Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1212/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4687/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 avqust 2024-cü il tarixində SPARK-096/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən X1 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - Mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən malların Alıcıya çatdırılması müvafiq Əlavədə müəyyənləşdirilən qaydada həyata keçiriləcək.
4. Müqavilənin 3.2-ci bəndinə əsasən malların təhvil verilməsi Müqavilədə və ya onun müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. Alıcının həmin Mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar Alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun.
5. Müqavilənin 3.3-cü bəndinə əsasən satıcı Malların çatdırılmasının gözlənilən tarixi və vaxtı barədə Alıcıya 1 (bir) təqvim günü əvvəl məlumat verəcək.
6. .Müqavilənin 3.4-cü bəndinə əsasən satıcı Malların Alıcıya təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı və/ və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar Alıcıya təhvil verilmiş hesab ediləcək.
7. Müqavilənin 3.5-ci bəndinə əsasən malların Satıcı tərəfindən Alıcıya faktiki təhvil verilməsi anmadək Malların təsadüfən və ya qəsdən məhv olması və ya zədələnməsi riskini Satıcı özü daşıyır.
8. Müqavilənin 3.6-cı bəndinə əsasən malların Alıcıya çatdırılması, təhvil verilməsi müddətləri və yeri Müqavilənin müvafiq əlavəsində müəyyən edilir.
9. Müqavilənin 3.7-ci bəndinə əsasən mallar müvafiq standart və tələblərə uyğun nəqliyyat vasitələri ilə və müəyyənləşdirilmiş təyinat məntəqəsinə çatdırılmalıdır. 16. Müqavilənin 3.8-ci bəndinə əsasən satıcı tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edilən və portal vasitəsi ilə Alıcının elektron kabinetinə elektron formada göndərilən elektron qaimə-faktura Alıcı və ya proqram təminatı tərəfindən təsdiq edildikdə elektron qaimə-faktura təhvil-təslim aktına və təhvilqəbul aktına bərabər tutulur və mallar alcının mülkiyyətinə verilmiş hesab edilir.
10. Müqavilənin 4.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Satıcı tərəfindən təchiz olunacaq Malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə razılaşdırılır və Müqavilənin müvafiq Əlavələrində müəyyən edilir. Qiymət dəyişikliyi yalnız Tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər.
11. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı hər ay üzrə ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür.
12. . Müqavilənin 4.3-cü bəndinə əsasən malların adı, çeşidi, qiyməti və çatdırılma müddəti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək müvafiq əlavə - Qiymətlərin razılaşdırılması protokollarında göstərilir.
13. Müqavilənin 4.4-cü bəndinə əsasən tərəflər bu Müqaviləyə uyğun olaraq təqdim olunacaq Mallar ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş özlərinə aid olan vergilərin, rüsumların və digər məcburi ödənişlərinin edilməsi öhdəliyinin icrasına görə özləri məsuliyyət daşıyırlar.
14. Müqavilənin 9.1-ci bəndinə əsasən bu Müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər Tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qayadada məsuliyyət daşıyacaq və qarşı Tərəfə zərəri tam həcmdə ödəyəcək. Bu Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək.
15. Müqavilənin 9.2-ci bəndinə əsasən alıcının hüququ var ki, öz mülahizəsinə görə Satıcının aradan qaldırmaqdan imtina etdiyi və ya müvəffəq olmadığı keyfiyyətində qüsurlar aşkar edilmiş Malların dəyərinin həmin çatışmazlıqlara mütənasib olaraq daha aşağı qiymətlə ödəsin və ya Mallardan imtina etdiyi halda tamamilə ödənilməsindən imtina etsin.
16. Müqavilənin 9.4-cü bəndinə əsasən Alıcı Malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək.
17. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 06 sentyabr 2024-cü il tarixli Qiymətlərin Razılaşdırılması protokoluna əsasən 1 m3 üçün qiymət beton B-7,5 (M-100) 90 manat, beton B-12,5 (M-150) 93 manat, beton B-15 (M-200)-96 manat, beton B-20 (M-250) 99 manat, beton B-22,5 (M-300) 102 manat, beton B-25 (M-350) 105 manat, beton B-30 (M400) 110 manat, beton məhlulu DC-250 (M-100) 101 manat, beton məhlulu DC-300 (M-150) 105 manat, beton məhlulu DC-350 (M-200) 110 manat, beton B-30 (M-400) özüyerləşən 120 manat, şərbətin qiyməti 105 manat məbləğlərində müəyyən edilmişdir.
18. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə satılmış mallara dair xx.xx.2024-cü il tarixli MT**********14 saylı 16154,2 manat məbləğində e-qaimə göndərilmişdir. Həmin e-qaimə cavabdeh şirkət tərəfindən şəxsən təsdiq edilmişdir.
19. xx.xx.2025-ci il tarixli Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə olan debitor borcu (əsas məbləğ) 13690 manat, debitor borcu (ƏDV məbləği) 2464,20 manat olmaqla, cəmi 16154,20 manat olduğu müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
20. . İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmış Cavabdehndən, 26 avqust 2024-cü il tarixli SPARK-096/2024 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış aşağıdakı məbləğlər üzrə ümumilikdə 17.107,22 (on yeddi min bir yüz yeddi manat iyirmi iki qəpik) manat pulun: əsas borc: 16.154,20 (on altımin bir yüzəlli dörd manat iyirmi qəpik), dəbbə pulu: 342,47 (üç yüz qırx ikimanat qırx yeddi qəpik), gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış faiz: 469,65 (dörd yüzaltmış doqquz manat altmış beş qəpik), dövlət rüsumu: 140,90 (bir yüz qırx manat doxsan qəpik) tutularaq ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 26 avqust 2024-cü il tarixində SPARK-096/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehin mülkiyyətinə ümumi həcmi 129 kubmetr olan və ümumi dəyəri 16.154,20 (on altı min bir yüzəlli dörd manat iyirmi qəpik) manat təşkiledən aşağıdakımarkalı beton məhlulları təhvil vermişdir: Beton B-30 (M400) Beton B-7.5 (M100) Beton B-30 (M400) Malların təqdim olunması 02 oktyabr 2024-cü il tarixliMT2410 seriyalı, 10141714 nömrəli elektron qaimə-faktura ilə rəsmiləşdirilmişdir. Elektron qaimə-faktura cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən ASAN imza ilə təsdiq edilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilənin əlavələrində başqa hal nəzərdə tutulmadıqda, alıcı təhvil verilmiş malların dəyərini onların təqdim edilməsindən etibarən 30 (otuz) gün müddətində ödəməlidir. Eyni zamanda, tərəflər arasında 05 fevral 2025-ci il tarixində imzalanmış üzləşmə aktı ilə cavabdeh təqdim edilmiş mallara görə 16.154,20 (on altı min bir yüzəlli dörd manat iyirmi qəpik) manat məbləğində borcunu rəsmi şəkildə təsdiq etmişdir. Lakin, malların təqdim edilməsindən və borcun üzləşmə aktı ilə təsdiq edilməsindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh təqdim olunmuş malların dəyərini ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə 26 may 2025-ci il tarixində həm Elektron Məhkəmə Sistemi, həm də İnternet Vergi İdarəsi vasitəsilə yazılı pretenziya göndərilmiş, lakin cavabdeh nə tələbi icra etmiş, nə də cavab vermişdir. Gecikməyə görə dəbbə pulu və faiztələbinin əsaslandırılması Müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı malların təqdim edilməsindən sonra 30 (otuz) gün ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Beton məhsulları 02 oktyabr 2024-cü il tarixində təqdim edildiyindən, ödəmənin son günü 01 noyabr 2024-cü il olmuşdur. Buna görə gecikmə 02 noyabr 2024-cü il tarixindən başlayır və 02 iyun 2025-ci il tarixədək 212 təqvim günü təşkiledir. 1. Müqavilənin 9.4-cü bəndinə əsasən dəbbə pulu (penya) Müqavilənin 9.4-cü bəndinə əsasən: “Alıcı malların dəyərinin ödənilməsini gecikdirdikdə, hər gecikmə gününə görə borcun 0.01%-i (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyir.” 2. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% faiz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-cimaddəsinə əsasən: “Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.”
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4687/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеh Cavabdeh MMC-dən 16.154,20 manat əsas borc məbləği, 342,47 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə 127,18 manat faiz borcu (cəmi 16623,85 manat) və dövlət rüsumunun əvəzi olaraq 140,90 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
23. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinine- 2-2(113)-4687/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı "xxxx"MMCnin cavabdeh "Ykt Tikinti” MMC-ə qarşı “alqı-satqı müqaviləsi üzrə pul”tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin baxışı zamanı borcun məbləğinin müəyyən edilməsi üçün yetərli sübutlar mövcud olmamış, uyğun prosessual addımlar atılmamışdır. Nəticədə, Bakı Kommersiya Məhkəməsi əsassız qətnamə qəbul etmişdir. görülmüş işlərlə bağlı təhvil əslim aktları mövcud olmalıdır. Hazırda məhkəmənin əsas sübut olaraq istinad etdiyi e-qaimələr əsasında qətnamə qəbul etməsi əsassızdır. Burada diqqət yetirilməli məqam təhvil-təslim aktlarının mövcudluğunun, onların həqiqiliyinin, aktda qeyd olunanların müəyyən olunmasıdır. Birbaşa üzləşmə aktlarına və e-qaimələrə istinadən qərar qəbul etmək əsassız və qanunsuzdur. Məhkəmə sadəcə elektron qaimələrə istinad etmiş, borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası belə keçirməmişdir. Apellyasiya baxışı zamanı mühasibatlıq ekspertizası keçirilib borcun olub-olmaması müəyyən edilməlidir
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, iddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
30. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
37. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
38. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
39. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
40. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.
41. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:
42. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;
43. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;
44. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
45. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
57. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
58. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
59. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 avqust 2024-cü il tarixində SPARK-096/2024 nömrəli alqı-satqı müqaviləsinə, Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən X1 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - Mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
60. Kollegiya apellyasiya şikayətinin təhvil-təslim aktlarının olmaması dəlilinə münasibətdə qeyd edir ki, tərəflərin səlahiyyətli şəxslərinin imza və möhrü ilə təsdiq edilmiş Müqavilənin 3.4-cü bəndinə əsasən satıcı Malların Alıcıya təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar Alıcıya təhvil verilmiş hesab ediləcək.
61. İş materiallarına əsasən, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə satılmış mallara dair xx.xx.2024-cü il tarixli MT**********14 saylı 16154,2 manat məbləğində e-qaimə göndərilmişdir. Həmin e-qaimə cavabdeh şirkət tərəfindən şəxsən təsdiq edilmişdir.
62. xx.xx.2025-ci il tarixli Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə olan debitor borcu (əsas məbləğ) 13690 manat, debitor borcu (ƏDV məbləği) 2464,20 manat olmaqla, cəmi 16154,20 manat olduğu müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
63. Məhkəmə kollegiyası hesab edir ki, üzləşmə aktı ilə cavabdehin özünün təsdiq etdiyi borcu sonradan təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddia olunan məbləğlərin düzgün hesablanmadığını və belə olan halda məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurəti olduğunu bildirsədə, borcun məbləğini hansı hissədə qəbul etmədiyini, hansı qaiməni və məbləği mübahiləndirdiyini bildirməmiş, ümumi ifadələrdən istifadə edərək formal mülahizələrə əsaslanmışdır.
65. Məhkəmə kollegiyası qeyd edir ki, birnici instasniya məhkəməsində icraat zamanı cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
66. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
67. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
68. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
69. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4687/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.