Məhkəmə qərarları › İş №2-2(103)-1188/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1188/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1188/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (“X10 Olmayan Kredit Təşkilatı” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6317/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Lizinq alan İddiaçı ilə lizinq verən "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01LZİZ056022 saylı lizinq müqaviləsinə əsasən KİA Optima Sedan 2014 nəqliyyat vasitəsi lizinqə verilmişdir.

2. xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsində avtonəqliyyat vasitəsi üzrə sığortalı və faydalan şəxs qismində "xxxx" BOKT MMC göstərilmiş və şəhadətnamənin müddəti xx.xx.2022-ci ildən xx.xx.2025-ci il tarixinə kimi müəyyən edilmişdir. Şəhadətnamənin əlavə şərtlər və təminatlar bölməsində nəqliyyat vasitəsinin icarəyə verilməsi zamanı baş vermiş hadisələrə təminat verilmədiyi və şəhadətnamə üzrə İddiaçı sığorta olunan hesab olunduğu qeyd olunmuşdur.

3. 28.02.2023-cü il tarixli “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təyin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP5594892 saylı qərara əsasən X6 tərəfindən Binə atçılıq masssivi ərazisində KİA Optima minik markalı, 77AG115 DQN nəqliyyat vasitəsi idarə edilərkən Azərbaycan Respublikası İXM 327.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanın törədildiyi qeyd olunmuş və 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

4. "xxxx" BOKT MMC-nin xx.xx.2023-cü il tarixli etibarnaməsinə əsasən İddiaçı nəqliyyat vasitəsinin idarə edilməsi üzrə səlahiyyətlər xx.xx.2023-xx.xx.2023-cü il tarixlərinə və xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərinə kimi verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən xx.xx.2023-cü il tarixdə “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı 16005 manat məbləğində sığorta ödənişinin, 6610 manat məbləğində dəbbə pulunun, həmçinin 157.84 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanılmış 01LİZ056022 saylı, 31 oktyabr 2022-ci il tarixli lizinq müqaviləsinə əsasən “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni istifadəsindədir. Qeyd edilən avtomobil həmçinin Cavabdeh Sığorta Şirkəti ASC ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, **********4 saylı sığorta şəhadətnaməsi üzrə xx.xx.2025-ci il tarixədək tam şəkildə sığortalanmışdır. Sözügedən şəhadətnamənin “əlavə şərtlər və təminatlar” bölümünün 5-ci bəndinə əsasən o hazırkı münasibətlər üzrə sığorta olunan hesab edilir. Belə ki, xx.xx.2023-cü il tarixdə qanuni sahibliyində olan “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə X7 ərazisində yol nəqliyyat vasitəsi baş vermişdir. Nəticədə avtomobil qaz boru kəmərinə çırpılmış və aşmış, xoşbəxtlikdən avtomobildə olan heç bir sərnişin xəsarət almamışdır. AR "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ME 00092/23 saylı ekspert rəyinə əsasən nəqliyyat vasitəsinə 16.005 manat məbləğində ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı dərhal Baş Dövlət Yol Polis İdarəsinə və Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət edilmişdir. Qeyd edilən qurumların səlahiyyətli nümayəndələri hadisə yerinə gəlmiş və qanun çərçivəsində nəzərdə tutulmuş bütün prosedurları həyata keçirmişlər. Lakin bir müddət sonra Cavabdeh Sığorta Şirkəti ASC-nin nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC-yə göndərdiyi 17 mart 2023-cü il tarixli, O-AP-2023 0346 saylı məktubdan aydın olmuşdur ki, sığorta təşkilatı baş vermiş yol-nəqliyyat hadisəsini sığorta hadisəsi hesab etmir və sığorta ödənişinin ödənilməsindən imtina edir. İmtinanın əsası ilə bağlı Cavabdeh Sığorta Şirkəti ASC aşağıdakı formada izah verir: “Hadisənin araşdırılması zamanı 02.11.22-ci il tarixdə bağlanılan könüllü sığorta növü üzrə **********4 saylı sığorta müqaviləsi bağlanan zaman avtomobilin mülkiyyətçisi "xxxx" MMC olması aşkarlanmışdır. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədə avtomobili X3 yanında yəni, İddiaçı yanında idarə etməsi aşkarlanmışdır. Məlumat üçün bildirmək istəyirlər ki, könüllü sığorta növü üzrə **********4 saylı sığorta müqavilənin "Səlahiyyətləndirilmiş sürücülər" bölməsində səlahiyyətləndirilmiş sürücünün anlayışı verilmişdir. Belə ki, sığorta müqaviləsinə əsasən səlahiyyətləndirilmiş sürücü dedikdə, avtomobilin sahibi olan fiziki şəxs va ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə (yaxud avtomobilin sahibi olan hüquqi şəxsin verdiyi etibarnamə va ya yol vərəqi) əsasında idarə edən istənilən şəxs başa düşülür. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilən etibarnamə əsasında avtomobili qanunvericiliyinin tələbinə əsasən səlahiyyətləndirilmiş sürücü kimi İddiaçı tanınmışdır. Məlum olduğu kimi, Cavabdeh Sığorta Şirkəti ASC 30 yanvar 2009-cu il tarixli "X1 sığorta" qaydalarının 21-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin bu Qaydalara əsasən Səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi sığorta təminatında məhdudiyyətlər siyahısında olduğundan imtina əsasıdır. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirlər ki, həmin qaydalara əsasən səlahiyyətləndirilmiş sürücü dedikdə, sığorta müqaviləsində göstərilmiş va ya sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyə uyğun olaraq müvafiq avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs başa düşülür. Beləliklə, hadisənin baş verdiyi vaxtda sığortalı avtonəqliyyat vasitəsinin səlahiyyətləndirilmiş sürücü tərəfindən idarə edilmədiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci və "X1 sığortası" qaydalarının 38.1.7-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmir və "xxxx" Sığorta Şirkəti ASC-nin nəqliyyat vasitənizə dəyən zərərlə bağlı sığorta ödənişi etmək öhdəliyi yaranmır və sığorta ödənişin ödənilməsindən imtina edir. Göründüyü kimi verilən imtina məktubunun əsası özü-özlüyündə əksinə sığorta ödənişinin həyata keçirilməsi üçün əsasdır. Belə ki, xx.xx.2023-cü il tarixdə qanuni sahibliyində olan “Kia Optima” markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yaxın qohumu X6 idarə etmişdir. Lakin hadisə zamanı onun yanında sərnişin oturacağında olmuşdur. Buna səbəb isə həmin gecə alkoqol içki qəbul etdiyindən ümumiyyətlə sükan arxasına oturmamağı olmuşdur. Şikayətinə əlavə etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən də açıq-aşkar göründüyü kimi, nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cəmiyyət avtomobili idarə etmək səlahiyyətini ona, həmçinin özünü pis hiss etdiyi və ya alkoqollu içki qəbul etdiyi halda sürücülük vəsiqəsi olan istənilən digər şəxsə etibar etmişdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən verilmiş etibarnamə X4 nəqliyyat vasitəsini idarə etməyə tam hüquq verir. Bundan əlavə nəqliyyat vasitəsini idarə edən Nəsib Əliyev barəsində Xəzər rayon DYPŞ tərəfindən İXM 327.1-ci maddəsinin (əks zolağa çıxmadan manevr etmə qaydalarının pozulması) tələblərini pozduğuna görə inzibati tənbehin tətbiq edilməsi barədə TP ******* saylı qərar qəbul edilmişdir. Sözügedən cərimə ilə bağlı qərar bir daha sübuta yetirir ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı qanunvericiliyin yalnız bir tələbi pozulub ki, o da manevr etmə qaydasıdır. Əgər hətta qeyd etdiyi etibarnamə əsasında Nəsib Əliyev nəqliyyat vasitəsini idarə etməyə səlahiyyətli olmasa idi o, həmçinin AR İXM-in 332.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli idi. Halbuki qanunvericiliyin bu maddəsi birbaşa qeyd edir ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə sürücü qırx manat məbləğində cərimə edilir. Hətta maddənin qeyd hissəsində bildirilir ki, bu Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Beləliklə, göründüyü kimi Cavabdeh Sığorta Şirkəti ASC-nin 30 yanvar 2009-cu il tarixli "X1 sığorta" qaydalarının 21.6-cı maddəsinin tələbləri pozulmamışdır. Həmin qaydaların anlayışlar hissəsində nəzərdə tutulan səlahiyyətləndirilmiş sürücü olan Nəsib Əliyev etibarnamədə birbaşa qeyd edildiyindən, hətta qeyd edilməzsə belə onun həmin avtomobildə onun yanında olduğundan, Nəsib Əliyevin qanunvericiliyə uyğun olaraq müvafiq avtonəqliyyat vasitəsini idarə etmək hüquna malik olduğu təkrar olaraq öz təsdiqini tapır. Hadisə baş verdiyi tarixdən bugünədək dəfələrlə tərəfindən cavabdeh sığorta təşkilatı ilə danışıqlar aparılsa da, təəssüf ki, bu bir nəticə vermir. Aidiyyəti orqanlara etdiyi şikayətlər əsasında Cavabdeh Sığorta Şirkəti ASC hər dəfə yeni əsaslar gətirərək qərəzli şəkildə borcunu ödəməkdən yayınır. Bu səbəbdən hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən imtina məktubunun "xxxx" MMC-yə 17 mart 2023- cü il tarixdə təqdim edildiyini nəzərə alınsa sadə riyazi hesablama əsasında cavabdehin əlavə olaraq ona 413 gün gecikməyə görə 6610 manat məbləğində dəbbə pulu ödəməli olduğunu müəyyən edilir. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 934.2-ci maddələri göstərilmişdir.

7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsinə dair” e-2-2(113)-6317/2024 saylı mülki iş məhkəmənin icraatındadır. İddiaçının cavabdehə qarşı sığorta ödənişi tələbi əsassızdır və təmin edilə bilməz. Sığortalı “City Finance" BOKT MMC-yə məxsus “Kia Optima” markalı, 7AG115 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində **********4 saylı sığorta şəhadətnaməsi ilə X1 sığortası növü (kasko) üzrə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İşin təfərrüatlarına əsasən, xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış nəqliyyat vasitəsinə zərər dəymişdir. Sığortaçı Cavabdeh SŞ ASC və "xxxx" BOKT MMC arasında bağlanan X1 sığorta müqaviləsinin **********4 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" BOKT MMC göstərilmişdir. Həmin şəhadətnamə üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" Bokt MMC göstərildiyi üçün hazırkı mübahisə üzrə iddiaçı sığorta ödənişi tələb etmək hüququna malik deyildir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Sığortalı yaxud faydalanan şəxs tərəfindən sığorta ödənişini tələb etmək hüququnun nəqliyyat vasitəsini əldə edəcək başqa şəxsə, o cümlədən iddiaçıya verilməsi sığorta müqaviləsində nəzərdə tutulmamışdır. İddia sığorta müqaviləsi üzrə sığortalının hüquq və vəzifələrini əldə etməmiş şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ (baxılan halda- sığorta müqaviləsi üzrə sığortaçıdan tələb hüququ) yaranmamışdır. İddiaçı subyektiv hüquqa malik olmadığı üçün prosessual qənaət prinsipi baxımından onun irəli sürdüyü dəlillər araşdırılmamalıdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta olunan, səlahiyyətləndirilmiş sürücü kimi yalnız İddiaçı göstərilmiş və sığortaçı tərəfindən tanınmışdır. Səlahiyyətləndirilmiş sürücü dedikdə sığorta müqaviləsində göstərilmiş və ya sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəzərdə tutulur. Göründüyü kimi hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs sığortaçı tərəfindən hadisə baş verən vaxtadək tanınmadığına, qeyri-müəyyən olduğuna və tərəflər arasında bağlanan sığorta müqaviləsində adı qeyd olunmadığına görə səlahiyyətləndirilmiş sürücü hesab edilmir. Sığorta müqaviləsinə əsasən sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququna yalnız İddiaçı malikdir. İddia ərizəsinə əlavə edilən, sığortalı tərəfindən iddiaçıya verilən etibarnamədə də nəqliyyat vasitəsinin idarə edilməsi yalnız İddiaçı etibar edilmişdir. Bu etibarnamə yalnız İddiaçı səlahiyyətləndirilmiş sürücü olduğunu təsdiq edir. Lakin baxılan halda, sığorta ödənişi həmin etibarnamə əsasında deyil, sığorta müqaviləsində qeyd olunanlara əsasən verilən kompensasiya ödənişidir və sığorta müqaviləsi ilə tənzimlənir. Müqavilə üzrə isə sığorta olunan və sürücü kimi İddiaçı tanınmışdır. Etibarnamə üzrə səlahiyyətin digər şəxsə verilməsi sürücünün müəyyən hallarda inzibati məsuliyyətə cəlb edilməsini aradan qaldırmaq məqsədi güdmüşdür. Həmçinin, həmin etibarnamə ilə iddiaçıya sahiblik hüququ deyil, istifadə hüququ verilmiş və qüvvədə olma müddəti 1 ay göstərilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6317/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC və Sığortalı "xxxx" BOKT MMC arasında bağlanmış X1 sığorta müqaviləsi üzrə **********4 saylı sığorta şəhadətnaməsinə əsasən sığortalı və faydalanan şəxs qismində "xxxx" BOKT MMC göstərilmişdir. Həmin şəhadətnamə üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" Bokt MMC göstərildiyi üçün hazırkı mübahisə üzrə iddiaçı sığorta ödənişini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Sığortalı yaxud faydalanan şəxs tərəfindən sığorta ödənişini tələb etmək hüququnun nəqliyyat vasitəsini əldə edəcək başqa şəxsə, o cümlədən iddiaçıya verilməsi sığorta müqaviləsində nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ərizəsinin irəli sürməsi üçün sübyektiv hüququ olmadığı üçün iddia tələbi rədd edilməlidir.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halına əsasən İddiaçı iddia tələbinin əsası onun sahiblik və istifadəsində olan mübahisəli avtomobilin zədələnməsi, dəymiş maddi ziyanın ödənilməsidir, ziyan faktiki olaraq iddiaçıya dəymiş və iddiaçı tərəfindən aradan qaldırılmışdır. Yəni əmlakın faktiki sahibi olan bir şəxsin konstitutsion hüquqları pozulmuş, cavabdeh sığorta ödənişi həyata keçirmək əvəzinə müxtəlif bəhanələr gətirmiş, qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda məsələyə həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla baxılması şərtdir. Çünki, əmlakın sahibi İddiaçıdir. O, qəza keçirmiş avtomobilin təmirini həyata keçirmiş və müəyyən vəsait xərcləmişdir. sığorta ödənişinin verilməsindən imtina lizinq şirkətinin və yaxud digər şəxslərin deyil, İddiaçı hüquqlarını pozur və bu hal onun mənafeyinə ziddir. Məsələ ilə bağlı birinci növbədə əmlakın kimin sahiblik, istifadəsində olmasına nəzər yetirilməli, qanunvericiliyin tələblərinə hərfi yanaşılmamalıdır. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə dair iddia mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “iddianın mümkünlüyünə dair” 5 saylı qərarından gələn nəticə odur ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayılmalıdır.

12. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Sığortalı "xxxx" BOKT MMC-yə məxsus “Kia Optima” markalı, 7AG115 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində **********4 saylı sığorta şəhadətnaməsi ilə X1 sığortası növü (kasko) üzrə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İşin təfərrüatlarına əsasən, xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış nəqliyyat vasitəsinə zərər dəymişdir. 1. Sığortaçı Cavabdeh SŞ ASC və "xxxx" BOKT MMC arasında bağlanan X1 sığorta müqaviləsinin **********4 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" BOKT MMC göstərilmişdir. AR Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Baxılan halda həmin şəhadətnamə üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" Bokt MMC göstərildiyi üçün hazırki mübahisə üzrə iddiaçı sığorta ödənişi tələb etmək hüququna malik deyildir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.Sığortalı yaxud faydalanan şəxs tərəfindən sığorta ödənişini tələb etmək hüququnun nəqliyyat vasitəsini əldə edəcək başqa şəxsə, o cümlədən iddiaçıya verilməsi sığorta müqaviləsində nəzərdə tutulmamışdır. 2. Qeyd etmək istəyirlər ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta olunan, səlahiyyətləndirilmiş sürücü kimi yalnız İddiaçı göstərilmiş və sığortaçı tərəfindən tanınmışdır. Səlahiyyətləndirilmiş sürücü dedikdə sığorta müqaviləsində göstərilmiş və ya sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəzərdə tutulur. Göründüyü kimi hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs sığortaçı tərəfindən hadisə baş verən vaxtadək tanınmadığına, qeyri-müəyyən olduğuna və tərəflər arasında bağlanan sığorta müqaviləsində adı qeyd olunmadığına görə səlahiyyətləndirilmiş sürücü hesab edilmir. Sığorta müqaviləsinə əsasən sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququna yalnız İddiaçı malikdir. İddia ərizəsinə əlavə edilən, sığortalı tərəfindən iddiaçıya verilən etibarnamədə də nəqliyyat vasitəsinin idarə edilməsi yalnız İddiaçı etibar edilmişdir. Bu etibarnamə yalnız İddiaçı səlahiyyətləndirilmiş sürücü olduğunu təsdiq edir. Lakin baxılan halda, sığorta ödənişi həmin etibarnamə əsasında deyil, sığorta müqaviləsində qeyd olunanlara əsasən verilən kompensasiya ödənişidir və sığorta müqaviləsi ilə tənzimlənir. Müqavilə üzrə isə sığorta olunan və sürücü kimi İddiaçı tanınmışdır. Etibarnamə üzrə səlahiyyətin digər şəxsə verilməsi sürücünün müəyyən hallarda inzibati məsuliyyətə cəlb edilməsini aradan qaldırmaq məqsədi güdmüşdür. Həmçinin qeyd edirlər ki, həmin etibarnamə ilə iddiaçıya sahiblik hüququ deyil, istifadə hüququ verilmiş və qüvvədə olma müddəti 1 ay göstərilmişdir. “X1 sığortası” Qaydalarının 21-ci maddəsinə əsasən, avtomobilin səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi sığorta ödənişinin verilməsindən imtina etmək üçün əsas yaradır. AR Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsas yaradan haldır. İşə baxan birinci instansiya məhkəməsi də hesab etmişdir ki, Sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC və Sığortalı "xxxx" BOKT MMC arasında bağlanmış X1 sığorta müqaviləsi üzrə sığortalı və faydalanan şəxs qismində City Finance” BOKT MMC göstərildiyi üçün hazırkı mübahisə üzrə İddiaçı sığorta ödənişini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçının hazırki iddia ərizəsinin irəli sürməsi üçün sübyektiv hüququ olmadığı üçün iddia tələbi rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdeh iddiaçının apellyasiya şikayətini təmin etmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(113)-6317/2024 nömrəli qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə əlavənin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraza uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

13. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır -884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Bu Məcəllənin 884.3 və 884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi kimi göstərmişdir. -884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. -909.1-ci maddəsinə əsasən sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər. -922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. -922.2-ci maddəsinə görə ığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maliyyə Nazirliyinin Dövlət sığorta Təminatı Şöbəsi ilə razılaşdırılaraq Cavabdeh Sığorta Şirkəti tərəfindən təsdiq edilmiş X1 Sığorta Qaydalarının anlayışlar bölməsinə əsasən faydalanan şəxs sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxsdir. Faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və və ya sığorta olunan faydalanan şəxs sayılır.Sığorta olunanlar – bu qaydaların məqsədləri üçün, sığorta hadisəsi zamanı Avtonəqliyyat vasitəsində olan və ya ona minən, yaxud ondan çıxan (düşın) səlahiyyətləndirilmiş sürücü və (və ya) sərişinlərdir. Həmin qaydaların: -21-ci bəndinə görə əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir: -21.6-cı bəndinə görə avtonəqliyyat vasitəsinin bu Qaydalara əsasən səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi.

14. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC arasında xx.xx.2022-ci il tarixli 01LZİZ056022 saylı lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı lizinqə verilmişdir. Lzinq obyekti olan həmin nəqliyyat vasitəsi Cavabdeh Sığorta Şirkəti ASC ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, **********4 saylı sığorta şəhadətnaməsi üzrə xx.xx.2025-ci il tarixədək tam şəkildə sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə X7 ərazisində yol nəqliyyat vasitəsi baş vermiş və nəticədə həmin avtomobilə zərər dəymişdir. Hadisə baş verdiyi zaman avtomobili X6 idarə etmişdir. Sığorta müqaviləsinə əsasən sığortalı və faydalanan şəxs olan "xxxx" MMC sığorta tələbi ilə Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət etmiş, cavabdeh 17 mart 2023-cü il tarixli, O-AP-2023 0346 saylı məktubu ilə sığorta təşkilatı baş vermiş yolnəqliyyat hadisəsini sığorta hadisəsi hesab etmədiyini bildirmiş və sığorta ödənişinin ödənilməsindən imtina etmişdir.

20. Hazırda İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi olduğunu əsas göstərərək həmin hadisə nəticəsində avtomobilə dəymiş zərərin əvəzi olaraq 16.005 manat məbləğində sığorta ödənişinin və həmin ödənişin gecikdirilməsinə görə dəbbə pulunun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsini tələb edir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 884.6 və 909.1-ci maddələrinə, eləcə də Cavabdeh Sığorta Şirkəti tərəfindən təsdiq edilmiş “X1 Sığorta Qaydaları”na görə faydalanan şəxs sığorta müqaviləsi üzrə sığorta ödənişini almaq hüququna malik olan, yəni sığorta müqaviləsinin xeyrinə bağlandığı şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmadığı hallarda sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Faydalanan şəxs sığortalı tərəfindən təyin edilir və sığortalı sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Hazırkı halda sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC və sığortalı "xxxx" BOKT MMC arasında bağlanmış X1 sığortasına dair **********4 saylı sığorta şəhadətnaməsində sığortalı və faydalanan şəxs qismində "xxxx" BOKT MMC göstərilmişdir. Sığorta hadisəsi baş verənədək sığortalı tərəfindən faydalanan şəxsin dəyişdirilməsi isə iş materiallarına əsasən müəyyən edilmir. Belə olan halda isə sığorta haqqında qanunvericiliyinin, eləcə də könüllü sığorta qaydalarının tələbləri baxımından iddiaçının mübahisəli sığorta münasibətlərində faydalanan şəxs hesab edilməsi istisna edilir. Avtomobilin onun sahibliyində və istifadəsində olması və belə olan halda həmin avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməyə dair subyektiv hüquqa malik olması barədə İddiaçı istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, hazırkı iddia tələbi mahiyyət etibarilə iddiaçının avtomobilə dair sahiblik və istifadə hüquqlarına əsaslanaraq irəli sürdüyü əmlaka dəymiş zərərin əvəzinin ödənilməsinə dair deyil, sığorta müqaviləsinə əsaslanan sığorta ödənişinin tutulmasına dair tələbdir. İddiaçı isə iddia tələbinin faktiki əsası kimi istinad etdiyi mübahisəli sığorta müqaviləsi üzrə tərəf (sığortalı və ya sığortaçı) və ya müqavilənin xeyrinə bağlandığı üçüncü şəxs (faydalanan şəxs) qismində çıxış etmədiyindən həmin müqavilə əsasən sığorta ödənişinin, eləcə də həmin ödənişin edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ona ödənilməsini tələb etmək hüququna malik deyildir. Odur ki, kollegiya İddiaçı mübahisəli sığorta müqaviləsi üzrə faydalanan şəxs sayılmadığından sığorta ödənişini almaq hüququna malik olmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya işin digər faktiki hallarının araşdırılmasını ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tuaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6317/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar