Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-118/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X2 və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdehdən sığorta ödənişinin ödənilməmiş hissəsinin və dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3609/2021 saylı 04.10.2021-ci il tarixli qətnaməsindən (hakim Zaur Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdehdən 149675 manat daşınmaz əmlaka görə, 95000 manat daşınar əmlaka görə, cəmi 244675 manat sığorta ödənişinin ödənilməmiş hissəsi və qətnamə qəbul olunduğu günə qədər hər gün üçün sığorta ödənişinin ödənilməmiş hissəsinin 0.1 fazi qədərində dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Elmi-İstehsalat Şirkəti ilə cavabdeh arasında bağlanmış 23.06.2017-ci il tarixli 041537 saylı müavilə ilə 125000 manat həcmində daşınar, 23.06.2017-ci il tarixli BA seriyalı 772032 saylı müqavilə ilə 279675 manat daşınmaz əmlakına sığorta təminatı almışdır. 02.10.2017-ci il tarixdən başlayaraq Lerik rayonu ərazisində leysan yağışları yağması nəticəsində, Lənkərançay hövzəsində suyun kəskin artması ilə 04.10.2017-ci il tarixdə həmin çayın sahilində yerləşən "xxxx" Elmi-İstehsalat Şirkətinin tabeliyində olan “Meşəbəyi” X6 sel basmış və nəticədə sığortalı əmlaklara ciddi zərər dəymişdir. Sığortalı tərəfindən baş vermiş təbii fəlakət nəticəsində sığortalı əmlaka dəymiş zərərin ödənilməsi üçün cavabdehə dərhal məlumat verilmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi üçün cavabdehin, “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyətinə 06.10.2017-ci il tarixli yazılı sifarişi əsasında “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyəti sığortalı əmlaka baxış keçirərək daşınar və daşınmaz əmlaka dəymiş zərəri qiymətləndirmişdir. Cavabdehin sifarişi əsasında, “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tərtib edilmiş 18.10.2017- ci il tarixli, 1115 saylı rəyə əsasən, baş vermiş sığorta hadisəsi nəticəsində 289401 manat sığortalı daşınar əmlaka, 279675 manat isə daşınmaz əmlaka ziyan dəymişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək sığorta ödənişini sığortalıya tam qaydada ödəməmişdir. Belə ki, cavabdeh sığortalıya, dəymiş zərərə görə 30000 manat daşınar əmlaka, 130000 manat isə daşınmaz əmlaka görə sığorta ödənişi etmişdir. Sığortalı "xxxx" Elmi-İstehsalat Şirkəti “Meşəbəyi” X7 dəymiş zərərin ödənilməmiş hissəsi ilə bağlı hüquq və tələblərini iddiaçıya güzəşt etmişdir və bu barədə cavabdeh 26.02.2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" Elmi- İstehsalat Şirkətinə məxsus olan “Meşəbəyi” X5 daşınar əmlakına dəymiş zərərə görə sığorta təminatı aldığı 125000 manatdan sığorta şirkətinin ödədiyi 30000 manat çıxılmaqla 95000 manat, daşınmaz əmlaka dəymiş zərər görə isə sığorta təminatı aldığı 279675 manatdan sığorta şirkətinin ödədiyi 130000 manat çıxılmaqla 149675 manat, ümumilikdə 244675 manat dəymiş ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh sığorta ödənişinin ödənilməmiş hissəsini bu günə qədər ödəməmişdir. Ödənilməmiş sığorta ödənişinin yəni, 244675 manatın ödənişinin ödənilmədiyi hər günü üçün həmin məbləğin 0.1 faizi miqdarında dəbbə pulu cavabdehdən tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3609/2021 saylı 04.10.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3609/2021 saylı 04.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilib iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta şirkəti zərəri müəyyən etmək üçün təyin etdiyi müstəqil eksperti” “İcbari Sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinin tələblərini pozaraq təyin etmişdir. Belə ki, həmin qanunda qeyd edilir ki, “Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.” Bildirmək istəyirəm ki, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinə müstəqil ekspert kimi X1 dair razılaşma aktının məhkəməyə təqdim edilməsini xahiş etdiyim zaman, cavabdehin nümayəndəsi belə bir aktın olmadığını qeyd etmişdir, bu isə, sığorta şirkətinin məhkəməyə təqdim etdiyi 04.02.2018-ci il tarixli zərər aktlarının tərtib etmiş ekspertin “müstəqil ekspert” olmasının təsdiqlənmədiyi anlamına gəlir. Belə ki, əgər bu ekspertin təyin edilməsində “İcbari Sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinin tələbləri pozularaq yəni, sığortalı ilə razılaşma olmadan zərər müəyyən edilmişdirsə bu artıq müstəqil ekspert hesab oluna bilinməz. Məhkəmə qətnamədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, sığorta müqavilələri üzrə iddia müddəti keçmişdir. Bildirmək istəyirəm ki, Mülki Məcəlləsinin 373.2.-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Kollegiyanın nəzərinə çatdırmaq istəyirəm ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi sığorta hadisəsi nəticəsində dəymiş zərər sığorta şirkətinin və onu qanunla təmsil edənin vəzifəsidir, zərərçəkmiş zərərin müəyyən edilməsi sahəsində xüsusi biliyə və ixtisasa malik olmadığı üçün, dəymiş zərərin miqyasının böyük olduğu nəzərə alınarsa onun bu zərərin nə qədər olmasını bilməsi mümkün deyil. Sığortalı sığorta bazarında fəaliyyət göstərən sığorta şirkətləri içərisində “etibarlı” “güvəniləcək” hesab etdiyi şirkəti seçərək əmlakına illərdir bu şirkətdə sığorta təminatı almışdır. Məhz bu inam üzərində onların müəyyən etdiyi zərər ilə razılaşmış və aralarında belə bir şifahi razılaşma olmuşdur ki, əgər zərər tam qarşılanmasa ona əlavə ödənişlər olunacaq. 2018-ci ilin fevral ayında sığorta ödənişi həyata keçirilmiş, ödənişdən bir ay sonra ona ödənilmiş sığorta ödənişinin dəymiş zərəri tam əks etdirmədiyini bildiyi anda, yəni hüququnun pozulmasını bildiyi anda, 27.03.2018-ci il tarixdə sığorta şirkətinə və Maliyyə Bazarına Nəzarət Palatasına ərizə ilə müraciət edərək dəymiş zərərin tam ödənilməsini təmin edilməsini xahiş etmiş, ancaq sığorta şirkəti və Maliyyə Bazarına Nəzarət Palatası cavab məktubunda onun artıq sığorta ödənişi aldığını əlavə ödəniş tələb etmək üçün məhkəməyə müraciət hüququnun olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3609/2021 saylı 04.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 23.06.2017-ci il tarixli RAZ********** saylı “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”nə əsasən "xxxx" Elmi-İstehsalat Şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzi 23.06.2017-ci il tarixdən 22.06.2018-ci il tarixədək cavabdeh tərəfindən şərtsiz azadolma 2800 manat olmaqla 279675 manat məbləğində icbari sığorta növü ilə sığortalanmışdır. Eyni zamanda 23.06.2017-ci il tarixli AZ/041537 saylı əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" Elmi-İstehsalat Şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən daşınar əmlak 23.06.2017-ci il tarixdən 22.06.2018-ci il tarixədək cavabdeh tərəfindən mebel və ticarət avadanlıqları 100.000 manat, ofis texnikası 20.000 manat və digər avadanlıqlar 5000 manat məbləğlərində sığortalanmışdır. 04.10.2017-ci il tarixində sığorta hadisəsi baş vermiş, "xxxx" Elmi-İstehsalat Şirkətinə daşınar əmlak üzrə 129.904 manat, daşınmaz əmlak üzrə 30.000 manat, ümumilikdə 159904 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.1-ci maddəyə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Hazırkı halda cavabdeh tərəfindən təqdim edilmiş 06.02.2018-ci il tarixli protokolu və sığorta aktlarını MM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş qaydada "xxxx" Elmi- İstehsalat Şirkəti tərəfindən sığortaçının öhdəliyinin icrasının qəbulunu təsdiq edən sənəd kimi qiymətləndirilir. MM-nin 529.2-ci maddəsinə əsasən hazırkı halda öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul etdikdən sonra onun natamam icra edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tərtib edilmiş 18.12.2017-ci il tarixli, 1115 saylı rəydən görünür ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığorta hadisəsi nəticəsində daşınar əmlaka dəymiş zərər 289401 manat müəyyən edilmişdir. 06.02.2018-ci il tarixli protokoldan görünür ki, cavabdeh ilə "xxxx" Elmi-İstehsalat Şirkətinin təsisçisi X8 daşınar əmlak üzrə 30.000 manat, daşınmaz əmlak üzrə 130.000 manat sığorta ödənişinin ödənilməsinə razılaşmışlar. Protokol "xxxx" Elmi-İstehsalat Şirkətinin təsisçisi X8 tərəfindən imzalanmışdır. 08.02.2018-ci il tarixli 0051/FL/Fİ-059/2017-2018 saylı sığorta aktından görünür ki, "xxxx" Elmi-İstehsalat Şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci kmdə yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığorta hadisəsi nəticəsində daşınar əmlaka dəymiş zərər 31250 manat müəyyən edilmiş, zərər məbləğindən 1250 manat azadolma məbləği çıxılaraq, ödəniləcək sığorta ödənişi 30.000 manat müəyyən edilmişdir. Bu sığorta aktının 4.2-ci bəndinə əsasən sığortalı təsdiq edir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi, dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir və sığortaçının qeyd olunan zərərə dair heç bir borcu və öhdəliyi qalmır. 04.02.2018-ci il tarixli 004 saylı ekspert rəyindən görünür ki, 04.10.2017-ci il tarixdə baş vermiş təbii fəlakət hadisəsi nəticəsində "xxxx" Elmi-İstehsalat Şirkətinin Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən yaşayış və ictimai iaşə obyektlərində yerləşən daşınar əmlaklara 31.250 manat məbləğində maddi ziyan dəymişdir. 04.02.2018-ci il tarixli 005 saylı ekspert rəyindən görünür ki, 04.10.2017-ci il tarixdə baş vermiş təbii fəlakət hadisəsi nəticəsində "xxxx" Elmi-İstehsalat Şirkətinin Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən restoran şəbəkəsinin tikililərinə 133.000 manat məbləğində maddi ziyan dəymişdir. “Grand Baku” qiymətləndirmə və sığorta ekspertizasının 02.06.2021-ci il tarixli rəyindən görünür ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığorta hadisəsi nəticəsində daşınmaz əmlaka dəymiş zərər 257793 manat müəyyən edilmişdir. 12.01.2021-ci il tarixli Tələb sahibinin, tələb hüququnun üçüncü şəxsə verməsi barədə müqavilədən görünür ki, "xxxx" Elmi-İstehsalat Şirkəti tərəfindən 04.10.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində, Lerik rayonu, 40 km-də yerləşən, 23.06.2017-ci il tarixdə bağlanmış RAZ********** saylı və 23.06.2017-ci il tarixdə bağlanmış AZ/041537 saylı sığorta şəhadətnamələri ilə "xxxx" açıq səhmdar cəmiyyətində sığorta təminatı almış daşınar və daşınmaz əmlaklara dəymiş zərərin ödənilməmiş hissəsinə dair bütün iddia və tələb hüquqlarını bu müqavilə ilə üçüncü şəxsə, İddiaçı güzəşt edilmişdir. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı tələblə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İş materiallarından göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını cavabdehlə bağlanmış sığorta müqaviləsi və bu müqavilə əsasında yaranmış sığorta hadisəsi nəticəsində vurulmuş ziyana müvafiq sığorta ödənişi əldə etmək hüququ təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin predmetini daşınmaz əmlak üzərində hüquqların ötürülməsi deyil, daşınmaz əmlaka sığorta hadisəsi nəticəsində dəyə biləcək ziyanın kompensasiya edilməsi üçün onun sığortalanması təşkil etdiyindən məhkəmə hesab edir ki, iddianın daşınmaz əşya ilə bağlı müqavilə tələblərindən irəli gəldiyinə dair apellyasiya şikayətinin dəliləri əsassızdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Həm Mülki Məcəlləyə, həm də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari sığorta müqaviləsi üzrə sığortaçının sığorta ödəniinin ödənilməsi ilə bağlı öhdəliyini icra etmək vəzifəsi sığortalı, sığorta olunan və (və ya) faydalanan şəxs tərəfindən sığorta ödənişinin verilməsi üçün qanunda nəzərdə tutulmuş sənədlərin sığortaçıya təqdim edildiyi vaxtdan başlamaqla öhdəliyin icrası üçün 7 iş günü müddət müəyyən edilmişdir. Hazırkı haldaiddiaçının irəli sürdüyü tələb üzrə iddia müddətinin axımı "xxxx" Elmi- İstehsalat Şirkətinin sığorta ödənişinin verilməsi üçün müvafiq sənədləri cavabdehə təqdim etdiyi tarixdən başlamışdır. Həmin müraciət iş materiallarına əlavə edilməsə də sığorta ödənişinin 09.02.2018-ci il tarixdə həyata keçirildiyi ("xxxx" ASC-nin 06.04.2018-ci il tarixli məktubuna əsasən) nəzərə alınarsa məhkəmə belə qənaətə gəlir ki, sığortalı tərəfindən həmin tarixədək sığorta ödənişinin həyata keçirilməsi üçün qanunla tələb olunan bütün sənədlər təqdim olunmuşdur. İddiaçının hazırkı iddia ərizəsi ilə 2021-ci ilin mart ayında məhkəməyə müraciət etdiyi nəzərə alınarsa üç illik iddia müddəti ötürülmüş olur. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddia müddəti ərzində cavabdeh tərəf iddiaçıya hər hansı məbləğdə borcu olduğunu etiraf edən hərəkətlərə yol verdiyinə dair birinci instansiya məhkəməsinə sübutlar təqdim edilmədiyindən iddia müddətinin axımının kəsildiyi müəyyən olunmamışdır. Əksinə, iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya hüququnu ötürmüş "xxxx" Elmi- İstehsalat Şirkəti 06.02.2018-ci il tarixli protokolu və sığorta aktlarını imzalamaqla cavabdeh tərəfindən ödənilmiş sığorta ödənişi ilə razılaşmış, cavabdehin ona heç bir borcunun və öhdəliyinin qalmadığını təsdiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3609/2021 saylı 04.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3609/2021 saylı 04.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-118/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-118/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver