Məhkəmə qərarları › İş №2-2(103)-1199/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1199/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1199/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra olunmaması, alınmış əşyanın dəyərinin ödənilməməsi, çəkişmə və dispozitivlik prinsipləri, sübutetmənin predmeti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qətnaməsindən "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 2023-cü il 13 mart tarixində 1303-11/23 nömrəli alqı-satqı müqaviləsi (müqavilə) bağlanmış, hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürlərlə təsdiqlənmiş müqavilənin 1.1-ci bəndinə görə, satıcı alıcıya inşaat materialları - qum, atsep, qırma daş satmağı, alıcı isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 2.1-ci bəndinə görə, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir; 3.1-ci bəndinə görə, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur; 4.1-ci bəndinə görə, satıcı müqaviləyə uyğun olaraq alıcıya malı sifariş verilən gündən tərəflərin əvvəlcədən razılaşdığı müddətdə alıcıya təhvil verməyi öhdəsinə götürür; 4.2-ci bəndinə görə, satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir; 5.1-ci bəndinə görə, müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərini nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir; 5.2-ci bəndinə görə, mal alıcıya tam təhvil verildikdən sonra alıcı 30 gün ərzində malın dəyərini hissə-hissə və ya tam şəkildə ödənilməsini öz öhdəsinə götürür.

3. Müqaviləyə 01 nömrəli qiymət razılaşdırma protokolunda "xxxx" MMC tərəfindən sifariş veriləcək malların adı, miqdarı və qiyməti razılaşdırılmış, protokol hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq olunmuşdur.

4. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 2023-cü il 7 iyul tarixli EBDJ 430780 nömrəli 3658,47 manat, 2023-cü il 22 iyul tarixli EBDK 442927 nömrəli 503,15 manat, 2023-cü il 1 sentyabr tarixli EBDN 445881 nömrəli 212,40 manat, 2023-cü il 22 iyun tarixli EBDİ 474650 nömrəli 8009,84 manat məbləğində elektron-qaimə göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. "xxxx" MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilə üzrə tərəfindən təchiz edilmiş materialların dəyəri olan 12 383,86 manatın (10 494,80 manat əsas borc və 1889,06 manat ƏDV borcu olmaqla) və 1171,43 manat cərimə məbləğinin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş, təchiz edilməsi nəzərdə tutulmuş inşaat materialları cavabdehə təhvil verilmiş, satışla bağlı müxtəlif tarixlərdə (2023-cü il 22 iyun; 2023-cü il 7 iyul; 2023-cü il 22 iyul; 2023-cü il 1 sentyabr) elektron qaimə-faktura göndərilmişdir. Müqavilənin 3.4.1-ci bəndinə əsasən, alıcının əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyi vardır. Buna baxmayaraq, təhvil verilmiş inşaat materiallarının dəyəri olan 4 elektron qaimə üzrə ödənilməmiş 12.383,86 manat vəsait (10 494,80 manat əsas borc və 1889,06 manat ƏDV borcu olmaqla) iddiaçıya ödənilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra olunmamasına görə 1107,58 manat dəbbə pulu hesablanmışdır. Belə ki, elektron qaiməfakturaların alıcıya təqdim edildiyi tarixlər üçün, yəni 2023-cü il 22 iyun və 2023-cü il 1 sentyabr tarixi aralığında bank uçot dərəcəsi illik 9.0 % müəyyən olunmuşdur.

7. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, lazımi qaydada məlumatlandırılmış cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

8. Birinci instansiya məhkəməsinin 2025-ci il 14 yanvar tarixli qətnaməsi ilə iddianın rədd, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ƏDV daxil 12 383,86 manat dəyərində malların cavabdehə verilməsini birbaşa təsdiq edən sənədləri (məsələn, təhvil-təslim aktı) məhkəməyə təqdim etməmiş, sözügedən malların təqdim edilməsi faktını iddiaçı tərəfindən cavabdehə göndərilmiş qaimələrdə öz təsdiqini tapdığını bildirmişdir. İddiaçı tərəfindən elektron qaimələrlə yanaşı borcun əsaslığını sübut edən digər sənədlər iddiaçının nümayəndəsinə məhkəmənin hazırlıq iclaslarında dəfələrlə təklif olunmasına baxmayaraq (təhvil-təslim aktı, bank hesabından çıxarış, borcların üzləşdirilməsi aktı, elektron qaimələrin cavabdeh tərəfindən təsdiqlənməsi barədə sənəd və s.), məhkəməyə təqdim edilməmişdir.

10. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı tərəfindən hazırda iddia tələbində tələb olunan məbləğin ifadə olunduğu 4 elektron qaimə üzrə malların cavabdehə çatdırılma faktı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Odur ki, işin halları ilə cavabdehin iddiaçıya müqavilə üzrə 12.383,86 manat (10.494,80 manat əsas borc və 1.889,06 manat ƏDV borcu olmaqla) borcunun olması öz təsdiqini tapmamışdır. Belə olan halda isə 1.171,43 manat cərimə məbləğinin tutulmasına dair hissədə də iddia əsassız olmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.7, 448.1 və 567-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutetmə ilə bağlı prosessual qanunvericiliyin müddəalarını düzgün tətbiq etmədiyini, cavabdehin iddia tələbinə ümumiyyətlə etiraz etmədiyini nəzərə almayaraq qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 17 aprel tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilədə ödənişdən əvvəl malların iddiaçı tərəfindən təhvil verilməsi və alıcının malları qəbul etməsi şərtləşdirilmiş, iddiaçı bu şərtə əməl etməsini sübut edə bilməmişdir. Şikayətdə təhvil-təslim aktlarının təqdim edilməmə səbəbi kimi "cavabdehin imza etmədiyi” qeyd olunmuşdur. Bu halda hesab olunur ki, mallar cavabdehə təqdim edilməmişdir. Müqavilədə müəyyən olunan şərtə əməl edilmirsə, işgüzar adətə istinad oluna bilməz. İstisna yalnız tərəflərin uzun müddət müqavilə şərtinə uyğun olmayan formada işgüzar münasibələrinin formalaşmasıdır. Cavabdehin bu halda e-qaimələri təsdiq etməsi və ödəniş etməsi müəyyən edilməlidir. İşin hallarından isə bu müəyyən olunmamışdır. Həmçinin təhvil-təslim aktının cavabdehə göndərilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

15. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin "işgüzar adətin əvvəllər də tərəflər arasında e-qaimələrin verilməsi əsasında formalaşmasına” dair "sübut” adı ilə elektron sistemə yüklədiyi sistem tərəfindən təsdiq edilmiş e-qaimələrə və ödəniş tapşırıqlarına münasibətdə kollegiya həmin sənədlərin sübut kimi qəbul olunmaması qənaətinə gəlmişdir. Çünki iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı onları təqdim etməmişdir, yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.

16. Məhkəmə kollegiyası vurğulamışdır ki, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirmədiyindən, məhkəmənin iddianı rədd etməsi əsaslı və qanuni olmuşdur.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 445.7, 448.1, 462.1,467 və 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il 01 oktyabr tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 17 aprel tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

20.1. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi halını sübutetmə predmetinə daxil etmişdir və iddiaçının öz üzərinə düşən sübutetmə vəzifəsinin yerinə yetirməməsi nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır. 20.2. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin həmin mövqeyi MPM-in 9, 14, 47, 77 və s. maddələrində əks olunmuş mülki prosesin çəkişmə və dispozitivlik prinsiplərinə uyğun deyildir. 20.3. Belə ki, mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunu ilə müəyyən olunur. 20.4. Mülki prosesdə işin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Sonuncu ilə bağlı qeyd edilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdə həmin hallar işin mübahisəsiz hallarına aid edilir. 20.5. İşin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınması başa düşülür. 20.6. İşin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər. 20.7. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPM-in 81-ci maddəsinin təsiri altına düşən allar aid edilir. 20.8. Hazırkı işin halları isə ondan ibarətdir ki, cavabdeh iddia ərizəsində qeyd edilən heç bir faktı mübahisələndirməmiş və iddiaya qarşı etiraz verməmişdir. Belə olan halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi halının sübutetmə predmetinə daxil edilməsinin prosessual əsasları mövcud olmamışdır. Məhkəmə də bununla bağlı öz mövqeyini əsaslandırmamışdır. 20.9. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217.1, 217.2 və 217.3-cü maddələrinin tələblərinə uyğun deyildir.

Təkrar apellyasiya baxışı, izahat

21. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlarla istinadla müdafiə edərək şikayətin və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

23. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

24. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

29. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

33. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

34. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

35. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

36. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

37. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

38. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

39. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.

40. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

41. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

42. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

50. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

54. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

55. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyi düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.

56. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyini bildirdiyi malların dəyərinin ödənilməsini istəyir.

57. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

58. İddiaçı, satdığı malları cavabdehə təhvil verdiyini, təqdim olunan qaimələrin bu halı təsdiq etdiyini irəli sürmüş, cavabdeh isə nə iddiaçının göndərdiyi pretenziyaya cavab vermiş, nə iddia tələbinə etiraz etmişdir.

59. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunu ilə müəyyən olunur.

60. İşin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdə həmin hallar işin mübahisəsiz hallarına aid edilir.

61. İşin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınması başa düşülür.

62. İşin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər.

63. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPM-in 81-ci maddəsinin təsiri altına düşən hallar aid edilir.

64. Hazırkı işdən görünür ki, cavabdeh iddia ərizəsində qeyd edilən heç bir faktı mübahisələndirməmiş və iddiaya qarşı etiraz verməmiş, beləliklə də tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi halının sübutetmə predmetinə daxil edilməsinin prosessual əsasları mövcud olmamışdır.

65. Bu isə deməkdir ki, iddiaçının “müqavilə üzrə tərəfindən təchiz edilmiş materialların dəyəri olan 12 383,86 manatın (10 494,80 manat əsas borc və 1889,06 manat ƏDV borcu olmaqla) cavabdehdən xeyrinə tutulması tələbi təmin edilməlidir.

66. İddiaçının “1171,43 manat cərimə məbləğinin tutulması” tələbinə uyğun gələn qanuni əsas kimi isə Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddəyə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.

67. Buna görə də kollegiyanın qənaətinə görə sözügedən iddia tələbi də təmin olunmalı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödənişin həyata keçirilmədiyi 13 ay üçün 780,96 manat (13 x 9,75%), xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödənişin həyata keçirilmədiyi 12 ay üçün 329,26 manat (12 x 9%), xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödənişin həyata keçirilmədiyi 12 ay üçün 45,28 manat (12 x 9%), xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödənişin həyata keçirilmədiyi 10 ay üçün 15,93 manat (10 x 7,5%), yəni cəmi 1171,43 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

68. Məhkəmə xərclərinə də münasibət bildirən kollegiya, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumlarının da cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəuyğun sayır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

"xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-328/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. "xxxx" MMC-nin Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbi təmin edilsin. Cavabdeh MMC-dən materialların dəyəri olan 12 383,86 (on iki min üç yüz səksən üç manat 86 qəpik) manat (10 494,80 manat əsas borc, 1889,06 manat ƏDV borcu olmaqla), 1171,43 (min yüz yetmiş bir manat 43 qəpik) manat gecikdirmə faizi, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 131 (yüz otuz bir) manat tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 (altmış altı) manat Cavabdeh MMC-dən alınıb "xxxx" MMC-nə ödənilsin. Qətnamədən, Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Xumar Mərdanova

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar