Məhkəmə qərarları › İş №2-2(103)-1172/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1172/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1172/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4136/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. "xxxx" MMC (təchizatçı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli 128- AD220316-2022 saylı tədarük müqaviləsi bağlanmışdır.

2. İddaçı tərəfindən cavabdehə MT2403 seriyalı, 00134836 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 68.578,47 qəpik məbləğində olam elektron qaimə göndərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil 15,815.70 manat məbləğində borcun, borcun vaxtında geri qaytarılmamasına görə hesablanmış 6,150 manat məbləğində cərimənin və ödənilmiş 156 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 22.121,70 manat pulun, 2.000 ABŞ dolları məbləğində məhkəmə xərcinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 26 iyul 2022-ci il tarixli, 128-AD220316-2022 saylı tədarük müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı malları razılaşdırılmış müddətdə cavabdehin mülkiyyətinə verməyi, cavabdeh Müqavilənin şərtlərinə əsasən malı qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdehin Müqavilə üzrə İddiaçı qarşısında iddia ərizəsi verilən tarixə borcu 15,815.70 manat təşkil edir. Müqavilənin 7.2-ci bəndinə əsasən, məhsulun ödənişi gecikdirildiyi təqdirdə, Satıcı Alıcıdan gecikdirilən hər gün üçün vaxtında haqqı ödənilməyən məhsulun dəyərinin 0,1 %-i məbləğində cərimə tələb etmək hüququna malikdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh borcun ödənilməsini iddia ərizəsi təqdim edilən ana 410 gün gecikdirmişdir. Belə olan halda, İddiaçı malların dəyərindən əlavə olaraq, borcun vaxtında geri qaytarılmamasına görə Cavabdehdən 6,150 manat məbləğində dəbbə pulu tələb edir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4136/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 15.815 (on beş min səkkiz yüz on beş) manat 70 (yetmiş) qəpik, cərimə borcu üzrə 800 (səkkiz yüz) manat olmaqla, ümumilikdə 16.615 (on altı min altı yüz on beş) manat 70 (yetmiş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi,dövlət rüsumunun əvəzi olaraq 139 (bir yüz otuz doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi,hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4136/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsinı və iddianın təmin olunmamasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin əsasını təşkil edən 26 iyul 2022-ci il tarixli, 128-AD220316-2022 saylı tədarük müqaviləsi üzrə qarşı tərəfin təqdim etdiyi malların bir hissəsi qüsurlu olmuş və bu barədə qüsur aktları tərtib edilmişdir. Bu hallar əməkdaşlığımız dövründə şifahi danışıqlar vasitəsilə dəfələrlə müzakirə olunmuş və qarşı tərəfə qüsurlu malların geri qaytarılması və dəyərinin ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir. Əlavə olaraq bildiririk ki, aktlar qarşı tərəfin rəsmi servis xidməti tərəfindən tərtib olunmuşdur ki, bu da onların mənbə baxımından obyektivliyini və hüquqi qüvvəsini bir daha təsdiq edir. Tərəflər arasında olan 128-AD220316-2022 saylı, xx.xx.2022 tarixli Müqavilə üzrə ödənilməmiş qaimələr üzrə toplam dəyəri 1376 azn olan məhsullar iddiaçıya geri qaytarılmışdır. Müvafiq sənədlər əlavə edilmişdir. Eyni zamanda tərəflər arasında ***-**** saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 6 qüsur aktına əsasən dəyəri 2958 azn təşkil edir. Eyni zamanda tərəflər arasında bir neçə illər ərzində başqa digər müqavilələr də olmuş, uzun müddətli dövriyyələr həyata keçirilmişdir. Tərəfimizdən məhkəmə mübahisəsi zamanı qarşı tərəfə təklif edilmişdir ki, keçmiş dövrlərdən qalan və hazırki müqavilə üzrə olan qüsur aktlarına əsasən iddiaçıya təhvil verilən mallar üzrə vəsaitlər çıxıldıqdan sonra qalıq məbləği ödəməyə hazırıq. Lakin qarşı tərəf bundan imtina etmişdir. Məhkəmə tərəfindən bizim tərəfimizdən təqdim edilən qüsur aktları nəzərə alınmamış və onlara hüquqi qiymət verilməmişdir. Vəkil xidməti xərci ilə bağlı bildirirəm ki, həmin hissə üçün dövlət rüsumu iddiaçı tərəfindən ödənilməmişdir. Bu səbəbdən həmin hissənin rədd edilməsini xahiş edirəm. Eyni zamanda vəkil xidməti ilə bağlı müqavilə elektron məhkəmə sisteminə əlavə olunsa da, ödəniş sənədi əlavə edilməmiş və sübuta yetirilməmişdir. Sübuta yetirilməmiş vəsaitə görə isə qətnamədə bizdən 1000 AZN pulun ödənilməsi tələb edilmişdir. Eyni zamanda müqavilə üzrə ödənişlər, keçmişdə olan dövriyyə və ən əsası iddiaçının barışıq mövqeyi tutması nəzərə alınmadan şirkət üzrərinə əsassız və qanunsuz olaraq 800 manat məbləğində cərimə yazılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

10. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişedir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə hazırki işə iştirakı olmadan baxılması mümkün sayılsın.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

19. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

AR Mülki Prosessual Məcəlləsi

20. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 124.1-ci İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Birinci instasniya məhkəməsində icraat zamanı hazırlıq iclasında (xx.xx.2025-ci il tarixli) iştirak dən cavabdehin nümayəndəsi tələb olunan borcdan 15659,47 manat hissəsi ilə razı olduğunu, bununla bağlı e-qaimələr, təhvil-təslim aktları və ödənişləri təsdiq edən sənədləri elektron qaydada təqdim etdiyini, 1376 manat miqdarında qüsurlu malların olduğunu, onların bir qisminin zəmanət müddətinin keçdiyini, iddiaçı ilə məbləğlə bağlı razılığa gəlmək istədiyini bildirmişdir/

28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyator malların qüsrlü olmasını bildirsədə bununla bağlı hər hansı sübut təqdim etməmiş, sadəcə şifahi danışıqlar aparıldığını bildirmişdir.

29. Məhkəmə kollegiyası vurgulayır ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.

30. Eyni zamanda cavabdeh şikayətin dəlillərində tərəflərindən tərtib olunmuş 6 qüsur aktının başqa bir (xx.xx.2021-ci il tarixli) müqavilə üzrə tərtib olunduğunu etiraf etmişdir.

31. Kollegiya işin halları, cavabdehin əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsinin 800 (səkkiz yüz manat) məbləğində cərimənin tutulmasını ədalətli və ağlabatan hesab edir.

32. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

33. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

34. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin göstərilmiş hüquqi yardım xərcinin tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, məbləğ ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir.

36. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi vəkili Nümayəndə1 ərizə ünvanlayaraq hazırki iş üzrə iddiaçıya hüquqi yardım və Bakı Apelyasiya Məhkəməsində təmsil etmək üçün iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi ilə bağlı "xxxx" MMCnə 1000 (bir min) ABŞ dolları məbləğində xidmət haqqı ödənildiyini, qətnamə qəbul edərkən bu məhkəmə xərcini də nəzərə alınmasını xahiş etdiyini bildirmişdir.

37. Kollegiya apellyasiya icraatı zamanı göstərilmiş hüquqi yardımla bağlı xərcin tutulmasına dair ərizəyə münasibtədə qeyd edir ki, AR Mülki Prosessual Məcəllənin 121.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Məhkəmə kollegiyası xx.xx.2025-ci il tarixli, 25042214 saylı hüquqi xidmətlərin göstərilməsi haqqında müqaviləni, ödəniş tapşırığını və mövcud məhkəmə təcrübəsinə əsasən ərizəni qismən əsaslı hesab edərək, vəkilin göstərdiyi yardıma görə ödənilən məbləğin 500 (beş yüz) manat müəyyən olunmasını daha ağlabatan hesab edir.

39. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC-e tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4136/2025 nömrəli qətnaməsi mübahsiləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı göstərilmiş hüquqi yardımla bağlı 500 (beş yüz) manat iddiaçıdan alınaraq cavabdehə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar