Məhkəmə qərarları › İş №2-2(103)-1202/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1202/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1202/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2892/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52237,16 manat (əlli iki min iki yüz otuz yeddi manat on altı qəpik) əsas borc, gecikdirməyə görə 10186,53 manat (bir min yüz doxsan manat əlli üç qəpik) cərimə faizi və 30 manat (otuz) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 62453,69 manat (əlli səkkiz min dörd yüz əlli yeddi manat altmış doqquz qəpik) pul məbləğinin cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli e-2-2(113)-2892/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 52237,16 manat (əlli iki min iki yüz otuz yeddi manat on altı qəpik) əsas borc, 700 (yeddi yüz) manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat olmaqla, cəmi 52962,16 manat (əlli iki min doqquz yüz altmış iki manat on altı qəpik) məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsinin iddiaçıya aid edilməsi və iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iştirakını təmin etmək üçün kifayət qədər tədbirlər görməmiş bu səbəbdən də cavabdeh hüquqlarını müdafiə edə bilməmişdir. Həmçinin tərəflər arasında bağlanmış 26.06.2020-ci il tarixli alqısatqı müqaviləsinin 2.2.1-ci bəndində qeyd olunmuşdur ki, malı alıcıya üçüncü şəxslərin hüquqlarından azad, qüvvədə olan standartlarla müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən şəkildə və protokola uyğun miqdarda, çeşiddə və müddətdə təhvil verir. Hazırki mülki mübahisə də sifarişlərin cavabdehə təhvil verilmə müddəti önəmli məqamdır. Çünki cavabdeh sifariş verdiyi malları vaxtında təhvil almalı və daha sonra həmin malları cavabdehə sifariş vermiş digər təşkilatı çatdırmalı idi. Lakin iddiaçı qəsdən cavabdeh tərəfindən verilmiş sifarişləri gecikdirmiş vaxtında təhvil verməmişdir. Nəticədə cavabdeh alınan malları öz sifarişçisinə sövdələşmiş vaxtlarda təhvil verə bilməmiş və bununla da müştərisini itirmişdir. İddiaçının bir necə dəfə mallarda qiymət artımı etməsini də bununla əlaqələndirmək lazımdır. Bu fakt tərəflər arasında imzalanmış qiymət razılaşdırma protokolu ilə öz təsdiqini tapır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında 26.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndində müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 52237,16 manat, gecikdirməyə görə cərimə faizi 10186,53 manat, cəmi borcu isə 62453,69 manat təşkil edir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən qəbul etmiş və bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanan alqı-satqı müqaviləsi üzrə yaranan 57237,16 manat borcdan 5000 manat hissəsi ödənilmiş, hazırda cavabdehin iddiaçıya olan borcu 52237,16 manat təşkil edir. Apellyasiya şikayətində isə cavabdeh iddiaya etiraz etmiş və öz etirazını şikayətdə göstərilənlərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir (sonuncu faktı cavabdeh özü etiraf edir). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən 52237,16 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması barədə tələblərin qismən təmin edilmiş hissəsi də əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 faizi satıcıya dəbbə pulu ödəyir. Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. İşin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, onun tərəfindən aparılmış ödənişləri, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 700 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində 52237,16 manat əsas borcu etiraf etdiyi və malların göndərilməsi vaxtı və ya müqavilənin hər hansı digər şərtinin pozulması ilə bağlı hallara istinad etmədiyi halda apellyasiya şikayətində bu hallara istinad edərək iddiaya etiraz etmişdir. Halbuki 372.2-ci maddəsində təsbit olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara və təqdim olunmuş sübutlara əsaslanır. Həmçinin iş materiallarında olan 29.06.2020-ci il tarixli, EBAL seriyalı, 738910 nömrəli, 07.07.2020-ci il tarixli, EBAL seriyalı, 964562 nömrəli, 10.07.2020-ci il tarixli, EBAM seriyalı, 225674 nömrəli, 10.07.2020-ci il tarixli, EBAM seriyalı, 222962 nömrəli, 17.07.2020-ci il tarixli, EBAM seriyalı, 502712 nömrəli, 27.08.2020-ci il tarixli, EBAP seriyalı, 201722 nömrəli, 02.09.2020-ci il tarixli, EBAP seriyalı, 472916 nömrəli, 04.09.2020-ci il tarixli, EBAP seriyalı, 591672 nömrəli, 10.09.2020-ci il tarixli, EBAP seriyalı, 751578 nömrəli, 21.09.2020-ci il tarixli, EBAQ seriyalı, 208863 nömrəli, 05.10.2020-ci il tarixli, EBAQ seriyalı, 854749 nömrəli, 09.10.2020-ci il tarixli, EBAR seriyalı, 086631 nömrəli, 26.10.2020-ci il tarixli, EBAR seriyalı, 728995 nömrəli və 02.11.2020-ci il tarixli, EBAS seriyalı, 020418 nömrəli elektron qaimələrə əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 185630,42 manat dəyərində mallar təqdim olunmuşdur. "xxxx" MMC də həmin elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları gecikdirməklə təhvil versəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hallar isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlillərə istinad etməsi tamamilə əsassızdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2892/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar