Məhkəmə qərarları › İş №2-2(103)-1185/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1185/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1185/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, iddianın predmeti, elektron qaimələr, vəkil xərci, dəbbə pulu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4646/2025 saylı qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21/32 nömrəli müqaviləyə əsasən, satıcı bu Müqavilədə müəyyən olunmuş şərtlərlə malmaterialları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən müqavilə ilə nəzərdə tutulmuş malların hər bir partiya üzrə miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi bu Müqavilənin ayrılmaz tərkibhissəsi sayılan "qiymət razılaşma protokolu" və ya "elektron qaimə" yə əsasən müəyyən edilir. 2.1-ci bəndinə əsasən Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr (Qiymət razılaşma protokolu) və ya elektron qaiməfakturalar ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə hesablaşma: əvvəlcədən olmaqla "Satıcı" tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən və ya mallar "Aİıcı"-ya təhvil verildiyi andan elektron qaimə-faktura tarixindən ən geci 5 (beş) iş günü müddətində aparılır. 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşma: əvvəlcədən olmaqla "Satıcı" tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən və ya "Satıcı" tərəfindən malların "Alıcı"ya təhvil veriliyi andan sonra elektron qaimə-fakturaya əsasən ən geci 5 (beş) iş günü müddətində aparılır. 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20% dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.

2. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələrə əsasən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ümumilikdə ƏDV daxil olmaqla 569207,81 manat (482379,50 manat əsas, 86828,31 manat ƏDV olmaqla) məbləğində mal təhvil verilmişdir.

3. İddiaçı MMC təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 400000 manat əsas, 72000 manat ƏDV ödənilmişdir.

4. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələrə əsasən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər ümumilikdə ƏDV daxil olmaqla 1155620,22 manat (979339,14 manat əsas, 176281,08 manat ƏDV olmaqla) məbləğində mal təhvil verilmişdir.

5. İddiaçı MMC tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-ci il tarixə qədər 1005101,45 manat əsas, 189018,27 manat ƏDV ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı MMC Cavabdeh MMCyə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 2021-ci il tarixli, 21/32 saylı alqı-satqı müqaviləsi üzrə yaranan 58708,32 manat əsas borc məbləği, həmin məbləğin ödənişi gecikdirildiyi üçün hesablanan 26,418.60 manat cərimə pulu, hüquqi yardımın göstəriləsi haqqında müqavilə üzrə hazırki iddia ərizəsinin məhkəməyə təqdim edilməsi və hüquqlarının təmsil edilməsi üçün ödənilmiş 5000 manat pul vəsaiti olmaqla, ümumilikdə cəmi 90126,92 manat məbləği və dövlət rüsumu üçün ödənilmiş 361 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 sentyabr 2021-ci il tarixdə İddiaçı (Satıcı) ilə Cavabdeh (alıcı) arasında müxtəlif çeşiddə malların alınmasına dair21/32 saylı alqı-satqı haqqında müqavilə bağlanılmışdır. Qeyd olunan həmin müqaviləyə əsasən İddiaçı cavabdeh tərəfindən verilmiş sifarişlərə əsasən müvafiq qaimələrdə göstərilən müxtəlif ceşiddə və miqdarda malları tədarük edərək alıcıya təhvil vermişdir. İddiaçı MMC tərəfindən həmin malların Cavabdeh MMC, yəni alıcı tərəfindən tam təhvil alınmasına baxmayaraq, müqavilə üzrə nəzərdə tutulan ödənişlər bugünki tarixədək satıcıya tam olaraq həyata keçirilməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır və həmin mallara görə ödəniş edilməsi üçün müvafiq elektron qaimə-fakturalar xx.xx.2022 və xx.xx.2024-cü il tarixlərdə cavabdehə təqdim edilmişdir. Sözügedən müqavilə üzrə İddiaçı MMC tərəfindən təhvil verilmiş mallar üçün qarşı tərəfə vurulmuş qaimələr üzrə ödənilməli olan məbləğ 58.708,32 manat təşkil edir. Tərəflər arasında uzun müddətli işgüzar münasibətlər mövcuddur və hazırki müqavilə ilə daha əvvəllər təqdim edilmiş qaimələr üzrə ödənişlər Cavabdeh MMC tərəfindən daimi olunurdu. Belə ki, iş materiallarına əlavə edilmiş qarşılıqlı hesablaşmalar barədə aktdan da görünür ki, tərəflər arasında müxtəlif malların alqı satqısı ilə əlaqədar müxtəlif tarixlərdə ödənişlər mövcuddur. Bu səbəbdən, iddiaçı hər zaman olduğu kimi cavabdeh tərəfindən sifariş edilmiş malları əminliklə ona təhvil vermiş və ödəniş üçün müvafiq elektron qaimələr vurmuşdur. Lakin cavabdehə son təhvil verilmiş Mallar üçün vurulmuş qaimədən artıq bir ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh borclu olduğu ödənişlərini etməkdən yayınır. Bununla, bugünki tarixə cavabdehin əsas borc məbləği olaraq 58.708,32 manat borcu qalmışdır və həmin məbləğ Cavabdeh MMC tərəfindən ödənilmir. Bununla əlaqədar cavabdeh tərəfə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qeyd edilən müqavilə qiyməti cavabdeh tərəfindən bu günə kimi iddiaçıya ödənilməmişdir. Nəzərinizə çatdırmaq istəyirlər ki, tərəflər arasında bağlanmış olan 10 sentyabr 2021-ci il tarixli, 21/32 saylı alqısatqı Müqaviləsinin 2.1- ci maddəsinə əsasən Müqavilənin ümumi qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan qaimə-fakturalar ilə müəyyənləşir və mallar Alıcıya təhvil verildikdən sonra elektron qaimə-faktura tarixindən ən geci 5 iş günü ərzində ödəniş Satıcının bank hesabına həyata keçirməlidir. Müqavilənin 3.1.3-cü maddəsinə əsasən Satıcının hüququ var ki, Alıcının təqsiri nəticəsində vurulan zərərin ödənilməsini ondan tələb etsin. Bununla yanaşı, müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə üzrə hesablaşma Malların Alıcıya təhvil verildiyi andan sonra elektron qaimə fakturaya əsasən ən geci 5 iş günü müddətində aparılmalıdır. Həmçinin, həmin müqavilənin 8.4-cü maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və malların məbləğinin vaxtında ödənilməməsi halında, Alıcı Satıcıya gecikdirilən hər bir təqvim günü üçün borc məbləğinin 0.1% miqdarında cərimə ödəməlidir. Eyni zamanda, müqavilə üzrə öhdəliklərini pozmuş tərəf qısa müddətdə öhdəliklərinin yerinə yetirilməsini bərpa etmək üçün tədbir görməlidir. Müqavilə üzrə Mallar Cavabdeh MMC təhvil verilmiş və onların nümayəndələrinin iştirakı ilə təhvil alınmışdır. Qeyd olunduğu kimi, həmin mallara görə ödəniş edilməsi üçün müvafiq elektron qaimə-fakturalar xx.xx.2022, xx.xx.2024 cü il tarixlərdə ödənilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan malların cavabdeh tərəfindən tam təhvil alınmasına baxmayaraq, müqavilə üzrə nəzərdə tutulan ödənişlər bugünki tarixədək həyata keçirilməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədilə cavabdeh şirkətə dəfələrlə əlaqə saxlamağa cəhd edilmiş və vurulmuş elektron qaimə-fakturaların təcili olaraq ödənilməsi barədə onlara xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Cavabdeh MMC əvvəllər borcu ödəyəcəyini bildirmiş, sonra isə cavabdehlə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra İddiaçı pretenziya ilə müraciət etmiş və borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Həmin məktuba cavabdeh tərəfindən cavab verilməmişdir və hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınır. Bu səbəbdən, İddiaçı müvafiq olaraq 12 may 2025-ci il tarixdə cavabdehin müqavilə öhdəliklərini icra etməsi üçün elektron qaydada pretenziya məktubu göndərilmiş və öhdəliklərin icrası üçün vaxt verilmişdir. Lakin qanuni tələblərə baxmayaraq cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği və müqavilə üzrə hesablanan cəriməni ödəmir. Cavabdeh hazırki müqavilə üzrə ona təqdim edilmiş qaimələrin bir hissəsini ödəməsinə baxmayaraq, ona son təqdim edilmiş elektron qaimə fakturadan artıq bir ildən artıq müddətdir ki, müqavilə üzrə öhdəliklərini icra etmir. Yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfə xx.xx.2022, xx.xx.2024 cü il tarixlərdə 58 708.32 manat təşkil edən pul vəsaitinin xx.xx.2022, xx.xx.2024 cü il tarixlərdə 58 708.32 manat təşkil edən pul vəsaitinin ödənilməsi üçün elektron qaimə-faktura göndərilmiş, lakin artıq bundan uzun müddət kecməsinə baxmayaraq tərəf həmin məbləği ödəmir. Bununla, bugünki tarixə ödənişlə əlaqədar olaraq cavabdeh tərəfindən gecikdirilmiş günlərin sayı 450 gündən artıqdır. Müqavilə şərtlərinə əsasən İcra edilməyən müqavilə öhdəlikləri üçün gecikdirilmiş hər bir təqvim günü üçün gecikdirilmiş borc məbləğinin 0.1% miqdarında cərimə cavabdehdən tutulmalıdır və cavabdeh bu məbləği ödəməyə borcludur. Müqavilə üzrə borc məbləği olan 58 708.32 manatın gündəlik faizi 26,418.60 manat təşkil edir. Bununla yanaşı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən İddiaçı tərəfindən vəkil xidmətlərinin göstərilməsi üçün hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə 5000 manat pul vəsaiti ödənilmişdir. Həmin məbləği də cavabdeh ödəməyə borcludur. Bununla, qaimələr üzrə əsas məbləğ olan 58.708,32 manat və müqavilə üzrə həmin məbləğ əsasında hesablanmış faizin, 26,418,60 manat cərimənin və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 5000 manatın ödənilməsini cavabdehdən tələb edirlər.

8. Cavabdeh xx.xx.2025-ci il tarixdə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə cavabdehdən tələb olunan borc məbləğini qəbul etmir. Belə ki, dəfələrlə qarşı tərəfə borcun üzləşdirməsini təklif etmişlər. Bundan başqa iddiaçının ondan borcu tələb etdiyi borcun formalaşdığı 133540 saylı, xx.xx.2022-ci tarixli elektron qaimə üzrə tərəflərindən 15 mart 2024-cü il tarixində 25 000, 29 fevral 2024-cü il tarixində manat, 18 iyul 2024-cü il tarixlərində əsas borc üzrə 71949 manat, ƏDV üzrə isə 21050,85 manat ödəməklə borclarını ödəmişlər. İddia tələbi əsassiz olduğunudan iddia rədd edilməlidir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4646/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 58708,32 manat əsas borc, 2900 manat dəbbə pulu, 2500 manat hüquqi yardıma görə xərc, 274,83 manat dövlət rüsumu, ümumilikdə 64383,15 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia ərizəsi verilərkən çəkilmiş qalan məhkəmə xərcləri (86,17 manat dövlət rüsumu və 2500 manat hüquqi yardıma görə xərc) İddiaçı MMC-nin özünə aid edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21/32 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 1.724.828,04 manat dəyərində malları alıcıya təhvil vermiş, cavabdeh tərəfindən bunun müqabilində ümumilikdə 1.666.119,72 manat vəsait ödənilmiş, qalıq 58708,32 manat borc hazırkı günə qədər ödənilməmişdir. İddiaçı hazırda yaranmış əsas borcu tələb etməklə haqlıdır. Bundan əlavə, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21/32 nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən hesablanmış 26418,60 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2900 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehdən 58708,32 manat əsas borc, 2900 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddia ərizəsində 5000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən 2500 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, çəkilmiş qalan 2500 manat xərc iddiaçının özünə aid edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünüb ki, iddiaçı tərəfindən “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosuna 5000 manat hüquqi xidmət haqqı ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

11. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə, məhkəmə xərcləri hissəsində isə və Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə istinad etmişdir.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin dəbbə pulu və vəkil xidmətlərinə görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı qismən təmin edilmiş hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri:

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı iki elektron qaimə üzrə - EBDZ 680978 saylı, 29.02.24- elektron qaimə üzrə - EBDZ 680978 saylı, 29.02.24-cu il tarixli (23278 manat ədv daxil) elektron qainə və EBCB 133540 saylı xx.xx.2022-ci il tarixli (49533 manat ədv daxil) borcu mübahisələndirir. İddia ərizəsinə əlavə edilmiş bank ödəniş sənədlərindən aydın olur ki, Cavabdeh MMC bir qaimə üzrə tam ödəmişdir. Qeyd edilənlərdən aydın olur ki, tərəf mübahisələndirilən qaimə üzrə öhdəliklərini icra etmişdir. Qeyd olunan prosessual normanın tələbinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla bərabər, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işi obyektiv araşdırmamış, iddiaçının mübahisələndirdiyi qaimələr üzrə təqdim etdiyi ödəniş sənədlərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə cavadehin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, qarşı tərəfin mübahisələndirilməyən sübutlarına da qiymət verməklə bərabərlik prinsipini pozmuşdur. Bundan başqa məhkəmədə iddianı qismən qəbul etdiyini bildirmişdir. Bir qaimə üzrə borc tam ödənilsə də, digər qaimə üzrə ödənişlər icra edilməmişdir. Lakin məhkəmə qətnamədə bu faktı da qeyd etməmişdir. Lakin məhkəmə iddiaçının tələblərindən kənara çıxaraq, bütün dövrlər ərzində ödəniş sənədlərini tələb etmişdir. Ancaq iddia üzrə mübahisə predmeti yalnız iki qaimə üzrə ödənişlər idi. Məhkəmə iddiaçının təqdim etdiyi və mübahisə predmeti olan EBCB 133540 saylı xx.xx.2022-ci il tarixli (49.533 manat ədv daxil) qaimə üzrə borcu tam ödədiyini, bununla bağlı təqdim etdiyi bank ödəniş sənədlərinə sübut kimi qiymət verməmiş və onları əsassız hesab edərək, iddianı həmin hissədə də təmin etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən təhvil verilmiş mallar üçün qarşı tərəfə vurulmuş qaimələr üzrə ödənilməli olan əsas məbləğ 58.708,32 manat təşkil edir və həmin məbləğ cavabdeh tərəfindən uzun müddətdir ki ödənilmir. Eyni zamanda, müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə üzrə hesablaşma Malların Alıcıya təhvil verildiyi andan sonra elektron qaimə fakturaya əsasən ən geci 5 iş günü müddətində aparılmalıdır. Həmçinin, həmin müqavilənin 8.4-cü maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və malların məbləğinin vaxtında ödənilməməsi halında, alıcı satıcıya gecikdirilən hər bir təqvim günü üçün borc məbləğinin 0.1% miqdarında cərimə ödəməlidir. Bununla, müqavilə şərtlərinə əsasən icra edilməyən müqavilə öhdəlikləri üçün gecikdirilmiş hər bir təqvim günü üçün gecikdirilmiş borc məbləğinin 0.1% miqdarında cərimə cavabdehdən tutulmalıdır və cavabdeh bu məbləği ödəməyə borcludur. Müqavilə üzrə əsas borc məbləği olan 58 708.32 manatın gündəlik faizi 26,418.60 manat olaraq hesablanmışdır. Məhkəmə bu hissədə tərəflərin iradə ifadəsi olan müqaviləni nəzərə almamış və əsas borc məbləğinə müqaviləyə əsasən hesablanmış faizləri hesablamamışdır. Bununla yanaşı, İddiaçı tərəfindən məhkəmədən öncə pretenziya qaydasına riayət edilməsi ilə bağlı hesab edilir ki, cavabdehə müxtəlif vaxtlarda məktub ünvanlanmış və pretenziya məktubu göndərilərək müqavilə üzrə yaranmış borcun vaxtında ödənilməsi üçün kifayət qədər şərait yaradılsa da, cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Ona görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi və peşəkar hüquq xidmətlərinin əldə edilməsi üçün vəkil ilə müqavilə bağlaması zərurəti qaçılmaz olmuşdur. Öz növbəsində cavabdehin öz müqavilə öhdəliklərini yerinə yetirmədiyi səbəbindən bu hal İddiaçı tərəfdən əlavə xərcələrin çəkilməsinə gətirib çıxarmışdır. Bununla əlaqədar qeyd edir ki, cavabdeh tərəfin iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən öncə və sonrakı müddətlərdə borcu könüllü şəkildə ödəməyə kifayət qədər zamanı var idi. Dəfələrlə cavabdehə bununla bağlı müraciət olunub və pretenziya göndərilib. Cavabdeh isə bütün bunlara məhəl qoymayaraq müqavilə üzrə olan borcunu ödəməkdən yayınmışdır və məhkəmə icraatı dövründə də heç bir məbləğ ödənilməmişdir. İddiaçı tərəfdən çəkilmiş xərclə bağlı, qətnamədə də qeyd olunduğu kimi və iş materiallarında mövcud olan sənədlərdən də göründuyu kimi xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə təsdiq edilir ki, iddiaçı tərəfindən Kamandar Nəsibov və Partnyorları vəkil bürosunun hesabına 5000 manat hüquqi yardım üçün köçürülmüşdür. Bununla əlaqədar İddiaçı ilə vəkil xidmətlərinin göstərilməsi üçün hüquqi yardımın göstərilməsi haqqında 158 saylı xx.xx.2025 saylı müqavilə bağlanmışdır və iş materiallarında mövcuddur. Yalnız işə baxan məhkəmə öz qətnaməsində bir cümlə ilə “Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 2500 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli,çəkilmiş qalan 2500 manat xərciddiaçının özünə aid edilməlidir.” bildirərək öz mövqeyini əsaslandırmışdır. Belə olan halda, aydın olmayan məqam ondan ibarətdir ki, məhkəmə tərəfindən hər hansı peşəkar hüquq məsləhəti və vəkil xidmətlərinin göstərilməsi üçün məbləğin müəyyən edilməsi hansı meyarlara əsasən aparılır. Hansı səbəblərə görə məhkəmə hesab edir ki, vəkilin göstərdiyi xidmət üçün ödənilmiş 5000 manat əvəzinə 2500 manat kifayət edir və hansı meyarlara əsasən vəkil xərcin üçün bu ağlabatan məbləğ hesab olunur. Qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə vəkil xidmətlərinin göstərilməsi üçün 2500 manat vəkil xərcinin tutulması təmamilə əsassızdır. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 10 sentyabr 2021-ci il tarixli, alqı-satqı haqqında 21.32 saylı müqaviləyə əsasən cavabdeh ona satılmış və təhvil verilmiş mallar üçün iddiaçıya ödəniş etmədiyi və gecikdirdiyi səbəbindən iddiaçı əlavə xərclər çəkmək və məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Bununla da iddiaçıya zərər dəymişdir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Göründüyü kimi, Cavabdeh MMC müqavilə şərtlərini pozmuşdur və müqaviləyə əsasən İddiaçı MMC-yə ödəməli olan borc məbləğini gecikdirdiyi üçün İddiaçı zərər çəkmişdir və vəkil xidmətləri üçün əlavə xərclər çəkmişdir. Tərəflər arasında imzalanmış müqavilələrdə cavabdeh öz hüquqi məsuliyyətini dərk etmiş və ödəniş məbləğini gecikdirəcəyi halda cərimə məbləğini ödəməyi şərtsiz qəbul etmişdir. Müqavilənin 8.4-cü maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və malların məbləğinin vaxtında ödənilməməsi halında, alıcı satıcıya gecikdirilən hər bir təqvim günü üçün borc məbləğinin 0.1% miqdarında cərimə ödəməlidir. Məhkəmə isə bu maddi hüquq normalarının tələblərini pozaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməli dəbbə pulunu azaltmışdır. Halbuki cavabdehin bu öhdəliyi icra etməməsi səbəbindən İddiaçıya nəticədə zərər vurulmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh və iddiaçı arasında müqavilə imzalanan zaman cavabdeh bu fazi miqdarını müəyyən etmiş və şərtsiz qəbul etmişdir. Qanunvericilikdə müqavilənin məqsədi ondan ibarətdir ki, mülki münasibət iştirakçılarını nizama salır, onların öhdəliklərinin dairəsini müəyyən edir və öhdəliklərinin vaxtında icra edilməsi üçün onları tərbiyələndirir. Məhz bu səbəbdən tərəflər cərimə ilə bağlı müqavilədə razılığa gəlmişlər. Məhkəmə də müqavilənin müddəalarını nəzərə almayaraq iddiaçıya özbaşınalığı davam etdirməyi təklif etmişdir. Hazırki iş üzrə iddiaçı vəkil xidmətlərinin göstərilməsi üçün müqavilə və ödəniş tapşırığı məhkəməyə təqdim etmişdir, lakin məhkəmə onları nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. İddiaçının nümayəndəsi izahatında bildirib ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. İddiaçının apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

18. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin edilmiş hissəsində, iddiaçının isə iddia təmin edilməmiş hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 21/32 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə malları Cavabdeh MMC-yə təqdim etməklə öz öhdəliklərini lazımi qaydada icra etdiyini, cavabdehin isə həmin malların dəyərini tam şəkildə ödəmədiyini əsas göstərərək müqavilə üzrə 58.708,32 manat məbləğində borcun tutulmasını tələb edir. Cavabdeh isə mübahisələndirilən qaimələrdən biri üzrə borcun tam ödənildiyini, məhkəmənin iddianı bu hissədə təmin etməklə iddia tələblərindən kənara çıxdığını əsas göstərərək qətnamənin ləğv edilməsini xahiş edir.

26. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı mübahisəyə Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən qiymət vermişdir. Belə ki, müqavilənin şərtlərindən aydın şəkildə görünür ki, mallar nisyə alqı-satqı müqaviləsi əsasında təhvil verilmişdir.

27. İşin halları ilə bağlı kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş mallara görə iddiaçının cavabdehə 58708,32 manat məbləğində borcun olması faktı mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən düzəlişə qaytarılmamış elektron qaimələr, eləcə də cavabdeh tərəfindən həmin qaimələr üzrə ödəniş edilməsini təsdiq edən ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. Belə olan halda iddianın əsas borc hissəsində təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

28. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, iddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi məhz xx.xx.2021-ci il tarixli, 21/32 nömrəli alqısatqı müqaviləyə istinad etmişdir. Bununla yanaşı iddia ərizəsinin əsaslandırıcı hissəsində iki ədəd (xx.xx.2022 və xx.xx.2024-cü il tarixli) elektron qaimə xüsusi qeyd edilsə də, ərizənin “xahiş etdiyi” hissəsində həmin qaimələr üzrə deyil, ümumilikdə xx.xx.2021-ci il tarixli, 21/32 nömrəli alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələb edilmişdir. Eyni zamanda işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün xx.xx.2021-ci il tarixli, 21/32 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehə göndərilmiş bütün elektron qaimələr məhkəməyə təqdim edilmişdir.

29. Bununla yanaşı işə apellyasiya instansiya məhkəməsində baxılarkən də məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən göstərilən məsələyə aydınlıq gətirilərək xx.xx.2021-ci il tarixli, 21/32 nömrəli alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini tələb etdikləri bir daha bildirilmişdir.

30. Odur ki, hazırkı halda iddia tələblərinin mübahisəli alqı-satqı müqaviləsi üzrə borcun iddia ərizəsində adıçəkilmiş elektron qaimələr üzrə yaranmaması əsası ilə rədd edilməsi həddindən artıq formal yanaşma olmaqla iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa edilməsinin lüzumsuz şəkildə uzadılmasına və son nəticədə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olacaqdır. Digər tərəfdən belə yanaşma məhkəmənin (hüquq tətbiqedənin) prosessual hərəkət və qərarlarının ardıcıl, stabil, proqnozlaşdırıla bilən olmasını nəzərdə tutan mülki prosesdə hüquqi müəyyənlik prinsipinin tələblərinə də cavab vermir.

31. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli müqavilə üzrə yaranmış borcun tutulmasını qət etməsi iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilə bilməz.

1. Digər tərəfdən iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə (mallar verildikdən sonra 5 iş günü ərzində) icra etməməsi, yəni həmin öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmə tərəfindən dəbbə pulu məbləği müəyyən edilərkən tərəflərin əsaslı maraqları, əsas borcun məbləği və digər diqqətəlayiq hallar nəzərə alındığından cavabdehdən 2900 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

2. Məhkəmə kollegiyası hüquqi yardım xərcləri ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, MPM-in hüquqi yardım xərclərinin tutulması qaydasını tənzimləyən 121-ci maddəsi udan tərəfin hüquqi yardıma çəkdiyi xərclərin tam şəkildə deyil, ağlabatan məbləğdə qarşı tərəfdən tutulması imkanını müəyyən etmişdir. Hüquqi yardım xərclərinin ağlabatanlığı qiymətləndirilən kateqoriya olmaqla hər bir konkret halda işin diqqətəlayiq halları, o cümlədən iddianın qiyməti, işin mürəkkəblik dərəcəsi, işə məhkəmədə baxıldığı müddət, xərclərin çəkilməsinin zəruriliyi, ezamiyyə xərcləri, eləcə də tərəflərin mənafeləri arasında ədalətli balans nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyənləşdirilir.

3. Odur ki, hazırkı halda birinci instansiya məhkəməsi işin diqqətəlayiq hallarını, o cümlədən iddianın qismən təmin edilərək alqı-satqı müqaviləsi üzrə cavabdehdən tutulan məbləğin cəmi 58708,32 manat təşkil etməsini, mübahisənin tərəflər arasında mövcud olan alqı-satqı münasibətlərindən irəli gələn standart mübahisə olmaqla həmin mübahisə üzrə hüquqi müdafiənin təşkilinin geniş hüquqi təhlil tələb etmədiyini, işə birinci instansiya məhkəməsində qısa müddət ərzində baxılmasını, tərəflər arasında gərgin və uzunmüddətli çəkişmənin baş vermədiyini və s. nəzərə alaraq cavabdehdən vəkil xərci olaraq tutulacaq məbləği 2500 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

4. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

5. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən həmin şikayətlər verilərkən ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilməlidir.

6. Cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilmədiyini və iddiaçı tərəfindən vəkil xərclərinin bir hissəsinin qarşı tərəfin apellyasiya şikayətinə qarşı müdafiəni təşkil etmək üçün çəkildiyini nəzərə alaraq kollegiya hesab edir ki, vəkil xərclərin əvəzi olaraq 1500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

7. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1875/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İşə apellyasiya baxılması ilə bağlı iddiaçı tərəfindən çəkilmiş vəkil xərclərin əvəzi olaraq 1500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətləri üçün ödənilmiş rüsumlar tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar