Məhkəmə qərarları › İş №2-2(103)-1181/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1181/2025

27.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1181/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə Bakı Kommersiya Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-7329/2025 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 78002,15 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 604,46 manat, İşsizlikdən sığorta fonduna olan 26,61 manat, İcbari Tibbi Sığorta Fonduna olan 100,16 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 604,46 manat, İcbari Tibbi Sığorta Fonduna 100,16 manat, dövlət büdcəsinə 78002,15 manat məbləğində (o cümlədən, vergilər üzrə 58618,85 manat, faizlər üzrə 19303,3 manat, maliyyə sanksiyası üzrə 80 manat) , İşsizlikdən sığorta fonduna 26,61 manat olmaqla, ümumilikdə 78733,38 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********791200, xx.xx.2024-cü il tarixli **********792900, xx.xx.2025-ci il tarixli **********905500, xx.xx.2024-cü il tarixli **********790500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.

5. Bakı Kommersiya Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2-2(113)- 7329/2025 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizədə vergi ödəyicisinin dövlət büdcəsinə ümumilikdə 78002,15 manat borcunun olması göstərilsə də, materiallarda olan vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməli olan borcu yoxdur, dövlət büdcəsinə 3008,93 manat artıq ödəmə mövcuddur. Vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna 604,45 manat, İşsizlikdən sığorta fonduna olan 26,62 manat, İcbari Tibbi Sığorta Fonduna olan 100,16 manat məbləğində borcu vardır.

7. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, borcun müəyyən hissəsinin ödənilməsi vergi ödəyicisini konstitusion vəzifəsini tam və vaxtında icra etməsindən, eləcə də, bu vəzifəni yerinə yetirməməsinə görə qanunvericilikdə müəyyən edilmiş məsuliyyətdən və ya məhdudiyyətlərdən azad etmir. Əksini qeyd etməklə məhkəmə tərəfindən hüququn ümumi və ən əsas prinsiplərindən olan bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Belə ki, vergi və sosial sığorta haqlarını ödəmək öhdəliyi olan müxtəlif vergi ödəyicilərinə münasibətdə vergi orqanının ərizələri təmin olunsa da, hazırki vəziyyətdə maraqlı şəxsin rəhbəri olduğu müəssisənin şəxsi hesab vərəqəsinə əsasən ərizə üzrə 116.81 manat vergi borcu olduğu halda məhkəmə tərəfindən fərqli mövqedən yanaşma nümayiş etdirilmişdir. İlk öncə qeyd edək ki, vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə 2022-ci ilin mənfəət vergisi üzrə bəyannamə təqdim edilməklə hesablanmış vergi məbləği 49.388,40 manat azaldılmışdır. Göründüyü kimi bəyannamənin təqdim edilməsindən 60 iş günü keçmədiyindən vergi orqanının gözlənilən hüququ mövcuddur və bu azalma özlüyündə vergilərin ödənilməsinə bərabər tutula bilməz. Maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65ci maddəsində nəzərdə tutulmuş qaydada xx.xx.2025-ci il tarixdə alınmalı sərəncamlar göndərilmişdir.

9. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

AR Vergi Məcəlləsi

12. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

13. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

14. Həmin Məcəllənin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

15. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

16. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi

17. Həmin məcəllənin 9.3.-cü maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

18. Həmin məcəllənin 9.3.6-cı maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

21. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməli olan borcu yoxdur, dövlət büdcəsinə 3008,93 manat artıq ödəmə mövcuddur. Vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna 604,45 manat, İşsizlikdən sığorta fonduna olan 26,62 manat, İcbari Tibbi Sığorta Fonduna olan 100,16 manat məbləğində borcu vardır

26. Apellyasiya icraatı zamanı inter vergi idarəsinin borc barədə məlumat verilməsinə dair çıxarışına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) borcu 0.00 manat təşkil edir.

27. Göründüyü kimi maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün heç bir əsas mövcud deyildir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.

29. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3- cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

30. “X3rşı” işdə isə məhkəmə qeyd etmişdir ki, hökümət ölkəni tərk etmək hüququnun məhdudlaşdırmanın zəruriliyinin nədən ibarət olmasını izah etməmiş, zəruriliyə əsas olan halları göstərməmişdir. Nəticədə xaricə getmək hüququnun məhdudlaşdırılmasının mütənasibliyinin zəruri qiymətləndirilməsi aparılmamış, bu məhdudiyyətin tətbiq edilməsi əsaslandırılmamış, ərizəçinin vəziyyəti öyrənilməmişdir. Bütün hallarda, daxili hakimiyyət orqanları şəxsin öz ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyətin əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırılmış və işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olub-olmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bilməz.

31. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

32. Qeyd etmək lazımdır ki, eyni əsaslara görə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hətta Azərbaycan Respublikasının əleyhinə çıxarılmış qərar da mövcuddur ki, bu da istər ölkəmizin vergi orqanları, istərsə də məhkəmələri üçün eyni qəbildən olan işlərin qaldırılmasında və onlara baxılmasında formallıqdan çəkinmək və müəyyən mənada aktivlik göstərmək üçün ciddi siqnal olmalıdır.

33. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-7329/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar