Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1210/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X1 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2836/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 44.400 manat məbləğdə əsas borc və gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 3 il 2 aya görə 7.104 manat, cəmi 51.504 manat məbləğdə pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.08.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnamədə yalnız tərəflər arasında bağlanmış müqavilənin müvafiq maddələrinə istinad edərək, guya ki, həmin qaydalara əməl edilmədiyini nəzərə alaraq, qarşı tərəfin məhkəməyə heç bir sübut təqdim etmədən, sadəcə müqavilə öhdəliyindən yayınmaq üçün dediyi sözlərə əsaslanaraq qətnamə qəbul etməklə 2018-ci ilin yanvar ayının 01-dən elektron qaimənin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin məlum qərarını nəzərə almamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən malların qəbuluna dair sənədlərin üzləşdirilməsinə əsaslanaraq həmin elektron qaimə hər iki tərəfin səlahiyyətli şəxslərinin razılığı əsasında tərtib edildiyindən, digər sənədlərin saxlanılması məqsədəuyğun hesab edilməmişdir. İddiaçı 01.05.2018-ci il tarixli müqaviləyə əsasən və müqavilədə göstərilən müddətdə müqavilə şərtlərindən irəli gələn qaydada cavabdehə 44.400 manatlıq şeben və ballas təqdim etmişdir. Bu materialların təhvil verilməsi barədə 26.09.2018-ci il tarixli 347990 nömrəli elektron qaimə cavabdeh müəssisə tərəfindən qəbul edilmişdir. Borcun qaytarılma müddətindən müəyyən vaxt keçməsinə və dəfələrlə müraciət edilməsinə baxmayaraq, borc bu günə qədər ödənilməmişdir. Bu isə iddiaçının sahibkar kimi normal fəaliyyət göstərməsinə ciddi maneə törədir. Məhkəmə həmin malların cavabdehə verilməsinə dair təhvil-təslim aktının olmamasını bəhanə gətirərək tərəflər arasında bağlanmış müqavilə və malların cavabdehə çatdırılmasını sübut edən elektron qaimə-fakturanın iş materiallarında olmasını nəzərə almayaraq, əgər həmin malları təhvil almamışlarsa, nə üçün elektron qaiməni qəbul edərkən buna münasibət bildirməmələrini və izah edə bilməmələrini nəzərə almayaraq, iddianın təmin olunmaması barədə əsassız qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən edilir ki, iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında 01.05.2018-ci il tarixdə 105/18-4 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcı tərəfindən bu Müqavilənin 1 saylı Əlavəsinə göstərilən malları alıcıya satılması, alıcı tərəfindən isə əvəzində bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə məvbləğin ödənilməsi müqavilənin predmetini təşkil edir; 2-ci bəndinə görə, müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair təhvil-qəbul aktının və ya qiymət razılaşdırılması protokolu imzalanmasından sonra həyata keçirilir; 3-cü bəndinə əsasən, malın miqdarı, çeşidi, vahidinin qiyməti və spesifikasiyası bu müqavilənin 1 saylı Əlavəsində müəyyənləşdirilir; 5-ci bəndinə görə, satıcı bu müqavilə qüvvəyə mindiyi gündən sonra 10 gün ərzində malın təhvil verilməsini öhdəsinə götürür; 6-cı bəndinə əsasən, alıcı müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ödənişi həyata keçirməyi öhdəsinə götürür; 7-ci bəndinə görə, alıcı avadanlıq təhvil verildiyi gündən 15 bank günü ərzində malın dəyərini ödəyir. Satıcı bu Müqavilənin 5.1-ci bəndində göstərilmiş maddəsində malı alıcıya təhvil vermədikdə hər gecikdirilmiş gün üçün 0,01% həcmində cərimə ödəyir. Müqavilənin 1 saylı əlavəsində iddiaçı tərəfindən cavabdehə 44.400 manat dəyərində şeben və ballast təqdim edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ƏDV daxil 44.400 manat dəyərində malların təqdim edilməsinə dair 26.09.2018-ci il tarixli EAAM 347790 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya etiraz edərək, iddiaçı tərəfindən ona mal təqdim edilmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən göründüyü kimi, satıcı tərəfindən alqı-satqının predmeti olan malların alıcıya təqdim edilməsi və belə olan halda alıcının həmin malların dəyərini ödəmək öhdəliyinin yaranması işin mübahisəli halını təşkil edir. İddiaçı malların təqdim edilməsi faktını sübuta yetirmək üçün müqavilənin 1 saylı əlavəsi olan “Malların miqdarı, çeşidi, vahidinin qiyməti və spesifikasiyası” adlı sənədə, eləcə də malların təqdim edilməsinə dair təqdim edilmiş elektron qaiməyə istinad etmişdir. İddiaçının istinad etdiyi birinci sənədə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin sənəd yalnız tərəflərin müqavilə üzrə təqdim ediləcək malların çeşidi və qiyməti ilə bağlı razılığa gəlmələrini təsdiq etməklə, siyahıda göstərilmiş malların alıcıya təhvil verilməsini təsdiq edən sübut hesab edilə bilməz. Digər tərəfdən, istinad edilən 1 saylı əlavədə ödəmə şərtləri qrafasında 100% balans ödəmənin təhvil-təslim aktı əsasında ödənilməli olması barədə qeyd vardır. Başqa ifadə ilə, müqaviləyə 1 saylı əlavə malın təhvil-təslimi ilə bağlı deyil, müqavilə üzrə satılmalı olan malların razılaşdırılmış qiyməti ilə bağlı tərtib edilmişdir. Müqavilənin 2-ci bəndində də nəzərdə tutulmuşdur ki, müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair təhvil-qəbul aktının və ya qiymət razılaşdırılması protokolu imzalanmasından sonra həyata keçirilir. Lakin iddiaçı tərəfindən məhkəməyə malların alıcıya müqavilədə nəzərdə tutulan qaydada təhvil verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Göstərilən hallar isə həmin əlavənin təhviltəslim aktı ilə eyniməzmunlu sənəd olması barədə iddiaçının dəlillərinin əsassızlığına dəlalət edir. Elektron qaiməyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 1.2-ci bəndinə görə, elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir; 1.3-cü bəndinə əsasən, bu Qaydalara uyğun tərtib edilməyən elektron qaiməfaktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir; 2.2.4-ci bəndinə görə, elektron qaimə-fakturada həmin qaimə-fakturanın verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) göstərilməlidir; 2.6-ci bəndinə əsasən, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Sadalanan normalardan göründüyü kimi, elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. İndiki halda mübahisəli elektron qaimə-fakturanın əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktı və malın səlahiyyətli şəxsə təhvil verilməsini təsdiq edən digər sənədlər durmadığından, həmin qaimə-fakturanın müvafiq xidmətlərin təqdim edilməsini rəsmiləşdirən sənəd kimi qəbul edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 01.10.2021-ci il tarixli qətnamələrindən görünür ki, X6, X2 və X4 tərəfindən hazırkı cavabdehə qarşı eyni tarixdə, eyni məbləğdə, eyni malların satışı ilə bağlı alqı-satqı müqaviləsinə istinad edilərək 3 ayrı iddia qaldırılmış, həmin iddialar rədd edilmişdir. Məhkəmə kollegiyası işin hallarını - iddiaçı tərəfindən iddianın faktiki əsası kimi istinad edilən alqı-satqı müqaviləsinə əsasən malın cavabdehə təhvil verildiyinə dair elektron qaimədən başqa sübut təqdim edilmədiyini, eyni tarixdə hazırkı iş üzrə iddiaçı, atası və digər şəxs ilə eyni çəkidə və eyni dəyərdə malların alqı-satqısı ilə bağlı müqavilələr bağlanmasının məntiqli izahının olmadığını, cavabdehə eyni tarixdə malların təhvil verilməsi barədə elektron qaimələr göndərildiyini, satılmış malların iddiaçı tərəfindən haradan əldə edildiyi və hansı nəqliyyat vasitələri ilə daşındığına və 2021-ci ilin aprel ayınadək malın dəyərinin cavabdehdən tələb edildiyinə dair işdə sübutlar olmadığını nəzərə alaraq, hesab edir ki, 01.05.2018-cı il tarixli alqı-satqı müqaviləsi alqı-satqı ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmayan əhəmiyyətsiz uydurma əqddir. Buna görə də, iddiaçının həmin əqd əsasında cavabdehdən borc tələb etmək hüququ yaranmamışdır. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi düzgün olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2836/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1210/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1210/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver