Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1193/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3428/2021 nömrəli iş üzrə 09 sentyabr 2021ci il tarixli qərardadından cavabdehin şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 6.976,5 manat əsas borcun və 2.155,77 manat ƏDV borcunun, ödənişin gecikdirilməsinə görə 2.313,06 manat dəbbə pulunun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianı təmin tədbiri barədə ərizə təqdim edərək, cavabdehin mülkiyyətində olan 2007-ci il istehsalı olan **-AE-*** dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı, 2012-ci il istehsalı olan **-PL-*** dövlət nömrə nişanlı “Kia Rio” markalı və 2008-ci il istehsalı olan **-AR-*** dövlət nömrə nişanlı “Mitsubishi L300” nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.09.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin mülkiyyətində olan 2007-ci il istehsalı olan **-AE-*** dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı, 2012-ci il istehsalı olan **-PL-*** dövlət nömrə nişanlı “Kia Rio” markalı və 2008-ci il istehsalı olan **-AR-*** dövlət nömrə nişanlı “Mitsubishi L300” nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmuşdur. Qərardadla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması şirkətin fəaliyyətinə mənfi təsir göstərəcək və şirkətin fəaliyyətində ciddi çətinliklər yaradacaq. Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, MPM-in 158.1.1-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri qismində cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Lakin işdən göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin 09.09.2021-ci il tarixli qərardadı ilə ərizə məhz nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması hissədə təmin edilməmişdir. Başqa sözlə, cavabdeh nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasından şikayət versə də, iş üzrə belə bir tədbir tətbiq olunmamış, nəqliyyat vasitələrinin yalnız özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmuşdur ki, bu da onların iqtisadi fəaliyyətdə iştirakına maneə deyil. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3428/2021 nömrəli iş üzrə 09 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-1193/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1193/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver