Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1180/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8200/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı təbii fəlakət nəticəsində dəymiş 24632 manat ziyan, 325 manat məbləğində hüquqi xərclər və 63,90 manat dövlət rüsumu olmaqla, cəmi 25120,90 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8200/2025 saylı qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir.
3. 14.10.2025-ci il tarixdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-8200/2025 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
4. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüquqi var ki, onun işinə qərəssiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüquqi vardır. Hər kəs dövlət orqanlarının, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət edə bilər. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəsilində nəzərdə tutulmuş işlərə, habellə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin sübyektiv tərkibinin, həm də predmetin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn verilmiş istehlak krediti üzrə fərdi sahibkarlıq statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə qarşı iddianın bankın sahikarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirildiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyektiv tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütünmümkün subyektləri (hüquqişəxslər, fərdisahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fizikişəxslər) iştirak edə bilərlər. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəzslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi çəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusuyyətlər mübahisələrin məhkəmə aidiyyətininmüəyyən edilməsizamanı qeyri-hökumət təşkilatı və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8200/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat Tətbiq edilən hüquq
Aqrar Sığorta haqqında Qanundan çıxarış:
6. Maddə 1.1.1. aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;
7. Maddə 1.1.2. aqrar sığorta orqanı – aqrar sığorta sistemi üzrə bu Qanunun 8.2-ci maddəsinə uyğun olaraq fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxsi;
8. Maddə 1.1.3. idarəedici qurum – aqrar sığorta orqanının adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçı;
9. Maddə 1.1.6. aqrar sığortalı – aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs;
10. X7 nəzərdə tutulmayan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş mənaları ifadə edir.
11. Maddə 3.0. Aqrar sığortanın həyata keçirilməsində dövlətin vəzifələri aşağıdakılardır: 3.0.1. aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək; 3.0.2. aqrar sığorta sahəsində dövlət siyasətinin istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək; 3.0.3. aqrar sığorta üzrə fəaliyyətin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək; 3.0.4. aqrar sığortanın tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə və məlumatlandırma işini təşkil etmək; 3.0.5. aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərmək; 3.0.6. aqrar sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək; 3.0.7. aqrar sığorta sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək.
12. Maddə 6.1. Aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir.
13. Maddə 6.2. Sığorta qaydaları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə aşağıdakılar müəyyən olunur: 6.2.1. sığorta haqqının hesablanması, ödənilməsi qaydası və forması; 6.2.2. sığorta haqqı üzrə güzəştlər və əlavələr; 6.2.3. qismən sığorta, azadolma və gözləmə müddəti; 6.2.4. sığorta müqaviləsinin forması; 6.2.5. sığorta müqaviləsinin bağlanılması müddətləri; 6.2.6. bu Qanunun digər maddələrində müəyyən edilən hallar.
14. Maddə 6.4. Aqrar sığorta məhsulunun şərtləri sığorta qaydalarına uyğun olaraq hazırlanır və hər bir aqrar sığorta məhsulunun şərtləri özündə sığortalıya göstərilən xidmətlərin növləri və tarifləri, sığorta müqavilələri ilə bağlı məsələləri ehtiva edir.
15. Maddə 6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir.
16. Maddə 6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır.
17. Maddə 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.
18. Maddə 17.4. Sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər.
“Aqrar Sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı
19. Maddə 1.25.1. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə həll olunması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apelyasiya Şurası tərəfindən baxılır.
20. Maddə 1.25.2. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
23. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
24. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
25. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
26. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Məhkəmənin mövqeyi
27. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
28. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 8200/2025 saylı qərardadı ləğv edilməlidir.
29. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (§ 22). İddia ərizəsi Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (§ 24). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (§ 25).
30. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tətbiqi ilə bağlıdır.
31. Qeyd edilməlidir ki, iddia ərizəsinin yolverilməz hesab edilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddianın MPM-nin göstərilən maddəsi əsasında geri qaytarılması (yolverilməz hesab olunması) zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olubolmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia ərizəsi icraata götürülməlidir.
32. MPM-nin 153.2.1-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, irəli sürülən iddia tələbinə kommersiya məhkəmə icraatı (iddia icraatı və ya xüsusi icraat) qaydasında kommersiya məhkəmələri tərəfindən baxılması mümkün olmasın.
33. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina edərək, sığorta ödənişinin verilməsindən imtina barədə qərarı inzibati akt kimi qiymətləndirmiş və inzibati hüquq münasibətlərini tənzimləyən iki qanunun müvafiq müddəlarına uyğun olaraq inzibati qaydada X3 şikayət verilməsini və ya bu mübahisəyə İnzibati Prosessual Məcəllənin tətbiqi ilə baxılmasını zəruri hesab etmişdir.
34. Kollegiya məhkəmənin həmin mövqeyi ilə razılaşmır və şikayətin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
35. İlk növbədə qeyd edilməlidir ki, aqrar sığortanın məqsədi kənd təsərrüfatı ilə məşğul olan sığortaçılara sığorta hadisəsi zamanı dəyən zərərin ödənilməsində dövlətin iştirakını təmin etmək və buna zəmanət verməkdir. Ancaq burada nəzərə almaq lazımdır ki, Aqrar Sığorta Fondu da klassik inzibati orqan deyildir. Bu vəziyyətdə onu inzibati akt qəbul etmək səlahiyyətinə malik olan inzibati orqan kimi qəbul etmək olar.
36. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulmuşdur. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir (§ 7). İdarəedici Şirkət isə qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır.
37. Nəzərə almaq lazımdır ki, məhkəmə icraatı zamanı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bu kontesksdə hakim tərəfindən müqavilənin hüquqi təbiəti təhlil edilərək müvafiq qiymətləndirmə aparılmalı, subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir.
38. Baxılan iş üzrə iddia ərizəsindən, xx.xx.2025-ci il tarixli, 12-9/2-C-39- 934/2025 saylı qərardan və digər iş materiallarından aydın olur ki, hazırkı mübahisə cavabdeh tərəfindən sığorta müqaviləsi üzrə sığorta ödənişinin ödənilməməsi ilə əlaqədar yaranmışdır.
39. Qeyd edilməlidir ki, sığortaçı (Aqrar Sığorta Fondu) ilə sığortalı (təsərrüfat subyekti) arasında yarana sığorta münasibətləri Sığorta Müqaviləsi əsasında tənzimlənir. Sığorta Müqaviləsi isə Mülki Məcəllənin 20-ci fəsli (müqavilə hüququ) ilə tənzimlənən mülki-hüquqi əqddir. İnzibati müqavilənin predmetini ictimai xidmətlərin icrası təşkil edir. İctimai xidmət isə ictimai mənafenin təmin edilməsinə yönələn fəaliyyətdir. Kollegiya qeyd edir ki, ictimai mənafenin nədə ifadə olunduğunu dövlət (onun səlahiyyətli orqanları, subyektləri) müəyyən edir və ictimai mənafeyə yönələn fəaliyyətləri ictimai xidmətlərə çevirir. Qeyd edilməlidir ki, mülki hüquqi müqavilələrdən fərqli olaraq inzibati müqavilələrin bağlanmasında inzibati orqanın əsas məqsədi ictimai mənafenin təmin edilməsi ilə bağlıdır.
40. Hazırki iş üzrə Aqrar Sığorta Fondu sığorta fəaliyyətini həyata keçirərkən (müqavilə bağlama, sığorta hadisəsinin qiymətləndirilməsi, ödənişin verilməsi/imtina) xüsusi ictimai səlahiyyətləri ilə bağlı deyil, təsərrüfat subyekti ilə aralarında olan sığorta münasibətləri sığorta müqaviləsindən irəli gəldiyindən mülki-hüquq normalarını tənzimlənməlidir. Bu münasibət dövlət hakimiyyətinin bir tərəfin digər tərəfə münasibətdə imperativ (məcburedici) əmri deyil, bərabərhüquqlu tərəflər arasında müqavilə öhdəliyidir.
41. Mübahisənin əsas predmeti isə Sığorta Qaydalarına və Müqaviləyə uyğun olaraq sığorta ödənişinin (pul məbləğinin) verilməsi və ya verilməməsidir. Bu isə mülki və ya kommersiya hüququ mübahisəsinin xarakteristikasıdır.
42. Kommersiya mübahisələri hüquq şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan, o cümlədən müqavilə öhdəliklərindən irəli gələn mübahisələrdir (§ 23). Sığorta olan tərəfin fəaliyyəti sahibkarlıq (aqrar) fəaliyyətidir və sığorta müqaviləsi bu fəaliyyətlə birbaşa bağlıdır. Buna görə də sığorta ödənişi üzrə mübahisə kommersiya mübahisəsi xarakteri daşıyır.
43. Kollegiya həmçinin qeyd edir ki, İnzibati Prosessual Məcəllənin tələblərinə görə inzibati akt yalnız inzibati orqanin öz ictimai hüquq səlahiyyətlərini həyata keçirərkən qəbul etdiyi və xarici hüquqi nəticələr doğuran qərar hesab olunur. Aqrar Sığorta Fondu sığorta ödənişindən imtina etməsi qərarı isə Fondun dövlət hakimiyyəti səlahiyyətini (imperativ qaydada tərəfin hüquqlarına təsir edən qərar) deyil, sığorta müqaviləsinin şərtlərinə və sığorta hadisəsinin qiymətləndirilməsi qaydalarına əsaslanan, müqavilə öhdəliyi dairəsində verilmiş qərarıdır. Bu qərar fondun xüsusi ictimai səlahiyyətlərini deyil, sığortaçı kimi öhdəliklərinin icrasına aiddir.
44. Beləliklə, mübahisənin hüquqi təbiəti pul öhdəliyinin icra edilməməsi (sığorta ödənişindən imtina) olduğuna görə MPM-in 153.2.1-ci maddəsinə istinadla iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır.
45. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
46. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8200/2025 nömrəli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) üçün həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.