Məhkəmə qərarları › İş №2-2(103)-1176/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1176/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1176/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2121/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 23194,08 (iyirmi üç min yüz doxsan dörd manat səkkiz qəpik) ABŞ dolları məbləğində borcun, məhkəmə xərcləri üçün 500 (beş yüz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.07.2021-ci il tarixli e-2-2(113)-2121/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaətinə görə malın çeşidi haqqında müqavilə şərtləri pozulduğundan alıcı olan cavabdeh təqdim olunan malların hamısından imtina etmək, eləcə də həmin malların dəyərini ödəməkdən imtina etmək hüququna malikdir. Lakin, cavabdeh mal ölkə ərazisinə gətirilməmiş və hələ malı görməmiş müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Belə ki, cavabdeh malın qəbulundan 15 yanvar 2021-ci il tarixdə imtina etmişdir. Mal isə ölkə ərazisinə həmin tarixdən sonra 2021-ci ilin aprel ayında gətirilmişdir. Eyni zamanda cavabdehlə email yazışmalarından, eləcə də cavabdehin 06.02.2021-ci il tarixli cavab məktubundan, eyni zamanda 04.06.2021-ci il tarixli etiraz məktubundan da göründüyü kimi cavabdeh sifariş etdiyi malı qəbul etməkdən imtina edərkən gətirilən malın çeşidinin yanlış olması ilə bağlı heç bir fikir irəli sürmür. Həmin sənədlərdən də göründüyü kimi cavabdehin malın qəbulundan imtina əsasları tamamilə fərqlidir. Digər tərəfdən, iddiaçı malı identifikasiya nömrəsi ilə sifariş qəbul edir. Belə ki, cavabdeh kimi müştərilər malların kataloquna baxır və həmin kataloqda olan malın identifikasiya nömrəsini iddiaçıya bildirirlər. Daha sonra iddiaçı həmin malın identifikasiya nömrəsini istehsalçı şirkətə göndərir və beləliklə lazımi malı sifariş edirlər. Cavabdeh iddiaçıya hansı identifikasiya nömrəsini göndəribsə iddiaçı da həmin identifikasiya nömrəli malı sifariş etmişdir. Cavabdehin sifariş etdiyi P/N:15FX24-2205 identifikasiya nömrəli mal 15000 PSİ deyil, yalnız 10000 PSİ olur. Cavabdehlə olan email yazışmalarından da göründüyü kimi cavabdeh sifariş etdiyi malın son istehlakçısı deyildir. Cavabdeh iddiaçıdan aldığı malı üçüncü şəxs olan öz müştərilərinə satır. Ona görə də, ya üçüncü şəxs cavabdehə 15000 PSİ olan mal sifariş vermək istəyib lakin malın identifikasiya nömrəsini kataloqdan səhv seçib, ya da sifariş etdiyi malın PSİ-nı səhvən 15000 qeyd ediblər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, 21.12.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə 23194,08 ABŞ (ƏDV daxil) dolları dəyərində malın qiyməti, malın çatdırılma müddətlərinin, eyni zamanda malın dəyərinin ödənilməsi şərtlərinin əks olunduğu təklif (oferta) göndərilmişdir. 22.12.2020-ci il tarixdə isə "xxxx" MMC tərəfindən həmin təklif qəbul (aksept) edilmiş və bununla da "xxxx" MMC ilə "xxxx" MMC ilə müqavilə münasibətləri yaranmışdır. Cavabdehin müraciətinə əsasən "xxxx" MMC tərəfindən mallar sifariş edilmiş və həmin mallar ölkə ərazisinə yola salınmışdır. Lakin sonradan cavabdeh verdiyi sifarişdən imtina etmişdir. Dəfələrlə həmin məsələ ilə bağlı cavabdehlə danışıqlar olmuş, lakin danışıqlar heç bir nəticə verməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, "xxxx" MMC-nin "xxxx" MMC-yə malları qəbul etmək və onun dəyərini ödəmək kimi məsuliyyəti mövcud deyildir. 21.12.2020-ci il tarixində "xxxx" MMC tərəfindən 19565 ABŞ dolları məbləğində olan malların sifariş edilməsi məqsədi ilə "xxxx" MMC-yə ilkin təklif göndərilmişdir. Həmin göndərilmiş təklifin şərtlərinə əsasən qeyd olunan malların dəyərinin 50 faizi hissəsi "xxxx" MMC tərəfindən ödənildikdən sonra "xxxx" MMC malları sifariş verməli, malların dəyərinin 50 faizi hissəsi isə təqdim edilmədən öncə ödənilməli idi. "xxxx" MMC tərəfindən malların sifariş verildiyi ölkədə bayram ilə əlaqədar 2021-ci ilin yanvar ayının dördündən sonra çatdırılmanın mümkün olması qeyd edilmişdir. Sonradan "xxxx" MMC-nin əməkdaşları "xxxx" MMC-nin Nərmin adlı əməkdaşı ilə danışaraq ilkin olaraq sifariş edilməli olan malların 25 faizi hissəsini ödəməyin mümkün olduğu qeyd olunanda həmin əməkdaş qeyd etmişdir ki, yalnız 50 faiz ödəniş edildikdə malları sifariş vermək mümkündür. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə hər hansı ödəniş həyata keçirilməmişdir. “E.S.M.A Sənaye Təsisatları ünvan 2əkdaşları tərəfindən hər dəfə qeyd edilmişdir ki, mallar yalnız 50 faiz ödənildikdən sonra sifariş verilə bilər. Bu şərt barədə tərəflər razılığa gəlmədikləri üçün "xxxx" MMC tərəfindən "xxxx" MMCyə qeyd olunan sifarişdən imtina olunması barədə məktub ünvanlanmışdır. Bundan başqa, “E.S.M.A Sənaye Təsisatları ünvan 2əkdaşları artıq malların sifariş verildiyi, bu səbəbdən də sifarişdən imtinanın qeyri-mümkün olması bildirilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ilkin olaraq malların 50 faizinin ödənilməsi və bundan sonra malların sifariş verilməsi barədə təklif irəli sürülmüş, sonradan bu təklif dəyişdirilərək sifariş verilmiş malların 25 faiz dəyərinin ödənilməsi təklif edilmişdir. Belə olan halda müqavilənin mühüm şərti ilkin olaraq "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödəniş edilməsi, bundan sonra malların verilməli olması olmuşdur. Lakin "xxxx" MMC bu mühüm şərt realizə olunmadan malların sifariş verildiyini iddia edir və malların dəyərini ödəməyi tələb edir. Bundan əlavə iddiaçı tərəfindən sifarişdə göstərilən texniki göstəricilərə uyğun olmayan mal gətirilmişdir. Belə ki, sifarişdə identifikasiya nömrəsi P/N:15FX24-2205 olan malın texniki göstəricisi 15000 PSİ göstərilmiş, iddiaçı isə 10000 PSİ texniki göstəricisi olan mal gətirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəflər arasında oferta-aksept qaydasında alqı-satqı müqaviləsinin bağlanmasına istinad edərək, hazırki iddianı qaldırmışdır. Cavabdeh isə bildirir ki, alqı-satqı müqaviləsi ilə əlaqədar tərəflər arasında ilkin danışıqlar və təklif (oferta) olsa da, satınalma qiyməti ilə bağlı razılaşma olmadığından, yəni iddiaçı 25% ilkin ödənişə razılıq vermədiyindən təklifin qəbulu (aksept) olunmamışdır. Göründüyü kimi mübahisə üzrə həll edilməli olan ilkin məsələ tərəflər arasında müqavilənin bağlanıb-bağlanılmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarətdir. Mülki Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Hazırki işdə də iş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC əməkdaşları arasında olan e-mail yazışmalarına əsasən müəyyən olunur ki, əvvəlcə "xxxx" MMC 02.12.2020-ci il tarixdə "xxxx" MMC-yə müraciət edərək, materiallar üzrə ən sərfəli qiymət təklifinin edilməsini xahiş etmiş və sonuncu tərəfindən də qiymət təklifi göndərilmişdir. Bundan sonra tərəflər arasında e-mail yazışmaları davam etmiş və mal-materiallar, qiymət təklifləri dəqiqləşdirildikdən sonra "xxxx" MMC ödəniş sifarişi ilə 50 faiz, digər 50 faizin çatdırılmadan əvvəl olmaqla ödəniş şərtlərinə razı olduğunu bildirmişdir (i/v 81). "xxxx" MMC də 21 dekabr 2020-ci il tarixdə cavab yazaraq bu təkliflə razı olduğunu bildirmiş və əlavə edilmiş satınalma sifarişini nəzərdən keçirməyi və imza və möhürlə geri göndərməyi xahiş etmişdir (i/v 87). Bundan sonra "xxxx" MMC tərəfindən 22 dekabr 2020-ci il tarixdə 19565 ABŞ dolları məbləğində olan malların sifariş edilməsi məqsədi ilə "xxxx" MMC-yə təklif göndərilmişdir. Həmin təklifin şərtlərinə əsasən qeyd olunan malların dəyərinin 50 faizi hissəsi əvvəlcədən, 50 faiz hissəsi isə malların təqdim edilməsindən öncə ödənilməli idi. "xxxx" MMC-nin nümayəndəsi də 22 dekabr 2020-ci il tarixdə cavab yazaraq sifariş üçün təşəkkür etdiyini bildirmiş və qoşmada ödənişin köçürülməsi üçün proforma faktura ilə birlikdə eyni qaydada sənədin imzalanmış və ya möhürlənmiş surəti əlavə edilmiş, o cümlədən çatdırılma müddətinin 04 yanvar 2021-ci ildən etibarən başlayacağı qeyd edilmişdir (i/v 100). Daha sonra "xxxx" MMC-nin nümayəndəsi "xxxx" MMC-yə e-mail ünvanlayaraq ödənişi həyata keçirmələrini xahiş etmişdir (i/v 104). "xxxx" MMC-nin nümayəndəsi də 23 dekabr 2020-ci il tarixdə cavab yazaraq ödənişin 04 yanvar 2021-ci ildən sonra ediləcəyini bildirmişdir (i/v 106). Bundan sonra "xxxx" MMC 11 yanvar 2021-ci il tarixdə "xxxx" MMC-yə e-mail ünvanlayaraq sifarişin uzun müddət gecikən ödəniş səbəbilə icra olunmaq üçün gözlədiyini, çatdırılma müddətinin ödənişin alınmasından sonra hesablanmağa başlayacağını bildirmişdir. "xxxx" MMC-nin nümayəndəsi də 15 yanvar 2021-ci il tarixdə cavab yazaraq ödəniş şərtlərinə görə "xxxx" MMC ilə çalışa bilməyəcəklərini bildirmiş və satınalma sifarişinin ləğv edilməsini xahiş etmişdir. Qeyd olunanlardan da göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi üzrə şərtlər müəyyən edilmiş, qiymətlə bağlı razılığa gəlinmiş və cavabdeh tərəfindən satınalma sifarişi verilmiş və ödənişin həyata keçiriləcəyi bildirilmişdir. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla belə işin faktiki hallarından göründüyü kimi alqı-satqı müqaviləsi üzrə sifariş iddiaçı tərəfindən hazırlansa da, cavabdeh tərəfindən ödənişlər həyata keçirilməmişdir. Belə olan halda isə yuxarıda qeyd olunanlara əsasən ilkin olaraq belə müəyyən olunur ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. Bununla belə cavabdehin nümayəndəsi iddiaya etirazında həmçinin bildirir ki, iddiaçı məhz onun sifariş etdiyi çeşiddə malları deyil, başqa çeşiddə malları idxal etmişdir. Ona görə də, onlar malları qəbul etməkdən imtina etmişlər. Məhkəmə kollegiyası cavabdehin etirazında göstərilən dəlillərə razılaşır. Belə ki, iş materiallarında olan hər iki tərəfin imzaladığı və möhürlə təsdiq etdiyi 22.12.2020-ci il tarixli sifarişdə birinci sırada olan avadanlıq aşağıdakı kimi təfsir edilmişdir: - P/N: 15FX24-2205; CONNECTİON: SF1500CX; TUBE OD:1 ½” (38.10 MM); 15000 PSİ; STRAİGHT COUPLİNG (i/v 99). İddiaçı tərəfindən idxal edilmiş avadanlığın texniki göstəricisi isə 15000 PSİ deyil, 10000 PSİ təşkil edir. Hər iki tərəfin nümayəndəsi bildirdi ki, həmin PSİ təzyiq göstəricisidir. Bununla bağlı iddiaçı bildirir ki, əsas avadanlığın identifikasiya nömrəsidir və gətirilmiş avadanlığın identifikasiya nömrəsi sifarişdə qeyd olunan P/N: 15FX24-2205 nömrəsinə uyğundur. Həmin identifikasiya nömrəsi ilə buraxılan avadanlığın təzyiq göstəricisi 10000 PSİ təşkil edir, təzyiq göstəricisi 15000 PSİ olan avadanlığın identifikasiya nömrəsi isə fərqlidir. Cavabdeh isə bildirir ki, onların verdiyi ilkin sifarişdə identifikasiya nömrəsi qeyd olunmamış, yalnız avadanlığın adı və texniki göstəricilər qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən satınalma sifarişindən (i/v 57) müəyyən olunur ki, həmin avadanlıq aşağıdakı kimi qeyd olunmuşdur: 1 1/2" OD Coupling (15000 PSİ C&T) CN24MF152507-CC-PM2-NACE. Göründüyü kimi cavabdehin verdiyi sifarişdə avadanlığın identifikasiya nömrəsi ümumiyyətlə göstərilməmiş və yalnız texniki göstəricilər qeyd olunmuşdur. Hər iki tərəfin imzaladığı və möhürlə təsdiq etdiyi sonuncu sifarişi isə iddiaçı tərtib etmişdir. Ona görə də, həmin sifarişdə qeyd olunan texniki göstəricilərə uyğun avadanlığın təhvil verilməsi öhdəliyi iddiaçının üzərinə düşür. Lakin o, sifarişdə identifikasiya nömrəsi P/N:15FX24-2205 olan avadanlığın sifarişdəki texniki göstəricilərinə uyğun olmayan avadanlıq gətirmişdir. Belə olan halda isə cavabdeh Mülki Məcəllənin 580-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 580.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 580.2-ci maddəsinə görə əgər satıcı alıcıya alqı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin (580.2.1); verilmiş əşyaların hamısından imtina etsin (580.2.2); çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin (580.2.3); verilmiş əşyaların hamısını qəbul etsin (580.2.4). Cavabdeh də Mülki Məcəllənin 580.2.2-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə edərək əşyaların hamısından imtina edir. Bu baxımdan kollegiya hesab edir ki, ilkin olaraq cavabdeh tərəfindən malların ödənilməsindən imtinası əsassız olsa da, hazırda iddiaçı tərəfindən malların çeşidi ilə bağlı tələblərin pozulması müəyyən edildiyinə görə cavabdehin malları ödəməkdən imtinası əsaslı hesab edilməlidir. Ona görə də, Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən borcun tutulması tələblərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2121/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar