Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-120/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı) qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-113/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkəti “Azərsığorta” tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkəti “Azərsığorta”ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkətindən İddiaçı xeyrinə 79719 manat məbləğində sığorta ödənişi və hər gecikdirilmiş gün üçün 0,1 faiz məbləğində hesablanmaqla 4783 manat dəbbə pulu ümumilikdə 84502 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
3. İddiaçı bildirir ki, xx.xx.2020-ci il tarixində onunla cavabdeh arasında AS 001233 nömrəli könüllü sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”nin sıra 5, korpus 2 də yerləşən 8 nömrəli mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının daşınar əmlakına (əmtəə və s. mallarına) 150.153 manat məbləğində sığorta təminatı (sığorta məbləği müəyyən edilmişdir) verilmişdir. 17 noyabr 2020-ci il tarixində sözügedən mağazada leysan yağışları nəticəsində su basma hadisəsi baş vermişdir. Hadisə zamanı səlahiyyətli dövlət orqanlarına və sığorta şirkətinə dərhal məlumat verilmişdir. Subasma hadisəsi ilə bağlı təyin olunmuş müstəqil ekspert rəyinə əsasən daşınar əmlak üzrə 84.164 manat məbləğində zərər dəymişdir. Lakin cavabdeh sığorta şirkəti dəymiş zərərin əvəzini ödəməmişdir.
4. Cavabdeh iddiaya etiraz etmiş və ilkin olaraq bildirmişdir ki, mübahisəli sığorta müqaviləsi ümumiyyətlə mövcud deyil, belə bir müqavilə olsa da, sığorta haqqı ödənilmədiyindən müqavilə qüvvəyə minməmişdir. Sonrakı izahatlarda nümayəndə bildirmişdir ki, sığorta haqqı nağd formada ödənilib, göstərilən ödənişlər ümumiyyətlə nağd qaydada aparıla bilməz. Pul bank hesabına ödənilməlidir. Eyni zamanda sığorta şəhadətnaməsində sığorta predmeti olan mallar yalnız yanğın və partlayışdan sığortalanıb. Digər risklər üzrə sığortalanmayıb. Digər bütün risklərin qarşısında qoyulmuş işarələr heç bir məna kəsb etmir. Digər sığorta risklərinə görə sığorta haqqı ödənilməyib. Sonuncu məhkəmə iclasında F.Mustafazadə izahatında sığorta müqaviləsi ilə su basma nəticəsində dəymiş zərərin ödənilməsi təminatının verilmədiyini, ekspertin verdiyi rəylərin sübut kimi qəbul edilməməli olduğunu bildirdi.
5. Üçüncü şəxsin nümayəndəsi bildirir ki, sığorta qanunvericiliyinə əsasən sığorta haqları Mərkəzi Bankın normativ aktlarına uyğun olaraq hesablanır. MM-in tələbinə görə sığorta qaydalarında sığorta tarifləri öz əksini tapmalıdır və tariflərin diapazonu 0,2 faizdən 5 faizədək göstərilmişdir, yəni məbləğ stabil deyil. Sığorta şirkəti 0,3 faiz ilə hesablamış və qaydaları pozmamışdır. Diapazonu şirkətlər özləri də müəyyən edə bilir. Sadəcə tarifi nəzarət komissiyası ilə razılaşdırırlar. Qanunverilikdə qismən və ya əlavə təminatla bağlı hər hansı bir qeyd yoxdur. Tərəflərin razılaşması əsasında təminatların növləri müəyyən edilir. Cavabdeh müqavilənin azadlığı prinsipinə əsasən əsas təminat və s. kimi qeydləri müqaviləyə daxil etmişdir. Təqdim edilən sığorta şəhadətnaməsində xaç və onay işarələri qeyd olunmuşdur. Bu isə qeyri-müəyyənlik yaradır. Müqavilələrin birində onay işarələri var, digərində isə yoxdur. Onay işarəsinin təminatın verilməsini təsdiq etməsini hesab etsələr, belə başa düşmək olar ki, 001334 nömrəli müqavilə üzrə təminat verilib. Hesab edir ki, işarələr simvolik xarakter daşıyır və təminat verilib.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-113/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkəti “Azərsığorta” apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında cavabdehin nümayəndələri X3 və X12 apellyasiya şikayətini müdafiə etdilər, İddiaçı isə apellyasiya şikayətinə etiraz etdi.
11. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 425.1-cü maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. Həmin Məcəllənin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
14. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
15. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
16. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
17. Həmin Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
18. Həmin Məcəllənin 899.2-ci maddəsinə əsasən bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
19. Həmin Məcəllənin 902.1.4-cü maddəsinə əsasən sığorta riskləri sığorta şəhadətnaməsində göstərilməlidir.
20. Həmin Məcəllənin 903.2-ci maddəsinə görə sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir.
21. Həmin Məcəllənin 903.3-ci maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
22. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
23. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
24. Həmin Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
27. Belə ki, birinci instansiya məhkəməsi aşağıdakı sübutlara istinad etmişdir:
28. Əmlakın yanğın və digər əlavə risklərdən tam sığortası üzrə AS seriyalı 001333 nömrəli sığorta şəhadətnaməsinə əsasən, “Binə” TM (2 mərtəbəli) sıra 5, korpus 2, mağaza 8 ünvanında yerləşən SMART Butik adlı mağazada yerləşən hazır məhsul, mallar, inventarlar və s. sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Sığorta obyektin dəyəri 100.000 manat, sığorta məbləği 100.000 manat, yanğın, partlayışdan sığorta haqqı 300 manat, əlavə təminat üzrə sığorta haqqı 300 manat, cəmi sığorta haqqı məbləği 300 manat müəyyən edilmişdir. Sığortalı İddiaçıdur. Müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması (hazır məhsul, mallar) risklərinin qarşısında “˅” işarəsi qeyd edilmişdir. Bu şəhadətnamə 02 noyabr 2009-cu il tarixdə təsdiq edilmiş “Əmlakın yangın və digər əlavə risklərdən sığortası qaydaları”na əsasən sığortaçı və sığortalı arasında sığorta müqaviləsinin bağlanmasını təsdiq edir.
29. Azərbaycan Dövlət Sığorta Şirkətinin Şirvan filialının xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı əmlakın və digər əlavə risklərdən xx.xx.2020ci il tarixli AS 001333, AS 001335 və AS 001334 saylı sığorta müqavilələri üzrə hər biri 300 manat olmaqla, ümumilikdə 900 manat sığorta haqqı məbləğini Şirvan filialı vasitəsilə Azərbaycan Dövlət Sığorta Şirkətinə ödəmişdir.
30. xx.xx.2020-ci il tarixli qəbzlə müəyyən olunur ki, Dövlət Sığorta Kommersiya Şirkətinin “Azərsığorta”nın Şirvan şəhər filialı tərəfindən 900 manat məbləğində pul vəsaiti Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına ödənilmişdir.
31. 2019-cu il noyabr ayı-2020-ci il may aylarını əhatə edən qaimə-fakturalarla təsdiq edilir ki, Smart mağazası (Bəhruz) ümumi alış qiyməti 100.000 manatdan yuxarı müxtəlif geyim dəstləri (paltarları) almışdır.
32. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda qeyd edilmişdir ki, Bakı Dendrapark meteoroloji məntəqəsində qeydə alınmış yağıntı haqqında məlumata əsasən xx.xx.2020ci il tarixində gecə və gündüz leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 28,4 mm olmuş. xx.xx.2020-ci il tarixində gecə və gündüz leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 29,1 mm olmuşdur.
33. Azərbaycan Respublikasının Mərkəzi Bankının Sığorta Sahəsində X5 Müstəqil Eskpertlərin Reyestrinə Daxil olmuş X2 tərəfindən hazırlanmış xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, “Binə Ticarət Mərkəzi” sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazada baş vermiş sığorta hadisəsi ilə bağlı əmtəə mallarına (daşınar əşyalar) dəymiş zərərin ümumi qiyməti 84.164,50 manat məbləğində müəyyən olunur. Rəyin tədqiqat hissəsində 52 adda müxtəlif çeşiddə, sayda geyim dəstləri (paltarlar) cədvəldə əks olunmuşdur.
34. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə xx.xx.2021ci il tarixli ərizə ünvanlayaraq qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixində Binə Ticarət Mərkəzinin sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazasında olan və DSKŞ tərəfindən sığortalanan əmtəə mallarının baş vermiş su basma hadisəsi nəticəsində məhv olmuş, bu barədə dərhal DSKŞ-yə məlumat vermiş, lakin dəfələrlə edilən müraciətlərə baxmayaraq bu günə kimi sığorta şirkətinin işçilərinin hadisə yerinə və məhv olmuş əmlaka baxış keçirməmiş, mümkün olan lazımi tədbirlərin görülməsinə baxmayaraq hadisə nəticəsində ona 84.164 manat məbləğində ziyan dəymiş, məhv olmuş malların satışa, o cümlədən əmtəə kimi istifadəyə yararsız olmuş, bu yararsız malların uzun müddət saxlanılmasını təmin edə bilmir, artıq 50 gündür ki, malları şəxsi vəsaiti hesabına saxlayır, bu səbəbdən məhv olmuş malların qalıqlarına baxış keçirməklə 10 gün ərzində bu qalıqları qəbul edilməsini, əks halda o məhv olmuş malları tullamaq məcburiyyətində olacaqdır.
35. Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə xx.xx.2021-ci il tarixli 26-01865-2021 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, DSKŞ (sığortaçı) tərəfindən verilmiş məlumata əsasən sığorta haqqının ödənilməməsi səbəbindən sığorta müqaviləsinin qüvvəyə minmədiyi bildirilmiş, lakin sığortalı tərəfindən sığorta haqqının sığortaçıya ödənilməsi ilə bağlı sənədlər təqdim edilmişdir. Həmçinin sığortaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı istifadəsində olan və könüllü qaydada sığortalanmış əmlaka xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərər dəymişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Qanunun 102.1-ci maddəsini rəhbər tutaraq, sığortalı tərəfindən təqdim edilmiş sənədlərə əsasən sığorta hqqının sığortaçıya ödənilməsinin yenidən müəyyən edilməsi, sığorta haqqı ödənildiyi təqdirdə zərərçəkmiş şəxsə məxsus əmlaka dəymiş zərərin miqdarının qiymətləndirilməsi, dəymiş zərərlə bağlı tərəflərin qarşılıqlı razılığının əldə edilməsi, qarşılıqlı razılıq əldə edilmədikdə isə əmlaka dəymiş zərərin tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan müstəqil eskpert tərəfindən müəyyən edilməsi tələb olunur.
36. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikasının Mərkəzi Bankına (o cümlədən Vəkil) xx.xx.2021-ci il tarixli 11/M- 454/2 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, Şirkətlə İddiaçı arasında xx.xx.2020-ci il tarixində 001333, 001334 və 001335 saylı əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi üzrə müqavilələr bağlanmışdır. Hər üç müqavilə üzrə təminat yalnız əmlakın yanğın və partlayış riskinə verilmişdir. Lakin məlum olduğu üzrə əmlakda yanğın hadisəsi deyil, su basma hadisəsi baş vermişdir. Baş vermiş hadisənin sığorta təminatına daxil olmaması səbəbindən qeyd olunmuş müraciət üzrə sığorta ödənişinin verilməsi mümkün deyildir.
37. Azərbaycan Respublikasının Mərkəzi Bankının Sığorta Sahəsində X5 Müstəqil Eskpertlərin Reyestrinə Daxil olmuş X4 tərəfindən hazırlanmış xx.xx.2021-ci il tarixli ekspert-arayışına əsasən, xx.xx.2020-ci il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ilə Azərbaycan Dövlət Sığorta Şirkəti (Azərsığorta) arasında AS 001333, 001334, 001335 nömrəli könüllü sığorta müqavilələri bağlanılmışdır; bu razılaşma sığorta şəhadətnaməsinin sığortalıya elektron rabitə vasitəsi ilə təqdim edilməklə həyata keçirilmişdir; həmin müqavilələr üzrə 900 manat sığorta haqqı məbləği xx.xx.2020-ci il tarixində filiala və xx.xx.2020-ci il tarixində filialdan "xxxx" ASC-nin Şirvan şəhər filialı vasitəsi ilə Azərbaycan Dövlət Sığorta Şirkətinin bank hesabına köçürülmüş və bununla da müqavilələr qüvvəyə minmişdir və AS 001333 nömrəli sığorta müqaviləsi (şəhadətnamə) üzrə yanğın və partlayış, tətil, lokaut, iğtişaş, terror, zəlzələ və vulkan püskürməsi, sel və subasması, yer sürüşməsi, qar ağırlığı, fırtına, daxili su və tüstü, nəqliyyat vasitələrinin dəyməsi, yanğın üzrə sığorta risklərindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”nin sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazanın daşınar əmlakına (əmtəə və s.) təminat verilmişdir.
38. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin “Azərsığorta” Şirvan filialı DSKŞ-yə xx.xx.2021-ci il tarixli 130 nömrəli müraciət məktubu ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı məxsus “Binə Ticarət Mərkəzində” yerləşən SMART BUTİK geyim mağazasında yerləşən daşınar əmlakı əmlakın yanğından və digər əlavə risklərdən AS 001333, AS 001334, AS 001335 saylı sığorta şəhadətnamələri üzrə hər biri 300 manat sığorta haqqı olmaqla yalnız yanğın, partlayış riskləri üzrə xx.xx.2020ci il tarixdə lisenziya № 000437, VÖEN № ********** olan sığorta agenti X9 tərəfindən sığortalanmışdır. Ümumilikdə İddiaçı tərəfindən üç sığorta müqaviləsi üzrə 900 manat sığorta haqqını nəğd şəkildə filiala vermiş və filialın baş mühasibi X1 Sığorta Kommersiya Şirkətinin Şirvan şəhər filialının Kapital Bank ASC-nin Şirvan filialında olan hesabına xx.xx.2020-ci il tarixdə ödənilmişdir.
39. Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 9/4410 saylı ekspert rəyinə əsasən, İddiaçı məxsus olan, hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, “Binə Ticarət Mərkəzi”, sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazada saxlanılan, 17 noyabr 2020-ci il tarixdə baş vermiş leysan yağışları nəticəsində zərər vurulmuş əmtəə mallarına dəymiş zərərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 84.071,06 manat müəyyən edilir. Rəyin tədqiqat hissəsində 52 adda Çin və Türkiyə istehsalı olan müxtəlif çeşiddə, sayda geyim dəstləri (paltarlar) cədvəldə əks olunmuşdur.
40. Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 9/2308 saylı ekspert rəyinə əsasən, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş: 1-ci sual üzrə Respublikada yerləşən ticarət məntəqələrində, bazarlarında, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspert baxışına təqdim olunmuş əşyaların istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 79.719,93 manat müəyyən olunur. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyi tədqiqi hissəsində göstərilmişdir; 2-ci sual üzrə ekspert baxışına təqdim olunmuş əşyalar satış üçün tam yararsız vəziyyətdədir.
41. Foto-şəkillərə və məhkəmə iclasında diskə baxış keçirilən zaman İddiaçı aid mağazanın o cümlədən mağazanın qarşısının su basdığı müşahidə edildi.
42. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 05 fevral 2021-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 84.164 manat məbləğində sığorta ödənişi və hər gecikdirilmiş gün üçün 0,1 faiz məbləğində dəbbə pulu borcun 7 gün müddətində ödənilməsi xahiş edilmişdir.
43. Yerində müayinə protokoluna əsasən müəyyən edilir ki, İddiaçı aid mağazanın anbarında saxlanılan əmtəə malları olan, geyimlərin su basma hadisəsi nəticəsində rəngləri solmuşdur, bəzilərinin rəngləri bir-birinə qarışmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, mallar 30-40 ədəd paketə yığılıb. İddiaçının dediyinə görə hər paketdə 30-40 ədəd mal var.
44. Qeyd olunan sübutları araşdıraraq məhkəmə müəyyən etmişdir ki, AS 001333 nömrəli sığorta şəhadətnaməsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzi, sıra 5, korpus 2, mağaza 8 ünvanında yerləşən (SMART Butik) İddiaçı məxsus hazır məhsul, mallar, xammal-materiallar və s. əmlakın yanğın və digər əlavə risklərdən tam sığortası növü üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində 100.000 manat məbləğinə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində - sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə Bakı şəhərində 16xx.xx.2020-ci il tarixlərində gecə və gündüz leysan xarakterli yağışın yağması nəticəsində Binə Ticarət Mərkəzinin sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazasında su basma hadisəsi olmuş və nəticədə DSKŞ tərəfindən sığortalanmış əmtəə mallarına maddi zərər dəymişdir.
45. Sığorta şəhadətnaməsi üzrə sığortalı İddiaçı tərəfindən sığorta ödənişin ödənilməsinə dair tələblə sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilsə də, əvvəl tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə sığorta haqqı ödənilmədiyindən müqavilənin qüvvəyə minməməsi əsası ilə, sonradan isə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti müqavilə üzrə təminatın yalnız əmlakın yanğın və partlayış riskinə verilməsi, əmlakda yanğın hadisəsi deyil, su basma hadisəsi baş verməsi, baş vermiş hadisənin sığorta təminatına daxil olmaması əsası ilə qeyd olunmuş müraciət üzrə sığorta ödənişini verməkdən imtina etmişdir.
46. Cavabdeh iddiaya etirazında ilkin olaraq sığortalı tərəfindən sığorta haqqının ödənilməməsinə, daha sonra sığortalı tərəfindən müqavilə üzrə sığorta haqqının şirkətin bank hesabına deyil, nağd formada ödənilməsinə, buna görə cavabdeh tərəfindən iddiaçıya sığorta şəhadətnaməsi təqdim edilməməsinə, digər bir tərəfdən də sığorta şəhadətnaməsinin mövcud olduğu təqdirdə belə, qanunvericiliyə əsasən sığorta haqqı ödənilmədiyi halda sığorta müqaviləsinin qüvvəyə minməməsinə və şirkətin müqavilə üzrə hər hansı bir öhdəliyin yaranmamasına istinad etmişdir. Bundan sonra isə məhkəmə gedişatında cavabdehin nümayəndəsi etirazının əsasını (dəlillərini) dəyişərək, şəhadətnamədə sığorta predmetinin yalnız yanğın və partlayışdan sığortalandığını, digər risklər üzrə sığortalanmadığını, şəhadətnamədə digər bütün risklərin qarşısında qoyulmuş işarələrin ümumiyyətlə hər riskin qarşısında qoyulduğunu, həmin müqavilədə tərəfin imzasının olmadığını, sığorta predmetinin dəyərinin hesablanmasına dair şirkətdə sənəd tapılmadığını, hansı formada hesablanmasını müəyyən edə bilmədiyini, sığorta müqaviləsi ilə su basma nəticəsində dəymiş zərərin ödənilməsi təminatının verilmədiyini ekspertin verdiyi rəylərin sübut kimi qəbul edilməməli olduğunu bildirmişdir.
47. Məhkəmə cavabdehin sığorta şəhadətnaməsinin mövcud olmaması, imzalanmaması, sığorta ödənişinin ödənilməməsi və cavabdehin sığortalı tərəfindən müqavilə üzrə sığorta haqqının şirkətin bank hesabına ödənilməməsi, belə olan halda qanunvericiliyə əsasən sığorta müqaviləsinin qüvvəyə minməməsi və şirkətin müqavilə üzrə hər hansı bir öhdəliyin yaranmaması barədə etirazının dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki:
48. Əvvəla, mübahisəli sığorta şəhadətnaməsinin əsli cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim etmişdir (iş materiallarına əlavə olunub).
49. İkincisi, iş materiallarına əlavə edilmiş qəbz və arayışa əsasən müəyyən edilir ki, iddiaçı sığorta şəhadətnaməsində göstərilən məbləğdə (300 manat) sığorta haqqını DSKŞ-in Şirvan filialına ödəmiş, DSKŞ-in Şirvan filialı isə öz növbəsində həmin məbləği sığortaçının hesabına (xx.xx.2020-ci il tarixli qəbz) köçürmüşdür.
50. Üçüncüsü, hazırkı halda mübahisəli sığorta şəhadətnaməsinin İddiaçı tərəfindən imzalanmaması şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas vermir, belə ki, sığorta şəhadətnaməsinin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilmir, əksinə iddiaçı sığorta haqqını ödəməklə həmin müqaviləni bağlamasına dair iradəsini ifadə etmiş və hazırda həmin müqaviləyə əsaslanaraq iddia irəli sürmüşdür. Müqavilənin etibarlılığını mübahisələndirən tərəf sığortaçı tərəfdir ki, sığortaçı tərəfdən isə müqavilə imzalanmış və möhürlənmişdir.
51. Dördüncüsü, sığorta haqqı ödənişinin sığortalı tərəfindən sığortaçıya ödənilməsi qaydasını müəyyən edən qanunvericilik normalarında sığorta haqqı ödənişinin bilavasitə sığortalı tərəfindən sığorta şirkətinin bank hesabına köçürülməsi olması nəzərdə tutulmamışdır.
52. Mülki Məcəllənin 903.2-ci və 903.3-ci maddələrinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə könüllü sığorta müqaviləsi olduğundan sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilməli idi. Hazırkı halda isə sığorta şəhadətnaməsində sığorta haqqının ödənilməsi qaydası, o cümlədən bilavasitə sığortalı tərəfindən sığortaçının bank hesabına köçürülməli olması barədə şərt yer almamışdır.
53. Bununla yanaşı işin məhkəmə tərəfindən müəyyən edilməli olan mübahisəli hallarından biri də subasma hadisəsinin mübahisəli sığorta müqaviləsi üzrə sığortalanmış risklərə daxil olub-olmamasından ibarətdir.
54. Belə ki, cavabdeh subasma hadisəsinin sığortalanmış risklərə daxil olmasını inkar edir və mövqeyini onunla əsaslandırırır ki: şəhadətnamədə sığorta risklərindən sel və su basması hadisəsi qarşısında “v” işarənin qoyulması hər hansı bir məna kəsb etmir, göstərilən işarə bütün şəhadətnamələrdə bütün risklərin qarşısında qoyulur və iddiaçı tərəfindən yalnız yanğından sığortalanmaya görə sığorta haqqı ödənilmişdir.
55. Birinci dəlillə bağlı məhkəmə qeyd etmişdir ki, sığorta şəhadətnaməsinin müvafiq bəndləri əlyazma ilə sığortaçının nümayəndəsi tərəfindən doldurularaq risklər bölməsində “sel və su basması hadisəsi” bəndi qarşısında “v” (təsdiq) işarəsi qoyulmuşdur. Cavabdehin analoji olaraq məhkəməyə təqdim etdiyi AS seriyalı 001336 nömrəli sığorta şəhadətnaməsinə baxış keçirərkən həmin şəhadətnamədə müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması (bina, tikililər və s., hazır məhsul, mallar) risklərinin qarşısında “v” (təsdiq) işarəsi, yanğın üzrə mülki məsuliyyət riskinin (əmlaka) qarşısında “–“ (istisna) işarəsi qeyd edildiyi müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, heç də bütün sığorta şəhadətnamələrində bütün risklərin qarşısında formal olaraq “v” (təsdiq) işarəsi qoyulmur, bəzi sığorta risklərinin qarşısında həmin işarənin əksi olan “–“ (istisna) işarəsi də qeyd edilir ki, bu da sığorta şəhadətnamələrində müvafiq işarələrin (“v”,“– “) sığorta riskləri üzrə təminatın verilməsini və ya verilməməsini göstərməsi anlamına gəlir.
56. Digər tərəfdən Mülki Məcəllənin 425.1-cü maddəsinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür.
57. Hazırkı halda sığortalı kontragent tərəfindən tərtib edilmiş və imzalanmış müqavilədə qoyulmuş işarələrin ümumi qəbul edilmiş mənanı ifadə etməsini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlıdır. Odur ki, sığorta şəhadətnaməsində “Sel və su basması hadisəsi” bəndi qarşısında “v” işarəsinin formal olaraq bütün müqavilələrə qoyulmasını fərz etsək belə göstərilən işarənin kontragentdə çaşqınlıq yaratması, belə olan halda kontragentin gözləməyə haqqı çatdığı vicdanlı davranış olmaması açıq-aşkardır.
58. Bundan əlavə, hazırkı halda yuxarıda da qeyd edildiyi kimi mübahisəli sığorta şəhadətnaməsi sığortaçının “Yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” adlanan standart blankında tərtib edilməklə sığortaçının nümayəndəsi tərəfindən doldurulmuşdur. Bu baxımdan müqavilənin mətnində hər hansı qeyri-müəyyənliklər (hazırkı halda sel və subasma hadisəsi” qarşısında təsdiq işarəsinin qoyulması) müqavilənin müvafiq şərtlərinin tərtib edilməsində bilavasitə iştirak etməyən tərəf olan sığortalının ziyanına şərh edilə bilməz.
59. Cavabdehin əlavə risklərdən təminata görə sığorta haqqı ödəməməsi məsələsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, sığortalı tərəfindən müqavilənin “cəmi sığorta haqqı” qrafasında göstərilən sığorta haqqı məbləği tam olaraq ödənilmişdir. Digər tərəfdən, sığortaçının sığortalını müvafiq qərarla tanış etməsi, qərarda müəyyən edilmiş tarif dərəcələri barədə məlumat verməsi, eləcə də sığortalının müqavilənin “Cəmi sığorta haqqı” qrafasında göstərilmiş sığorta haqqı məbləğinin yalnız yanğından sığorta riskinə görə ödənilməli olan sığorta haqqı məbləği olması barədə məlumatlandırılması iş materialları ilə müəyyən edilmir. Odur ki, hazırkı halda sığorta haqqının məbləğinin sığortaçı tərəfindən təsdiq edilmiş tariflərə uyğun hesablanmaması faktı tərəflərin yalnız yanğın və partlayışdan sığorta olunması barədə razılığa gəlmələri barədə nəticəyə gəlmək üçün əsas vermir.
60. Mülki Məcəllənin 899.2-ci və 902.1.4-cü maddələrinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, sığortaçı tərəfindən imzalanmaqla sığortalıya təqdim edilən AS 001333 nömrəli sığorta şəhadətnaməsində müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması (bina, tikililər və s., hazır məhsul, mallar) risklərinin qarşısında “v” (təsdiq) işarəsinin qoyulması, cəmi sığorta haqqı məbləğinin 300 manat müəyyən edilməsi və sığortalı tərəfindən həmin məbləğdə sığorta haqqının ödənilməsi ona dəlalət edir ki, sığortalı öz mallarının müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması riskindən sığortalanması barədə sığortaçı ilə razılaşmışdır.
61. Mülki Məcəllənin 883.1-ci, 884.1-ci, 884.3-cü, 884.6-cı, 926.1-ci, 934.1-ci maddələrinə istinad edərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh şirkətdə əmlakın yanğın və digər əlavə risklərin tam sığorta növü üzrə sığortalanmış iddiaçıya məxsus geyim əşyalarına sığorta hadisəsi nəticəsində maddi ziyan vurulduğundan, eləcə də sığortaçının sığorta ödənişin verilməsindən imtina etməsi üçün əsas olan halların mövcud olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən, sığorta münasibətlərində sığortalı qismində çıxış edən iddiaçı sığortaçı olan cavabdehdən sığorta ödənişini tələb etməkdə haqlıdır.
62. Sığortaçıdan tutulmalı olan sığorta ödənişinin məbləğinə gəldikdə isə məhkəmə sığorta predmeti olan əşyalara dəymiş zərərin məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertin rəyi ilə subasma hadisəsi nəticəsində zərər vurulmuş əmtəə mallarına dəymiş zərərin orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 84.071,06 manat olması müəyyən edilmişdir. Verilmiş ekspert rəyi ilə bağlı məhkəmə iclasında izahat verən ekspert rəydə müəyyən edilmiş əmtəə mallarının dəyərinin pərakəndə satış qiymətləri ilə hesablanmasını qeyd etmişdir.
63. Məhkəmə iddiaçının mübahisəli malları pərakəndə alqı-satqı yolu ilə əldə etmədiyini nəzərə alaraq dəymiş real zərərin malların topdan satış qiymətlərinə əsasən müəyyən edilməsini zəruri hesab etdiyindən iş üzrə əlavə əmətəşünaslıq ekspertizası təyin etmiş və ekspert rəyinə əsasən, əşyaların (geyim paltarlarının) istifadəyə yararlı vəziyyətdə orta bazar qiymətinin təxminən 79.719,93 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin rəyi vermiş və məhkəmə iclasında iştirak edən ekspert X8 izahatında rəydə texniki səhvə yol verildiyini, topdan satış qiymətinin “orta bazar qiyməti” kimi qeyd olunduğunu bildirmişdir. Məhkəmə həmin texniki səhvi nəzərə alaraq ekspert rəyində müəyyən edilmiş qiymətləri malların topdansatış qiymətlərinə əsasən hesablanmış dəyər kimi qəbul etmişdir.
64. Beləliklə, iddiaçının iddia tələbinin həcmini azaldaraq 79.719 manat sığorta ödənişini tələb etdiyini nəzərə alan məhkəmə irəli sürülmüş tələblər çərçivəsində işə baxaraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulacaq olan sığorta ödənişi 79.719 manat məbləğində müəyyən edilməlidir.
65. Həmçinin, Mülki Məcəllənin 934.2-ci maddəsinə istinad edərək, məhkəmə hesab etmişdir ki, cavabdeh sığorta ödənişi qanunla müəyyən olunmuş müddətdə ödəmədiyindən, qanunda isə sığorta ödənişin gecikdirildiyi hər gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 4.783 manat (79.719x60x0,1%) dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
66. Qeyd edilənlərə əsasən məhkəmə iddianın tam təmin edilməsi nəticəsinə gəlmişdir.
67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.
68. Eyni zamanda cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
69. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası 71. q ə t e t d i:
Cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkəti “Azərsığorta” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-113/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn