Məhkəmə qərarları › İş №2-2(103)-1173/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1173/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1173/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, Buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, e-2-2(113)- 2615/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 şəhərində yerləşən (ünvanı-Türkiyə Cumhuriyyəti, İstanbul, Bakırköy, Florya,Cad. X5 Sok. № 26 D:1 Florya,) «X4 Dış Tic. LTD.ŞTİ.» şirkətinin bank hesabına: - 04 saylı köçürmə ərizəsi ilə 29 iyul 2016-cı il tarixdə göndərdiyi 13521,94 ABŞ dolları, - 05 saylı köçürmə ərizəsi ilə 05 avqust 2016-cı il tarixdə köçürdüyü 9400 ABŞ dolları, - 06 saylı köçürmə ərizəsi ilə 17 avqust 2016-cı il tarixdə köçürdüyü 9924,79 ABŞ dolları və - 07 saylı köçürmə ərizəsi ilə 07 sentyabr 2016-cı il tarixdə köçürdüyü 6100,90 ABŞ dolları, cəmisi isə 4 dəfəyə köçürdüyü 38947,63 ABŞ dolları məbləğində əsas pulun, - köçürdüyü 38947,63 ABŞ dolları dəyərində əsas pula görə Müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş cəmi 10 faizdən artıq olmamaq şərtilə ümumi məbləğin 10 faizini təşkil edən 3894,76 ABŞ dolları məbləğində cərimə pulunun, - əldən çıxmış gəlir kimi 20.10.2016-cı il tarixdən 15.06.2020cu il tarixə kimi cəmi 28447,71 ABŞ dolları məbləğində pulun və işgüzar nüfuzuna vurulmuş mənəvi zərər kimi isə 50000 ABŞ dolları olmaqla, cəmi 121290,10 ABŞ dolları məbləğində pulun, bundan başqa, ödədiyi 30 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyi 400 manat olmaqla 430 manat məbləğində pulun «X4 Dış Tic. LTD.ŞTİ.» şirkətindən (təmsilçisi X2- ünvanı-ünvan 2əsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.12.2020-ci il tarixli e-2-2(113)-2615/2020 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 03.12.2020-ci il tarixli e-2-2(113)-2615/2020 nömrəli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli e-2-2(113)-2615/2020 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2615/2020 nömrəli, 03.12.2020-ci il tarixli qərardaddan şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini, müddətin bərpasına dair verdikləri ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya baxılmamış saxlanılması barədə “Qərardadın” qəbul olunması və sistemə yerləşdirilməsi barədə məhkəmə tərəfindən hərhansı SMS bildiriş göndərilməmişdir. Hakim işə qərəzli yanaşmış, tərəflərə qanunla müəyyən edilmiş qaydada SMS-bildiriş göndərməmiş bununla onun müdafiə olunmaq hüququnu pozmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, aparılmış audio-video görüntüdə və məhkəmə iclas protokollarında iddiaçının iştirak etməsi qeyd edilmişdir. Hakim prosesdə onların iştirak etməsini audio yazıda təsdiqləyir, lakin buna baxmayaraq Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır Bakı Kommersiya Məhkəməsinin 13.09.2021-ci il tarixli e-2-2(113)-2615/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 06.10.2021-ci il tarixə təyin edilmiş, tərəflərə elektron kabinetə bildiriş yerləşdirilməklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, e-2-2(113)- 2615/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdən görünür ki, iddianın baxılmamış saxlanılması barədə Bakı Kommersiya Məhkəməsinin 03.12.2020-ci il tarixli e-2-2(113)-2615/2020 nömrəli qərardadı 05.12.2020ci il tarixdə İddiaçı və onun nümayəndəsi vəkili olan Vəkil elektron kabinetlərində yerləşdirilməklə rəsmi qaydada verilsə də, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə 8 aydan sonra verilmişdir. Müddətin buraxılması barədə ərizədə qərardadın elektron kabinetə yerləşdirilməsi barədə SMS bildiriş göndərilmədiyi qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin 10.2.1-ci bəndinə əsasən kommersiya mübahisələri üzrə işlərlə bağlı elektron kabinet yaratmaq informasiya sistemi istifadəçinin vəzifəsidir. Əsasnamənin 6.1.15-ci bəndinə əsasən məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron kabinet, elektron poçt və SMS məlumatlandırma) çatdırılması informasiya sistemi vasitəsilə təmin edilir. Elektron kabineti olan şəxsin elektron kabinetində sənəd yerləşdirilərkən bu barədə məlumat “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə avtomatik olaraq çatdırıldığından iddiaçının məhkəmə qərardadının kabinetə yerləşdirildiyinə dair məlumat almaması ilə bağlı ərizədə qeyd etdikləri əsassızdır. Bundan əlavə məhkəmədə qaldırdığı iddianın nəticəsi ilə bağlı 8 ay ərzində iddiaçı tərəfindən məhkəməyə müraciət edilməməsi təsdiq edir ki, onun məhkəmə tərəfindən iddianın baxılmamış saxlanılması barədə məlumatı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, e-2-2(113)- 2615/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, e-2-2(113)- 2615/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar