Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1199/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənilməsi tələbinə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli 2-2(113)-569/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 36.000 manat sığorta ödənişi, sığorta ödənişinin verilməsini gecikdirdiyinə görə hesablanmış 19620 manat dəbbə pulu, mənəvi zərərin əvəzi kimi 5.000 manat, 8000 manat əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 68.650 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 168,1 m2 olan mağazası vardır. Həmin mağazada sahibkarlıq fəaliyyəti ilə məşgul olurdu. Magaza binasını 19 iyun 2019-cu il tarixdə "xxxx" ASC-də 36110 manat dəyərində sığorta etdirmiş və bununla baglı ona cavabdeh tərəfindən RAZ********** saylı Daşınmaz Əmlakın İcbari Sıgorta Şəhadətnaməsi verilmişdir. 20 avqust 2019-cu il tarixdə saat 03:50-də ona məxsus həmin magazada yangın hadisəsi baş vermiş və nəticədə magazanın yanar konstruksiyaları, içərisinə yığılmış müxtəlif növ ərzaq və məişət malları yangının təsirinə məruz qalmışdır. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası FHN-in Əməliyyat İstintaq İdarəsinin böyük təhqiqatşısı mayor X1 tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müvafiq Məhkəmə tikinti texniki ekspertizaları təyin edilmişdir. Keçirilmiş ekspertizalar nəticəsində müəyyən edilmişdir ki, sığorta (yangın) hadisəsi zamanı onun əmlakı olan magazaya tikinti üzrə 30819 manat, əmtəə üzrə 66900,60 manat, ümumilikdə 97719,60 manat məbləgində maddi ziyan dəymişdir. Baş vermiş yangın hadisəsi ilə əlaqədar yangın təhlükəsizliyi qaydalarının və digər normativ aktlarının tələblərinin pozulması müəyyən edilməmişdir. Əmtəə üzrə dəymiş ziyanla baglı sığorta məbləgi ona ödənilmişdir. Lakin magazaya tikinti üzrə dəymiş sığorta məbləgini cavabdeh təşkilat qəsdən ödəmək istəmir və onu get- gələ salır. Belə ki, sığorta pulunun ödənilməsi ilə baglı cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh ona uzun müddət süründürdükdən sonra 25 dekabr 2019-cu il tarixdə rəsmi məktub verərək bildirmişdir ki, müraciəti ilə baglı bildirmək istəyirlər ki, əmlaka dəymiş zərər ekspert tərəfindən qiymətləndirərək 8793 manat hesablanmışdır. Sığorta şəhadətnaməsinin şərtlərinə görə şərtsiz azadolma 110 manat təşkil edir. Həmin 110 manat çıxılaraq yerdə qalan 8693 manat pulun ödənilməsi mümkün hesab edilir. (8793dən 110 manat çıxıldıqda 8683 manat qalır, cavabdeh heç düz əməlli riyazi hesablamaları apara bilmir)." Bundan başqa cavabdeh ona göndərdiyi bildirişin qeyd hissəsində yazmışdır ki, "Sözü gedən əmlak sığorta prinsiplərinə zidd olaraq dəyərindən 4 dəfə az sığortalanmışdır. Hazırda həmin əmlakın dəyəri təxmini 150000 manat təşkil edir. Bu hal Mülki Məcəllənin və İcbari sığortalar haqqında Qanunun müddəalarının birtərəfli sığortalıların xeyrinə tətbiqi ilə nəticələnir və sığorta prinsiplərinin pozulmasına gətirib çıxarır. belə hallar üzrə təkrarsığortaçılar tərəfindən isə qismən sığorta şərti tətbiq edilir. Bu kimi hallar Sığortalıların əsassız varlanmasına şərait yaradır, sığortaçının isə maliyyə sabitliyinə və zərərliliyinin artmasına bir başa təsir göstərir". Cavabdeh tərəfindən yazılmış bu cavabla razı deyil. Onun sığortalı əmlakı yanaraq məhv olub o maddi ziyan çəkmişdir. Cavabdeh isə yazır ki, Məcəllənin və Qanunun müddəalarının sığortalıların xeyrinə tətbiqi sığorta prinsiplərinin pozulmasına gətirib çıxarır. Sığorta prinsipləri sığortalıların əmlakına sığorta hadisəsi zamanı dəymiş zərərin aradan qaldırılmasından ibarətdir. Bundan başqa cavabdehin əmlakıma qoydugu məbləg real deyil və müqavilədə onunla razılaşdırılmayıb. Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-2(113)-569/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən sığorta ödənişi olan 30709 manat, sığorta ödənişinin gecikdirilməsinə görə 12000,90 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,66 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli , 2-2(133)-569/2021 saylı qətnaməsini ləğv edərək iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh sonradan apellyasiya şikayətinə əlavə verərək Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli , 2-2(133)-569/2021 saylı qətnaməsinin 12000,90 manat dəbbə pulu tutulması hissəsində dəyişdirilərək ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti və əlavə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan 25.12.2019-cu il tarixli bildirişdən görünür ki, "xxxx" ASC İddiaçı 8793 manat sığorta ödənişindən 110 manat franşiza çıxılmaqla sığorta ödənişinin verilməsi haqqında bildiriş göndərmişdir. Yəni, sığortaçı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən təyin olunmuş müstəqil ekspert rəyinə əsasən zərər məbləğinə dair sığorta ödənişini ödəməyə hazır olduğunu bildirmişdir. Həmin dövrdə sığortaçı (cavabdeh) formalaşmış sığorta ödənişini (kompensasiyası) sığortalıya ödəməyə hazır olmuşdur. Məhkəmə isə öz qənaətində göstərmişdir ki, “Tələb olunan vəsaitdən qalan 27.207 manat məbləğində pulun ödənilməsindən imtina kimi başa düşülür”. Qeyd olunur ki, bu cür yanaşma Sığorta Qanunvericiliyinin tələblərinə uyğun deyil. Ona görə ki, sığorta ödənişindən imtina əsaslandırılmış bildirişlə təsdiq olunur. Bu barədə isə iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya dəymiş zərər üzrə qiymətləndirmə aparılaraq 8693 manat sığorta məbləği təklif olunmuşdur. Göründüyü kimi, sığorta şirkəti “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 18.1-ci maddəsinə riayət etməklə həmin qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən (müstəqil ekspert rəyi) sonuncusunun alındığı 7 iş günündən (10 gün) gec olmayaraq sığorta ödənişini verilməsinə dair bildiriş göndərmişdir. Sığortalı isə zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə razılıq əldə edilmədiyinə münasibət bildirməmişdir. Digər müstəqil ekspertin seçilməsinə dair ərizə verməmişdir. Buna görə də, “8683 manat məbləğdən artıq ödənişin verilməsindən imtina edilmişdir” ifadəsi həqiqətə uyğun gəlmir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 22.12.2021-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, iclasda cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirak etmiş, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli e-2-2(113)-569/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə yoxlanıldığından məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. İşdəki sübutlardan görünür ki, iddiaçının mülkiyyətində olan Balakən şəhəri, H.Əliyev prospekti, 119 ünvanında yerləşən daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) 20.06.2019-cu il tarixdən 19.06.2020-ci il tarixədək icbari sığorta növündə cavabdeh tərəfindən sığortalanmış, bu barədə BA seriyalı, 990831 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə sığorta məbləği 36110 manat, azadolma məbləği 110 manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 20 avqust 2019-cu il tarixdə, saat 03:50-də Balakən rayonu, H.Əliyev prospekti 119 ünvanında yerləşən İddiaçı məxsus mağazada yanğın baş vermiş, nəticədə mağazanın yanar konstruksiyaları, içərisinə yığılmış müxtəlif növ ərzaq və məişət malları yanğının təsirinə məruz qalmış və sözügedən yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı sığorta məbləğinin ödənilməsi üçün cavabdeh müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya 25.12.2019-cu il tarixli bildirişə əsasən 8793 manat sığorta ödənişi təklif edilmişdir. İddiaçı həmin məbləğlə razı olmamış, 2020-ci ilin mart ayında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə təqdim edilmiş 16 oktyabr 2019-cu il tarixli 23474 nömrəli və 12 noyabr 2019-cu il tarixli 27620 nömrəli ekspert rəylərindən görünür ki, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən ticarət mağazasında baş vermiş yanğın nəticəsində, tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 22819 manat məbləğində, əlavə aşkar edilmiş qüsurların yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 8000 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.2-ci, 922.1-ci, 926.1-ci, 926.2-ci, 926.3-ci maddələrinə istinad edərək, cinayət işinin istintaqı zamanı alınmış ekspert rəyləri ilə yanğın hadisəsi nəticəsində sığortalanmış daşınmaz əmlaka dəymiş ziyanın məbləğini 30819 manat məbləğində müəyyən edərək iddianı qismən təmin etmiş, o cümlədən imtina bildirişinin 25.12.2019-cu il tarixdə verildiyini nəzərə alaraq 545 gün üçün cavabdehdən iddiaçının xeyrinə 12000,90 manat dəbbə pulu tutulmalı olduğunu qət etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya sığorta hadisəsi nəticəsində 30819 manat məbləğində dəymiş zərərə görə 8793 manat sığorta ödənişi təklif edilməsi sığorta şirkətini öhdəliyin lazımı qaydada icra edilməməsinə görə məsuliyyətdən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı halda sığorta şirkəti tərəfindən iddiaçıya dəymiş zərərin bir hissəsi qədər sığorta ödənişi təklif edilməsi məhkəmə tərəfindən öhdəliyin lazımı qaydada icra edilməməsi kimi qiymətləndirilmiş və düzgün olaraq dəbbə pulu tutulması hissəsində də iddia qismən təmin edilmişdir. Cavabdehin apellyasiya şikayətinə əlavədə qeyd edilmiş, iddiaçının sığorta şirkətinə müraciət edərkən vurulmuş zərərə 15.000 manat ödəniş tələb etməsi barədə mülahizə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının sığorta şirkətinə ünvanlanmış ərizəsi birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən MPM-nin 372-ci maddəsinin tələbinə əsasən apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmir və hüquqi qiymət verilmir. Bundan əlavə dəymiş ziyanın məbləği ilə bağlı işdə ekspert rəyləri mövcud olduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri sığorta ödənişinin məhkəmə tərəfindən müəyyən edilmiş məbləğinin azaldılması üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli e-2- 2(113)-569/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabsüh "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli 2-2(113)-569/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1199/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1199/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver