Məhkəmə qərarları › İş №2-2(103)-1185/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1185/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1185/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “ödənilmiş pulun geri qaytarılması" tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2-2(113)-2152/2021 saylı “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2152/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2152/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2152/2021 saylı, 09.06.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 2152/2021 saylı, 09.06.2021-ci il tarixli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113) - 2152/2021 saylı, 01.09.2021-ci il tarixli qərardadının ləğv edilməsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2152/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2( 113)- 2152/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsi rəsmi olaraq nə poçt vasitəsi ilə, nə də ki, birbaşa olaraq təqdim edilməmişdir. Buna görə 25.08.2021-ci il tarixdə hakim Aytən Əliyevanın köməkçisi ilə əlaqə saxladıqda bildirmişdir ki, qətnamə 09.07.2021-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Bundan sonra həmin sistemə baxdıqda qətnamənin 09.07.2021-ci il tarixdə sistemə yükləndiyi barədə məlumatları olmuşdur. Məhkəmə tərəfindən qətnamənin həmin tarixdən, yəni 09.07.2021-ci il tarixdən çatmasını hesablamış olsa o halda şikayət etmə müddəti keçmiş olacaqdır. Göründüyü kimi məhkəmə e-2-2(113)-2152/2021 saylı, 01.09.2021-ci il tarixli qərardadı çıxararkən məhz həmin mövqedən çıxış etmişdir. Lakin qətnamə elektron sistemə yerləşdirilsə də bu barədə heç bir vasitə ilə məlumat verilməmiş, nə də ki, həmin qətnamənin hansı tarixdə sistemə yerləşdirilməsindən məlumatları olmamışdır. Təqdim edilən sənədlərə əsasən qətnamənin elektron məhkəmə sisteminə yerləşdirilməsinə dair heç bir məlumat və ya bildiriş göndərilməmişdir. Belə olan halda qeyd edilən qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülmüş hesab edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə texniki səbəblərə görə uzun müddətdir ki, məhkəmə elektron sistemindən yaradılmış şəxsi kabinetdən istifadə etmə mümkün deyildir. Buna görə də həmin qətnamənin yerləşdirilməsindən məlumatı olmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-2152/2021 saylı 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 06.10.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəmə vəsatətlə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, MPM-nin tələblərinə əsasən qərardadlardan verilmiş şikayətlərə apelyasiya instansiyası məhkəməsi tərəfindən 0 gün ərzində baxılması nəzərdə tutulduğundan vəsatət təmin edilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2-2(113)-2152/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan məhkəmə sənədlərinin proses iştirakçılarının “elektron kabinet”inə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan da məlum olur ki, iş üzrə qəbul edilmiş qətnamə 09.07.2021-ci il tarixində iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş və bu barədə ona elektron qaydada sistem vasitəsilə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü və 10-1.4cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin 10.2.1-ci bəndinə əsasən kommersiya mübahisələri üzrə işlərlə bağlı elektron kabinet yaratmaq informasiya sistemi istifadəçinin vəzifəsidir. Əsasnamənin 6.1.15-ci bəndinə əsasən məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron kabinet, elektron poçt və SMS məlumatlandırma) çatdırılması informasiya sistemi vasitəsilə təmin edilir. Qeyd edilənlərə əsasən iddiaçının vəkili və nümayəndəsinə məhkəmə qətnaməsinin elektron kabinetdə yerləşdirilməsi barədə məlumat gəlmədiyinə dair şikayət ərizəsində qeyd edilənlər əsassız hesab edilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddət ötürülməklə verildiyindən şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2-2(113)-2152/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2-2(113)-2152/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar