Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1186/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və pay hüququnun tanınması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2902/2021 saylı 19.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 25.08.2014-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi, eləcə də müqavilənin icrası ilə əlaqədar tərəfindən çəkilən xərclərin əvəzi olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyriyaşayış sahələrinin (ikimərtəbəli “Ticarət Mərkəzi”nin) onda bir hissəsi (yəni 10%-i) miqdarında payın İddiaçı adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlərin təqdim olunmaması hərəkətlərinin qanunsuz hesab edilməsi və 25.08.2014-cü il tarixli müqavilənin icrası ilə əlaqədar tərəfindən çəkilən xərclərin əvəzi olaraq Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 №-li müqavilədə göstərilən və Binəqədi rayon İcra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən Cavabdeh1 mülkiyyətinə təhvil verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyriyaşayış sahələrinin onda bir hissəsinə (yəni 10%) onun payının müəyyən edilməsi, həmin hissəyə pay hüququnun tanınması və göstərilən qeyri-yaşayış sahələri üzərindəki onda bir payına uyğun əmlak hüquqlarının həyata keçirilməsinə edilən müdaxilələrin aradan qaldırılması və müqavilə üzrə öhdəliyin tam yerinə yetirilməsi vəzifəsinin cavabdehə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2902/2021 saylı 19.08.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsində qeyd edilən əsaslarla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh1 işə apellyasiya qaydasında baxılarkən məhkəməyə iddianı etiraf etdiyinə dair yazılı ərizə təqdim etmişdir. Ərizəyə cavabdehin həyat yoldaşının Cavabdeh1 ona məxsus əmlak üzərində sərəncam vermək hüququna dair 09.07.2021-ci il tarixdə təsdiq edilmiş etibarnaməsi əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsnə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından və digər sənədlərdən görünür ki, iddiaçının üzərində 1/10 hissədə payının müəyyən olunmasını xahiş etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa olunmuş 4564 kv.m. qeyri-yaşayış sahəsini cavabdeh surəti iş materiallarında əlavə edilmiş 03.04.2006-cı il tarixli 23 №-li müqavilə əsasında əldə etmiş, həmin obyektlə bağlı məhkəmə mübahisələri nəticəsində Cavabdeh1 həmin sahə üzərində hüquqları məhkəmə tərəfindən tanınmış, sahə Binəqədi rayon İcra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən cavabdehə təhvil verilmişdir. Məhkəmə cavabdehin həyat yoldaşı tərəfindən ona ümumi birgə əmlak üzərində sərəncam vermək hüququ verən etibarnamə verildiyini nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaya etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün qanunda qeyd edilmiş əsaslar yoxdur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2902/2021 saylı 19.08.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2902/2021 saylı 19.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa olunmuş binadakı ümumi sahəsi 4564 kv.m. qeyriyaşayış sahələrinin (ikimərtəbəli “Ticarət Mərkəzi”nin) onda bir hissəsi üzərində İddiaçı payı müəyyən edilsin. Həmin paya uyğun əmlaka hüquqlarının həyata keçirilməsinə edilən müdaxilələrin aradan qaldırılması və payın İddiaçı adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlərin təqdim olunması Cavabdeh1 həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1186/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1186/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver