Məhkəmə qərarları › İş №2-2(103)-12/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-12/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-12/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Şirinovun sədrliyi və məruzəsi ilə, X13 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(113)-2441/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DS-LX-MS-02/21 nömrəli müqavilə üzrə 45592 manat əsas borc, 68520,23 manat məbləğində əldən çıxmış fayda, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 410 manat, ümumilikdə 114522,23 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(113)-2441/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 43350 manat və ödənilmiş 300 manat məbləğində dövlət rüsumu, ümumilikdə 43650 (qırx üç min altı yüz əlli) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(113)-2441/2023 nömrəli qətnaməsinin Cavabdeh MMC-dən 43350 manat və ödənilmiş 300 manat məbləğində dövlət rüsumu, ümumilikdə 43650 (qırx üç min altı yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasındakı podrat münasibətlərindən irəli gələrək icraçı proqramı hazırlayaraq təhvil vermiş, sifarişçi isə razılaşdırılmış muzdu ödəmişdir. Sifarişçinin həmin proqramı sonradan tətbiq etmək istəməməsi icraçının təqsiri deyildir. Məlumata əsasən iddiaçı şəxsin daxilində rəhbərliyin dəyişikliyindən sonra, yəni yeni rəhbərliyin əvvəlki strukturun layihəsi olan hazırkı proqramı davam etdirmək fikri olmamasıdır. İcra edilmiş sifarişin tətbiqinə razılıq verilməmiş, sanki təhvil verilməmə fonu yaratmışlar. Məhkəmə isə qərarında podrat işlərinin görülməsinin sübuta yetirilmədiyini və buna dair yazılı sübutların olmadığını əsas gətirmişdir. Qanunvericilikdə isə podrat münasibətlərinin mütləq sübutu kimi yazılı sübutların olmasına dair heç bir imperativ tələb mövcud deyildir. Cavabdeh MMC tərəfindən xidmətlərin tam olaraq ən geci 15 yanvar 2022-ci il tarixində təhvil verilməsi və işə salınması razılaşdırılmışdır. Xidmətlər həmin tarixdən də əvvəl icra edilmiş, sifarişçi tərəfindən test edilmişdir. Buna dair email yazışmaları mövcuddur. Buna görə də iddiaçı tərəfindən 45592 manat şirkətin bank hesabına köçürülmüşdür. Ödənilmiş həmin məbləğin tərkibinə istifadə etdiyi bulud serverinin aylıq 224.20 manat haqqı olmuşdur. Bir il ərzində istifadə edərək hər ay bunu ödəmişdir. Bundan başqa ödənişlərin müəyyən faizi dövlətə əlavə dəyər vergisi olaraq ödənilmişdir. Bunun isə Destec Group MMC-dən istənilməsi nə qədər doğrudur. Buna baxmayaraq məhkəmə ödənilmiş məbləğdən ƏDV ödənişini də nəzərə almadan cavabdehdən tutulması qənaətinə gəlmişdir. Halbuki, ƏDV xaric 36737 (otuz altı min yeddi yüz otuz yeddi) manat ödənilmişdir (İşdə qəbz və arayışlarla təsdiq olunur). Qətnamədə 48-ci bəndində iddiaçının 32000 (otuz iki min) manatın geri ödənilməsi ilə bağlı tələbini nəzərə almamışdır. Çünki iddiaçı bilir ki, əslində ödənişlərin vergi və xərclərə görə çıxılmış xalis ödənilmiş məbləğ 32000 manatdır. Bu isə göstərir ki, ödənilməli olan məbləğin – görülmüş işlərin dəyərinin 63240 manat olduğunu nəzərə alsaq, yarısı ödənilmişdir. İddia tələbinin əsasını o təşkil edir ki, icraçının təqsiri üzündən podrat münasibətləri üzrə öhdəlik icra edilməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əlavədə qeyd olunur ki, yeni rəhbərliklə də eyni şərtlərlə münasibətlərin davam etdirilməsi qərara alınmışdır. Cavabdeh icraçı icra etdiyi xidməti təqdim etmiş, iddiaçının əməkdaşları tərəfindən test edilmiş, tətbiqinə daxili məsələlərə görə keçilməmişdir. Yəni icraçının təqsiri deyil, sifarişçinin istəyinə görə tətbiq həyata keçirilməmişdir. Buna sübüt aralarında bağlanan müqaviləyə sonradan əlavə və dəyişiklər edilməsinin israrla tələb edilmişdir. Cavabdeh tərəfindən istehsal, anbar, HR, biznes proseslərini ətraflı tədqiq etməklə gəldikləri nəticələrə dair texniki tapşırıq layihəsini tərtib edərək sifarişçiyə təqdim etmişdir. Texniki tapşırıq dedikdə, sifarişin bütün detallarını əhatə etməklə sifarişçinin icraçıya sifarişlə bağlı istəklərini bildirməsidir. Bu halda, iddiaçı sifarişçi öz sifarişinin detallarını dəfələrlə dəyişmiş, bir dəfə verilmiş sifariş, növbəti dəfə məhz özü tərəfindən bəyənilməmişdir. Yubanmaları var sayan iddiaçı özünün bu şəkildə davranmasını məhkəməyə bildirməmişdir. Buna baxmayaraq, cavabdehin əməkdaşları sifariş olunan proqramın tətbiq ounması nəzərdə tutulan hər 1 sahəsi üzrə bilavasitə baxış keçirərək detalları incələyərək proqrama uyğunlaşdırmışdır. Bunu iddiaçı özü də etiraf edir. Təhvil verilmiş proqram uzun müddət bir çox müəssisələrdə uğurla tətbiq olunan proqramdır. Hansısa qüsurdan söhbət gedə bilməz. Uyğunlaşdırmalarda yaranan fikir ayrılıqları da aradan qaldırılaraq bulud vasitəsi ilə sifarişçiyə təqdim edilmişdir. Hazırlanmış məhsulun keyfiyyəti barədə isə ancaq neytral, qərəzsiz, xüsusi biliyə malik şəxs qiymət verərdir. Lakin məhkəmə hər vəchlə “ədalətli araşdırma” prinsipini pozduğunu göstərdiyi kimi bu məsələdə də ekspert təyin etməli olduğu halda etməmişdir. Aralarında bağlanan xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehin üzərinə düşən bütün xidmətlər icra edilmişdir. İddiaçı tərəfindən bu tətbiqin hələ ki saxlanılmasını, daxildə anbar, istehsal və digər biznes prosedurların dəyişmək qərarına gəlindiyi bildirilmişdir. Bu razılaşmanın şərtləri icra olunduğundan, 45.592 manat İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. İddiaçı mütəmadi işlər görüldüyündən və bundan qarşı tərəf bilib razı qaldığından ödənişlər həyata keçirilmişdir. Yəni iddiaçı ödənişi bir dəfə üçün deyil, 3 dəfə üçün ödəmişdir. Göstərilmiş xidmətdən razı qalmış olmasa idi, ödənişi növbəti dəfə həyata keçirməzdi. Cavabdeh tərəfindən icraçıya dəfələrlə proqramın istifadəsinə başlanılması və proqram təminatının artıq sahədə istifadəyə hazır olduğu bildirildiyi halda prosedur dəyişiklikləri bəhanə gətirilərək bundan imtina etmişlər. (emaillərdə var) Tərəflər arasında təhvil-təslim aktının imzalanmalı olmasına dair mütləq tələb müəyyən edilməmişdir. Hazırkı məhsul virtual təqdim edilməli olduğundan bulud xidmətindən istifadə edilmişdir. Tərəflər arasında təhvil-təslim ancaq bulud xidməti vasitəsi ilə həyata keçirilmişdir. Tərəflər arasındakı münasibətlər qarşılıqlı şəkildə həyata keçirləndir. İcraçı proqramı təqdim edir, test etməyə sifarişçi şərait yaratmalıdır. İcraçının tətbiq etməsinə də sifarişçi imkan verməlidir. Sifarişçi buna imkan vermirsə, icraçı bunu icra edə bilməyəcəkdir. İddiaçı tərəfin təsdiqi, işdə olan sübutlar göstərir ki, podratçı olan cavabdeh hazırkı layihə üzrə 1 ilə yaxın müddət ərzində işləmiş, əmək sərf etmiş, iş görmüşdür. Podratçının iş fəaliyyətini də əhatə edən bu münasibətlər də podratçı sifarişçinin xeyrinə 1 ilə yaxın işləmişdir. Bir şəxsin hüququnun təmini digər şəxsin hüququnu pozmamalıdır. Konstitusion norma olan hüquqlara yanaşmanı məhkəmə kobudcasına pozaraq ədalətsiz qərar çıxarmış, cavabdehin sanki heç bir əsas olmadan pul aldığını qərarda qeyd etmişdir. (Qətnamənin 58-60-cı bəndlərində) İddiaçı kommersiya mübahisəsinə dair ərizəyə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında qanunvericiliklə müəyyən edilmiş qaydada nizama salınmasına riayət edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, pretenziyanın qanunvericiliklə nəzərdə tutulmuş qaydada – elektron qaydada cavabdehə çatdırılmasını təsdiq edən sənədlər əlavə etməmişdir. Buna görə də iddia ərizəsi icraata qəbul edilməməli idi. Yəni hakim iddia ərizəsinin icraata qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152-ci maddələrinin tələblərini pozaraq, iddiaçı tərəfindən cavabdehə elektron qaydada göndərilməli sənədləri – iddia ərizəsi, pretenziyanı elektron göndərilmədiyini bildiyi halda, icraata qəbul etmişdir. Qanunvericilik Elektron məhkəmə informasiya sistemi üçün tətbiq edilməli qaydaları müəyyən etmişdir. Sənədləşmənin elektron qaydası nə qədər də formal görünsə də, kommersiya subyektlərinin işlərinin asanlaşdırılması, çatımlılığının təmin edilməsi qaydasıdır. Bunun ziddinə mümkün olduğu halda iddiaçının bu qaydaya riayət etməməsinə göz yummuşdur. Məhkəmə qanunvericiliyin tələblərini pozmaqla icraata qəbul etmişdir. Cavabdehin nümayəndəsinin bu barədə bildirdiklərinə, vəsatətlərinə önəm verməmişdir. İcraatın mümkünlüyünə düzgün qiymət vermədən iddia ərizəsinə baxmışdır. Bundan başqa İş üzrə iddiaçının təqdim etdiyi mediasiyada iştirak barədə arayışda tələb 97592 manat olduğu halda, məhkəməyə təqdim edilən iddia ərizəsində tələbin birdən birə dəyişərək, artaraq 114522,23 manat olmasını araşdırmamışdır. Aparılan məhkəmə araşdırması və nəticəsi ancaq birtərəfli aparılan, inkvizisiya məhkəməsini xatırladır. İddia ərizəsi geri qaytarılmalı olduğu halda icraata qəbul etməklə mövqeyini əsaslandıra bilməmişdir. Qanunu pozmağa davam etmişdir. Mübahisə iki hüquqi şəxs arasında kommersiya məqsədlərindən irəli gəlmiş, əvvəllər əməkdaşlıqları olmuş, lakin bu məqsədlərə görə mübahisə yaranmışdır. Məhkəmənin vəzifəsi olmasına baxmayaraq, tərəflərin barışıq və ya mübahisənin məhkəmədən kənar həlli barədə hər iki tərəfə bir dəfə də olsun, təklif etməmiş, buna çalışmamışdır. Sanki məhkəmə ədalət müühakiməsi vəzifəsini icra etməkdən yayınmışdır. Məhkəmə çəkişməsi zamanı cavabdeh tərəfindən bildirilmişdir ki, sifariş edilmiş, texniki tapşırıqları verilmiş sifarişlər hazırlanaraq təhvil verilmişdir. İddiaçı tərəf isə bildirmişdir ki, onların tələb etdiyi şəkildə tərtib edilməmişdir. Bu məsələlər xüsusi bilik tələb etməsinə baxmayaraq, hakim həqiqətin müəyyən edilməsinə çalışmamış, iş üzrə ekspertiza təyin etməmiş, cavabdehin etirazının dəlillərinə etinasız yanaşmışdır. Bu barədə cavabdehin nümayəndəsinin vəsatətini əsaslandırmadan rədd etmişdir. Halbuki, hazırlanan məhsul proqram təminatı ilə bağlı olduğundan məhkəmə komputer ekspertizasının keçirilməsi zəruri olmuşdur. Məhkəmədə şahid qismində işi birbaşa icra etmiş əməkdaşların ifadəsini alsa da, nəzərə almaması başa düşülən deyildir. Bu bir daha sübut edir ki, məhkəmə qərəzli qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

6. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya şikayətində işin halları düzgün əks etdirilməmişdir və həqiqət gizlədilmişdir. Belə ki, İddiaçıSC 2002-ci ildən bəri sənaye üsulu ilə quş əti istehsalı və satışı ilə məşğuldur və hazırda Bakı, Abşeron və Sumqayıt şəhərlərində əhalinin quş ətinə olan tələbatının 25-30% hissəsini qarşılayır. İddiaçı ASC əhaliyə satılan quş ətinin keyfiyyətinin daima yüksəldilməsi ilə yanaşı istehsal, satış fəaliyyətinin də keyfiyyətinin artırılmasına çalışır. Bununla əlaqədar müasir innovasiyalardan, proqram təminatlarından istifadə edir. 25% səhmləri dövlət şirkətinə məxsus olan İddiaçı ASC hesabatlılıq və şirkətin idarə edilməsində şəffaflıq olması məqsədilə proqram təminatlarından istifadə edir. İddiaçı ASC istifadə etdiyi üç proqram təminatını vahid bir proqram təminatında birləşdirmək və bu sahədə daha da təkmilləşmə əldə etmək üçün CavabdehMMC ilə müqavilə bağlamışdır. Müqavilə şərtinə əsasən 15 yanvar 2022-ci il tarixinədək CavabdehMMC tərəfindən bütün proqram təminatı tam hazırlanaraq, təhvil verilməli idi. Lakin, İddiaçıSCnin avans qaydasında 45592 manat ödəniş etməsinə baxmayaraq, CavabdehMMC müqavilə öhdəliyini icra etməyərək, proqram təminatını tam hazırlayıb, təqdim etməyib və xidmətləri icra etməyib. Cavabdeh MMCyə işi icra etdiyinə görə yox, işin tez görülməsinə şərait yaratmaq üçün icraçıya kömək məqsədilə İddiaçıSC avans qaydasında 45592 manat ödəmişdir. CavabdehMMC ödənişin İddiaçıSC tərəfindən guya işin icra edilməsinə görə və tamamlanmasına görə ödənildiyini bildirməklə özü özünü təkzib edir. Çünki, ödənişlər işin icrası üçün tələb olunan texniki tapşırıqların verilməsindən öncə edilib. Bunu ödəniş sənədlərinin tarixləri və texniki tapşırıqların təsdiqlənmə tarixləri sübut edir. Həmin sübutlar Bakı Kommersiya Məhkəməsinə təqdim edilib. 2. Apellyasiya şikayətində qeyd edilir ki, HR, İstehsal və Anbar modulları üzrə texniki tapşırıq hazırlanıb və müqavilə üzrə bütün xidmətlər icra edilib. Halbuki, bu modullardan başqa müqavilədə göstərilən digər modullar üzrə heç bir texniki tapşırıq belə yoxdur. Müqavilədəki bütün modullar üzrə texniki tapşırıqların olmaması da bir daha xidmətin Destec Group MMC tərəfindən icra edilmədiyini və apellyasiya şikayətinin əsassız olduğunu sübut edir. 3. Apellyasiya şikayətində göstərilir ki, guya İddiaçıSC tərəfindən verilmiş texniki tapşırıqlarda biznes prosesləri ilə əlaqədar dəyişikliklər edilmişdir. Ancaq, müqavilə qüvvədə olduğu müddətdə İddiaçıSC-də heç bir biznes prosesində dəyişiklik edilməmişdir, əksinə, CavabdehMMC tərəfindən verilmiş tapşırıqlar dəfələrlə bildirilməsinə baxmayaraq, düzgün icra edilmədiyinə görə düzgün, tam və keyfiyyətli icra tələbi bildirilmişdir. Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş email yazışmaları bu halları və faktı sübut edir. 4. İddiaçı ASC ilə CavabdehMMC arasındakı münasibətlərdə proqram təminatı tələbə uyğun olaraq tam şəkildə və sifarişə uyğun keyfiyyətdə təhvil verilməmişdir. Ancaq, CavabdehMMC birinci instansiya məhkəməsində və apellyasiya şikayətində əsassız şəkildə proqram təminatının təhvil verilməsi fonu yaratmağa çalışmışdır. Hətta, birinci instansiya məhkəməsində təqdim edilən şahidlərin əmək müqavilələri bildirişlərinə baxdıqda məlum olur ki, İddiaçıSC ilə müqavilə münasibətləri davam edən müddətdə bu şəxslər CavabdehMMC-nin işçiləri olmayıblar. Həmçinin, həmin şahidlərin ifadələrindəki ziddiyyətli məqamlar CavabdehMMC tərəfindən işin icra edilmədiyini təsdiq edir. 5. Əgər CavabdehMMC tərəfindən İddiaçıSC-yə müqavilədə nəzərdə tutulan proqram təminatı sifarişə uyğun və tam təhvil verilmiş olsaydı, buna dair CavabdehMMC tərəfindən hər hansı bir sənəd təqdim edilərdi. Amma birinci instansiya məhkəməsində belə bir sənəd, hətta, İddiaçıSC-yə ünvanlanmış məktub belə təqdim edilməyib. Beləliklə də, İddiaçıSC Apellyasiya şikayətində qeyd edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinin tələbləri İddiaçıSC tərəfindən deyil, CavabdehMMC tərəfindən pozulub. Belə ki, maddədə qeyd edilir ki, Podrat müqaviləsinə əsasən Podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Haqqında danışılan situasiyada isə CavabdehMMC tərəfindən müqavilədə nəzərdə tutulan iş icra edilmədiyi halda, muzd avans olaraq İddiaçıSC tərəfindən ödənilmişdir. Buna görə hesab edirik ki, yekunda iş icra edilmədiyi və təhvil verilmədiyi üçün avans ödənilmiş muzdun İddiaçıSC-yə geri qaytarılması haqqında Bakı Kommersiya Məhkəməsinin çıxardığı qərar qanunauyğundur. Hesab edir ki, Podratçı CavabdehMMC tərəfindən AR Mülki Məcəlləsinin 762-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, 762.1-ci maddədə qeyd olunur ki, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan azad olmalıdır. Burada podratın nəticəsinin qüsursuzluğu dedikdə, onun müqavilədə şərtləşdirilmiş keyfiyyətə uyğun gəlməsi anlaşılır. Ancaq, Cavabdeh MMC proqram təminatını nəinki müqavilədə göstərilmiş keyfiyyətə uyğun bütün modullar üzrə təhvil verilməyib, ümumiyyətlə, tam olaraq təhvil verilməyib. Müqavilədə sifariş verilən proqram təminatının cəmi üç modulunu isə sifarişə uyğun olmayan natamam formada test üçün təqdimat edib, ancaq, heç onları da təhvil verməyib. Ümumiyyətlə, proqram təminatını təhvil vermək üçün onun parollarının təqdim edilməsi və sifarişçi ilə təhvil-təslim aktının imzalanması və ya həmin aktın göndərilməsi lazımdır. Ancaq, CavabdehMMC tərəfindən İddiaçıSC-yə heç bir modula dair parol təqdim edilməyib və bunu tərəflər arasında aparılmış, məhkəməyə təqdim edilmiş email yazışmaları təsdiq edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

13. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

14. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

15. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

16. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

21. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli DS-LX-MS_02/21 nömrəli müqaviləyə əsasən icraçı əlavədə göstərilən texniki xidmət paketini sifarişçinin müəssisəsindəki mövcud İT avadanlığına tətbiq edir, sifarişçi isə bu müqavilə ilə xidmətin müəyyənləşdirilmiş qiymətini icraçıya ödəməyi öhdəsinə götürür. Tərəflər arasında 15 yanvar 2021-ci il tarixli “DS-LX-MS 02/21 nömrəli İT xidməti göstərilməsi müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 3 əlavə imzalanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə avans ödənilmişdir.

22. Müqavilənin 2.2.2-ci bəndinə əsasən xidmətlərin keyfiyyətinin yoxlanılmasını (sınama, müayinə və sairə), sifarişçiyə buna dair sübutlar təqdim edilməsi icraçının vəzifəsidir.

23. DS-LX-MS_02/21 saylı Müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli Əlavədən görünür ki, bu müqavilə üzrə Əlavə 1-də göstərilən xidmət ümumi layihə dəyəri ƏDV daxil 49000 manat təşkil edir və bu məbləğin 10.000 manatı xx.xx.2021-ci il tarixində sifarişçi tərəfdən icraçıya köçürmə qaydada ödənilir.

24. Əlavənin 1.3-cü bəndinə əsasən ümumi məbləğin 9750 manatı xx.xx.2021-ci il tarixində, 9750 manatı xx.xx.2021-ci il tarixində, 9750 manatı xx.xx.2021-ci il tarixində, 9750 manatı isə xx.xx.2021-ci il tarixində sifarişçi tərəfdən icraçıya köçürmə qaydada ödənilir.

25. DS-LX-MS_03/21 saylı Müqaviləyə xx.xx.2021-ci il tarixli 02 nömrəli Əlavədən görünür ki, göstərilən texniki dəstək xidmətinin (Logix – Bulud server xidməti) ümumi dəyəri ƏDV daxil 224,20 manat təşkil edir və bu məbləğin tamamı hər ayın əvvəli sifarişçi tərəfdən icraçıya köçürmə qaydada ödənilir.

26. DS-LX-MS_03/21 saylı Müqaviləyə xx.xx.2021-ci il tarixli 03 nömrəli Əlavədən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilənin qarşılıqlı razılaşma əsasında, yeni rəhbərliklə eyni şərtlərlə davam etməsinə və İnformasiya Texnologiyaları xidmətlərinin göstərilməsi icraçının göstərəcəyi xidmət və göstərilən xidmətin ümumi dəyərinin ƏDV daxil 37760 manat təşkil etməsi razılaşdırılmışdır.

27. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə “Logix ERP” Anbar İdarətməsi ilə bağlı texniki tapşırıqlar təsdiq edilmişdir.

28. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə “Logix ERP” İstehsal İdarəetmə sistemi ilə bağlı texniki tapşırıqlar təsdiq edilmişdir.

29. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə “Logix ERP” Anbar İdarətməsi ilə bağlı texniki tapşırıqlar təsdiq edilmişdir.

30. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və X14 tərəfindən verilmiş 2017 1246 nömrəli şəhadətnamədən görünür ki, “Logix” əmtəə nişanının sahibi X7r.

31. İddiaçı 5 yanvar 2021-ci il tarixli DS-LX-MS 02/21 nömrəli İT xidməti göstərilməsi müqaviləsi və onun 1 saylı əlavəsinə əsasən işlərin görülməsi məqsədi ilə 45592 manat avansın cavabdehin bank hesabına ödənildiyini, lakin cavabdeh tərəfindən müqavilə şərtlərinin icra edilmədiyini, yəni proqram təminatının təhvil verilmədiyini iddia etmişdir.

32. Məhkəmə iddianın bu hissəsini qismən təmin etmiş, əldən çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsi tələbini isə rədd etmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi ödənilmiş avansın qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, iddiaçı ödənilmiş 45592 manat pulun qaytarılmasını tələb etsə də, materiallardan görünür ki, ödənilmiş vəsaitin bir qismi, yəni 2242 manat (224,20 manat * 10 ay) müqavilənin xx.xx.2021-ci il tarixli 3 saylı əlavəsi üzrə ödənilmiş aylıq xidmət haqqı olmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, ödənilmiş 43350 manat (45592 manat – 2242 manat) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Apellyasiya baxışının predmeti yalnız iddianın avans məbləği olan 43350 manat hissəsi təşkil edir.

34. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsi təşkil edir.

35. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

36. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə həmin maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur. Belə ki, qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır. Lakin cavabdeh bununla bağlı heç bir mötəbər sübutu (təhvil-təslim aktı, forma 2 arayışı və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

37. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən e-mail yazışmaları bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, materiallarda olan tərəflər arasındakı email yazışmalarından görünür ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə iddiaçının İdarə Heyətinin iclasına əsasən Satış modulunun tam formada verilməsinin mütləq 01 dekabr 2021-ci il tarixdə olmasını bildirmişdir (cild 1, i.v.36-37).

38. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli e-mail yazışmalarından görünür ki, cavabdeh iddiaçıya görülmüş işlərin təxminən 90 faiz olmasını bildirmiş, belə olduğu təqdirdə layihənin niyə dayandırıldığının səbəbini anlamadığını, hətta bundan sonra belə sahə testlərinə başlanılıb prosesi tamamlamağın mümkün olduğunu yazmışdır (cild 1, i.v.39-40).

39. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış e-mail yazışmalarından görünür ki, cavabdeh iddiaçıya Logix proqram təminatının anbar idarəetmə moduluna aid bölmələrin test edilməsi üçün istifadəçi adlarının iddiaçıya göndərdiyini, bundan əlavə iddiaçının yeni istəkləri ilə əlaqədar proqramçıların çalışdıqlarını, test zamanı bəzi xətalar ola biləcəyini bildirmişdir (cild 2, i.v. 24).

40. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli e-mail yazışmalarından görünür ki, cavabdeh iddiaçıya bütün güclərini verərək bu ilin sonuna təhvil verməyi söz versələr də, təəssüf ki, dekabr ayının 1-nə mümkün olmamasını bildirmişdir (cild 2, i.v.60).

41. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli e-mail yazışmalarından görünür ki, cavabdeh iddiaçıya göndərilən texniki tapşırıqlara əsasən icra üçün tələb edilən vaxtları (anbar və satış mobil tətbiq – 35 iş günü, satış idarə etmə sistemi – 35 iş günü, anbar idarəetmə və təchizat – 20 iş günü, HR 1-ci versiya – 35 iş günü) qeyd etmiş, digər modullar üzrə tam texniki tapşırıq olmadan təhvil tarixini təyin etməyin mümkün olmamasını göstərmişdir (cild 2, i.v.68-70).

42. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli e-mail yazışmalarından görünür ki, iddiaçı cavabdehə ödənilmiş məbləğin geri ödənilməsi ilə bağlı qərara əsasən 32000 manat uyğun xərclər üçün geri ödəniləcəyini bildirmiş, yerdə qalan ödənişin güzəştə gedilməsinin isə istehsalat üzrə yazılan texniki tapşırığın təhvil-təslim aktının imzalanmasından sonra nəzərə alınacağını, 2022-ci ilin yanvar ayından “cloud” üçün ödənilən məbləğin dayandırılacağını bildirmişdir (cild 2, i.v. 91-92).

43. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli e-mail yazışmalarından görünür ki, cavabdeh iddiaçıya ümumilikdə proseslərin 60 faizini əhatə edəcək işlərin yerinə yetirildiyini, cavabdehin qənaətinə görə yanvar ayının 1-nə qədər prosesi tam sahədə test edərək işlək vəziyyətə gətirə biləcəklərini (xüsusən son 20 gündə ekstra resurs ayıraraq görülən işlərin sürəti və keyfiyyəti əsasında buna qənaətlərinin tam olduğunu) bildirmiş, layihənin sonrakı gedişatı ilə əlaqədar cavabdehə məlumat verilməsini xahiş etmişdir (cild 2, i.v. 89-91).

44. Bundan əlavə, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X12 ifadəsində göstərdi ki, hazırda İddiaçı ASC-də işləyir, müqavilənin bağlanması ilə bağlı 2021 yanvar–fevral ayında tərəflər arasında danışıqlar aparılırdı, lakin müqavilənin imzalanması yubandı. Müqavilə üzrə layihə 2021-ci ilin sonuna qədər icra olunmalı idi. Mütəmadi olaraq cavabdeh ilə görüşlər keçirlirdi. Avqust ayında ortaq razılaşdırılmış texniki tapşırıqlar üzrə artıq modullar təhvil verilməyə başlanırdı. İlkin olaraq anbar modulu, HR modulu və ən sonda satış modulu təhvil verilməli idi. Anbar və təchizat modulu ilkin olaraq təhvil verilməli idi. Həmin modul 2021-ci ilin avqust ayında təhvil verildi. Həmin modulu test etdikdən sonra onlar müəyyən etdilər ki, iddiaçının bütün istəkləri nəzərə alınmayıb və ümumi tələblərinin 50-60% nəzərə alınmışdır. Anbar modulu yubanma ilə iddiaçıya təhvil verildi və həmin modul ümumi görüləcək işlərin təxmini 20%-ni təşkil edirdi. İşin əsas hissəsini istehsalat modulunun yazılması təşkil edirdi. Həmin modulun yazılması çox vaxt aparacağına görə iddiaçı həmin moduldan əvvəl satış modulunun yazılmasını tələb etdi. Həmin ilin dekabr ayında iddiaçıya panoramanın hazır olduğu bildirildi, lakin onlar orada iddiaçının tapşırıqlarından ciddi yayınmaların olduğunu aşkar etdilər. İddiaçı daha sonra panoramanın da ödənişini etdi. Lakin ödəniş olunandan sonra belə panoramada olan nasazlıqlar aradan qaldırılmadı və iddiaçı qarşı tərəfə təqsirlərinə görə xeyli ziyan etdiyini və münasibəti davam etdirə bilməyəcəklərini bildirdi.

45. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X15 ifadəsində göstərdi ki, hazırda İddiaçı ASC-də işləyir, işə rəsmi olaraq 2022-ci ilin yanvar ayının 1-dən başlamış, lakin işi öyrənmək məqsədilə iddiaçı şirkətə 1 ay əvvəldən gəlmişdir. Həmin vaxt direktor Elnur bəy idi. Tərəflər arasında olan müqavilədən məlumatı var. Həmin razılaşmaya görə cavabdeh 1 il ərzində bütün modulları iddiaçıya təqdim etməli olduğuna baxmayaraq, 2021-ci ilin dekabr ayında iddiaçıya modullar təqdim edilməmişdi. Bu layihə ilə bağlı iddiaçıya heç bir modul təhvil verilməmişdir. Elnur bəy ilə cavabdeh arasında keçən görüşlərdə o da iştirak edirdi və dəfələrlə cavabdehə modulların təhvil verilməsində yubanmaların olması ilə bağlı dəfələrlə iradlarını bildirirdi. Modullardan ən sadə olan anbar modulu 2021-ci ilin dekabr ayında hələ hazır deyildi. Modulların təhvil verilməsi zamanı proqram yazılır, proqram yazılandan sonra icraçı tərəfindən test olunur və sifarişçiyə təqdim olunur. Sifarişçi həmin proqramı test edir, modullar uyğun olduğu halda modullar tətbiqə hazırlanır. Heç bir modulun test proqramı iddiaçıya təqdim olunmamışdır.

46. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, o, Cavabdeh MMC-də işləyir. Bu işlə bağlı o, 3 dəfə görüşlərdə iştirak etmişdir. Cavabdeh tərəfindən layihə rəhbəri əvvəl Ümüd Omarov idi, daha sonra Elşad Seyidzadə olmuşdur. Eyni anda modulların hamısını təhvil vermək mümkün deyildir, çünki modulların hamısının bir-biri ilə zəncirvari bağlılığı var. Satınalma, istehsal, anbar, HR modulları ilə bağlı işlər görülmüşdür. İlkin olaraq anbar (ticarət) modulu təhvil verilməli idi. İddiaçı ASC üçün anbar (ticarət) modulunun daxilində satış modulu nəzərdə tutulmuşdur. Tərəflərindən bütün modullar hazırlanmışdı. Satış modulu isə "xxxx" ASC ilə bağlı idi. Heç bir modul sıfırdan yazılmamış, mövcud olan modullar təkminləşdirilmişdir. Test rejimində yaranan səhvlərin aradan qaldırılmaması barədə dəqiq məlumatı yoxdur.

47. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində göstərdi ki, Cavabdeh MMC-nin Özbəkistan Respublikası, Daşkənd şəhərində olan filialında işləyir. O, Cavabdeh MMC-də 2015- ci ildən etibarən layihə meneceri vəzifəsində çalışır. Cavabdeh MMC ilə İddiaçı ASC arasında olan müqavilədən məlumatı var. Belə ki, Cavabdeh MMC İddiaçı ASC-nin Şabran rayonunda olan inkubasiya, yetişdirmə, kəsim, qablaşdırma, yem, laboratoriya sahələrinə baxış keçirtmişdir. Daha sonra İddiaçı ASC-nin Xırdalan şəhərində olan baş ofisində görüş keçirilmişdir. İlkin olaraq İddiaçı ASC tərəfindən cavabdehə texniki tapşırıqlar verilmirdi, onları özləri həmin texniki tapşırıqları hazırlayırdılar. İddiaçı tərəfindən cavabdehə onların daxili prosedurları yeniləndiyinə görə ona uyğun yeni texniki tapşırıqların hazırlamaqları bildirilmişdi. 2021-ci ilin may ayında anbar idarəetmə, maliyyə, mühasibatlıq modulları iddiaçıya təqdim olundu, daha sonra sentyabr ayında isə anbar idarəetmə modulu yenilənib İddiaçı ASCyə təqdim olundu. Tərəflər arasında olan müqavilənin 90 faizi icra olunmuş, yalnız təqdim olunan modulların tətbiqi məsələsi icra olunmamışdır. Aprel ayında bütün modullar hazır idi, may ayında isə iddiaçıya təhvil verildi. İddiaçı ASC tərəfindən layihə rəhbəri ilkin olaraq Fərid bəy idi, daha sonra həmin vəzifə Elnur bəyə həvalə olundu. Hal-hazırda modulların iddiaçı tərəfindən istifadə olunub-olunmaması barədə məlumatı yoxdur. Müqavilə üzrə maliyyə, təchizat, anbar, istehsal, mühasibatlıq modulları hazır idi. Anbar modulunun daxilində sifariş modulu da var idi, satınalma və təchizat eyni modullardır, panorama və interqasiya icra olunmmamışdı, HR modulunu ən sona saxlamışdılar. Modullar parallel olaraq yazılırdı. 2022-ci ilin dekabr ayında iddiaçı özü onlardan işi dayandırmağı tələb etmişdir. Elnur bəy hər gün modulları test edirdi, problem yarananda cavabdehə bildirirdi və onlar yaranan problemləri aradan qaldırırdılar. İddiaçı ASC tərəfindən layihə rəhbəri ilkin olaraq Fərid bəy idi, daha sonra Elnur bəyə həvalə olundu. Elnur bəy ilə onlar anbar idarəetmə modulunun texniki tapşırığına yenidən baxış keçirtmişdilər. Avqust ayının sonunda anbar idarəetmə və təchizat modulunu qarşı tərəfə təqdim etmişlər. Təhvil verilmiş modullar test edildikcə qarşı tərəfdən mütəmadi olaraq yaranan problemlər barədə cavabdehə e-mail vasitəsilə və ya görüşlərdə məlumat verilirdi. Elnur bəy ilə onlar tez-tez görüşürdülər və o ümumi olaraq təqdim olunan proqram təminatından razı olduğunu şifahi şəkildə onlara bildirirdi. Modulların proqram dili onun işi deyil, məlumatı yoxdur. Anbar modulu test edilmiş və heç bir problemin olmadığı onlara bildirilmişdir. Modullar cloud serverə yüklənirdi. Texniki tapşırıq olmadan modul yazıla bilməzdi. Maliyyə və mühasibatlıq modullarının texniki tapşırıqları standart formada olur.

48. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X9 ifadəsində göstərdi ki, Cavabdeh MMC-də satış və marketinq üzrə menecer vəzifəsində işləmişdir. O, layihədə satış təmsilçisi vəzifəsində işləyirdi. Əsas vəzifəsi müştərilər ilə əlaqə yaratmaq olmuşdur. Cavabdeh MMC ilə İddiaçı ASC arasında olan müqavilədən məlumatı var. Cavabdeh İddiaçı ASC üçün proqram təminatını hazırlamış, lakin iddiaçının daxilində olan prosedur yenilənməsinə görə modulları tətbiq edə bilməmişlər. İstehsal modulu, mühasibatlıq modulu, HR modulu, sifariş və satınalma modulları iddiaçıya təqdim olunmuşdur. Modullar hazır olandan sonra proqramçılar və layihə menecerləri tərəfindən test olunurdu. Elnur bəy hər gün modulları test edirdi, problem yarananda cavabdehə bildirirdi və onlar yaranan problemləri aradan qaldırırdılar. Real məlumatlar serverə yüklənir, tam baza məlumatlar hazır olandan sonra müştərinin təqdim etdiyi sevrerə yüklənilir. Onlar proqram təminatını hazırlamış, lakin tətbiq edə bilməmişlər. Tətbiq edə bilməmələrinin səbəbi isə müştərinin daxili prosedurlarını yeniləməsi olmuşdur. Texniki tapşırıqlar İddiaçı ASC-nin istəyinə uyğun olaraq təhvil verilib. Elnur bəy iradlarını onlara e-mail vasitəsilə bildirirdi.

49. Məhkəmə hesab etmişdir ki, cavabdehin təqdim etdiyi şahid ifadələri də iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, əvvəla həmin şahidlər ifadələrində materiallarda olan podrat müqaviləsi üzrə işlərin görüldüyünü, həmin müqavilə üzrə modulların bir qisminin artıq təhvil verildiyini bildirsələr də, lakin modulların konkret olaraq kimə, hansı şəraitdə təhvil verilməsi, eləcə də hansı tarixdə təhvil verilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.

50. Həmçinin məhkəmə qeyd etmişdir ki, hətta həmin şahidlər işlərin görülməsi və təhvil verilməsi ilə bağlı konkret ifadələr versəydi belə bu hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməzdi. Belə ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə podrat işlərinin görülməsi və iddiaçıya təqdim edilməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur. Bununla bağlı məhkəmə bildirmişdir ki, hüquqi şəxs olan cavabdeh tərəfindən böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə dindirilmiş və cavabdeh şirkətin işçiləri olan şahidlərin ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

51. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə onun öz öhdəliyini icra etməsi sübut olunmur. Belə olan halda iddiaçının podrat müqaviləsi üzrə muzd ödəmək öhdəliyi, cavabdehin isə Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır.

52. Cavabdeh iddiaya etiraz edərək müqavilə şərtlərinin tərəfindən icra edildiyini, müqavilənin 1 saylı əlavəsində göstərilmiş proqramların tam şəkildə hazırlanaraq iddiaçıya təhvil verildiyini, lakin iddiaçının özünün istəyi ilə onun İT avadanlığına tətbiq edilmədiyini iddia etmişdir.

53. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

54. Göründüyü kimi tərəflər arasında podrat hüquq münasibətləri əmələ gəlmiş, iddiaçı pulun ödənilməsinə baxmayaraq işlərin görülərək təhvil verilmədiyini, cavabdeh isə işlərin lazımi keyfiyyətdə görülərək iddiaçıya təhvil verdiyini bildirmişdir. Mübahisənin ədalətli və qanuni həll edilməsi üçün işlərin görülməsi və iddiaçıya təhvil verilməsi işdə olan sübutlar əsasında müəyyən edilməlidir.

55. Məhkəmə şahid ifadələrinin sübut növü kimi qəbul etməməsi və yazılı sübut növünü tələb etməsi tərəflər arasında bağlanmış podrat müqaviləsinin tələblərinə ziddir. Belə ki, tərəflər müqavilədə və ona əlavədə işlərin təhvil-təslim edilməsinin formasını (yazılı, akt və s.) müəyyən etməmişlər. Qanunvericilikdə isə podrat münasibətlərinin mütləq sübutu kimi yazılı sübutların olmasına dair heç bir imperativ tələb mövcud deyildir. Odur ki, kollegiya hesab edir ki, cavabdeh tərəfindən dindirilmiş şahidlərin ifadələri mümkünlük meyarına uyğun gələn mötəbər sübut növləridir.

56. Məhkəmə kollegiyası cavabdehin vəsatəti əsasında apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədilə kompüter-texniki ekspertizası keçirmişdir.

57. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X5 Rəqəmsal məhsulların inkişafı departamentinin müdiri Hacıyev Vurğun tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş rəydən görünür ki, Birinci sual üzrə. Cavabdeh MMC tərəfindən hazırlanmış texniki tapşırıqlar ilə tanış olduq. Texniki tapşırıqlar əsasında hazırlanmış sistem nümayiş etdirildi. İkinci sual üzrə. Sifarişçi tərəfindən texniki tapşırıqdan kənar verilən sorğuların icraçıya e-ünvan vasitəsi ilə ünvanlanıb. İcraçıdan ünvanlanan aşağıdakı ekran şəkilləri təqdim edilmişdir: Üçüncü sual üzrə. Texniki tapşırıqda məlumat itkisinin qarşısının alınması ilə bağlı risklər qeyd edilməyib. Dördüncü sual üzrə. Təklifdə olan digər modullar sifarişin tələblərinə cavab verir. Biznes istəklərini əhatə edir. Beşinci sual üzrə. Tərəflər arasında bağlanmış müqavilədə göstərilən modullar bizə təqdim edilən sistemdə öz əksini tapır. Altıncı sual üzrə. Müqaviləyə əlavələrdə göstərilən xidmətlərdən başqa Sifarişçi İddiaçı ASC tərəfindən yeni tapşırığın hazırlanması üçün müraciət edilib. “Mal- Material texniki tapşırıq” adlı sənəd Cavabdeh MMC-yə daxil olub, lakin heç bir əlavə müqavilə və ya qiymətləndirmə edilməyib. Yeddinci sual üzrə. Sifarişçi ilə icraçı arasında e-mail yazışmalarından göründüyü kimi təqdim edilmiş texniki tapşırıqda göstərilən modul üzrə işlər qismən icra edilməsi haqqında qarşılıqlı razılıq olub və bundan əlavə də sifarişçi yenidən hazırlanmış texniki tapşırığın icrası üçün icraçıya yenidən müraciət edib. Səkkizinci sual üzrə. Proqram təminatı sonuncu işlər xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir.

58. Məhkəməyə daxil olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/1413/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, e-2-2(113)-2441/2023 nömrəli işin İİİ cildinin 191-195-ci vərəqlərində olan “Ekspert rəyin” də Cavabdeh MMC tərəfindən hazırlanmış sistemin 15 yanvar 2021ci il tarixli “DS-LX-MS 02/21” nömrəli müqavilə üzrə sifarişçi tərəfindən təqdim edilən texniki şərtin tələblərinə uyğunluğu yoxlanılaraq müəyyən edilmiş nəticələr qeyd olunmuşdur. Məhkəmə-kompüter texniki ekspertizasının təyini haqqında qərardadda ekspertizanın qarşısında qoyulmuş 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci suallar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X5 Rəqəmsal məhsulların inkişafı departamentinin müdiri Hacıyev Vurğun tərəfindən cavablandırılmışdır.

59. Əvvəlki rəydə 1 və 2-ci suallara natamam cavab verildiyi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X3 yenidən rəy verilməsi istənilmişdir.

60. Yenidən göndərilmiş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X5 Rəqəmsal məhsulların inkişafı departamentinin müdiri vəzifəsini müvəqqəti icra edən Qasim Hüseynov tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş rəydən görünür ki, birinci sual üzrə. Cavabdeh MMC tərəfindən hazırlanmış texniki tapşırıqlar ilə tanış olduq. Texniki tapşırıqlar əsasında hazırlanmış sistem nümayiş etdirildi. Texniki tapşırıq üzrə işlər tam icra olunub. İkinci sual üzrə. Sifarişçi tərəfindən texniki tapşırıqdan kənar verilən sorğuların icraçıya e-ünvan vasitəsi ilə ünvanlanıb. Ünvanlanmış sorğular icraçı tərəfindən tam icra olunmuşdur. İcraçıdan ünvanlanan aşağıdakı ekran şəkilləri təqdim edilmişdir. (şəkil rəydə var) Qeyd olunan sorğular bağlanmış müqavilədən kənar sorğular olduğu üçün cavablandırılması məqsədə uyğun hesab edilməmişdir. Üçüncü sual üzrə. Texniki tapşırıqda məlumat itkisinin qarşısının alınması ilə bağlı risklər qeyd edilməyib. Dördüncü sual üzrə - Təklifdə olan digər modullar sifarişin tələblərinə cavab verir. Biznes istəklərini əhatə edir. Beşinci sual üzrə. Tərəflər arasında bağlanmış müqavilədə göstərilən modullar onlara təqdim edilən sistemdə öz əksini tapır. Altıncı sual üzrə. Müqaviləyə əlavələrdə göstərilən xidmətlərdən başqa Sifarişçi İddiaçı ASC tərəfindən yeni tapşırığın hazırlanması üçün müraciət edilib. “Mal-Material texniki tapşırıq” adlı sənəd Cavabdeh MMC-yə daxil olub, lakin heç bir əlavə müqavilə və ya qiymətləndirmə edilməyib. Yeddinci sual üzrə -Sifarişçi ilə icraçı arasında e-mail yazışmalarından göründüyü kimi təqdim edilmiş texniki tapşırıqda göstərilən modul üzrə işlər qismən icra edilməsi haqqında qarşılıqlı razılıq olub və bundan əlavə də sifarişçi yenidən hazırlanmış texniki tapşırığın icrası üçün icraçıya yenidən müraciət edib. Səkkizinci sual üzrə - Proqram təminatı sonuncu işlər xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir.

61. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə proqram təminatı ilə bağlı işlərin cavabdeh tərəfindən lazımi keyfiyyətdə görülməsi və iddiaçıya təhvil verilməsi müəyyən edilmişdir. Bundan başqa qeyd edilən hal tərəflər arasında olan e-yazışmalar, şahid ifadələri ilə təsdiqini tapır. İddiaçı bu halların əksini iddia etsə də, istinad etdiyi halları sübut edə bilməmişdir.

62. Cavabdeh MMC tərəfindən xidmətlərin tam olaraq ən geci 15 yanvar 2022-ci il tarixində təhvil verilməsi və işə salınması razılaşdırılmışdır. Xidmətlər həmin tarixdən də əvvəl xx.xx.2021-ci il tarixində icra edilmiş, sifarişçi tərəfindən test edilmişdir. Rəylə bu hal da təsdiqini tapmışdır. Hazırkı məhsul virtual təqdim edilməli olduğundan bulud xidmətindən istifadə edilmişdir. Tərəflər arasında təhvil-təslim ancaq bulud xidməti vasitəsi ilə həyata keçirilmişdir. Rəydə bu hal təsdiqlənir.

63. İddiaçı cavabdeh tərəfindən işlərin mərhələli şəkildə həyata keçirildiyindən və hər mərhələdə görülmüş işlərdən razı qaldığından mərhələli ödənişlər həyata keçirmişdir. Yəni iddiaçı ödənişi bir dəfə üçün deyil, 3 dəfə ödəmişdir. Göstərilmiş xidmətdən razı olmasa idi, ödənişi mərhələli həyata keçirməzdi.

64. Qeyd edilən əsaslara görə kollegiya hesab edir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirdiyi üçün iddiaçı tərəfindən ona ödənilmiş muzdun qaytarılması barədə iddia tələbi təmin edilə bilməz.

65. Məhkəmə şifahi sübutları düzgün qiymətləndirməmiş, podrat işinin qüsurunun müəyyən edilməsi üçün mütəxəssis rəyinin zəruri olmasına baxmayaraq ekspertiza barədə vəsatəti əsassız olaraq təmin etməmişdir. Nəticədə işin faktiki halları düzgün müəyyən edilməmişdir. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmənin iddianın təmin edilməsi barədə gəldiyi qənaət əsassız və qanunsuzdur. Odur ki, qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilməli və iddia rədd edilməlidir.

66. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

67. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(113)-2441/2023 nömrəli qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə (43350 manatın cavabdehdən tutulması) iddia təmin edilməsin. 100 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Cavabdehin apellyasiya şikayətinə görə ödədiyi 205 manat dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilsin. İddiaçının ödədiyi dövlət rüsumu və mediasiya xərci özünə aid edilsin, Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar