Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1171/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: (pul tələbi, yükdaşıma müqaviləsi) hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilk iddia üzrə iddiaçının qanuni nümayəndəsi X1 ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İlkin İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı pul tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3382/2024 nömrəli qətnaməsindən ilkin İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC (satıcı) və "xxxx" MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə və/və ya alış sifarişlərində öz əksini tapmış malları alıcıya satır, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin çərçivəsində nəzərdə tutulmuş mallar alıcıya gec çatdırıldıqda, alıcı satıcıya hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.5% həcmində lakin gecikdirilmiş malların ümumi dəyərinin 20%-dən artıq olmamaq şərti ilə cərimə tətbiq edə bilər. Bu cərimələr alıcının qərarından asılı olaraq alıcı tərəfindən satıcıya ödəniləcək malların dəyərindən də tutula bilər.
2. İddiaçı MMC (müştəri) ilə Cavabdeh MMC (ekspeditor) arasında daşınma və yükdaşıma xidmətləri haqqında 12 fevral 2024-cü il tarixli 016-024 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu razılaşma tərəflər arasında münasibətləri idarə edir və müştərinin sifarişləri əsasında ekspeditor tərəfindən daşınmanın təmin edilməsi və/və ya yük daşıma xidmətləri və yardımçı xidmətlərin həyata keçirilməsi məsələlərini tənzimləyir. 1.3-cü bəndinə əsasən ekspeditor beynəlxalq qanunlara və hazırkı razılaşmaya müvafiq olaraq, yüklərin daşınmasını təşkil edir. 2.2.1-ci bəndinə əsasən müştəri bu razılaşmada nəzərdə tutulan vaxtda və müəyyən edilmiş qaydada ekspeditor tərəfindən icra olunan xidmətlərə görə ödəniş edir. 3.1-ci bəndinə əsasən hər bir göndəriş üçün xidmətlərin dəyəri müəyyən edilir və tərəflər arasında ayrı-ayrı qiymət təklifləri kimi, bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan və yüklərə və partiyalara müvafiq olaraq tərtib edilən qoşmada razılaşdırılır. 3.2-ci bəndinə əsasən qoşmalarda (əlavələrdə) başqa qayda nəzərdə tutulmayıbsa, müştəri xidmətlərin dəyərini təhvil-təslim aktının bağlandığı tarixdən 1 ay ərzində ekspeditora ödəyir. 3.3-cü bəndinə əsasən ekspeditor icra olunan xidmətlərə görə müştəriyə ABŞ dolları ilə invoys (hesab faktura), Azərbaycan manatı ilə elektron-qaimə göndərir. Ehtiyac olarsa, qaimədə ayrıca bir maddə kimi ƏDV məbləğləri də göstərilir. 4.1-ci bəndinə əsasən tərəflər bu razılaşma üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Tərəflərdən hər hansı birinin mülkiyyət maraqları və ya nüfuzu digər tərəflə razılaşdırılan öhdəliyin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində pozularsa, sözügedən tərəf vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. 7.1-ci bəndinə əsasən razılaşma tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 04.24 saylı əlavəsinə əsasən 2975 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 026484 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 05.24 saylı əlavəsinə əsasən 2975 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 026723 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 11.24 saylı əlavəsinə əsasən 9180 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEC seriyalı 330436 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 09.24 saylı əlavəsinə əsasən 6120 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 404577 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 10.24 saylı əlavəsinə əsasən 3060 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 688872 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 08.24 saylı əlavəsinə əsasən 33660 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 907802 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 06.24 saylı əlavəsinə əsasən 15.300 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 029050 nömrəli, elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir.
4. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 11.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (3 ədəd konteyner üçün) 5400 ABŞ dolları təşkil edir.
5. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1800 ABŞ dolları təşkil edir.
6. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 09.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri 3600 ABŞ dolları (2 ədəd konteyner üçün) təşkil edir.
7. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 08.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (11 ədəd konteyner üçün) 19.800 ABŞ dolları təşkil edir.
8. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 07.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1400 ABŞ dolları təşkil edir.
9. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 06.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (5 ədəd konteyner üçün) 9000 ABŞ dolları təşkil edir.
10. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 05.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1750 ABŞ dolları təşkil edir.
11. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 04.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1750 ABŞ dolları təşkil edir.
12. Cavabdeh MMC tərəfindən 004199, 075162, 076601, 075160, 000066, 073858, 073830, 245014, 064473, 087526, 084293, 082919, 082960, 078476, 078482, 081927, 081928, 07383000 nömrəli beynəlxalq qaimələrə əsasən müəyyən edilir ki, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə mallar daşınmışdır.
13. 2024-cü ilin mart və aprel ayları üzrə olan gömrük bəyannamələri və bəyannamələrin qoşma vərəqlərinə əsasən ilə müəyyən edilir ki, göndərən (ixracatçı) OOO “PO” “NVTZ” RF OOO “VTE” tapşırığı ilə (təmsilçi) "xxxx" MMC (idxalatçı) İddiaçı MMC-yə ünvanlanmış müxtəlif çəkidə olan borular AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilmişdir.
14. 12 fevral 2024-cü il tarixli 016-024 saylı müqavilənin 11/24 saylı xx.xx.2024-cü il tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24- 661) müştəri ekspeditora 5400 ABŞ dolları, 10/24 saylı xx.xx.2024-cü il tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-665) müştəri ekspeditora 1800 ABŞ dolları, 09/24 saylı xx.xx.2024-cü il tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-645) müştəri ekspeditora 3600 ABŞ dolları, 08/24 saylı xx.xx.2024-cü il tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-624) müştəri ekspeditora 19.800 ABŞ dolları, 07/24 saylı əlavəsinin xx.xx.2024-cü il tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-491) müştəri ekspeditora 1400 ABŞ dolları, 06/24 saylı əlavəsinin xx.xx.2024-cü il tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-611) müştəri ekspeditora 9000 ABŞ dolları, 05/24 saylı əlavəsinin xx.xx.2024-cü il tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-600) müştəri ekspeditora 1750 ABŞ dolları, 04/24 saylı əlavəsinin xx.xx.2024-cü il tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-505) müştəri ekspeditora 1750 ABŞ dolları ödəyir.
15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* saylı ödəniş tapşırığına əsasən müəyyən edilir ki, 320 manat məbləğində pul vəsaiti Cavabdeh MMCnin hesabından “Union” Vəkil Bürosunun "xxxx" ASC-nin hesabına köçürülmüşdür.
16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan və 77XF897 - 15ZB8; 9979BO373 - 99ZX285 qeydiyyat nişanlı nəqliyyat vasitələrində qanunsuz saxlanılan iddiaçıya məxsus malların təhvil verilməsinə, Cavabdeh MMC tərəfindən dəymiş maddi ziyanın əvəzi olan 30.723 manat məbləğində pulun və yüklərin təhvil veriləcəyi vaxtadək yaranacaq maddi ziyanın İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində 016-024 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh iddiaçının ixrac və idxal yüklərinin daşınmasını, yüklərin saxlanmasını və ona təhvil verilməsini və hazırkı razılaşma ilə müəyyən edilən şərtlər əsasında və göstərilən qaydada digər yardımçı xidmətlərin icrasını öz üzərinə götürmüşdür. Cavabdehə xidmət göstərən sürücülər cavabdeh tərəfindən əmək haqqlarının gecikdirilməsini əsas gətirərək iddiaçının xüsusi mülkiyyətində olan yükü nəqliyyat vasitəsindən boşaltmaqdan və iddiaçıya təhvil verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan əmlaklara qanunsuz məhdudiyyətlər yaradılması iddiaçının bir sıra hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Yükün gecikdirilməsi ilə istehsalatda işin dayandırılması səbəbindən iddiaçıya maddi ziyan dəymişdir. Ərizəyə əlavə olunmuş gömrük bəyannamələrindən də görünür ki, cavabdehin qanunsuz sahibliyində saxladığı mallar iddiaçıya məxsusdur, iddiaçı tərəfindən ölkəyə gətirilmiş, iddiaçı tərəfindən idxal gömrük rəsmiləşdirilməsi aparılmışdır. Bununla belə, iddiaçı tərəfindən satın alınmış, ölkəyə gətirilmiş, idxal edilmiş, bütün vergi, gömrük və s. icbari ödənişləri icra edilmiş mallar əsassız və qanunsuz olaraq cavabdeh tərəfindən saxlanılmışdır. Belə ki, 10UX210 / 99ZB210 qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus 25537,55 manat dəyərində malları 3 gün ərzində, 42BZ438 / 42ZA698 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25512,09 manat dəyərində malları 3 gün ərzində, 99HH253 / 10ZD253 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25443,19 manat dəyərində malları 13 gün ərzində, 99UU769 / 20ZA669 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25537,55 manat dəyərində malları 3 gün ərzində qanunsuz sahibliyində saxlamışdır. 77XF897 / 15ZB897 qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus 25537,55 manat dəyərində malları və 99BO373 / 99ZX285 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25537,55 manat dəyərində malları hələ də iddiaçıya təhvil verməkdən imtina edir və qanunsuz mülkiyyətində saxlayır. Qeyd olunan malların iddiaçının sahibliyinə verilməməsinin iddiaçıya külli miqdarda ziyan vurmasından əlavə onun Azərbaycan Respublikasının Konstitusiyası, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1-ci protokolu ilə təsbit edilən və qorunan bazar iqtisadiyyatının və iqtisadi dövriyyənin əsas məhfumu olan mülkiyyət hüququnu kobud şəkildə pozmaqdadır. İddiaçı gecikdirilmiş yükləri digər müqavilə tərəfdaşlarına çatdırmaq öhdəliyi vardır. İddiaçı Azərbaycanın ən böyük şirkətindən olan "xxxx" MMC tərəfindən keçirilən tenderdə qalib gələrək, tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilənin ümumi dəyəri 9 rəqəmlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC iddiaçı öhdəliklərini icra etmədiyi təqdirdə, müqaviləyə dərhal və birtərəfli qaydada xitam vermək hüququna malikdir. Belə olan halda aydın olur ki, cavabdehin iddiaçının mülkiyyət hüququnu pozması nəticəsində kiçik sahibkarlıq subyekti olan iddiaçı həcminə və mahiyyətinə görə indiyə qədər bağlamış olduğu ən böyük müqavilədən və iri və nüfuzlu biznes tərəfdaşından məhrum ola bilər, bu isə iddiaçının kommersiya maraqlarına, bazardakı işgüzar nüfuzuna bərpası mümkün olmayan zərər vurmaqla, onun sahibkarlıq fəaliyyətinin sonlanması ilə nəticələnə bilər, məhvinə gətirib çıxara bilər. Bu Müqavilənin 3.2-ci bəndinə görə, mallar "xxxx" MMC-yə gec çatdırıldıqda "xxxx" MMC İddiaçı MMC-yə hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.5%-i miqdarında cərimə tətbiq edir. Hazırda bugünkü günə hesablanan cərimə məbləği 10.723 manat təşkil edir. Yuxarıda sadalanan 4 nəqliyyat vasitəsindəki mallar isə iddiaçı tərəfindən cavabdehə xidmət göstərən sürücülərə ümumilikdə 20.000 manat məbləğində xidmət haqqı ödənildikdən sonra iddiaçıya təhvil verilmişdir. Odur ki, iddiaçıya ümumilikdə 30.000 manatdan çox ziyan dəymişdir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 425.1, 442-ci maddələrinə istinad etmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
20. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə sonuncu ərizə verərək, cavabdehdən 33571,26 manat məbləğində cərimə, 9000 manat məbləğində sürücülərə ödənilmiş xidmət haqqının və 30.000 manat məbləğində maddi ziyanın, cəmi 72571,26 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
21. İddiaya qarşı etiraz təqdim olunmuşdur.
22. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC üçün metal boruların Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi məqsədilə - tərəflər arasında xx.xx.2024-cü il tarixli, 016-024 saylı müqavilə bağlanıb. Həmin yükün daşınıb gətirilməsi üçün Cavabdeh MMC tərəfindən 25 ədəd qoşqulu yük avtomobili ayrılıb. Həmin avtomobillərin 5 ədədi Cavabdeh MMC-nə məxsusdur. Qalan 20 ədəd avtomobilin 16 ədədi “X3” MMC-yə, 1 ədədi "xxxx" MMC-yə, 1 ədədi “Azerbaijan Logistics Services” MMC-yə, 2 ədədi isə "xxxx" MMC-yə məxsusdur. Cavabdeh MMC həmin şirkətlərlə müvafiq müqavilə bağlamaqla onların yük avtomobillərini İddiaçı MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 016-024 saylı müqavilədən irəli gələn öhdəliyin icrasına cəlb edib. Həmin müqavilədən irəli gələn öhdəliklər vaxtında və layiqincə icra edilib – 25 ədəd yük avtomobili ilə bütün yük Azərbaycan Respublikasına gətirilib. Həmin yüklərin çatdırılıb təhvil verilməsinə dair aktlar İddiaçı MMC –nə təqdim olunsa da iddiaçı həmin aktları imzalayıb 1 surətini Cavabdeh MMC şirkətinə təqdim etməkdən imtina edib. Buna baxmayaraq, İddiaçı MMC təhvil-təslim aktlarını imzalamadan 24 yük avtomobilində olan yükü təhvil alıb. 1 avtomobilin sürücüsü isə təhvil-təslim aktı imzalanmadan yükü iddiaçıya təhvil verməkdən imtina edib. Həmin yükün iddiaçıya təhvil verilməməsi, bununla – iddiaçının təhvil-təslim aktını imzalamaması və onun bir surətini təqdim etməməsi ilə əlaqədar təqsirli hərəkətləri ilə bağlıdır. Bundan başqa 25 avtomobil yükün daşınması ilə əlaqədar xidmət haqqının ödənilməsi üçün iddiaçıya elektron qaimə fakturalar göndərilsə də iddiaçı Cavabdeh MMC-nin 75.650 manat təşkil edən xidmət haqqını ümumiyyətlə ödəməyib. İddia ərizəsində iddiaçı “yükün çatdırılmasının gecikdirilməsinə görə” cavabdehə 10.723 manat cərimə hesabladığını qeyd edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Lakin iddiaçı iddia ərizəsində yükün hansı tarixdə çatdırılmalı olması, bunun hansı sənəddə göstərilməsi, 10.723 manat cərimə məbləğinin necə hesablanması barədə hər hansı məlumat vermir. İddiaçı iddia ərizəsində yükün çatdırılması ilə bağlı xidmət haqqını bilavasitə müqavilə bağladığı Cavabdeh MMC-yə müqavilə şərtlərinə uyğun olaraq rəsmi şəkildə - bank vasitəsilə deyil, cavabdehə xidmət göstərən sürücülərə nağd şəkildə ödədiyini, bu məqsədlə 20.000 manat xidmət haqqı ödədiyini qeyd edir və bunun nəticəsində ona həmin həcmdə maddi ziyan dəydiyini bildirir. İddiaçının qeyd etdiyi bu hallar bir sıra suallar yaradır: - əgər bu doğrudursa nə üçün iddiaçı xidmət haqqını rəsmi müqavilə bağladığı və xidmət haqqını ödəmək öhdəliyinin olduğu Cavabdeh MMC-yə deyil, yük avtomobilinin sürücüsünə ödəyib? - Nə üçün iddiaçı xidmət haqqını bank vasitəsilə rəsmi qaydada deyil, nağd şəkildə ödəyib? - İddiaçı ödədiyi vəsaiti yükün daşınmasına görə xidmət haqqı hesab edirsə, onda niyə eyni zamanda həmin məbləği maddi ziyan hesab edir və cavabdehdən tələb edir. İddiaçı yük avtomobillərinin sürücülərinə 20.000 manat pul ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Beləliklə, iddiaçı faktiki olaraq etiraf edir ki, yük çatdırıldığı halda onun çatdırılmasına dair təhvil - təslim aktlarını imzalayıb cavabdehə xidmət haqqını bank yolu ilə ödəmək əvəzinə, həmin aktları imzalamadan yük avtomobillərin sürücülərinə nağd şəkildə pul verib yükləri əldə edib. Hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün Cavabdeh MMC ilə “Union” Vəkil Bürosu arasında müqavilə bağlanıb və bununla əlaqədar 320 manat xidmət haqqı ödənilib. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinin təmin olunmaması və ödənilmiş hüquqi xidmət haqqına görə 320 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutulub cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
23. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMCnə qarşı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin İddiaçı MMC-yə qarşı iddia tələbinin təmin edilməsi, İddiaçı MMC-dən 75.650 manat yükdaşıma xidmətlərinin haqqının, habelə məhkəmə xərcləri kimi iddia qaldırılması üçün ödənilmiş 316,95 manat dövlət rüsumunun və 320 manat vəkil xidməti haqqının, cəmi 76.286,95 manat pul vəsaitinin tutulub Cavabdeh MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında metal boruların Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xx.xx.2024-cü il tarixli, 016-024 saylı müqavilə bağlanıb. Həmin yükün daşınıb gətirilməsi üçün Cavabdeh MMC tərəfindən 25 ədəd qoşqulu yük avtomobili ayrılıb. Həmin avtomobillərin 5 ədədi Cavabdeh MMC-yə məxsusdur. Qalan 20 ədəd avtomobilin 16 ədədi “X3” MMC-yə, 1 ədədi "xxxx" MMC-nə, 1 ədədi “Azerbaijan Logistics Services” MMC-yə, 2 ədədi isə "xxxx" MMC-yə məxsusdur. Cavabdeh MMC həmin şirkətlərlə müvafiq müqavilə bağlamaqla onların yük avtomobillərini İddiaçı MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 016-024 saylı müqavilədən irəli gələn öhdəliyin icrasına cəlb edib. Həmin müqavilədən irəli gələn öhdəliklər vaxtında və layiqincə icra edilib – 25 ədəd yük avtomobili ilə bütün yük Azərbaycan Respublikasına gətirilib. Həmin yüklərin çatdırılıb təhvil verilməsinə dair aktlar İddiaçı MMC–yə təqdim olunsa da iddiaçı həmin aktları imzalayıb 1 surətini Cavabdeh MMC-nə təqdim etməkdən imtina edib. Buna baxmayaraq, İddiaçı MMC təhvil-təslim aktlarını imzalamadan 24 yük avtomobilində olan yükü təhvil alıb. 1 avtomobilin sürücüsü isə təhvil-təslim aktı imzalanmadan yükü iddiaçıya təhvil verməkdən imtina edib. Həmin yükün iddiaçıya təhvil verilməməsi İddiaçı MMC-nin təhvil-təslim aktını imzalamaması və onun bir surətini Cavabdeh MMC-nə təqdim etməməsi ilə əlaqədar təqsirli hərəkətləri ilə bağlıdır. Bundan başqa 25 avtomobil yükün daşınması ilə əlaqədar xidmət haqqının ödənilməsi üçün iddiaçıya elektron qaimə fakturalar göndərilsə də İddiaçı MMC Cavabdeh MMC-nin 75.650 manat təşkil edən xidmət haqqını ümumiyyətlə ödəməyib. İddiaçı MMC ilk iddia üzrə iddia ərizəsində Cavabdeh MMC tərəfindən ona ziyan vurulduğunu göstərsə də yükün hansı tarixdə çatdırılmalı olması, bunun hansı sənəddə göstərilməsi, 10.723 manat cərimə məbləğinin necə hesablanması barədə hər hansı məlumat vermir. İddiaçı MMC yük avtomobillərinin sürücülərinə 20.000 manat pul ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Beləliklə, İddiaçı MMC faktiki olaraq etiraf edir ki, yük çatdırıldığı halda onun çatdırılmasına dair təhvil-təslim aktlarını imzalayıb cavabdehə xidmət haqqını bank yolu ilə ödəmək əvəzinə, həmin aktları imzalamadan yük avtomobillərin sürücülərinə nağd şəkildə pul verib yükləri əldə edib. 25 Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi AR Mülki Məcəlləsinin 425.1, 425.2, 448.1, 448.2-ci maddələrinə istinad etmişdir. 26.Qarşılıqlı iddiaya qarşı etiraz təqdim olunmuşdur.
27. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində bildirir ki, yükün daşınıb gətirilməsi üçün Cavabdeh MMC tərəfindən 25 ədəd qoşqulu yük avtomobili ayrılmışdır. Həmin avtomobillərin 5 ədədi Cavabdeh MMC-yə məxsusdur. Qalan 20 ədəd avtomobilin 16 ədədi “X3” MMC-yə, 1 ədədi "xxxx" MMC-yə, 1 ədədi “Azerbaijan Logistics Services” MMC-yə, 2 ədədi isə "xxxx" MMC-yə məxsusdur. Bildirirlər ki, İddiaçı MMC-nin bu üçüncü şəxslər qarşısında öhdəliyi yoxdur və heç bir məsuliyyət Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 016-024 nömrəli müqavilənin 4.2.6-cı bəndinə əsasən, ekspeditor, yəni Cavabdeh MMC bu müqavilə üzrə xidmətlərin icrasına cəlb etdiyi subpodratçılar və üçüncü şəxslər tərəfindən xidmətin bu müqavilə şərtlərinə uyğun, lazımınca yerinə yetirilməməsinə görə müştəri qarşısında vurulmuş real zərərə görə məsuliyyət daşıyır. Bu üçüncü şəxslər tərəfindən təqdim olunmuş bildirişlərdə müxtəlif nəqliyyat vasitələri ilə daşınmış yüklərin İddiaçı MMC-yə təhvil verildiyi qeyd olunmuşdur. Buna baxmayaraq, üçüncü şəxslər tərəfindən bu təhviltəslim barədə, malların İddiaçı MMC-nin hər hansı əməkdaşına təhvil verilməsinə dair heç bir təsdiqedici sənəd təqdim olunmamışdır. Həmin şirkətlər tərəfindən təqdim edilmiş bu bildirişlər yüklərin İddiaçı MMC-yə təhvil verilmiş olmasına dair təsdiqedici sənəd kimi çıxış etmir və məhkəmə tərəfindən sübut olaraq qəbul edilməməlidir. SG Logistics” MMC, “Azerbaijan Logistics Services” MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş bildirişlərdə qeyd olunan nəqliyyat vasitələri isə, ümumiyyətlə, hazırda mübahisə predmeti kimi çıxış etmir və iş üzrə əlaqəsizdir. Mübahisə predmeti olan nəqliyyat vasitələri yalnız “X3” MMC tərəfindən verilmiş bildirişdə öz əksini tapsa da, bu nəqliyyat vasitələrindəki yüklərin təhvil verilməsinə dair məlumatlar və tarixlər tamamilə əsassızdır. Bildirişdə qeyd edilən tarixlərin doğruluğunu təsdiq edə bilən heç bir konkret sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Habelə, direktorları ayrı-ayrı şəxslər olan bu şirkətlər tərəfindən verilmiş bildirişlərin mətnlərinin hamısının eyni məzmunda, eyni cümlə quruluşunda, identik olaraq eyni formada yazılması bu bildirişlərin görünüş üçün, sırf Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunması üçün verildiyini göstərir. Bildirişlərin bu qədər oxşar (eyni) olması onların müstəqil şəkildə və obyektiv tərtib edilmədiyini göstərməklə, Cavabdeh MMC-nin iddiasının etibarlılığına və obyektivliyinə ciddi şübhələr yaradır. Cavabdeh MMC tərəfindən təqdim edilən sənədlərlə bağlı: Cavabdeh MMC elektron məhkəmə sisteminə çoxlu sayda müxtəlif sənədlər yükləmişdir. Bu sənədlərin əksəriyyətini CMR sənədləri təşkil edir. CMR – avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi olub, malların daşıyıcı tərəfindən yükgöndərəndən yaxşı vəziyyətdə qəbul edilməsini və daşımanın müəyyən edilmiş şəraitdə həyata keçirilməsini əks etdirir. CMR sənədi beynəlxalq daşımaların hüquqi çərçivəsində vacib rol oynasa da, malların təhvil-təslim prosesində təhvil-təslim aktını əvəz etmir və malların təhvil alınması ilə bağlı hər hansı bir əhəmiyyətə malik deyil. CMR sənədinin əsas məqsədi daşınma zamanı malların vəziyyəti və daşınma şərtləri haqqında məlumat verməkdir, lakin bu sənəd malların faktiki olaraq təhvil verildiyini sübut etmək üçün istifadə edilə bilməz. Malların İddiaçı MMC tərəfindən təhvil alınmasını təsdiqləyə bilən yeganə hüquqi sənəd təhvil-təslim aktıdır. Yalnız bu akt malların İddiaçı MMC-yə faktiki olaraq təhvil verildiyini və qəbul edildiyini rəsmi şəkildə sənədləşdirə bilər. CMR sənədi malların İddiaçı MMC tərəfindən təhvil alındığını təsdiq etmək üçün yetərli hüquqi qüvvəyə malik deyil. Bu səbəbdən, Cavabdeh MMC-nin CMR sənədlərinə əsaslanaraq malların təhvil verildiyini iddia etməsi əsassızdır. Bundan əlavə, Cavabdeh MMC öz ərizəsində xidmət haqqının ödənilməsi üçün İddiaçı MMC-yə elektron qaimə fakturalar göndərildiyini və İddiaçı MMC-nin Cavabdeh MMC-yə 75.650 manat borcu olduğunu iddia edir. Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 016-024 nömrəli müqavilənin 3.2-ci bəndinə əsasən, qoşmalarda (əlavələrdə) başqa qayda nəzərdə tutulmayıbsa, müştəri (yəni İddiaçı MMC) xidmətlərin dəyərini təhvil-təslim aktının bağlandığı tarixdən 1 ay ərzində ekspeditora (yəni Cavabdeh MMC-yə) ödəyir. Bu müqavilə bəndi açıq şəkildə göstərir ki, xidmət haqqının ödənilməsi təhvil-təslim aktlarının imzalanması və malların faktiki olaraq İddiaçı MMC tərəfindən qəbul edilməsi ilə şərtləndirilmişdir. Başqa sözlə, Cavabdeh MMC-nin xidmət haqqını tələb etməsi üçün əvvəlcə malların İddiaçı MMC-yə düzgün şəkildə, tam və vaxtında təhvil verildiyini və bunun təhvil-təslim aktları ilə təsdiq edildiyini sübut etməsi vacibdir. Qeyd etməlidirlər ki, İddiaçı MMC tərəfindən yalnız təhvil alınan malların ödənişləri mütəmadi olaraq icra olunmuşdur və müqavilə öhdəliklərinə uyğun şəkildə həyata keçirilmişdir (müvafiq ödəniş tapşırıqları iş materiallarına əlavə olunur). Buna baxmayaraq, Cavabdeh MMC-nin iddia etdiyi 75.650 manat məbləğində borcun yaranması üçün heç bir hüquqi əsas yoxdur, çünki həmin məbləğə dair təqdim edilən elektron qaimə-fakturalar təhviltəslim aktları ilə təsdiqlənməmişdir. İddiaçı MMC müqavilə şərtlərinə əsasən, yalnız faktiki olaraq təhvil alınan malların ödənişini icra etməklə öz öhdəliyini yerinə yetirmişdir. Bu səbəbdən, Cavabdeh MMC-nin xidmət haqqı ilə bağlı iddiası əsassızdır və təmin edilməməlidir.
28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3382/2024 nömrəli qətnaməsi ilə ilkin İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiasının rədd edilməsi, ilkin iddia verilərkən ilkin iddiaçı tərəfindən artıq ödənilmiş 193 manat məbləğində dövlət rüsumunun ilkin iddiaçıya qaytarılması, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, qarşılıqlı cavabdeh İddiaçı MMC-dən ƏDV daxil 75.650 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 316,95 manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir.
29. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 21, 385.1, 386, 442.1, 443, 448, 850, 852-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
30. İlkin iddia üzrə İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2024-cü il tarixli, 016-024 nömrəli müqaviləyə (bundan sonra “Müqavilə”) əsasən, Cavabdeh İddiaçının ixrac və idxal yüklərinin daşınmasını, yüklərin saxlanmasını və ona təhvil verilməsini və hazırkı razılaşma ilə müəyyən edilən şərtlər əsasında və göstərilən qaydada digər yardımçı xidmətlərin icrasını öz üzərinə götürmüşdür. Cavabdehə xidmət göstərən sürücülər cavabdeh tərəfindən əmək haqlarının gecikdirilməsini əsas gətirərək iddiaçının xüsusi mülkiyyətində olan yükü nəqliyyat vasitəsindən boşaltmaqdan və iddiaçıya təhvil verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan əmlaklara qanunsuz məhdudiyyətlər yaradılması iddiaçının bir sıra hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Yükün gecikdirilməsi ilə istehsalatda işin dayandırılması səbəbindən iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən yükmaşınlarının bir neçəsinin AR-in gömrük sərhədindən keçirildikdən sonra boşaldılmasının gecikdirilməsi və sonuncu yük maşınının hazırkı mübahisə ilə bağlı müvəqqəti təminat tədbiri tətbiq edildikdən sonra icra məmurlarının iştirakı ilə boşaldılaraq iddiaçıya təqdim edilməsi, yəni cavabdehin müqavilə üzrə öhdəliklərinin vaxtında icra etməməsi işin mübahisəsiz halıdır. Həmçinin bu öhdəliyin pozulmasına səbəb cavabdehin təqsirli olmasıdır. Buna baxmayaraq, məhkəmə İddiaçının ona real və əldən çıxmış fayda formasında zərər gəlməsini sübutlarla əsaslandırmadığını, malların daşınmasının təşkilinə görə xidmət haqqının cavabdehə verilməməsini bildirmişdir. Cavabdeh xidmət göstərmək öhdəliyini (yükü daşımaq, saxlamaq və təhvil vermək) lazımınca və tələb edilən formada yerinə yetirməmişdir. Yük, yəni İddiaçının mülkiyyəti yarımçıq formada və razılaşdırılan yerdə deyil, gömrükdə İddiaçıya icra məmurları tərəfindən verilmişdir. Cavabdeh İddiaçıya sadəcə xidmətlər göstərməli və iddiaçının mülkiyyətində olan yükün razılaşdırılmış təslimat məntəqəsinə daşınmasını həyata keçirməli idi. Buna baxmayaraq, Cavabdeh həm xidmət öhdəliyini lazımınca yerinə yetirməmiş, həm də İddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Qeyd edirik ki, yuxarıda bildirilən öhdəlik Cavabdeh tərəfindən lazımıca yerinə yetirilmədiyi üçün İddiaçıya real və əldən çıxmış fayda formasında zərər hesablanaraq ödənilməlidir. Buraya ilk növbədə, İddiaçının Azərconnect MMC ilə bağladığı müqavilədən hesablanacaq dəbbə pulu daxildir. Belə ki, "xxxx" MMC və İddiaçı arasında AZRC/2023/99 nömrəli, xx.xx.2023 tarixli Çərçivə Müqaviləsinin 3.2-ci maddəsinə əsasən, Azərconncect MMC tərəfindən İddiaçıya gecikdirilmiş mallar üçün malların ümumi dəyərinin 0.5% həcmində lakin gecikdirilmiş Malların ümumi dəyərinin 20%-dən artıq olmamaq şərti ilə cərimə tətbiq edilə bilər. Hazırda bugünkü günə hesablanan cərimə məbləği 33571.26 manat təşkil edir. Növbəti olaraq, hazırkı Azərconnect ilə bağlanan müqavilə üzrə tərəflərin münasibəti pisləşərsə, bu onların gələcək biznes maraqlarına da birbaşa təsir edəcəkdir. Belə ki, cavabdehin iddiaçının mülkiyyət hüququnu pozması nəticəsində kiçik sahibkarlıq subyekti olan iddiaçı həcminə və mahiyyətinə görə indiyə qədər bağlamış olduğu ən böyük müqavilədən və iri və nüfuzlu biznes tərəfdaşından məhrum ola bilər, bu isə iddiaçının kommersiya maraqlarına, bazardakı işgüzar nüfuzuna bərpası mümkün olmayan zərər vurmaqla, onun sahibkarlıq fəaliyyətinin sonlanması ilə nəticələnə, məhvinə gətirib çıxara bilər. Digər zərər isə İddiaçının yükü gömrük ərazisindən çıxarması üçün cavabdehə xidmət göstərən sürücülərə ümumi 9000 manat məbləğində ödəniş etməyi ilə yaranmışdır. Hazırkı iş üzrə də Cavabdeh xidmət öhdəliklərini lazımınca yerinə yetirməmiş, hüquq pozuntusuna səbəb olmuş və İddiaçının subyektiv hüquqlarını pozmuşdur. Pozuntu nəticəsində İddiaçıya həm real, həm də əldən çıxmış fayda formasında, ümumilikdə 72571.26 manat zərər dəymişdir. Məhkəmə tərəfindən qeyd olunan hal ətraflı araşdırılmamış və düzgün olmayan qərar qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. İlkin idda üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
33. İlkin idda üzrə iddiaçının qanuni nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
34. ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 850.1-ci maddəsinə əsaəsn yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 851-ci maddənin tələbinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə ilkin iddia üzrə İddiaçı MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında daşınma və yükdaşıma xidmətləri haqqında 12 fevral 2024-cü il tarixli 016-024 saylı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin sifarişi ilə yükdaşımanın həyata keçirilməsini təşkil etməyi, İddiaçı MMC isə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.
38. İş materiallarına əlavə edilmiş müqaviləyə əlavələr, invoyslar və elektron qaimələrlə təsdiq edilir ki, tərəflər 25 ədəd yük maşını vasitəsilə malların daşınmasının təşkilinə görə qarşılıqlı iddiaçıya ödəniləcək xidmət haqqının cəmi ƏDV daxil 75.650 manat (44.500 ABŞ dolları) təşkil etməsi barədə razılaşmışlar.
39. Digər tərəfdən 12 avqust 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki (2-ci cild, səhifə 77), işə birinci instansiya məhkəməsində baxılarkən qarşılıqlı cavabdehin nümayəndəsi (vəkili) qarşılıqlı iddiaçı tərəfindən mübahisəli malların yük daşınması təşkili xidmətinin göstərilməsi və həmin xidmətlərə görə tərəflərindən ödəniş edilməməsi faktlarını etiraf etmişdir. Bundan əlavə, ilkin iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında qarşılıqlı iddianı qəbul etmiş, hazırkı mübahisənin predmetini təşkil edən problemin çatdırılmanın vaxtları ilə bağlı olmasını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən hallar etiraf edildiyindən, qarşılıqlı iddiaçı MPM-in 106.3-cü maddəsinə əsasən həmin halları sübuta yetirməkdən azaddır.
40. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında imzalanmış daşınma və yükdaşıma adlı müqavilədə malların gecikdirilməsinə görə hər hansı bir maliyyə sanksiyasının tətbiq olunacağı ilə bağlı müddəa qeyd olunmayıb. Belə olan halda ilkin iddia üzrə iddiaçı zərərin əmələ gəlməsini ümumi əsaslarla sübut etməli, bu barədə məhkəməyə sübutlar təqdim etməlidir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı formal həqiqət prinsipi rol oynayır, məhkəmə işdə olan sübutlar əsasında işə baxır və məhkəmənin işin bütün hallarını öz xidməti vəzifəsinə görə araşdırmaq vəzifəsi yoxdur.
41. Apellyasiya şikayətinin dəlilləri kimi qeyd edilmiş, sürücülərə ödənişlərin edilməsi, "xxxx" MMC tərəfindən iddiaçıya dəbbə pulu hesablanması, əldən çıxmış fayda formasında zərərin dəyməsi halları ilə bağlı iş materiallarına sübutlar əlavə edilməyib. 02 sentyabr 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasının protokolundan da görünür ki (2ci cild, 108-ci səhifə), ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) 9000 manat məbləğində sürücülərə ödənilmiş xidmət haqqının nağd formada ödənilməsini və bununla bağlı sübutlarının olmadığını qeyd etmişdir. Bu səbəblə ilk iddia üzrə iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi, sürücülərə ödəniş edildiyinə dair aktlar sübut kimi qəbul olunmamalıdır; çünkü yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.
42. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (MPM-nin 372.2-ci maddəsi) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.
43. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3382/2024 nömrəli iş üzrə xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İlkin iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.