Məhkəmə qərarları › İş №2-2(103)-1191/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1191/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1191/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) nümayəndəsi Nümayəndə, Cavabdeh şirkətinin (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Vəkil iştirakı ilə pul tələblərinə dair ilk və qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1770/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc olaraq 12.152,07 manat, gecikdirilmiş vaxt üçün 607,60 manat məbləğdə pul vəsaitinin, 30 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1.000 manat pul məbləğinin, cəmi 13.789,67 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddianın əsaslarına görə, müqavilə bağlandığı tarixdən indiyədək iddiaçı tərəfindən cavabdehə gömrük rəsmiləşdirilməsi xidmətinin təşkili, yüklərin daşınması (hava, dəniz, dəmir yolu və yerüstü), müvəqqəti anbar saxlama xidməti, yükləmə-boşaltma işləri və tərəflər arasında digər razılaşdırılmış xidmətlər göstərilmişdir və həmin xidmətlərin həyata keçirilməsi zamanı iddiaçı tərəfindən müxtəlif məbləğlərdə vəsaitlər xərclənmiş, cavabdehin əvəzinə qeyd olunan xidmətlərin göstərilməsi zamanı ödənilməli olan vergilər və rüsumlar ödənilmiş və müqavilənin şərtlərinə tam riayət edilmişdir. Göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin, dövlət rüsumlarının və xidmət haqlarının bir qismi müxtəlif tarixlərdə cavabdeh tərəfindən ödənilsə də, elektron qaimələr elektron qaydada onlara göndərilməsinə baxmayaraq, sözügedən məbləğlər indiyədək ödənilməmiş və cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Halbuki, müqavilənin 3.3-cü bəndinə əsasən müştəri ekspeditorun xidmətlərinin haqqını hesab-fakturaları aldığı tarixdən 10 bank günü ərzində ödəməlidir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində vurulmuş 240.000 manat ziyana görə kompensasiyanın ödənilməsinin iddiaçının üzərinə qoyulması və ilk iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə, tərəflər arasında bağlanmış 09.05.2019-cu il tarixli müqavilənin 1.2-ci bəndinin tələbinə əsasən iddiaçının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmə səbəbindən cavabdehə 300.000 manatdan artıq ziyan dəymişdir. Belə ki, iddiaçı müqavilə şərtlərinə əsasən yerinə yetirməli olduğu “Gömrük rəsmləşdirmə xidmətinin təşkili”ni həyata keçirməmişdir. Cavabdehlə “X1 Kompani” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri“nə dair UB197/2019 nömrəli müqavilə şərtlərinə görə cavabdeh Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərinin aparılması ücün 17.10.2019-cu il tarixli Ümid 40/02 nömrəli sertifikata əsasən yeni malların gətirilməsi zərurəti yarandığından, əlavə olaraq XİFƏN kodların əlavə olunaraq sertifikat verilməsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən Xəzər Rayon Məhkəməsinin 3(003)-114/2020 nömrəli 07.02.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 47.017,94 manat məbləğdə, 3(003)-116/2020 nömrəli 06.02.2020-ci il tarixli icra sənədinə əsasən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 38.324,72 manat məbləğdə, 3(003)-115/2020 nömrəli 20.02.2020-ci il tarixli icra sənədinə əsasən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 10.743,68 manat məbləğdə, 3(003)-117/2020 nömrəli 21.02.2020-ci il tarixli icra sənədinə əsasən İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.1-ci maddələri ilə 43.568,16 manat məbləğdə, 3(003)243/2020 nömrəli 18.03.2020-ci il tarixli icra sənədinə əsasən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 47.734,64 manat məbləğdə, 3(003)- 242/2020 nömrəli 31.05.2020-ci il tarixli icra sənədinə əsasən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 30.101,71 manat məbləğdə olmaqla, ümumilikdə 240.000 manatdan artıq cərimə tətbiq edilərək, cavabdehin hesabından tutulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən 01.04.2019-cu il tarixli GS001/2019 nömrəli ekspeditor xidmətləri haqqında müqavilə üzrə əsas borc olaraq 12.152,07 manatın, gecikdirilmiş vaxt üçün 436,01 manat məbləğdə pul vəsaitinin, həmçinin hüquqi xidmətlərə görə 500 manatın, ümumilikdə 13.088,08 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi 28,53 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın rədd edilməsini, qarşıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı cavabdehə məxsus olan yüklərin hava, dəniz və yerüstü daşımalarını, yükləmə-boşaldılmasını, saxlanılmasını və gömrük rəsmiləşdirilməsini həyata keçirsə də, həmin xidmətlərin dəyəri reallığı əks etdirmir, qiymətlər şişirdilmiş və həmin xidmətlərin görülməsinə dair hesab-fakturalar vaxtında təqdim edilməmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi xidmətlərin siyahısı və hər bir xidmətin dəyəri barədə məlumatlar cavabdehə verilməmiş və həmin xidmətlərə görə göstərilən qiymətlər tərəflər arasında razılaşdırılmamışdır. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunan elektron qaimələrdə yüklərin daşınması- boşaldılması işləri, gömrük rəsmiləşdirilməsi xidmətlərinin sayı bir neçə dəfə göstərilmişdir. Həmçinin, bir yükün daşınması üçün çəkilən xərclər təkrar olaraq yenidən tutulma üçün təqdim edilmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddianın təmin edilməməsində də haqlı olmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının rəhbəri Nümayəndə cavabdeh tərəfindən verilmiş etibarnamələr əsasında şirkətin ünvanına gələn və ixrac olunan yüklərin müvafiq qaydada gömrük proseduru altında gömrük sərhəddindən keçirilməsi ilə bağlı zəruri gömrük rəsmiləşdirmə işlərinin aparılması, yüklərin rəsmiləşdirilməsi zamanı cavabdehin maraqlarının gömrük orqanları qarşısında təmsil etmək üçün səlahiyyətli şəxs olmuşdur. Lakin o, bu səlahiyyətlərini layiqincə icra etməmiş, nəticədə cavabdehə külli miqdarda ziyan vurmuş, Nümayəndə gömrük orqanlarına verdiyi izahatlarında da bunları etiraf etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən edilir ki, 01.04.2019-cu il tarixli GS001/2019 nömrəli Ekspeditor xidmətləri haqqında müqaviləyə görə, ekspeditor-iddiaçı hava, dəniz və yerüstü yüklərin daşınması, saxlanılması və gömrük rəsmiləşdirilməsi üçün öz xidmətlərini təklif edir, müştəri-cavabdeh isə öz yüklərinin daşınması, saxlanılması və gömrük rəsmiləşdirilməsi üçün ekspeditorun təklif etdiyi xidmətlərdən istifadə edir. Müqavilənin: 1.2-ci bəndinə görə, ekspeditor müştərinin sifarişinə əsasən aşağıda qeyd olunan xidmətləri təqdim etməyi, müştəri isə tərəflər arasında razılaşdırılmış ekspeditorun xidmət haqqını ödəməyi öz öhdəsinə götürür: gömrük rəsmiləşdirilməsi xidmətinin təşkili; yüklərin daşınması (hava, dəniz, dəmir yolu və yerüstü); müvəqqəti anbar saxlama xidməti; yükləmə-boşaltma işləri; tərəflər arasında digər razılaşdırılmış xidmətlər; 2.8-ci bəndinə əsasən, müştəri hazırkı müqavilə əsasında xidmətlərin göstərilməsi üçün tələb olunan sənədləri (mənşə və uyğunluq sertifikatları, kommersiya invoysu, qablaşdırma siyahısı və s.) ekspeditora təqdim etməlidir; müqavilənin 3.3-cü bəndinə görə, müştəri ekspeditorun xidmətlərinin haqqı hesab-fakturaları aldığı tarixdən 10 bank günü ərzində nağd və ya bank köçürmə yolu ilə tam şəkildə ekspeditora ödəməlidir. EBAİ 579701 nömrəli 09.04.2020-ci il tarixli (2.277,58 manat), EBAK 330888 nömrəli 31.05.2020-ci il tarixli (5.237,18 manat), EBAN 135389 nömrəli 03.08.2020-ci il tarixli (785 manat), EBAN 135004 nömrəli 03.08.2020-ci il tarixli (640 manat) və EBAM 716959 nömrəli 03.08.2020-ci il tarixli (3.212,31 manat) elektron qaimələrdən və elektron qaimələrdəki məbləğləri əks etdirən invoyslardan müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin (yüklərin daşınması-boşaldılması işləri, gömrük rəsmiləşdirilməsi xidməti və sair) ümumi dəyəri 12.152,07 manat (ƏDV tətbiq edilmir) təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin işdə olan inzibati xəta haqqında işlər üzrə 3(003)-20/2020 nömrəli 08.01.2020-ci il tarixli, 3(003)-115/2020 nömrəli 06.02.2020-ci il tarixli, 3(003)-114/2020 nömrəli 07.02.2020-ci il tarixli, 3(003)-117/2020 nömrəli 21.02.2020-ci il tarixli, 3(003)-243/2020 nömrəli 18.03.2020-ci il tarixli və 3(003)-242/2020 nömrəli 19.03.2020-ci il tarixli qərarlarından görünür ki, cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinərək, ona inzibati xətanın bilavasitə obyekti olmuş müxtəlif dəyərdə malların müəyyən faizi məbləğində cərimə növündə tənbeh tədbirləri tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 850.1-ci maddəsinə görə, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, ekspeditor-daşıma müqaviləsinə əsasən ona göstərilən nəqliyyat-daşıma-gömrük rəsmiləşdirilməsi xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə tam icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranan borcunu iddiaçıya ödəməlidir. Belə ki, borcun yaranması, tərəflər arasında bağlanmış yazılı müqavilə, iddiaçının cavabdehə təqdim etdiyi və qüvvəyə minmiş elektron qaimələr, yük-gömrük bəyannamələri və bank ödəniş tapşırıqları ilə təsdiq olunur. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, 01.04.2019-cu il tarixli ekspeditor xidmətləri haqqında müqavilənin 2.8-ci bəndinə əsasən hazırkı müqavilə əsasında xidmətlərin göstərilməsi üçün tələb olunan sənədləri (mənşə və uyğunluq sertifikatları, kommersiya invoysu, qablaşdırma siyahısı və sair) ekspeditora təqdim etmə öhdəliyini müştəri, yəni cavabdeh daşıyır. Cavabdeh isə həmin sənədləri iddiaçıya təqdim etdiyini nəinki sübut etmir, bunu heç irəli sürmür də. İkincisi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin cavabdehin İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri (gömrük qaydaları əleyhinə olan inzibati xətalar) ilə təqsirli bilinərək cərimə növündə tənbeh tədbirləi tətbiq edilməsi barədə qərarları 2020ci ilin yanvar-mart aylarını əhatə edir. Lakin elektron qaimələrdən də göründüyü kimi, iddiaçı 2020-ci ilin aprel-avqust ayları üzrə göstərilmiş xidmətlərə görə ödəniş tələb edir. Üçüncüsü, cavabdeh müqavilə öhdəliklərinin pozulması nəticəsində ona dəydiyi güman olunan 240.000 manat məbləğdə zərərin məhz iddiaçı tərəfindən törədilməsi barədə Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının göstərdiyi xidmətlərin dəyərinin reallığı əks etdirmədiyini, qiymətlərin şişirdildiyini və həmin xidmətlərin görülməsinə dair hesabfakturalar vaxtında təqdim edilmədiyini bildirsə də, xidmətlərin dəyərinin əslində nə qədər olduğunu yaxud olmalı olduğunu, hesab-fakturaların nə vaxt təqdim edildiyini və ya təqdim edilməli olduğunu dəqiqləşdirməmiş, bununla bağlı konkret hər hansı fakta istinad etməmişdir. Cavabdehin elektron qaimələrə 5 gün müddətdə etiraz edə biləcəyi halda bunu etməməsi də ona dəlalət edir ki, o, faktiki olaraq hesab fakturalarla razılaşmışdır. Həmçinin, xidmətlərə görə qiymətlər tərəflər arasında razılaşdırılmamışdırsa, cavabdehin eyni qaydada əvvəllər göstərilmiş digər xidmətlərə görə ödəniş etməsi də sonuncu tərəfindən əsaslandırılmamışdır. Eləcə də, cavabdeh hansı xidmətlərin sayının bir neçə dəfə göstərildiyini, hansı yükün daşınması üçün çəkilən xərclərin təkrar olaraq yenidən tutulma üçün təqdim edildiyini də dəqiqləşdirməmişdir. İddiaçının direktoru Nümayəndə gömrük orqanlarına verdiyi izahatında hansısa faktı etiraf etməsi də, cavabdehin əleyhinə nəticələr doğuran hüquqi hərəkətlərdir. İşin 171-ci vərəqində olan həmin izahatdan da görünür ki, Nümayəndə sözügedən izahatı cavabdeh tərəfindən ona verilmiş etibarnamə əsasında, məhz sonuncunun mövqeyi kimi onun nümayəndəsi qismində vermişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımaqla, öhdəliyin icrasından yayınmaq cəhdindən ibarətdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin, qarşılıqlı iddianın isə rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə (cavabdehin nümayəndəliyi MPM-in 50.1, 50.3 və 54.1-ci maddələrinə əsasən cavabdehin özü ilə əvəz edildiyindən, qətnamədə nümayəndəlik sözü şirkət kimi oxunmaqla) dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1770/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi - qətnamədə ““X3 Kompani” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi” sözləri “Cavabdeh şirkəti” kimi oxunmaqla dəyişdirilmədən saxlanılsın. Cavabdeh şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar