Məhkəmə qərarları › İş №2-2(103)-119/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-119/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-119/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi Açar söz: alqı-satqı müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, iddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2413/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarından görünür ki, “alıcı” Cavabdeh MMC “satıcı” Çin Xalq Respublikasının hüquqi şəxsi olan “İddiaçı” Şirkəti olmaqla tərəflər arasında 101/19/SA nömrəli 25 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə qeyd edilmişdir ki, təchiz ediləcək malların miqdarı, təchiz edilməsi müddəti və şərtləri, qiyməti və ödəniş şərtləri Satınalma Sifarişində (müqavilənin mətnində SS) göstəriləcək, ödəniş ABŞ dolları ilə həyata keçiriləcəkdir. Müqavilənin mətni ingilis və azərbaycan dillərində olmaqla iki dildə tərtib edilmişdir. -Müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, SS-də göstərilmiş malların qiyməti heç bir halda dəyişdirilə bilməz. -Müqavilənin 2.3-cü bəndinə əsasən başqa qayda tərəflərlə razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 60 (altmış) gün ərzində satıcının bank hesabına ödənilir. -Müqavilənin 7.2-ci bəndinə əsasən alıcının ilk istifadə tarixindən on iki (12) ay ərzində, amma çatdırılma tarixindən on səkkiz (18) aydan gec olmayaraq satıcıya malların keyfiyyatınə dair iddia təqdim etmək hüququ vardır. -Müqavilənin 9.2-ci bəndinə əsasən əgər tərəflər razılığa gələ bilməzlərsə, mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll olunacaq.

2. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli ********** nömrəli satınalma sifarişinə (purchase order) əsasən 1.559.250 ABŞ dolları, xx.xx.2020-ci il tarixli ********** nömrəli satınalma sifarişinə əsasən 1.653.750 ABŞ dolları olan kimyəvi barit məhsulu “İddiaçı” Şirkətinə sifariş verilmişdir. Satınalma sifarişlərinə əsasən MSDS uyğunluq sertifikatı olan malın (barium sulfat) 1500 kq çəkisi olan 1 kisənin qiyməti 472,50 dollar təşkil etmişdir. xx.xx.2020-ci il tarixli ********** nömrəli satınalma sifarişinə əsasən 72.800 ABŞ dolları məbləğində tibbi maska, tibbi eynəklər, tibbi qoruyucu geyimlər olmuşdur.

3. İş materiallarına malların göndərildiyini təsdiq edən gömrük sənədləri əlavə edilmişdir. Gömrük sənədlərinə əsasən cavabdehin sifarişi əsasında 2020-ci ilin mart-avqust aylarında idxal edilmiş malların invoys dəyəri 3.260.393 ABŞ dolları təşkil etmişdir. Gömrük sənədlərinə əsasən idxal olunan KB-3 markalı barium sulfat məhsulu QOST 4682-84 standartına uyğun olmuş, məhsul 1,5 tonluq kisələrdə idxal edilmişdir. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən göndərilmiş bütün mallar qəbul edilmiş, bu barədə hesab fakturalar cavabdehə göndərilsə də, malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir.

4. Borcun ödənilməsi barədə cavabdehə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “İddiaçı” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, "xxxx" MMC-dən 3.260.393 ABŞ dolları məbləğində pulun, həmin pulun ödənilməsinin 27 iyul 2022-ci il tarixinə qədər olan müddətə gecikdirilməsinə görə 275.570,20 ABŞ dolları məbləğində faizin və 27 iyul 2022-ci il tarixdən hesablanmaqla 3.260.393 ABŞ dolları məbləğinin tam şəkildə ödənilməsi tarixinədək olan hər təqvim günü üçün 446,63 ABŞ dolları məbləğində faizin tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı” şirkəti ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə cavabdeh iddiaçıdan 3.260.393 ABŞ dolları məbləğində mal almışdır. Lakin, cavabdeh aldığı “malın dəyəri kimi 3.260.393 ABŞ dolları məbləğində vəsaiti iddiaçıya ödəməmişdir. Mübahisənin danışıqlar yolu ilə həlli heç bir nəticə verməmişdir. Cavabdeh 08 aprel 2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdehə iddiaçının ona göndərdiyi pretenziya məktubuna cavab verməmiş və pretenziya məktubunda göstərilən məbləği ödəməmişdir. Bu səbəbdən iddiaçı borcun və faizlərin cavabdehdən tutulması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı “İddiaçı” şirkəti ilə (satıcı qismində) cavabdeh "xxxx" MMC (alıcı qismində) arasında 101/19/SA nömrəli 25 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi (bundan sonra “Alqı-Satqı Müqaviləsi”) imzalanmışdır. Alqı- Satqı Müqaviləsinin 1.1-ci maddəsinə görə “satıcı malları (bundan sonra “mallar” adlanacaq) təchiz edir, alıcı isə həmin malları alır. Təchiz ediləcək malların miqdarı, təchiz edilməsi müddəti və şərtləri, qiyməti və ödəniş şərtləri Satınalma Sifarişində göstəriləcəkdir (bundan sonra “SS” adlanacaq) və SS vahid nömrəyə malik olmaqla bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. “Alqı-Satqı müqaviləsinin 2.1-ci maddəsinə görə “Müqavilənin ümumi qiyməti SS-də müəyyən olunur və ona uyğun olaraq ödənilir. Ödəniş ABŞ dolları ilə həyata keçiriləcəkdir”. Alqı-satqı müqaviləsinin 2.3-cü maddəsinə görə “Başqa qayda Tərəflərlə SS-də razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 60 (altmış) gün ərzində satıcının bank hesabına ödənilir.” Alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıya üç ədəd satınalma sifarişi təqdim etmişdir. Belə ki, ********** nömrəli xx.xx.2019-cu il tarixli satınalma sifarişinə əsasən cavabdeh 1.559.250 ABŞ dolları, ********** nömrəli xx.xx.2020ci il tarixli satınalma sifarişinə əsasən cavabdeh 72.800 ABŞ Dolları və ********** nömrəli xx.xx.2020-ci il tarixli satınalma sifarişinə əsasən cavabdeh 1.653.750 ABŞ dolları məbləğində malı iddiaçıdan sifariş etmişdir. İddiaçı cavabdehin sifarişi əsasında ona faktiki olaraq 3.260.393 ABŞ dolları məbləğində mal təqdim etmişdir və cavabdeh həmin malları faktiki olaraq qəbul etmişdir. 3.260.393 ABŞ dolları məbləğində malın cavabdeh tərəfindən iddiaçıdan qəbul etməsi faktı 133 sayda gömrük bəyannamələri ilə sübut edilir. Belə ki, iddia ərizəsinə əlavə edilən gömrük bəyannamələrindən görünür ki, bəyannamələrdə “mal qəbul edən/idxalatçı” kimi göstərilmiş Cavabdeh MMC həmin bəyannamələrdə “göndərən/ixracatçı” kimi göstərilmiş “İddiaçı” şirkətindən (bax: bəyannamənin 2-ci qrafasına) mal qəbul etmişdir. Bəyannamələrin “valyuta və malların ümumi invoys dəyəri” adlanan 22-ci qrafasında cavabdehin iddiaçıdan qəbul etdiyi malların ABŞ dollarında invoys dəyəri göstərilmişdir. 133 sayda gömrük bəyannamələrində göstərilən bu məbləğləri topladıqda cəmi 3.260.393 ABŞ dollar məbləği alınır. Bəyannamələrin “təqdim olunmuş sənədlər” başlıqlı 44-ci qrafasında malların gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim etdiyi sənədlərin siyahısı göstərilmişdir. Həmin bölmədə görünür ki, mallar “101/19/SA saylı xx.xx.2019-ci il tarixli” müqaviləyə əsasən göndərilmişdir. Həmçinin, 44-cü qrafasında 3001 kodu altında cavabdehin satınalma sifarişinin nömrəsi və tarixi, həmçinin 8001-ci kodu altında isə iddiaçının cavabdehə təqdim etmiş olduğu hesab-fakturanın (invoysun) nömrəsi və tarixi göstərilir. Beləliklə, gömrük bəyannamələri ilə sübut olunur ki, cavabdeh 101/19/SA saylı xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıdan invoys dəyəri toplam 3.260.393 ABŞ dollar olan mal qəbul etmişdir. Bundan əlavə, bəyannamələr ilə sübut olunur ki, iddiaçı cavabdehə mallara dair bütün tələb edilən sənədləri, o cümlədən mallar üzrə hesab-faktura (invoys) təqdim etmişdir, çünki bəyannamələrdə həmin hesab-fakturaya (invoys) istinad edilir və iddiaçı tərəfindən hər hansı bir sənəd təqdim edilməmiş olsaydı malların gömrük rəsmiləşdirilməsi baş tutmuş olmazdı. Cavabdeh xx.xx.2022-ci il tarixədək ödənişin həyata keçirilməsi 617 gün olduğundan illik 5 faizlə 275570,20 ABŞ dolları ( 3.260.393 ABŞ dolları-617 gün-5%/365 gün/100) faiz məbləği cavabdehdən tutulmalıdır. Pulun gecikdirilməsi xx.xx.2022-ci il tarixdən sonra da davam etdiyindən hər gecikdirilmiş gün üçün 446,63 ABŞ dolları cavabdehdən tutulmalıdır.

7. Cavabdehin iddia tələbinə etirazı bundan ibarət olmuşdur ki, hal-hazırda iddia qaldıran “İddiaçı” Şirkətinin onlarla müqavilə bağlamış şirkət olması mötəbər sübutlarla təsdiq olunmur. “İddiaçı” Şirkəti tərəfindən onlara qarşı qaldırılmış iddia subyektiv hüququ olmadığı üçün rədd edilmişdir. Hazırda nümayəndəyə məhkəmədə təmsil olunmaq üçün verilmiş etibarnamə eyni şəxslərin adlarına verilmiş və hər iki iş üzrə eyni şəxs nümayəndə olmuşdur. e-2-2(113)-2601/2021 saylı kommersiya işi üzrə məhkəmədə təmsil olunmaq üçün etibarnamə verən və “X1 Co., Limited” Şirkətinin direktoru Lİ JiQAi hal-hazırda iddiaçı kimi iştrak edən “İddiaçı” Şirkətinin təsisçilərindən biridir. Onun təsisçi olması məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Odur ki, yuxarıda qeyd edilənləri və iddiaçının subyektiv hüququnun olub- olmamasının müəyyən edilməsi məqsədilə - hazırkı iş üzrə 29 avqust 2022-ci il tarixli ərizəyə əlavə edilmiş “İddiaçı” Şirkətinin adından Bakı Kommersiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli möhür əksi olan sənəddəki dairəvi və içində ingilis dili hərifləri ilə “İddiaçı” yazılan möhür ilə e-2-2(113)-2601/2021 saylı kommersiya işinə əlavə edilmiş, iddiaçı “İddiaçı” Şirkətinin direktoru tərəfindən Nümayəndə1 və digərlərinə verilən etibarnamədəki eyni şəkildə dairəvi olan və içində ingilis dili hərifləri ilə “İddiaçı” yazılan möhürlə eyni möhür olub-olmaması barədə rəy verilməsi üçün “sənədlərin texniki” ekspertizası keçirilməlidir

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2413/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müqavilədə nəzərdə tutulmuş malların təhvil verilməsi işin mübahisəsiz halıdır. Belə ki, müxtəlif tarixlərdə tərtib edilmiş gömrük bəyannamələrinə əsasən “İddiaçı” Şirkəti tərəfindən Cavabdeh MMC-yə məhsullar göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək, müqavilədə nəzərdə tutulmuş malları cavabdehə təhvil vermiş, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq təhvil verilmiş mallar üzrə borcunu ödəməmişdir. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilmiş pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazını iddiaçının iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır.

10. Məhkəmə etiraza münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçının iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmamasını məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş iddia ərizəsi və tərəflər arasında imzalanmış müqavilə eyni müəssisə tərəfindən imzalanmış və möhürlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Bununla bağlı olaraq iddia tələbinin əsas borc hissəsində əsaslı olması iş materialları ilə təsdiqini tapdığından təmin edilməlidir.

11. Məhkəmə cavabdehin müqavilə üzrə öhdəliyini icra etməsini nəzərə alaraq hesab etmişdir ki, MM-nin 445.7-ci maddəsinə əsasən cavabdehdən 275.570,20 ABŞ dolları məbləğində faiz iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə iddiaçının 27 iyul 2022-ci il tarixdən hesablanmaqla 3.260.393 ABŞ dolları məbləğinin tam şəkildə ödənilməsi tarixinədək olan hər təqvim günü üçün 446,63 ABŞ dolları məbləğində pul tutulmasına dair hissədə iddiasını borcun hansı tarixə hesablandığı qeyri- dəqiq olduğu üçün təmin etməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2413/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daha əvvəl də eyni adlı yəni, “İddiaçı” Şirkəti adında şirkət tərəfindən Cavabdeh MMC-yə qarşı 101/19/SA nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə pul tələbi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 2601/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə iddiaçı olmuş “İddiaçı” Şirkətinin nümayəndəsi Nümayəndə1dur və etibarnamə eyni şəxslərə eyni qaydada səlahiyyətlər verilmişdir. xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2601/2021 nömrəli kommersiya işi üzrə iddiaçı olmuş (hansı ki, iddiası rədd edilmişdir) “İddiaçı” Şirkətini təmsil etmək üçün etibarnamə verən Şirkətin təkbaşına direktoru Lİ JİQAİ hazırkı iş üzrə iddiaçı“İddiaçı” Şirkətinin iki təsisçisindən biridir. Bu hal kommersiya işinə əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş Şirkətin sənədləri ilə təsdiq olunur. Hazırkı kommersiya işi üzrə iddiaçı – "xxxx" Şirkətinin təsis edildiyi tarixi təsdiq edən sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməyib. 101/19/SA nömrəli xx.xx.2019-cu il tarixli müqavilə tərəfi olan “İddiaçı” Şirkətinin möhürü ilə hazırkı iddiaçı “İddiaçı” Şirkətinin möhürləri fərqli dillərdə və fərqli şəkillərdədir. Məhkəmənin istinad etdiyi iddiaçı “İddiaçı” Şirkətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli möhür əks olunan məktubu mötəbər hesab edilə bilməz. Ona görə ki, həmin vaxta qədər təqdim edilən bütün sənədlərdəki möhürlər (Etibarnamə və digər sənədlərdəki) qırmızı və müqavilədə olmayan möhürlərdir. Bütün bunlar bir daha təsdiq edir ki, hal-hazırda iddiaçı olan "xxxx" Şirkəti ya digər möhürə malik başqa şirkətdir ya da daha əvvəl iddia qaldırmış və iddia tələbi rədd edilmiş eyni adlı “İddiaçı” Şirkətidir. Bu ziddiyyətin araşdırılması üçün tərəfimizdən “Sənədlərin texniki ekspertizasının keçirilməsi barədə” vəsatət verilərək iddiaçının subyektiv hüququnun olubolmamasının müəyyən edilməsi məqsədilə - hazırkı iş üzrə 29 avqust 2022-ci il tarixli ərizəyə əlavə edilmiş “İddiaçı” Şirkətinin adından Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli möhür əksi olan sənəddəki dairəvi və içində ingilis dili hərifləri ilə “İddiaçı” yazılan möhür ilə e-2-2(113)-2601/2021 saylı kommersiya işinə əlavə edilmiş, iddiaçı “İddiaçı” Şirkətinin direktoru tərəfindən Nümayəndə1 və digərlərinə verilən etibarnamədəki eyni şəkildə dairəvi olan və içində ingilis dili hərifləri ilə “İddiaçı”yazılan möhürlə eyni möhür olub-olmaması barədə rəy verilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə tərəfindən vəsatət heç bir əsaslandırma edilmədən təmin edilməmişdir. Məhkəmə mübahisəyə MM-nin 385.1, 425.2, 442, 567, 587.2.1, 445.1 və 445.7-ci maddələrini səhv tətbiq etmişdir. Ona görə ki, Cavabdeh MMC hazırkı iş üzrə iddiaçı olan “İddiaçı” Şirkəti qarşısında öhdəlik götürməmiş və onunla aralarında müqavilə bağlanmamamışdır. İddia ərizəsində istinad edilən xx.xx.2019-cu il tarixli müqavilənin tərəfi olan “X2Co., Limited” şirkəti hazırkı iş üzrə iddiaçı şirkət deyil. Qətnamədə qeyd edilən maddi hüquq normalarını mübahisəyə tətbiq etmək üçün sənədlərin texniki ekspertizası keçirilməlidir. Bundan sonra iddiaçının subyektiv hüququnun olması müəyyən edildikdən sonra müqavilə üzrə öhdəlikləri araşdırıb mübahisəyə uyğun maddi hüquq normaları tətbiq edilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətində və yazılı mülahizələrdə irəli sürülən dəlillər əsasında şikayətin təmin edilməsini xahiş etmişdir.

16. İddiaçının nümayəndələri apellyasiya şikayətinə yazılı etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddə-alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.1-ci maddəsin əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 445.1-ci maddə-icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddə- borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 337.1-ci maddə-bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddə-əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddə-hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 398.1-ci maddə-müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2-ci maddə-müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 390.1-ci maddə-fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.4-cü maddə-apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 354.2-ci maddə -bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2413/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə ilk öncə mübahisənin məhkəmə aidiyyəti ilə bağlı qeyd edir ki, iddia xarici dövlətin (Çin Xalq Respublikasının) hüquqi şəxsi tərəfindən qaldırıldığından xarici elementlidir. Tərəflər arasında bağlanmış 101/19/SA nömrəli 25 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 9.2-ci bəndində tərəflər arasında müqavilədən irəli gələn mübahisəli məsələlərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində baxılması nəzərdə tutulduğundan işə Bakı Kommersiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılması qanuni və əsaslı hesab edilir.

21. İddiaçının müqavilə tərəfi olan hüquqi şəxs olmaması və hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlilləri araşdırılaraq müəyyən edilmişdir ki, iddianın cavabdehlə bağlanmış 25 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin tərəfi olan “X3 Co., Limited” Şirkəti tərəfindən qaldırıldığı işdəki sübutlarla təsdiq edilir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin mətnində “X3 Co., Limited” Şirkətini eyniləşdirməyə imkan verən iki məlumat qeyd edilmişdir: şirkətin təsis edildiyi ölkənin adı (Çin Xalq Respublikası) və şirkətin olduğu ünvan (Şanxay şəhəri, Jiading rayonu, Bao yolu, N 4229, 4-cü mərtəbə, otaq J). İddiaçının iş materiallarına əlavə edilmiş nizamnaməsində onun Çin Xalq Respublikasının qanunvericiliyə uyğun yaradıldığı və hüquqi ünvanının Şanxay şəhəri, Jiading rayonu, Baoban rd, N 4229, 4-cü mərtəbə, otaq J olduğu qeyd olunur. İddia ərizəsini iddiaçının adından imzalamış vəkil olan nümayəndəyə xx.xx.2021-ci il tarixdə verilmiş və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən leqallaşdırılmış etibarnamədə həmin etibarnamənin hüquqi ünvanı Şanxay şəhəri, Jiading rayonu, Baoban rd, N 4229, 4-cü mərtəbə, otaq J olan “X3 Co., Limited” Şirkəti tərəfindən verildiyi qeyd edilmişdir.

22. Müqaviləyə “X3 Co., Limited” Şirkəti tərəfindən vurulmuş möhür əksi ilə nümayəndəyə verilmiş etibarnamədəki möhür əksinin eyni olmamasına iddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli izahedici məktub göndərilmiş, məktubda qeyd edilmişdir ki, “X3 Co., Limited” Şirkətinin iki ədəd korporativ möhürü var: içərisində beşgüşəli ulduz rəsmi olan və şirkətin Çin dilində adı yazılmış qırmızı rəngli dairəvi korporativ möhür, şirkətin adının ingilis dilində yazıldığı göy rəngli dairəvi möhür. Məktubda qeyd edilmişdir ki, iddiaçı bir qayda olaraq Çin dilində yazılar olan qırmızı rəngli möhürdən dövlət orqanları tərəfindən təsdiq edilməli olan və ya Çindən olan tərəfdaşlarla imzalanmalı olan sənədlərin təsdiqi üçün (həmin şəxslər möhürün içindəki yazını anlaya bilsinlər deyə) istifadə edir. Üzərində ingilis dilində yazılar olan möhürdən isə Çindən olmayan tərəfdaşlarla sənədlərin təsdiq edilməsi üçün istifadə edilir. Hər iki möhürün əksi qeyd edilən məktuba vurulmuşdur. Qeyd edilən məktub və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş invoysların üzərinə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindəki göy rəngli möhürün vurulması belə qənaətə gəlməyə əsas verir ki, hər iki möhür həqiqətən iddiaçının sahibliyindədir.

23. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatəti əsasında “İddiaçı” Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin sonuncu vərəqinə vurulmuş, üzərində “İddiaçı” yazısı olan möhür əksi ilə iş materiallarının 3-cü cildinin 1-132-ci vərəqlərindəki invoys sənədlərinin və 2-ci cildin 210-cu vərəqinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli məktubun üzərindəki möhür əksi ilə eyni olub-olmadığının müəyyənləşdirilməsi üçün sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/76 saylı rəyində qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli müqavilənin əsli iş materiallarında olmadığından və əslinin ekspertizaya təqdim edilməsi barədə ekspert tərəfindən vəsatət verildiyi halda sənədin əsli nə iddiaçı, nə də cavabdeh tərəfindən təqdim edilmədiyindən məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında iddianın cavabdehlə xx.xx.2019-cu il tarixli müqavilə tərəfi Çin Xalq Respublikasının hüquqi şəxsi “İddiaçı” tərəfindən qaldırılması barədə mötəbər sübutlar (hüquqi şəxsin nizamnaməsi, hüquqi şəxsin qeydiyyat bildiirşi, nümayəndəyə verilmiş və leqallaşdırılmış etibarnamə, müqavilənin təsdiq edildiyi möhürlə təsdiq edilmiş sübutlar olduğu halda cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübut təqdim etmədiyindən iddiaçının subyektiv hüququ olmadığına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.

25. Cavabdehin apellyasiya şikayətində dəlil olaraq qeyd etmədiyi, işə apellyasiya qaydasında baxılarkən nümayəndəsi və vəkili tərəfindən şifahi və yazılı olaraq verdiyi izahatlarda irəli sürdüyü mülahizələrlə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 361-ci maddəsinə əsasən apellyasiya şikayəti vermiş şəxsin dəlilləri apellyasiya şikayətində öz əksini tapmalı və apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində irəli sürülmüş dəlillər üzrə (şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməsinin yoxlanılması istisna olmaqla) araşdırma aparmalıdır. Prosessual qanunvericilikdə apellyasiya şikayətində öz əksini tapmamış dəlillərə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulmasa da məhkəmə mübahisənin obyektiv və hərtərəfli araşdırılması prinsipini rəhbər tutaraq cavabdeh tərəfindən iddiaya etiraz olaraq irəli sürülmüş bütün dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Cavabdeh apellyasiya instansiyası mərhələsində iddia tələbinin aşağıdakı əsaslarla rədd edilməli olduğunu göstərmişdir: -Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh MMC-nin əvvəlki baş direktoru Ramin İsayev iddiaçı ilə qanunsuz razılaşmaya girərək barium sulfat məhsulunu daha aşağı qiymətlə əldə etmək imkanı olduğu halda iddiaçıdan şişirdilmiş yuxarı qiymətlə-1 tonu 297 ABŞ dolları olmaqla əldə edilmişdir. Keçmiş baş direktorun həyata keçirdiyi biznes əməliyyyatlarının araşdırılması üçün audit yoxlaması aparılmış, “PwC İL” şirkəti tərəfindən hazırlanmış audit hesabatına əsasən direktroun bir sıra şirkətlərdən yüksək qiymətlərlə mal alınması barədə müqavilələr imzaladığı müəyyən edilmişdir. -İddiaçıdan alınmış məhsulun lazımı keyfiyyətdə olmaması mütəxəssis rəyi əsasında müəyyən edilmişdir. Məhkəməyə bu barədə Halliburton tərəfindən tərtib edilmiş barit məhsulunun laboratoriya analizinin nəticələrini əks etdirən xx.xx.2021-ci il tarixli hesabat təqdim edilmişdir. Bu hesabatdan görünür ki, laborator analiz üçün təqdim olunmuş 1-ci lot üzrə “Barit 4.1” məhsulu 1-ci cədvəlin 4-cü sətrində yer alan keyfiyyət göstəricisi üzrə X4 tərəfindən müəyyən edilmiş standartlara uyğun deyil. İkinci lot üzrə təqdim edilmiş “Barit” məhsulu 2-ci cədvəlin 2-ci sətrində yer alan keyfiyyət göstəricisi üzrə APİ tərəfindən müəyyən edilmiş standarta uyğun deyil. "xxxx" Şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və "xxxx" MMC-yə təqdim edilmiş “Məhsulun uyğunsuzluğu barədə məruzə” adlı 004 saylı Hesabatda qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış məhsul hesabatın mətnində qeyd edilmiş səbəblərə görə qüsurludur.

26. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında cavabdeh tərəfindən təqdim edilmiş sübutlara etiraz edərək bildirmişdir ki, həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilmədiyindən hazırkı mərhələdə qəbul edilə bilməz. Bundan əlavə satılmış barium sulfat məhsulunun APİ və X4 tərəfindən müəyyən edilmiş standartlara uyğun məhsul olması barədə tələb nə müqavilədə, nə də satınalma sifarişində qeyd edilmədiyindən bu standartlara uyğun olmaması məhsulun keyfiyyətsiz olması kimi qiymətləndirilə bilməz. Məhsul QOST standartına uyğun olmuş və həmin standarta uyğunluğu barədə sertifikat təqdim edilmişdir.

27. Məhkəmə kollegiyası iddiaçının bu mövqeyi ilə razılaşaraq hesab edir ki, satılmış məhsulun keyfiyyətsizliyi ilə bağlı cavabdehin hər hansı mötəbər sübutla təsdiq edilməyən mülahizələri iddianın rədd edilməsi üçün əsas ola bilməz.

28. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində alıcının ilk istifadə tarixindən on iki (12) ay ərzində, amma çatdırılma tarixindən on səkkiz (18) aydan gec olmayaraq satıcıya malların keyfiyyatınə dair iddia təqdim etmək hüququ olduğu nəzərdə tutulduğundan, cavabdeh tərəfindən isə iddiaçıya bu müddətlər ərzində satılmış malın keyfiyyətsiz olması ilə bağlı hər hansı pretenziya irəli sürmədiyindən məhkəmə hesab edir ki, apellyasiya instansiyası mərhələsində satılmış malın keyfiyyəti ilə bağlı pretenziya irəli sürülməsi, o cümlədən alqı-satqı müqaviləsini ləğv etmədən və qüsurlu hesab etdiyi malı satıcıya geri qaytarmadan bu əsasla cavabdehin ödənişdən imtina etməsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 587-ci maddəsi alıcıya yalnız əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alqı-satqı müqaviləsini ləğv etmək hüququ verir və 587.5-ci maddədə nəzərdə tutulur ki, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Alıcının bu tələbə riayət etməməsi ödənişdən imtina etmək hüququnu istisna edir.

29. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə satılmış malların 72.800 ABŞ dolları məbləğində hissəsi (xx.xx.2020-ci il tarixli ********** nömrəli satınalma sifarişinə əsasən) tibbi maska, tibbi eynəklər, tibbi qoruyucu geyimlər olduğu və həmin malların keyfiyyətinə və qiymətinə cavabdehin hər hansı etirazı olmadığı halda qeyd edilən malların da dəyəri ödənilməmişdir.

30. Cavabdehin vəsatəti əsasında apellyasiya instansiyası mərhələsində iddiaçı tərəfindən satılmış barium sulfat məhsulunun orta bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7739 saylı rəyində QOST 4682-84 standartına uyğun təbii barium sulfat məhsulunun (chemical barite) 2019-cu ildə dünya bazarında olan bazar dəyərinin 155 ABŞ dolları olduğu qeyd edilmişdir. Rəyin məzmununda qeyd edilən qiymətin iş materiallarının -ci cildinin 118-119-u vərəqlərinə əlavə edilmiş “Mining Technolojy KZ” şirkətinin (Qazaxıstan Respublikası) xx.xx.2020-ci il tarixli məktubuna və internet saytlarında olan barium sulfat məhsulu satan digər Qazaxıstan şirkətlərinin qiymətlərinə istinad etmişdir. Məhkəmə hesab edir ki, ekspert qarşısında dünya bazarında olan qiymətlər əsas götürülməklə barium sulfat məhsulunun orta bazar dəyərinin müəyyənləşdirilməsi barədə sual qoyulduğu halda rəydə yalnız Qazaxıstan Respublikasındakı qiymətlərə istinad edildiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

31. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin MM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla etibarsız müqavilə olduğuna dair cavabdeh tərəfindən irəli sürülmüş mülahizələr məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə qeyd edir ki, MM-nin 337.2-ci maddəsinə əsasən müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən bu müddət kəsici müddət olmaqla müddətin axımı tərəfin öz hüququnun pozulduğunu bildiyi vaxtdan başlayır. Hazırkı halda cavabdeh qarşı tərəfə müqavilənin etibarsız olduğuna dair iradə ifadəsi bildirməmiş, yalnız apellyasiya instansiyası mərhələsində nümayəndəsi bu barədə mülahizə təqdim etmişdir.

32. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi halı əsaslı dəlillərlə təsdiq edilmədiyi təqdirdə hüquqi şəxsin əvvəlki direktorunun fəaliyyəti dövründə bağlanmış müqavilələrdəki qiymətlərin həmin malın orta bazar dəyərindən artıq olması alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilməz. Belə ki, MM-nin 390.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə azadlığı prinsipinə və MM-nin 398.1-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Hazırkı iş materiallarında iddiaçı ilə əvvəlki direktor arasında qanunsuz razılaşma olması barədə hər hansı mötəbər sübut mövcud deyil. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, mübahisələndirilən müqavilə üzrə satılmış malların dəyəri direktor R.İsayevin fəaliyyəti dövründə də iddiaçıya ödənilməmişdir.

33. Cavabdeh sonuncu məhkəmə iclasında əvvəlki direktor Ramin İsayevin fəaliyyəti zamanı yol verdiyi pozuntularla əlaqədar onun barəsində cavabdehin ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 308.2-ci maddələri ilə cinayət işi qaldırıldığından iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, məhkəmə iş üzrə icraatın dayandırılması əsası kimi qanunda nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmadığından vəsatəti əsassız hesab etmişdir. Məhkəmə qeyd edir ki, əvvəlki direktor Ramin İsayevin fəaliyyətinin cavabdehin mənafeyinə uyğun olmaması və nəticədə hüquqi şəxsə ziyan dəyməsi cavabdehə əvvəlki direktora qarşı ziyanın ödənilməsi üçün iddia qaldırmaq hüququ versə də, əqdin etibarsızlığını şərtləndirən əsasların mövcudluğu təsdiq edilmədiyi halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz.

34. MPM-nin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normaya əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası mərhələsində təyin edilmiş ekspertizalara görə 130 manat ekspertiza xərci cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.

35. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2413/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2413/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə cəmi 130 manat ekspertiza xərci tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar