Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1187/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinin icra edilməməsi, dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X5, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-5635/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında xx.xx.2024-cü il tarixli 2024-AZE-019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsulların müqavilə müddəti dövründə satıcı tərəfindən alıcının mülkiyyətinə vermək və alıcı tərəfindən isə həmin malalrın dəyərinin bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.
3. xx.xx.2024-cü il tarixli 2024-AZE-019 nömrəli alqı-satqı Müqaviləsinin xx.xx.2024cü il tarixli 1 saylı, xx.xx.2024-cü il tarixli 2 saylı, xx.xx.2024-cü il tarixli 3 saylı, xx.xx.2024-cü il tarixli 4 saylı, xx.xx.2024-cü il tarixli 5 saylı, xx.xx.2024-cü il tarixli 6 saylı X2 ilə tərəflər materialların adı, ölçü vahidi və qiyməti barədə razılığa gəlmişlər.
4. Müqavilə və X2 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 2024-AZE-019 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 30.627,84 manat məbləğin, cərimə kimi hesablanmış 6.732 manat məbləğin, ümumilikdə 37.359,84 manat pul vəsaitinin, 320 manat vəkil xərcinin və ödənilmiş 203 manat dövlət rüsumunun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli 2024- AZE-019 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı həmin müqavilə əsasında ayrı-ayrı vaxtlarda tərtib edilmiş qiymət razılaşdırma protokollarında əks olunan inşaat kimyəvi məhsulları cavabdehə satmışdır. Belə ki, 2024- AZE-019 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı ilə cavabdeh arasında 6 ayrı qiymət razılaşdırma protokolu imzalanmış və həmin protokollarda əks olunan materiallar təhvil-təslim aktları əsasında cavabdehə təhvil verilmişdir. Təhvil verilmiş materialların ümumi dəyəri ƏDV daxil 33233,57AZN təşkil etmişdir. Həmin məbləğin ƏDV daxil olmaqla 30627,84 AZN hissəsi müvafiq e-qaimələrin göndərilməsinə baxmayaraq hələ də cavabdeh tərəfindən ödənilməmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
9. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 30.627 (otuz min altı yüz iyirmi yeddi) manat 84 (səksən dörd) qəpik, cərimə borcu üzrə 1.500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 32.127 (otuz iki min yüz iyirmi yeddi) manat 84 (səksən dörd) qəpik məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 186 (bir yüz səksən altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni aşğıdakı kimi əsaslandırmışdır: Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür. İş materiallarından görünür ki, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş malların təvhil-qəbul aktları əsasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mallar "xxxx" MMC tərəfindən təhvil verilmiş, "X4 MMC tərəfindən təhvil alınmışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Hazırda iddiaçı cavabdehin 30.627,84 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında (xx.xx.2025-ci il tarixli) iştirak edən cavabdehin nümayəndəsi iddianı əsas borc hissəsində qəbul etdiyini etiraf etmiş, borcu hissəhissə ödəmək istədiklərini bildirmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, 30.627,84 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 6.732 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bu xüsusda Məhkəmə hesab edir ki, əsas borca münasibətdə 1.500 manat məbləğində cərimə borcunun tutulması daha ağlabatan və ədalətlidir. Məhkəmə hesab edir ki, iddianın 320 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı “Alyans” Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 186,38 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425, 462.1, 467, 567, 600.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək iddianın cərimə borcu hissəsində ləğv edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Alğı-Satqı Müqaviləsi üzrə yaranmış cərimə məbləğinin ödənilməsi” hissəsində işin həqiqi hallarına düzgün hüquqi qiymət verilməyib. İşə baxan məhkəmə qeyd edilən maddi hüquq normalarının pozuntusuna yol verib. Belə ki, məhkəmə cərimə məbləğini təmin edərkən cavabdehin mövcud vəziyyətini nəzərə almayıb. Cavabdehə münasibətdə Alğı-Satqı Müqaviləsi üzrə hesablanmış borc məbləği tam şəkildə təmin olunub, belə olan halda cavabdehin əsas borcdan əlavə cərimə hesablanarkən məhkəmə ədalətli davranmalı, cərimə məbləğini təmin etməməli idi. İşə baxan məhkəmə 1500 (min beş yüz) manat cərimə məbləğinin ödənilməsini qət edərək ədalətsiz qərar verib. Cavabdeh xx.xx.2025-ci iltarixində icra məcburiyyəti tətbiq olunmadan könüllü şəkildə ödəmişdir. Bu, onun müqavilə öhdəliyinə sadiqliyini və niyyətinin pozucu olmadığını sübut edir. Bu halda cərimənin tətbiqi: borclunun yaxşı niyyətini nəzərə almadan onun üzərinə əlavə və haqsız maliyyə yükü qoymaq deməkdir. Məhkəmə qətnamə qəbul edərkən hər iki tərəfin mənafeyini düşünərək ədalətlilik prinsipinə uyğun qətnamə qəbul etməli idi, lakin təəssüflə qeyd edirik ki, işə baxan məhkəmə cavabdeh tərəfin mənafelərini düşünmədən qətnamə qəbul edib.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahatlar
16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
23. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Kollegiya qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətlərinin məzmunundan görünür ki, apellyator cərimə pulu hissəsində qətnaməni mübahisələndirmişdir. Belə olan halda hazırki apellyasiya baxışının predmetini həmin hissədə qətnamənin qanuni və əsaslılığının yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
33. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iddiaçı tərəflər arasında bağlandığı qeyd olunan xx.xx.2024-cü il tarixli 2024-AZE-019 saylı alqı-satqı müqaviləsinə istinad edərək, hazırki iddianı irəli sürmüşdür.
35. Bakı Kommersiya Məhkəməsinin müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə öhdəliyini icra etməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində xx.xx.2025-ci il tarixədək müqavilə üzrə əsas borcun ödənilmədiyini təsdiq etmişdir.
36. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasbətdə bildirir ki, cavabdehin qeyd etdiyi halın müqavilədə üzərinə götürdüyü öhdəliyi təqsirli icra etməməsini istisna etmir.
37. Dəbbə pulunun tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
38. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2024-AZE-019 saylı alqı-satqı müqaviləsinin 3.3-cü bəndində müəyyən edilmişdir ki, alıcı öhdəliyin gecikdirilməsinə görə hər gün üçün borcun 0.1%-i həcmində satıcıya dəbbə pulu ödəyir.
39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
40. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
43. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5635/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəsini alır, qətnamədən kassasiya şikayəti verilə bilməz.