Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-120/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 04.10.2021-ci il tarixli e-2-2(113)-2437/2021 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən alqı-satqı müqaviləsi üzrə 67,250.39 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 67,280.39 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 10 aprel 2019-cu il tarixli, 190410/08-121 nömrəli alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 136.478,53 manat məbləğində malların satışı həyata keçirilmişdir. Cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə cəmi 69.228,14 manat məbləğində ödəniş edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə qalan 67.250,39 manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır. Satıcı "xxxx" MMC yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, alıcı Cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, ödənişlər bu müqavilənin qoşmalarında nəzərdə tutulmuş qaydada satıcının bank hesablarına edilməlidir. Həmin müqavilənin 4.5- ci bəndinə əsasən, alıcı mallar üzrə ödənişi bu müqavilənin Qoşmalarında müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, Satıcının hər gecikdirilmiş günə görə ödənilməyən məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən də göründüyü kimi, iddiaçı müqavilə ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada icra etsə də, cavabdeh həmin müqavilədən irəli gələn öhdəliklərini pozmuş, satılan malların dəyərinin tam ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış lakin, bu danışıqlar heç bir fayda verməmiş, cavabdehə borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə və həmçinin, borcun qaytarılması məqsədi ilə borcluya 05.02.2021-ci il tarixində pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh bu günə kimi ona verilmiş borc məbləğini tam məbləğdə iddiaçıya qaytarmamış və borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görülməmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.10.2021-ci il tarixli e-2-2(113)-2437/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi işin hallarını araşdırarkən maddi hüquq normalarını düzgün tətbiq etmədən əsassız və qanuna zidd olaraq qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, iddia tərəfinin təqdim etdiyi sübutlar mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən sübutlar kimi hesab edilməli və iddia tələbi rədd edilməlidir. Halbuki tərəfinizdən iş materiallarına da əlavə edilmiş 11.06.2019-cu il tarixli, EAAV seriyalı, 653160 saylı, 25.04.2019-cu il tarixli, EAAT seriyalı, 591133 saylı, 24.04.2019-cu il tarixli, EAAT seriyalı, 550421 saylı, 22.04.2019-cu il tarixli, EAAT seriyalı, 425791 saylı elektron qaimə fakturalar mübahisələndirilən malların alıcı tərəfindən qəbul edildiyini təsdiq edən birbaşa sübutlardır. Vergilər Nazirliyinin elektron sistemindən çıxarışından da göründüyü kimi 25.04.2019-cu il tarixli, EAAT seriyalı, 591133 saylı, 24.04.2019-cu il tarixli, EAAT seriyalı, 550421 saylı, 22.04.2019-cu il tarixli, EAAT seriyalı, 425791 saylı elektron qaimə fakturalar Cavabdeh MMC tərəfindən, 11.06.2019-cu il tarixli, EAAV seriyalı, 653160 saylı elektron qaimə faktura isə elektron sistem tərəfindən təsdiq olunmuşdur. Apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlanan bölməsində göstərdiyimiz əsaslarla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.09.2021-ci il tarixli, 4/1175 saylı xətşünaslıq ekspertizasının rəyinə əsasən ekspertə təqdim olunmuş sənədlər ayrı-ayrı şəxslər tərəfindən imzalanmış olsa da, həmin qaimə-fakturalar əsasında təqdim olunmuş elektron hesab-fakturalar Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən cavabdehin həmin mallara görə ödənilməyən 67.250,39 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olduğunu və iddianın tam əsaslı olduğunu sübut etmiş olur. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan Qanununun müddəalarını tətbiq etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.1-ci bəndində də nəzərdə tutulmuşdur ki, vergi ödəyicisi alıcıya elektron qaimə fakturanı elektron formatda təqdim edir. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülür ( 3.2-ci bənd), Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir (3.3-cü bənd). Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir (bu Qaydaların 3.6-cı bəndi). Beləliklə yuxarıda göstərilən qanunvericilik normalarından belə aydın olur ki, vergi ödəyicisi olan satıcı tərəfindən elektron vergi hesab fakturaları alıcıya təhvil verilmiş mallara dair qaimə fakturalar əsasında tərtib edilir, vergi ödəyicisi alıcı barəsində onlarla razılaşmadıqda satıcıya müraciət edərək, təqdim olunmuş elektron vergi hesab fakturasının ləğvini xahiş edə bilməsi imkanı nəzərdə tutulur və yalnız alıcının elektron vergi hesab-fakturası ilə razılaşdığı (onları bəyəndiyi) təqdirdə bu fakturalar mütləqlik keyfiyyətinə malik olurlar. Cavabdeh tərəf iş materiallarında olan (11.06.2019-cu il tarixli, EAAV seriyalı, 653160 saylı, 25.04.2019-cu il tarixli, EAAT seriyalı, 591133 saylı, 24.04.2019-cu il tarixli, EAAT seriyalı, 550421 saylı, 22.04.2019-cu il tarixli, EAAT seriyalı, 425791 saylı) hər 4 (dörd) elektron hesab fakturalarını görmüş, məzmunlarındakı məlumatları başa düşərək onları qəbul etmiş, bu sənədlərin doğruluğunu şübhə altına almamış, onlardan hər hansı birinin ləğvi ilə əlaqədar iradə ifadəsi bildirməmişdir. Hətta həmin elektron qaimə fakturalardan üçünü (25.04.2019-cu il tarixli, EAAT seriyalı, 591133 saylı, 24.04.2019-cu il tarixli, EAAT seriyalı, 550421 saylı, 22.04.2019-cu il tarixli, EAAT seriyalı, 425791 saylı) birbaşa təsdiqləmiş, digəri isə (11.06.2019-cu il tarixli, EAAV seriyalı, 653160 saylı) sistem tərəfindən təsdiq olunmuşdur. (Həmin elektron vergi hesab-fakturaların qəbul olunması (ləğv edilməsinə təşəbbüs göstərilməməsi) faktı isə onların yaratdığı hüquqi nəticələrin (o cümlədən, bu elektron vergi hesab-fakturaların tərtib edilməsinə əsas olmuş əmtəə ilə bağlı cavabdehin özünün vergi öhdəliyinin yaranması, Vergi Məcəlləsinin 176-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” da daxil olmaqla) cavabdeh tərəfindən öncədən görülməsi halı kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 04.10.2021-ci il tarixli e-2-2(113)-2437/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 10 aprel 2019cu il tarixdə 190410/08-121 saylı alğı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müqaviləyə qoşmalar əsasında sifariş verilən və dəyəri həmin qoşmalarla müəyyən edilən kabel və digər mallar satılmışdır. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən satılmış mallara görə 69228,14 manat ödəniş həyata keçirilmişdir. İddiaçı iddia edir ki, cavabdehə ümumilikdə 136478,53 manat dəyərində mal satılmış, 67250,39 manat məbləğində satılmış malın dəyəri, yəni 11.06.2019-cu il tarixli EAAV saylı elektron qaimə üzrə satılmış 69950,40 manat məbləğində malın (64/110kV AПвПуг 1x800/95) bir hissəsinin dəyəri ödənilməmişdir. 3.3-ci bəndinə əsasən malların daşınması alıcı tərəfindən həyata keçirilir. Lakin müəyyən hallarda daşınma satıcı tərəfindən də həyata keçirilə bilər. Daşınmanın satıcı tərəfindən həyata keçirilməsi şərtləri satıcı və alıcı arasında qabaqcadan razılaşdırılmalıdır. Satıcı tərəfindən həyata keçirilən daşınma xərcləri malların qiymətinə daxil deyil. Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında tərtib edilmiş alqısatqı müqaviləsinə 5 saylı 03.06.2019-ci il tarixli qoşmadan görünür ki, dəyəri ödənilmədiyi iddia edilən mal həmin qoşma əsasında sifariş verilmişdir. Qoşmada 1.560 m ölçüdə olan 1 ədəd 64/110 kV AПвПуг 1x800/95 markalı məhsulun qiyməti 104.925.60 manat müəyyən edilmiş, məhsulun dəyərinin 70%-nin əvvəlcədən, 30 %-nin məhsul hazır olduqda ödənilməsi, avans ödənildikdən sonra 35 iş günü müddətində təhvil verilməsi razılaşdırılmışdır. 11.06.2019-cu il tarixli ER-3268 nömrəli Malların və Xidmətlərin satışına dair aktdan görünür ki, 59.280.00 manat dəyərində (ƏDV daxil 69.950,40) olan 1040 metr ölçüdə olan 64/110 kV AПвПуг 1x800/95 markalı məhsul Cavabdehnə təqdim edilmişdir. Aktda hər iki tərəfin adından edilmiş imzalar mövcuddur. (iş mat. 48-ci vərəq). 11.06.2019-cu il tarixli S3071 nömrəli “X4”ndən görünür ki, 1040 metr ölçüdə olan 64/110 kV AПвПуг 1x800/95 məhsul Cavabdehnə təqdim edilmişdir. Vərəqədə hər iki tərəfin adından edilmiş imzalar mövcuddur. (iş mat. 49-cu vərəq) Cavabdehnə məxsus hesabdan çıxarışdan görünür ki, 10 aprel 2019-cu il tarixdə 190410/08-121 saylı alğı-satqı müqaviləsinə əsasən sonuncu dəfə 16.05.2019-cu il tarixində AZ40AZEN********************1 saylı hesaba 2700 manat məbləğində avans ödənişi edilmişdir. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, sistem tərəfindən təsdiq edilmiş həmin elektron qaimə üzrə mal təhvil verilməmişdir. Müqaviləyə 5 saylı qoşmaya əsasən malın dəyərinin 70%-i əvvəlcədən ödənilməli idi. Malın avans ödənilmədən və sifariş veriləndən 8 gün sonra təhvil verilməsi mümkün ola bilməzdi. Bundan əlavə malları təhvil almağa səlahiyyətli şəxs kimi cavabdeh tərəfindən X8 təyin edilmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş 11.09.2019-cu il tarixli aktda “Təhvil aldı” qrafasındakı imza X5 deyil, başqa şəxsə məxsusdur. Birinci instansiya məhkəməsi tərəfindən 11.08.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh MMC-də təchizat məsələsinə baxmış və MMC tərəfindən səlahiyyətli şəxs qismində təyin edilərək alqı-satqı müqaviləsi üzrə malları təhvil almşdır. Hal-hazırda Cavabdeh MMC-də işləmir. Firmanın adından kabel çıxarışı təhvil almışdır. Axırıncı dəfə 2016-2017-ci illərdə iddiaçıdan ona verilmiş etibarnamə əsasında mal təhvil almışdır. 2019-cu ildə təhvil-təslim olmamışdır. Şahid 11.06.2019-cu il tarixli “Malların və xidmətlərin satışı” və “X4” adlı sənədləri imzalamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində bildirmişdir ki, o Cavabdeh MMC-nin keçmiş direktoru olmuşdur, müqaviləni və müqaviləyə əlavələri o imzalamışdır. Bildirmişdir ki, müqavilə əsasında 10.04.2019-ci il, 25.04.2019cu,10.05.2019-cu,15.05.2019-cu il tarixlərdə ƏDV daxil pul vəsaitləri köçürmüş və bu məbləğlərin müqabilində mal təhvil almışdır. Əlavə olaraq qeyd etmişdir ki, "xxxx" MMC-yə daxil olmaq qeyri-mümkündür. Onlar 67.000 manat məbləğində olan malları təhvil almamışlar. O, 2.700 manat məbləğində avans ödəməsi etmişdir. Cavabdeh MMC-dəki payını 2019-cu ilin sonlarında satmışdır. Səhhətində olan problemlərə və iştirak payını satdığına görə ödənilmiş avansı geri tələb etməmişdir. 5 saylı Qoşma imzalandıqdan sonra iddiaçıdan sifariş olunan mallar ona görə tələb edilməmişdir ki, həmin mallara artıq ehtiyac olmamışdır. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli, 4/1175 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, ER seriyalı 3268 nömrəli 11.06.2019-cu il tarixli malların və xidmətlərin satışı aktında; S3071 nömrəli 11,06.2019-cu il tarixli X4ndə “Təhvil aldı” qrafalarındakı imzalar - X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, ER seriyalı 3268 nömrəli 11.06.2019-cu il tarixli malların və xidmətlərin satışı aktında; S3071 nömrəli 11.06.2019-cu il tarixli X4ndə “Təhvil aldı” qrafalarındakı imzalar ilə ER seriyalı 1996 nömrəli 24.04.2019cu il tarixli malların və xidmətlərin satışı aktında; S2041 nömrəli 24.04.2019- cu il tarixli X4ndə; ER seriyalı 1883 nömrəli 22.04.2019-cu il tarixli malların və xidmətlərin satışı aktında “Təhvil aldı" qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi işdəki sübutlara, ekspert rəyinə, şahid ifadələrinə istinad edərək, MM-nin 567-ci, 385.1, 386.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, 11.06.2019-cu il tarixli X4 və malların və xidmətlərin satışına dair akt cavabdeh (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanmadığından həmin vərəqə və akt cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin mövcud olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Malların təqdim edilməsini sübuta yetirmək üçün iddiaçının təqdim etdiyi elektron qaiməyə münasibətdə məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”na əsasən elektron qaimə fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. Hazırkı halda mübahisəli elektron qaimə-fakturanın əsasında malların verilməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktı və malın səlahiyyətli şəxsə təhvil verilməsini təsdiq edən digər sənədlər durmadığından həmin qaimə-faktura müvafiq xidmətlərin təqdim edilməsini rəsmiləşdirən sənəd kimi qəbul edilməsi üçün əsaslar mövcud deyil. Tərəflər arasında malların təhvil-təsliminin məhz təhvil-təslim aktı imzalanmaqla rəsmiləşdirilməli olması tərəflər arasında bağlanmış 3.3-cü maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. Digər tərəfdən iddiaçı tərəfindən arasında mübahisə predmeti olan maldan əvvəl dəfələrlə cavabdehə mallar təqdim edilmiş və hər dəfə həmin mallar cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq qəbul edilmişdir. Göstərilən hallar ona dəlalət edir ki, mallar təqdim edilərkən tərəflər arasında malların təhvil-təslim aktlarının imzalanmasına dair işgüzar adət də formalaşmışdır.” Təqdim edilmiş malların dəyərindən cavabdeh tərəfindən ödənişin edilməsi barədə iddiaçının istinad etdiyi dəlilə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya sonuncu ödənişi 16.05.2019-cu il tarixində həyata keçirilmişdir. Mübahisəli malların 11.06.2019-cu ildə təhvil verilməsinin ehtimal edildiyini nəzərə alsaq açıq-aşkardır ki, həmin ödənişin aparılması malın cavabdehə verilməsini təsdiq etmir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia tələblərini əsaslandırmaq üçün təqdim etdiyi sübutlar tərəflər aralarında öhdəlik hüquq münasibətlərinin mövcud olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı halda tərəflər arasında 10 aprel 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin 5.1-ci bəndində həmin müqavilənin bir il ərzində qüvvədə olması nəzərdə tutulmuşdur. Bu da təsdiq edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Qeyd edilən müqaviləyə 03.06.2019-ci il tarixdə imzalanmış 5 saylı qoşma ilə cavabdeh tərəfindən iddiaçıya 1.560 m ölçüdə olan 1 ədəd 64/110 kV AПвПуг 1x800/95 markalı məhsulun sifariş verildiyi təsdiq olunur. Həmin Qoşma əsasında razılaşdırılmış şərtlərə əsasən mal satıcının anbarından alıcıya təhvil verilməli, məhsulu dəyərinin 70%-i avans olaraq mal təhvil verilənədək ödənilməli idi. İddiaçı müqaviləyə 5 saylı qoşma əsasında cavabdehə malın təhvil verildiyinə dair məhkəməyə 11.06.2019-cu il tarixli “Malların və xidmətlərin satışı” və “X4” adlı sənədləri və 11.06.2019-cu il tarixli EAAV saylı elektron qaimə təqdim etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi 11.06.2019-cu il tarixli “Malların və xidmətlərin satışı” və “X4” adlı sənədləri ona görə mötəbər sübut qəbul etməmişdir ki, həmin sənədlərdə “təhvil aldı” qrafasındakı imzanın cavabdehin səlahiyyətli nümayəndəsi X5 məxsus deyil. İş materiallarında X8 adlı şəxsin 2019-cu ildə cavabdehin işçisi və ya onun adından mal qəbul etmək səlahiyyətli olduğunu təsdiq edən hər hansı sübut mövcud deyil. X8 ifadəsində göstərmişdir ki o yalnız 2016 və 2017-ci illərdə cavabdehin nümayəndəsi olaraq "xxxx" MMC-dən mal almış, 2019-cu ildə iddiaçıdan mal almamışdır. Belə olan halda 2019-cu ildə tərtib edilmiş sənədlərdə A.Nəbiyevin imzasının mövcud olub-omadığının yoxlanılması üçün ekspertiza təyin edilməsinə zərurət olmamışdır. Halbuki işdən görünür ki, 2019-cu ilin aprel ayında cavabdeh iddiaçıdan mallar almış, dəyərini ödəmiş, malı təhvil alan şəxs kimi “X8” qeyd edilsə də, ekspert rəyindən görünür ki, təhvil-təslimlə bağlı sənədlərdəki həmin imzalar müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Müəyyən olunur ki, 2019-cu ildə cavabdehə təhvil verilmiş malları cavabdehin adından nümayəndə qismində təyin edilmiş müxtəlif şəxslər qəbul etmişdir. Cavabdehin nümayəndəsi 2019-cu ildə dəyəri ödənilmiş malları cavabdehin adından təhvil alan şəxslər barədə məhkəməyə məlumat verə bilməmişdir. Cavabdehin nümayəndəsi 5 saylı Qoşma üzrə sifariş olunan malların sonradan lazım olmadığı üçün iddiaçıdan tələb edilmədiyini bildirsə də, bu barədə qarşı tərəfə məlumat verilməsi və ya 5 saylı Qoşmanın ləğv edilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. İddiaçı tərəfindən 11.06.2019-cu il tarixdə cavabdehə müqavilə əsasında təhvil verilmiş şəxsin səlahiyyəti barədə işdə sübutlar olmasa da, işin qeyd edilən halları, 2019cu ilin may ayında ödənilmiş 2700 manat avans ödənişinin iddiaçıdan geri tələb edilməməsi, o cümlədən elektron qaiməyə etiraz bildirilməməsi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh 11.06.2019-cu il tarixli EAAV saylı elektron qaimə üzrə malı iddiaçıdan almışdır. Satıcı etibarlı işgüzar münasibətlərə güvənərək müqavilə ilə şərtləşdirilmiş avans ödənişini almadan malı təhvil vermək hüququna malik olduğundan cavabdehin bu hala istinad edərək iddiaya etirazı əsassızdır. Belə ki, Mülki Məcəllədə alıcının əşyanın dəyərini qabaqcadan ödəmək öhdəliyinin icra edilmədiyi hallar aşağıdakı normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Müqavilənin 599.2-ci maddəsinə əsasən alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 04.10.2021-ci il tarixli e-2-2(113)-2437/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək Cavabdeh MMC-dən iddiaçı "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin xeyrinə 67250,39 manat borc, 30 manat dövlət rüsumu tutulmalı, 127 manat ekspertiza xərci cavabdeh "Reak” MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 04.10.2021-ci il tarixli e-2-2(113)-2437/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək Cavabdeh MMC-dən iddiaçı "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin xeyrinə 67250,39 manat borc, 30 manat dövlət rüsumu tutulsun. 127 manat ekspertiza xərci cavabdeh "Reak” MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən elektron kabinetə yerləşdirildiyi gündən iki ay ərzində qanunla nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-120/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-120/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver