Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1192/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5799/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehdən 30 avqust 2023-cü il tarixli, AZL-357 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 fevral 2025-ci il tarixə ödənilməmiş 261,49 manat gecikdirilmiş əsas, 23,92 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30,01 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 6616,20 manat, ümumilikdə 6932,62 manat borc və ödənilmiş 94.85 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair sonradan dəqiqləşdirməklə (xx.xx.2025) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-357 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5799/2025 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5799/2025 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir . Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi vaxtında verilmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh iddia ərizəsini götürdüyü vaxtdan qarşılıqlı iddia ərizəsinin verilməsinə qədər 20 gün müddəti ötürməmişdir. Yəni iddia ərizəsini əldə etdiyi andan 20 gün daxilində vermişdir. Bu barədə iş materiallarında iddia ərizəsini əldə etdiyi barədə qəbz də mövcuddur. Digər tərəfdən məhkəmənin diqqətinə çatdırırıq ki, geri qaytarma qərardadında qeyd edilən digər nöqsanlar aradan qaldırılmış, qarşılıqlı cavabdehə pretenziya göndərilmiş, habelə iddia ərizəsinin surəti ona təqdim edilmişdir. Hesab edirik ki, formal nöqsanlar aradan qalxdığından məhkəmə işin bir icraatda obyektiv baxılması və qanuni nəticəyə gəlinməsi üçün qərardadı ləğv edərək iddia ərizəsini icraata götürməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26.09. 2025-ci il tarixli qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi məsələsinin müzakirə edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materillarına əlavə edilmiş məhkəmə qəbzindən görünür ki, Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 2-2(103)-5799/2025 saylı iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədləri 25 iyul 2025-ci il tarixdə qəbzə imza etməklə əldə etmişdir. Cavabdeh nümayəndəsi vəkili Vəkil tərəfindən xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi və iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz elektron məhkəmə informasiya sisteminə əlavə edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi qanunvercilikdə nəzərdə tutulmuş müddət daxilində verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Yuxarıda göstərilən qərarda formalaşdırılmış hüquqi mövqeyə görə qarşılıqlı iddianın özünəməxsus xüsusiyyətləri, yəni özü-özlüyündə müstəqil tələb olmaması, həmin iddiaya artıq başlamış iş üzrə ilkin iddia ilə birlikdə baxılması həmin iddianın verilməsi zamanı ilkin iddianın üçün nəzərdə tutulan bəzi tələblərə yenidən əməl edilməsini lüzumsuz edir. Kollegiya qeyd edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qarşı tərəfə çatdırılması barədə prosessual tələb cavabdehin və işdə iştirak edən digər şəxslərin məhkəməyə iddia qaldıralacağı, yəni məhkəmə mübahisəsinin başlanacağı barədə, eləcə də həmin mübahisənin mahiyyəti barədə məlumat əldə etməsinə yönəlmişdir. Hazırkı halda ilkin iddia üzrə məhkəmədə iş artıq başlamış, ilkin iddiaçının bu barədə məlumatı olmuş və ilkin iddia ilə birlikdə baxılması üçün verilmiş qarşılıqlı iddia ərizəsi elektron işə yerləşdirilməklə elektron kabineti olan ilkin iddiaçının həmin sənədlərə çatımlılıq imkanı təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasniya məhkəməsi tərəfindən ilk iddia icraata qəbul olunduğundan qarşılıqlı iddia ərizəsidə icraata qəbul olunub baxılmalıdır. Qarşılıqlı iddia tələbi barədə ərizə formal olaraq prosessual qaydaya riayət etmək naminə bir daha ilkin iddiaçıya göndərilməsi prosessual qənaət prinsipinə ziddir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qarşılıqlı iddia tələbi barədə ərizə icraata qəbul olunub baxılamlıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olnumalı, qarşılıqlı iddia ərizəsi icraata qəbul olunub baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyasının qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5799/2025 nömrəli qərardadı ləğv edilsin. Kommersiya işi materialları qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-1192/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1192/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver