Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-118/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3792/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı QSC ilə alıcı "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 30/11-22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcı tərəfindən seçilmiş 1 ədəd “Dynapac CC384HF” asfalt vərdənəsi texnikanı satmağı, alıcı isə əmlakın dəyərini (ƏDV daxil 150000 manat) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı QSC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 30/11-22 saylı alğı-satqı müqaviləsinə əsasən 150000 manat borcun, 15000 manat dəbbə pulunun, 180 manat hüquqi yardıma görə xərcin, 400 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun, toplam 165625 manat cavabdeh "xxxx" MMCdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, razılaşmaların 4.2-ci bəndinə əsasən İddiaçı QSC “İcraçı” şirkət olaraq müqavilə üzrə malları xx.xx.2022-ci il tarixdə təhvil verməyi öz üzərinə götürmüş və ьüqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Müqavilənin 2.2ci bəninə əsasən tam ödəniş müqavilə bağlandıqdan sonra 2 ay ərzində nəzərdə tutulur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirməsə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün bu müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0.1% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəf xx.xx.2022-ci il tarixədək ödəməni tam icra etməli olmasına baxmayaraq gecikdirmə etmiş və bunun nəticəsində 15000 manat (bir gün – 150000*0,1/100=150 manat) dəbbə pulu ödəməlidir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində ərizə verərək, əsl olmayan tərəfin əvəz edilərək, iddianın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə yönləndirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə "xxxx" MMC cavabdeh qismində çıxış edə bilməz və iddia əsl cavabdehə yönləndirilməlidir. Belə ki, "xxxx" QSC-də alınmış texnikanın (asfalt vərdənəsi) alqı-satqı müqaviləsi, de-yure müəssisə tərəfindən bağlansa da, de-fakto bu texnika "xxxx" MMC-nin balansına verilmişdir və bu günədək onlar tərəfindən istismar olunur. "xxxx" MMC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzdində nəqliyyat bazası kimi fəaliyət göstərir. Yeni yolların çəkilməsi, yolların abadlaşdırılması kimi funksiyalar müəssisənin səlahiyyətlərinə aid deyil. Müəssisənin fəaliyyəti balansında olan TATRA-815 markalı yük avtomobillərinin, ehtiyac olduğu halda Agentliyin nəzdində olan, yol infrastrukturunun abadlaşdırılması ilə məşğul olan digər müəssisələrə ezamiyyəyə göndərməkdən ibarətdir. Hal-hazırda "xxxx" QSC-dən alınmış DYNAPAC CC 384 NF markalı, 2013cu ilin buraxılışı, seriya nömrəsi ******* NOA 00979, mühərrik nömrəsi 68336010 olan texnikanın (asfalt verdənəsi) pulunun ödənilməsi Agentliyin rəhbərliyi tərəfindən "xxxx" MMC-nin direktoruna tapşırılıb.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3792/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 30 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc 150000 manat, 10000 manat dəbbə pulu cəmi 160000 manat, habelə hüquqi yardıma görə ödənilmiş 180 manat, mediasiya xərci 400 manat, dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində vəsaitin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
6. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış və bununla da işə baxılmasında cavabdehin iştirakı təmin edilməmişdir. Bundan əlavə qanunverici hazırkı halda müqavilə üzrə borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə məhkəməyə səlahiyyət vermişdir. Məhkəmə isə ekspertiza təyin edilməsinin zəruri olmadığını qətnaməsində bildirməmişdir. Yəni məhkəmə ekspertiza təyin etmək əvəzinə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında müstəqil ekspert tədqiqatı aparmış, bu zaman həmin sənədlər əsasında çıxardığı nəticənin yanlış olmasının, cavabdehə müdafiə olunmaq imkanının yaradılmadığının fərqində olmamışdır. Həmçinin məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan əsas borcdan əlavə dəbbə puluna münasibətdə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin hallarına uyğun olaraq dəbbə pulu hissəsini də əhəmiyyətli dərəcədə şişirtmiş və cavabdehin dövlət büdcəsindən maliyyələşən orqan olmasını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. 12.Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
13. Həmin Məcəllənin 6.1 və 6.1.1-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsiplərinə aiddir.
14. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
15. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
20. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
24. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 30/11-22 nömrəli alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
25. Eyni zamanda, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 3136 saylı təhvil-təslim aktından görünür ki, İddiaçı QSC "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 1 ədəd Dynapac növlü CC384HF modelli texnikanı təhvil vermişdir.
26. Həmçinin iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə ümumi dəyəri 150000 manat təşkil edən xx.xx.2022-ci il tarixli EBCL seriyalı 224317 nömrəli elektron qaimə göndərilmişdir.
27. Göründüyü kimi müqavilə üzrə malın cavabdehə təhvil verilməsi təhvil-təslim aktı və sonuncunun heç bir etiraz etmədiyi elektron qaimə ilə tam təsdiq olunur. Eyni zamanda cavabdeh də bu halları mübahisələndirmir.
28. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 150000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
29. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən alıcı bu Müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirməsə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün bu Müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0.1% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür.
30. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
31. İşin hallarını, yəni cavabdeh tərəfindən ödənişin gecikdirilməsi müddətini və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 10.000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
32. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə bildirişləri cavabdehin ünvanına, SMS bildirişlər isə cavabdehin nümayəndəsinin istifadəsində olan mobil nömrəyə göndərilmişdir. Cavabdehin nümayəndəsi də birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş və əsl olmayan tərəfin əvəz edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən cavabdehin lazımi qaydada iştirakı tam təmin edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin təyin etdiyi hazırlıq və baxış iclasları barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh iddiaya yazılı etiraz təqdim etməmiş, yalnız əsl olmayan tərəfin əvəz edilməsi barədə yuxarıda qeyd olunan vəsatəti vermiş, habelə iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmişdir. Hazırda isə cavabdeh borc məbləğinin düzgün müəyyən edilməsini və iş üzrə ekspertiza keçirilmədiyini bildirir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır. Bundan əlavə hətta cavabdehin dəlilləri araşdırılsa belə əsaslı olduğu təsdiq olunmur. Çünki cavabdeh borcun ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Borcun məbləğinin müəyyən edilməsi üçün isə heç bir ekspertiza təyin olunmasına zərurət yoxdur. Çünki ödənilməli olan avadanlığın dəyəri tərəflərin razılığına əsasən 150000 manat müəyyən edilmiş və cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Avadanlığın faktiki olaraq cavabdeh tərəfindən deyil, üçüncü şəxs tərəfindən faktiki istifadə olunmasının isə mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki müqavilə məhz cavabdehlə bağlanmış və texnika da ona təhvil verilmişdir. Cavabdehin dövlət büdcəsindən maliyyələşməsi də mübahisənin həlli baxımından əhəmiyyət daşımır. Çünki mülki hüquq subyektləri bərabər hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3792/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn