Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1214/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi, yeni sübutların apellyasiya instansiyası məhkəməsinə təqdim olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 17 sentyabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə satıcı avadanlıqları alıcının mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində həmin avadanlıqları qəbul edib razılaşdırılan məbləği satıcıya ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, avadanlıqların çeşidi, miqdarı, qiyməti və digər xüsusiyyətləri tərəflər arasında razılaşdırılır və müqavilənin ayrılmaz hissəsi olan “Qiymət razılaşdırma protokolu”nda göstərilir.
3. 17 sentyabr 2021-ci il tarixli “Razılaşdırılmış qiymətlərin protokolu”na görə, alıcıya verilməli olan avadanlıqlar “Konica Minolta bizhub Accurio Press C4070”, "Opus Atlas 300 mono” cildləmə avadanlığı, "Opus MB 300” cildləmə avadanlığı, "X3 300 mono” ştamp üçün element, “Goldrpress 4+OPUS” naxış basma dəsti, Kanal Cilid üçün gloss olmaqla, onların cəmi dəyəri ƏDV daxil 52 246,60 manatdır.
4. 08 oktyabr 2021-ci il tarixli “Razılaşdırılmış qiymətlərin protokolu”na görə, alıcıya ƏDV daxil olmaqla 14 804,28 manat dəyərində digər avadanlıqların da verilməsi razılaşdırılmışdır.
5. Qiymətləri razılaşdırılan avadanlıqlar üzrə xx.xx.2021-ci il tarixli EBBJ 284318 seriya və nömrəli elektron qaimə əsasında ƏDV daxil olmaqla 52 246,6 manat, xx.xx.2021-ci il tarixli EBBK 470319 seriya və nömrəli elektron qaimə əsasında ƏDV daxil olmaqla 14 804,28 manat dəyərində avadanlıq cavabdehə təqdim edilmiş, hər iki elektron qaimə satıcının və alıcının möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, məktubda təhvil verilən malların dəyərinin tam ödənilmədiyi, xx.xx.2024-cü il tarixinə 22 500 manat əsas, 3375 manat faiz, 8212 manat cərimə borcu olmaqla cəmi 34 087 manat borcunun qaldığı, yaranmış borc məbləği ödənilməyəcəyi təqdirdə borcun və ya malların qaytarılması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. İddiaçı direktoru tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, 17 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 22 500 manat əsas, 3375 manat faiz, 8212 manat cərimə borcu olmaqla cəmi 34 087 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 22 500 manat əsas, 3375 manat faiz, 8212 manat cərimə borcu olmaqla ümumilikdə 34 087 manatın və ödənilmiş 197 manat dövlət rüsumunun, 1500 manat hüquqi yardım xərcinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə “Konica Minolta bizhub Accurio Press C4070”, "Opus Atlas 300 mono” cildləmə, “Opus MB 300” cildləmə, “X3 300 mono” ştamp üçün element və sair avadanlıq və materiallar təqdim edilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməmiş, təqdim edilmiş avadanlıq və materialların razılaşdırılmış dəyərini tam ödəməmişdir. Hazırda cavabdehin müqavilə üzrə əsas borcu 22 500 manat, faiz borcu 3375 manat, cərimə borcu 8212 manat təşkil edir. Müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, cavabdeh hər gecikən gün üçün gecikmiş ödəmənin 0,1%-i həcmində cərimə ödəməlidir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 399-cu, 439.3-cü, 425-ci, 462-ci maddələrinə istinad olunmuşdur.
11. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Cavabdehin qanuni təmsilçisi məhkəmənin hazırlıq iclasında iştirak etmiş, borcunun qaldığını, lakin iddia tələbində göstərilən məbləğlə razılaşmadığını, iddiaçıya 10 500 manat məbləğində borclarının qaldığını, bəzi ödənişlərin nağd həyata keçirildiyini və ödəniş qəbzlərini elektron sistemə əlavə edəcəyini, iddia tələbinin cərimə və gecikmə faizi hissəsinə də etiraz etdiyini bildirmişdir.
13. Birinci instansiya məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı və Cavabdeh arasında 17 sentyabr 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 22 500 (iyirmi iki min beş yüz) manat əsas borc, 1200 (bir min iki yüz) manat cərimə məbləği olmaqla ümumilikdə 23 700 (iyirmi üç min yeddi yüz) manatın Cavabdehndən tutulub İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi olaraq 134 (bir yüz otuz dörd) manatın, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 1100 (bir min yüz) manatın Cavabdehndən tutulub İddiaçınə ödənilməsi qət olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
14.1. İddiaçı 17 sentyabr 2021-ci il tarixli 2330 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 22 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Cavabdeh 10 500 manat məbləğində borcu qəbul edir, əsas borcun qalan hissəsinin nağd qaydada ödənildiyini bildirir. 14.2. Cavabdehin nağd qaydada ödənişləri etməsi ilə bağlı arqumentlərinə münasibətdə isə göstərilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. 14.3. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini - müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Hazırkı halda isə cavabdeh öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, avadanlıqların dəyərinin ödənildiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri "müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin "Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 14.4. İddia ərizəsində iddiaçı həmçinin 8212 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir. 14.5. 17 sentyabr 2021-ci il tarixli 2330 nömrəli müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, alıcı hər gecikən gün üçün gecikmiş ödəmənin 0,1%-i (sıfır onda bir faizi) həcmində cərimə ödəməlidir. 14.6. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Eyni zamanda iddiaçı da xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində təhvil verildiyi və ödənişlər edilmədiyi halda, uzun müddət sonra - xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1200 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. 14.7. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1100 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
15. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 439.3-cü, 442-ci, 448.1-ci, 448.2-ci, 467-ci, 567-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.
16. Qətnamədən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, təqdim etdiyi qəbzlərdən borcunu tam ödəmiş olduğunun göründüyünü nəzərə almamış, işin faktiki hallarını aydınlaşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
19. İşin halları, şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
23. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
24. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
32. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
33. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
45. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
46. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
47. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin mübahisələndirilməyən halıdır; cavabdehin nümayəndəsi isə malların dəyərinin müəyyən hissəsini nəğd ödədiklərini və iddiaçıya 10 500 manat borcları qaldığını irəli sürsə də, həmin ödənişlərin həyata keçirildiyini sübuta yetirə bilməmişdir.
48. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 34,35).
49. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətinə əlavə etdiyi qəbz surətləri sübut kimi qəbul olunmamalıdır; çünkü cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak edərək bəzi ödənişlərin nağd həyata keçirildiyini və ödəniş qəbzlərini elektron sistemə əlavə edəcəyini bildirsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmiş, müvafiq qəbzləri məhkəməyə göndərməmişdir. Yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 38).
50. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 38) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.
51. Digər tərəfdən kollegiyanın qənaətinə görə, hətta həmin qəbz surətləri birinci instansiya məhkəməsinə təqdim olunsaydı belə, fərqli nəticəyə gəlinməsinə əsas təşkil edə bilməzdi.
52. Belə ki, birincisi, həmin qəbz surətlərindən ödənişlərin məhz iddiaçı şirkətə həyata keçirildiyi görünmür (ödəyənin və ya alıcının adları fərqlidir); ikincisi isə, müvafiq qəbzlər iddiaçının xx.xx.2024-cü il tarixli maliyyə arayışdan əvvəlki dövrə təsadüf etməklə, iddia tələbində irəli sürülən məbləğ hesablanarkən onların nəzərə alınmadığı sübuta yetirilməmişdir.
53. Kollegiya məhkəmənin, cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:
54. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
55. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.
56. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5873/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Ziya Şirinov