Məhkəmə qərarları › İş №2-2(103)-1214/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1214/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1214/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X4 X1 mineral-xammal bazasının bərpasına ayırmaların ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2104/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Vergi Xidməti) məhkəməyə müraciət edərək, cavabdehdən 2017, 2018 və 2019-cu illərdə hasil edilmiş yeraltı şirin sulara görə 25.704.450 manat məbləğdə mineral-xammal bazasının bərpasına ayırmaların alınıb X3 Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat məbləğdə dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə müəyyən edilir ki, ölkənin milli sərvətlərinin, X3 qorunması, təbii ehtiyatlardan səmərəli, qənaətlə istifadə olunması, xammala olan tələbatın ödənilməsi, faydalı qazıntıların çıxarılması üçün torpaq sahələrinin ayrılmasında, yer təki sahələrinin, bununla əlaqədar işlərin dövlət qeydiyyatına alınmasında, yerin təkinin geoloji öyrənilməsində və istifadəsində ciddi qayda yaradılması, qanunvericiliyin tələblərinə, müəyyən edilmiş normalara və standartlara dürüst əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə, “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.07.2018-ci il tarixli 205 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “X4 X2” yaradılmış, həmin Fərmana uyğun olaraq qəbul edilən “X4 X1 fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09.04.2019-cu il tarixli 613 nömrəli Fərmanı ilə “X4 X1 Nizamnaməsi” təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri” adlı 109-cu maddəsinin 32-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. Azərbaycan Respublikası Prezidentinin 09.04.2019-cu il tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X4 X1 Nizamnaməsi”nin: 1.1. X4 X2 “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir; 1.2. Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir; 1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur; 1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 2.1. Agentliyin fəaliyyətinin məqsədi yerin təkindən səmərəli, təhlükəsiz və aşkarlıq şəraitində istifadəni təmin etmək, mineral xammal bazasını genişləndirmək və möhkəmləndirməkdir; 2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; 2.2.2. yerin təkindən istifadə sahəsində tənzimləməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.2. geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunu vermək; 3.1.3. yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “dağ-mədən ayırması” statusunu vermək; 3.1.6. yerin təki “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada istifadəyə verilərkən, dağ-mədən ayırmasının ilkin hüdudlarını müəyyənləşdirmək; 3.1.7. faydalı qazıntı növlərinin istehsal həcmini müəyyənləşdirmək; 3.1.8. ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət torpaqlarının icarəyə verilməsinə rəy vermək; 3.1.10. yer təki sahələrini birbaşa danışıqlar əsasında “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada istifadəyə vermək;http://www.e-qanun.az/framework/42806 3.1.11. yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək; 3.1.15. faydalı qazıntılar çıxarılarkən təbii ehtiyatlardan kompleks istifadə tələblərinə, o cümlədən faydalı qazıntıların və yanakı komponentlərin yerin təkindən daha dolğun çıxarılmasına nəzarət etmək; 3.1.16. faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotuna nəzarət etmək; 3.1.19. yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək; 3.1.20. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yer təkinin bütün istifadəçilərinin yer təkindən istifadəyə dair müəyyən edilmiş qaydalara, qanunvericiliyin tələblərinə, standartlara, normalara əməl etmələrinə nəzarət etmək; 3.1.22. geoloji kəşfiyyat işlərinin bütün növlərinin ekspertizasını təşkil etmək və layihə-smeta sənədlərini təsdiq etmək; 3.1.25. yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək; 3.1.28. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək; 3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır: 3.2.8. yerin təkindən istifadə edilərkən, habelə neft, qaz və başqa maddələr, materiallar yer altında saxlanılarkən, zərərli maddələr və istehsal tullantıları basdırılarkən, çirkli sular axıdılarkən yer təkinin, faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda, faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə istehsalat və məişət tullantılarının basdırılmasının qarşısının alınması üçün aidiyyəti üzrə müraciət etmək; 3.2.10. yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər; 43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Publik hüquqi şəxslər haqqında” AR Qanununun: 2.1. Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur; 2.2. Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır; 3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin; 3.4. Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur; 4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. “İnzibati icraat haqqında” AR Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsinə görə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər, inzibati orqan hesab olunur. Sadalanan qanunvericilik aktlarının və onların müvafiq müddəalarının təhlili göstərir ki, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur və Azərbaycan dövlətinin başçısının icra qaydasında həll etdiyi digər məsələlərə əvvəllər yalnız dövlət orqanlarına məxsus olan idarəçilik funksiyalarının həmin sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün publik hüquqi şəxslərin yaradılması yolu ilə sonunculara həvalə edilməsi də aiddir. Belə bir zərurət ondan irəli gəlmişdir ki, icra hakimiyyəti orqanları qanunla təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə və pullu xidmətlər göstərə bilməzlər. Bunun üçün pullu xidmət göstərən dövlət strukturlarının adi hüquqi şəxs statusu olmalıdır. Mövcud qanunvericiliyə görə bu mümkün deyil. Səbəbi də odur ki, adi hüquqi şəxsin əmlakı girov qoyula, onun əmlakına qarşı məhkəmə icraatı başlana və nəhayət, müflis elan edilə bilər. Dövlət və mərkəzi icra hakimiyyəti orqanlarına qarşı isə bunları etmək mümkün deyil. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bu problemlərin qanuni həll yoludur və məhz bu məqsədlə də Azərbaycan Respublikası Prezidentinin 24.11.2016-cı il tarixli 1125 nömrəli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə bir sıra mərkəzi icra hakimiyyəti və dövlət orqanları statusuna malik olan təşkilatların bazasında eyni adlı publik hüquqi şəxslər yaradılmışdır. Bunlar o qurumlar idi ki, dövlətin müxtəlif sahələrdəki siyasətini həyata keçirməklə yanaşı, fiziki və hüquqi şəxslərə müəyyən pullu xidmətlər göstərmək imkanına malik idilər və bəziləri bu xuidmətləri göstərirdilər. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir və buna görə də adi hüquqi şəxsdən fərqli olaraq imtiyazlara malikdir. Həmin imtiyazların əsas səbəbi publik hüquqi şəxsin təsisçisinin dövlət (və ya bələdiyyə) olmasıdır. Buna görə də publik hüquqi şəxs heç bir halda müflis ola bilməz və ona qarşı məhkəmə iddiaları ənənəvi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür. Həmçinin, qanunvericilik təsbit edir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də həmin icraat çərçivəsində inzibati orqan kimi qəbul edilməlidirlər. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ali icra hakimiyyəti orqanı tərəfindən mərkəzi icra hakimiyyətinin tabeliyində, həmin sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yaradılan, nizamnaməsi ilə icrası məcburi olan göstərişlər vermək (inzibati akt qəbul etmək) və bundan irəli gələn tədbirlər görmək səlahiyyəti verilən, dövlət orqanı olmayan, lakin sözügedən sahədə Azərbaycan Respublikasının dövlət idarəetmə sisteminin subyekti kimi çıxış edib, dövlətin idarə olunmasında bilavasitə iştirak edən, inzibati orqan statusuna malik publik hüquqi şəxsdir, hazırkı mübahisə onun məşğul olduğu, yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18.09.2020-ci il tarixli 10 nömrəli Qərarının:

21. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir;

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisə iddiaçının Nizamnaməsi ilə ona verilən hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaranmış, iddiaçının tələbi “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati aktın qəbul edilməsi ilə bağlı olmasa da, onun eyni Qanunun 1.2-ci maddəsində nəzərdə tutulan faktiki xarakterli digər fəaliyyətindən irəli gəlmişdir. Bundan əlavə, iddiaçı publik hüquqi şəxs, mübahisənin predmeti dövlət mülkiyyətində olan əmlakla bağlı, iddia tələbi qanunla nəzərdə tutulan ayırmaların Dövlət Fonduna ödənilməsi, mübahisəyə tətbiq olunan hüquq isə ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan yaxud belə statusa malik hüquqi şəxs qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Məhkəmə kollegiyası bildirir ki, inzibati məhkəmə təcrübəsinin yaranması prosesində qarşıya çıxan ilk suallardan biri məhz məhkəmə aidiyyəti ilə bağlı idi. Belə ki, ilk dövrlərdə bu meyar cavabdehin inzibati orqan olmasına istinad edirdi. Xüsusən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.7-ci maddəsində nəzərdə tutulan “inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialar”ın həllində əks olunan bu problemin çözümündə cavabdehin inzibati orqan olmasının zəruriliyi prinsipindən imtina vacib idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hüquqi və fiziki şəxslərin cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin sonrakı illərdə formalaşdırdığı məhkəmə təcrübəsi də bu istiqamətdə təşəkkül tapmışdır. İPM-in: 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəmədə baxılmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.4-cü bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-lə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Digər tərəfdən, MPM-in 26.1-ci maddəsi açıq şəkildə tələb edir ki, o mübahisələr kommersiya mübahisələri hesab edilə, o işlərə kommersiya mübahisələri qismində mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun. Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericiliyimiz sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Yuxarıda da müzakirə edildiyi və görüldüyü kimi isə, iddiaçı inzibati orqan statusuna malik publik hüquqi şəxs olmaqla, hazırkı mübahisə onun məşğul olduğu, yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18.09.2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində bu meyarı dəqiqliklə təhlil edərək, qeyd etmişdir ki, “... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Ali Məhkəmənin Plenumu eyni Qərarın 14-cü bəndində bu mövqeyini qüvvətləndirərək, tələb etmişdir ki, “Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir.” MPM-in: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2104/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X4 X1 cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehdən 2017, 2018 və 2019-cu illərdə hasil edilmiş yeraltı şirin sulara görə 25.704.450 manat məbləğdə mineral-xammal bazasının bərpasına ayırmaların alınıb X3 Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçıya izah edilir ki, hazırkı iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar