Məhkəmə qərarları › İş №2-2(103)-1175/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1175/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1175/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh “X3” MMC-nin nümayəndəsi X1, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1823/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 48.592,5 manat əsas borcu, 2.575 manat cərimə olmaqla, cəmi 51.167,5 manat borcun və 30 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamədə göstərilmişdir ki, “iddiaçı 26.07.2019-cu il, 21.08.2019-cu il və 22.08.2019-cu il tarixlərdə ümumi miqdarı təqribən 570 kub.m. olan B-25/M-350 markalı beton məhsullarını (malları) təhvil-təslim etməsi barədə sənədləri məhkəməyə təqdim etsə də, həmin sənədlərdə betonu təhvil alan və imzalayan şəxslərin adları, soyadları və vəzifələri qeyd edilməmiş, həmin şəxslərə şirkət tərəfindən etibarnamə verilməmiş və imzaların üzərinə “X3” MMC-nin möhürü vurulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən təhvil-təslim sənədləri mötəbər sübut kimi qəbul edilə bilməz.” Qeyd edilməlidir ki, 24.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının səlahiyyətli nümayəndəsi mübahisə edilən hissəyə dair satılmış betonu qəbul etmiş şəxsin cavabdehə münasibətdə kimliyinin və satılmış malların qəbul edilməsində səlahiyyətli olmasının müəyyən edilməsi məqsədilə müvafiq sorğunun verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, lakin məhkəmə heç bir tutarlı əsas və səbəb göstərmədən vəsatəti rədd etmişdir. Məhkəmə vəsatətə qiymət verərkən nəzərə almamışdır ki, yalnız dəyəri ödənilməmiş və cavabdehə təhvil verilmiş malların qəbul edilməsində iştirak etmiş şəxs, eyni zamanda, dəyəri ödənilmiş hissəyə münasibətdə cavabdehə təhvil verilmiş malların təhvil alınmasında da iştirak etmişdir. Dəyəri ödənilmiş malların təhvil-təslim aktlarında da imzalar üzərinə cavabdehə aid möhür icra edilməmişdir. Deməli, məhkəməyə sübut kimi təqdim edilmiş təhvil-təslim aktlarının mötəbərliyi məhkəmədə şübhə doğurmamalı idi. Beləliklə, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bundan başqa, 22.06.2021-ci il tarixdə auditin aparılmasının maraqlı tərəf olan iddiaçının təqdim etdiyi sənədlər və nümayəndəsinin iştirakı ilə həyata keçirilməsi səbəbindən məhkəmə tərəfindən auditor hesabatı mötəbər sübut kimi qəbul edilməsə də, bununla bağlı öz qətnaməsində heç bir hüquqi əsaslandırma aparmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi və vəkili şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən edilir ki, 19.02.2018-ci il tarixli Beton alqı-satqısı haqqında müqaviləyə görə, satıcı iddiaçı malı alıcı cavabdehin mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin: 2.2-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satılan malın adı və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan hesab-faktura ilə müəyyən edilir. Hesab-faktura bu müqavilənin ayrılmaz tərkib hissəsidir; 3.1-ci bəndinə görə, satıcı müvafiq hesab-fakturanı imzalandığı tarixdən 3 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda keyfiyyətli Malı alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir; 5.1-ci bəndinə əsasən, bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə-faktura əsasında alıcıya təhvil verir; 6.2-ci bəndinə görə, alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini köçürmə yolu ilə fakturada malın təslimi anında və ya tərəflərin razılaşdırdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vədə tarixində, lakin malı təhvil aldığı tarixdən 30 təqvim günündən gec olmayaraq, satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır; 8.2-ci bəndinə əsasən, alıcı malın satış qiymətinin ödənilməsini 30 gündən artıq gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir. Qiymət razılaşma protokoluna görə, B-25/M-350 markalı mala (beton) görə 1 kub.m. üçün 85 manat və B-30/M-400 markalı mala (beton) görə 1 kub.m. üçün 90 manat müəyyən edilmişdir. İddiaçının təhvil-təslim sənədləri kimi təqdim etdiyi materialların surətlərində göstərilmişdir ki, 26.07.2019-cu il, 21.08.2019-cu il və 22.08.2019-cu il tarixlərdə B-25/M- 350 markalı beton məhsulları (malları), imzalayan şəxslərin adı, soyadı və vəzifəsi qeyd edilmədən, möhür vurulmadan təhvil-təslim edilmişdir. İddiaçı tərəfindən cavabdehə verilən və işdə olan elektron qaimələrə görə, iddiaçı ümumilikdə ƏDV daxil 757.225,76 manat məbləğdə malı alıcıya satmışdır. Sərbəst auditor X2 tərəfindən tərtib edilmiş 22.06.2021-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktda qeyd olunmuşdur ki, 19.02.2018-ci il tarixli beton alqı-satqısı haqqında müqaviləyə əsasən cavabdehin iddiaçıya 2019-cu ilin iyul-avqust aylarında alınan betona görə ƏDV daxil 48.585,50 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyini pozması və müqavilə üzrə iddiaçıya hər hansı borcunun olması iş materialları ilə təsdiqini tapmır. Belə ki, iddiaçının alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 48.585,50 manat dəyərdə beton məhsulunu cavabdehin mülkiyyətinə verməsi sübuta yetmir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 818.592,50 manat dəyərdə malın sifariş verildiyini, həmin sifarişlərin qaimələrlə təsdiqləndiyini qeyd etsə də, məhkəməyə təqdim edilən elektron qaimələrə əsasən iddiaçı tərəfindən ümumilikdə ƏDV daxil 757.225,76 manat məbləğdə malın cavabdehə satıldığı müəyyən edilmiş, satılan mallara görə isə cavabdeh tərəfindən, yenə iddiaçının iddia ərizəsində göstərdiyi kimi, 770.000 manat məbləğdə pul vəsaiti ödənilmişdir. Bu isə o deməkdir ki, cavabdehin elektron qaimələrdə göstərilən məbləğdən artıq vəsait ödəməklə 19.02.2018-ci il tarixli beton alqı-satqısı haqqında müqaviləyə görə borcu qalmamışdır. Həmçinin, iddiaçı 26.07.2019, 21.08.2019 və 22.08.2019-cu il tarixlərdə B-25/M-350 markalı beton məhsullarını (malları) təhvil-təslim etməsi barədə sənədləri Məhkəməyə təqdim etsə də, sözügedən materiallarda betonu təhvil alan və imzalayan şəxslərin adları, soyadları və vəzifələri qeyd edilməmiş, həmin şəxslərə etibarnamə verilməmiş və cavabdehin möhürü vurulmamışdır. Odur ki, iddiaçının təhviltəslim sənədləri adı ilə təqdim etdiyi materaillar mötəbər sübut kimi qəbul edilə bilməz. İddianın əsas borcun ödənilməsinə dair ilk tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan cərimənin ödənilməsi barədə ikinci tələb də, artıq müzakirə edilmədən rədd edilməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, satılmış betonu qəbul etmiş şəxslərin cavabdehə münasibətdə kimliyinin və satılmış malların qəbul edilməsində səlahiyyətli olmasının sübut edilməsi Məhkəmənin vəzifəsi deyil. Çünki, mülki ictaata hakim olan dispozitivlik prinsipinə görə hakim (məhkəmə) arbitr olaraq prosesə müdaxilə etmir, o cümlədən tərəflərin yerinə keçərək, onların əvəzinə sübutların toplanmasında iştirak etmir. Şikayətin 22.06.2021-ci il tarixli audit aktına gəldikdə isə, birincisi, həmin akt audit rəyi deyil, ikincisi, auditor yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etmişdir, üçüncüsü, auditorun konkret hansı sənədlərə istinad etdiyi, həmin sənədlərin rekvizit və məzmunu aktda göstərilməmişdir, baxmayaraq ki, həmin sənədlərdən bəzilərini iddiaçı iddia ərizəsinə əlavə etmişdir və mötəbər olmadığı məlum olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1823/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar