Məhkəmə qərarları › İş №2-2(103)-1195/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1195/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1195/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli e-2-2(113)-2607/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan X1” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “Azərbaycan X1” MMC ilə Cavabdeh arasında imzalanmış 20.02.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş V/K markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan X1” MMC ilə Cavabdeh arasında imzalanmış 20.02.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq, dəyəri 800 manat olan SDVC markalı 1 (bir) ədəd soyuducu “Azərbaycan X1” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, 20.02.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bu günə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçı “Azərbaycan Koka – X2” MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı “Azərbaycan Koka – X2” MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2-2(113)-2607/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsində qeyd edilmiş əsaslarla iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd edir ki, “iddiaçı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə təqdim etsə də, sözügedən soyuducunun (markası, nömrəsi və digər rekvizitlər göstərilməklə) təhvil verilməsi və cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən mötəbər sübutları (təhviltəslim aktı və s.) məhkəməyə təqdim etməmişdir.” Halbuki, “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 5.1-ci bəndində göstərilir ki, müqavilənin 2.1.1ci bəndində göstərilən əmlаk müqavilə imzalandığı andan təhvil vеrilmiş hesab edilir. Müqavilənin 2.1.1-ci bəndində isə göstərilir ki, V/K markalı dəyəri 800 manat olan soyuducu istifadəçinin əvəzsiz istifadəsinə verilir. Müqavilə şərtlərindən də göründüyü kimi, müqavilə imzalandığı andan dəyəri 800 manat olan V/K markalı soyuducunun istifadəçiyə verilməsi öz təsdiqini tapır. Faktiki olaraq soyuducunun cavabdehə verilməsinə dair müqavilə var, geri qaytarılmasına dair isə heç bir sənəd yoxdur. Görünür ki, hakim bu kimi halları hər tərəfli araşdırmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 386 və 390-cı maddələrinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılması 03.11.2021-ci il tarixə təyin edilmiş, tərəflərin iştirakının təmin edilməsi üçün 15 dekabr 2021-ci il tarixə salınmış, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də iclaslarda iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli e-2-2(113)-2607/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. 20.02.2019-cu il tarixli, 17372 nömrəli tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, dəyəri 800 manat olan V/K markalı 1 (bir) ədəd soyuducu “Azərbaycan X1” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə “İstifadəyəverən” tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir. Müqavilənin 2.27-ci bəndində qeyd edilir ki, müqaviləyə xitam verildikdə, istifadəçi - Cavabdeh əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.7-ci bəndinə əsasən istifadəyə verilən əmlakın “İstifadəçi” tərəfindən hər hansısa formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini “İstifadəyəverən”in nəfinə ödəməyi öz öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş pretenziya məktubundan görünür ki, cavabdehdən soyuducunun 3 gün ərzində soyuducunun geri qaytarılması tələb olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş poçt xəbərnaməsinə əsasən pretenziya məktubu 05.04.2021-ci il tarixdə cavabdehə təqdim edilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1, 448.1, 732, 736.1, 736.2 və 736.3-ci maddələri). Birinci instansiya məhkəməsi qeyd edilən normalara düzgün olaraq istinad etmiş, lakin sonda hesab etmişdir ki, iddiaçı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə təqdim etsə də, sözügedən soyuducunun (markası, nömrəsi və digər rekvizitlər göstərilməklə) təhvil verilməsi və cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən mötəbər sübutları (təhvil-təslim aktı və s.) məhkəməyə təqdim etmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə işin hallarına uyğun deyil. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində qeyd edilir ki, əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. Cavabdeh müqaviləni imzalamaqla əmlakı təhvil aldığını qəbul etdiyindən əmlakın təhvil verildiyi iddiaçı tərəfindən sübut edilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçının tələbi fərdi müəyyən əşyanın qaytarılması deyil, onun vaxtında qaytarılmaması nəticəsində zərərin ödənilməsi barədə olduğundan müqavilədə soyuducunun dəyərindən savayı digər rekvizitlərinin qeyd edilməməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli e-2-2(113)- 2607/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1600 manat pul və 30 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli e-2-2(113)-2607/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1600 manat pul və 30 manat dövlət rüsumu tutulsun. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar