Məhkəmə qərarları › İş №2-2(103)-120/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-120/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-120/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: lizinq müqaviləsi, öhdəliyin icra edilməsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5094/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 155-L/18 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kənd təsərrüfatı texnikaları lizinq alana lizinqə verilmişdir.

2. Lizinq müqaviləsi və ödəniş qrafiki hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

3. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli 5/104 saylı təhvil-təslim aktına əsasən Karataş markalı, ******* nömrəli, bir ədədinin qiyməti 24100 manat olan 01 ədəd “Ot.küləş presləyən” "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 724/ü nömrəli əmri əsasında nizamlanmış və komplekt halda lizinq alan (Cavabdeh) tərəfindən qəbul edilmişdir.

4. İş materiallarına əlavə edilmiş xx.xx.2024 tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, lizinq alanın 5470 manat gecikdirilmiş borcu, 2567.18 manat hesablanmış cərimə borcu mövcuddur. Lizinq alan tərəfindən müqavilə üzrə 18 630 manat məbləğində pul ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kənd təsərrüfatı texnikasının (bundan sonra Texnika) lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 155-L/18 nömrəli müqavilənin ləğv edilməsi və Cavabdeh xx.xx.2018-ci il tarixli 155- L/18 nömrəli müqavilə üzrə 5470,00 (beş min dörd yüz yetmiş) manat gecikdirilmiş borcun və hesablanmış 2567,18 (iki min beş yüz altmış yeddi manat, on səkkiz qəpik) manat cərimə borcunun,cəmi 8037,18 (səkkiz min otuz yeddi manat, on səkkiz qəpik) manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, “Kənd təsərrüfatı texnikasının (bundan sonra Texnika) lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 155-L/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) Texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 155-L/18 nömrəli müqavilə üzrə 5470,00 (beş min dörd yüz yetmiş) manat gecikdirilmiş borcu və hesablanmış 2567,18 (iki min beş yüz altmış yeddi manat, on səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5094/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 5.470 (beş min dörd yüz yetmiş) manat, cərimə borcu üzrə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 5.720 (beş min yeddi yüz iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 77 (yetmiş yeddi) manat, 40 (qırx) qəpik məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun borcunu ödəmək vəzifəsi yaranmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh qrafik üzrə ödənişləri gecikdirdiyini qəbul etmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışı müqayisəli şəkildə tətqiq edərək hesab edir ki, cavabdehin xx.xx.2024- cü il tarixə xx.xx.2018-ci il tarixli 155-L/18 nömrəli müqavilə üzrə 5.470 manat ödənilməmiş əsas borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 155-L/18 nömrəli lizinq müqaviləsinə əsasən əsas borc üzrə 5.470 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 155-L/18 nömrəli müqaviləyə əsasən 5.470 manat əsas borca münasibətdə 250 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə hesab edir ki, iddia kənd təsərrüfatı texnikasının (bundan sonra Texnika) lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 155-L/18 nömrəli müqavilənin ləğv edilməsi hissəsində təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018ci il tarixli 155-L/18 nömrəli müqavilənin ödəniş qrafikindən görünür ki, müqavilənin bitmə tarixi xx.xx.2023-cü il müəyyən olunmuşdur. Ona görə də, lizinq müqaviləsinin bitmə tarixi artıq keçdiyindən, yəni artıq müqavilə ləğv edilmiş hesab olunduğundan, əlavə olaraq müqavilənin ləğv edilməsi tələbi təmin edilə bilməz.

9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə 462.1, 467, 748-1.12 və 748-1.12.4-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5094/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın qismən təmin edilərək əsas borcun 2000-3000 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hörmətli məhkəmə kollegiyası çıxarılmış qətnamə qanunsuzdur və göstərdiyim maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Mən iddiaçı təşkilatla lizinq müqaviləsi bağlayaraq kənd təsərrüfatı texnikasını lizinqə götürmüşəm. 2018-ci ildə bizim lizinq müqaviləmiz bağlanmış, bağlandıqdan sonrada ödəniş qrafasına uyğun olaraq hər ay ödənişlərimi etmişəm. İddiaçı təşkilatla müqavilə bağlayarkən müqaviləmizdə forsmajor halları qeyd edilmişdir. Yəni elə hadisələr ola bilər ki, mənim özümdən aslı olmayan səbəblərdən mən aylıq ödənişlərimi ödəyə bilməyim. Götürdüyüm texnikanı istifadə edərkən həmin texnikanın mator hissəsinə mənim ayağım düşmüş və texnikanın matoru mənim ayağımı kəsmişdir. Uzun müddət mən ayağıma görə xəstəxanalarda yatdım, bir neçə əməliyyat keçirmişəm və sonda ayağıma pratez qoyulmuşdur. 2025-ci ilin yanvar ayı yenidən ayağımı əməliyyat etdirməliyəm. Mən məhkəmənin hazırlıq islasında bütün bu məlumatları hakimə bildirdim. Yəni mən lizinq müqaviləsini ödəməkdən qəsdən yayınmamışam. Məhkəmə isə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, çıxarılmış qətnamə qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə heç bir araşdırma aparmadan sadəcə olaraq lizinq müqaviləsini natarius kimi təsdiq etmişdir. Obyektiv araşdırma olsaydı həqiqət tam ortaya çıxacaqdı. Yəni mənim iddiaçı təşkilata 2000-3000 manat civarında borcum olduğu müəyyən olunacaqdı. Lakin məhkəmə isə formallığa qaçaraq qanunsuz bir qətnamə çıxarmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5094/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun borcunu ödəmək vəzifəsi yaranmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh qrafik üzrə ödənişləri gecikdirdiyini qəbul etmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışı müqayisəli şəkildə tətqiq edərək hesab edir ki, cavabdehin xx.xx.2024cü il tarixə xx.xx.2018-ci il tarixli 155-L/18 nömrəli müqavilə üzrə 5.470 manat ödənilməmiş əsas borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 155- L/18 nömrəli lizinq müqaviləsinə əsasən əsas borc üzrə 5.470 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 155-L/18 nömrəli müqaviləyə əsasən 5.470 manat əsas borca münasibətdə 250 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyator borcun düzgün hesablanmaması, mövcud borcun 2000-3000 manat civarında olması dəlilini irəli sürsə də bu hal ilə bağlı məhkəməyə öhdəliyini icra etməsini təsdiq edən ödəniş qəbzlərini təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, AR MPM-nin 77.1-ci maddəsinin tələblərinə əsasən tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin mənasına görə sübutetmə yükü bölüşdürülür və iddiaçının üzərində yalnız iddia etdiyi tələblə bağlı sübutetmə yükü mövcuddur, həmin tələbə münasibətdə etiraz edən tərəf isə etirazının əsası kimi istinad etdiyi halların ən azından faktiki əsasını məhkəməyə təqdim etməlidir. Sübutlar kifayət qədər aydın, təkzibedilməz və anlaşılan olmalıdır, sübut təqdim edilməyən halı məhkəmə kollegiyası mövcud olmayan kimi dəyərləndirir. Digər dəlilə əsasən fors-major halların mövcudluğuna görə müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini gecikdirdiyini bildirsə də fors-major halların baş verməsi ilə bağlı konkret sübutları məhkəməyə təqdim etməmişdir. Apellyator lizinq predmeti ilə iş görərkən ayağının zədə aldığını və kəsildiyini bildirsə də bununla bağlı tibbi sənədləri, səhhətinin məhz həmin avadanlıqla ehtiyatsız davranılması nəticəsində pozulduğunu sübut edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

19. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmalıdır.

20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5094/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz, qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar