinin təsdiqidir. Bundan başqa, məhkəməyə də təqdim edilmiş maliyyə arayışına, bank çıxarışına əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 588,564.21 (beş yüz səksən səkkiz min beş yüz altmış dörd manat 21 qəpik) həcmində e-qaimələr təqdim edilib. xx.xx.2025-ci il tarixədək Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə edilmiş edilmiş ödənişlərin həcmi 567,633.21 (beş yüz altmış yeddi min altı yüz otus üç manat 21 qəpik) təşkil edib. Qalıq borc: 20,931 (iyirmi min doqquz yüz otuz bir) manat təşkil edib. Göründyü kimi, 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Alqı-satqı müqaviləsi əsasında Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan 567,633.21 AZN vəsait ödəyib. Bu ödənişlərin e-qaimələrinə baxdıqda, həmin qaimələrin əksəriyyətinin elektron sistem tərəfindən təsdiq edildiyi görünür. Bu da bir daha elektron sistem tərəfindən təsdiq edilmiş e-qaimələr üzrə malların cavabdehə təqdim edildiyini və cavabdehin də həminelektron qaimələri qəbul edərək, ödənişi həyata keçirdiyini bir daha təsdiq edir. Həmçini iddiaçı e-qaimələrlə, bank çıxarışı ilə yanaşı malların təqdim edildiyinə dair vhatsap yazışmalarını da məhkəməyə təqdim edib. Bundan başqa, iddiaçı cavabdehin fərqli şirkətlər adı altında fəaliyyət göstərərək, əslində faktiki olaraq bir-iki nəfərə məxsus olduğunundan, cavabdehin və digər borclu şirkətin təsisçiləri barədə də məlumatları məhkəməyə təqdim edərək, bu şirkətlərin iddiaçıya olan borcu ödəməkdən qəsdən yayındıqlarını və iddiaçının sahibkarlıq fəaliyyətinə ciddi zərər vurduqlarını da göstərib. Məhkəmə faiz tələbini sübutların çatışmazlığına görə rədd etmiş, lakin eyni sübut bazasında əsas borc tələbini tam təmin edib. Əgər faiz tələbi sübut edilməyibsə, eyni sübutlarla əsas borcun təsdiq edilməsi məntiqli deyil – arqumenti ilə bağlı Bəli, onunla razıdır ki, məhkəmə iddiaçının faizin ödənilməsi ilə bağlı da tələbini təmin etməli idi. Sadəcə iddiaçı faizin ödənilməsi tələbi üçün apellyasiya şikayətini daha artıq xərclərə məruz qalmamaq və borcun ödənilməsini daha da uzatmamaq üçün verməyib. Cavabdehin qeyd edilən arqumenti o baxımdan əsassızdır ki, məhkəmə faiz məbləğini əsas borcun olduğunu təsdiq edən sübutlara deyil, cavabdehin borc məbləğindən faydalandığını təsdiq edən sübutların olmamasına istinad edərək qəbul etməyib. Yəni, cavabdehin faiz məbləğin sübut edilmədiyi əsas borcun da olduğunu istina edir arqumenti tamamilə məntiqsizdir. Əksinə olması, yəni əsas 4 məbləğin deyil, faizin olması bu məntiqsiz olardı. İndiki halda isə məhkəmə əsas borcun olduğunu qəbul edib və iddiaçının faiz məbləğini tələb etdiyi hüquqi əsası, yəni ondan faydalanmağa görə faiz ödəməli olduğunu qəbul etməyib. Əsas borcun da olduğunu iş üzrə iddiaçının təqim etdiyi bütün sübutlarda kifayət qədər öz təsdiqini tapıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. İddiaçının nümayəndəsi apellyasiya şikayətini etiraz etdi, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etmədi. Cavabdeh iclasda iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir.

17. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": -1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; -3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. -3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. -3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. -3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 01 iyul 2021-ci il tarixli, 03/07- 2021 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və cavabdeh tərəfindən təqdim edilmiş mallara görə müəyyən ödənişlər edilmişdir. Hazırda iddiaçı müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin borcunun 20931 manat olmasını iddia edir və həmin borcun, eləcə də borcun ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulmasını tələb edir. Cavabdeh isə malların faktiki olaraq təhvil verilmədiyini, məhkəmənin nəzərə aldığı sübutların mötəbər olmadığını əsas gətirir və iddia tələbinin rədd edilməsini xahiş edir.

27. Göründüyü kimi, alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissəsində iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567-ci və 598.1-ci maddələri təşkil edir.

28. Alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi məsələsinə münasibətdə qeyd edilir ki, iddiaçı malların təqdim edilməsi faktlarını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün qaytarılmamış elektron qaimələrlə yanaşı mübahisəli alqı-satqı müqaviləsi üzrə daha əvvəlki dövr üçün cavabdehə göndərilmiş elektron qaimələri və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir. Göstərilən sübutlar ona dəlalət edir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimə göndərilməklə rəsmiləşdirilməsi ilə bağlı işgüzar münasibət formalaşmışdır.

29. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 588564,21 manat məbləğində olan elektron qaimələrin təqdim edildiyi, cavabdeh tərəfindən isə həmin qaimələr üzrə 567.633,21 manat məbləğində ödəniş edildiyi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı həmin qaimələr üzrə qalıq borc məbləği olan 20931 manat məbləğində pulun tutulmasını tələb etmək hüququna malikdir.

30. İddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə tutulmalı olan faiz tələbinin rədd edilməsi əsaslarının əsas borca da şamil edilməli olduğu barədə cavabdehin gətirdiyi dəlillərlə bağlı qeyd edilir ki, məhkəmə faiz tələbini cavabdehin iddia etdiyi kimi əsas borcun mövcudluğunu təsdiq edən yetərli sübutların olmamasına deyil, cavabdehin ödənilməsini gecikdirdiyi həmin məbləğdən fayda əldə etməsi faktının müəyyən edilməməsinə istinad etməklə rədd edib. Buna görə də məhkəmənin gəldiyi nəticələr arasında ziddətlərin mpvcudluğu müəyyən edilmir.

31. Cavabdehin məhkəmə prosesində iştirak etmək hüququnun pozulması ilə bağlı irəli sürdüyü arqumentə münasibətdə kollegiya bildirir ki, birinci instansiya məhkəməsi bildirişləri cavabdehin elektron kabinetinə yerləşdirməklə, eləcə mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərməklə məhkəmənin vaxtı və yeri barədə tərəfi məlumatlandırmaq vəzifəsini lazımi qaydada icra etmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4350/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar