Məhkəmə qərarları › İş №2-2(103)-1220/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1220/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1220/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı QSC-nin vəkili və nümayəndəsi X1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2318/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 4.372,12 manat məbləğdə əsas borc, 5.500 manat məbləğdə dəbbə pulu, 30 manat məbləğdə dövlət rüsumu olmaqla, ümumilikdə 9.902,12 manat məbləğdə pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 3.960,42 manat məbləğdə əsas borcun, 400 manat məbləğdə dəbbə pulunun, cəmi 4.360,42 manat məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Müqavilənin 3.1-ci bəndinə əsasən, Alıcı bu Müqavilə üzrə alqı-satqını Satıcıya öncədən yazılı sifarişlər təqdim etməklə həyata keçirməlidir. Müqavilənin 4.2-ci bəndinə görə, ödəniş Mallar təhvil verildikdən sonra həyata keçirilir. Bildirir ki, Satıcının təqdim etdiyi hesab-faktura və e-qaimələrə nəzər salan zaman aydın olur ki, cavabdeh tərəfindən ümumiyyətlə həmin qaimələrdə göstərilmiş malların əksər hissəsi nəinki təhvil alınmamış, hətta heç sifariş də verilməmişdir. Həmçinin, iddiaçı iş materiallarına əlavə etdiyi müəyyən satış qaimələri ilə malların məhz cavabdeh tərəfindən təhvil alındığını təsdiq etsə də, malların böyük məbləğdə hissəsinin təhvil aldığını təsdiq edə bilmir. Təkrarən vurğulayır ki, cavabdeh iddia edilən həcmdə məhsul təhvil almamışdır. Əlavə olaraq, satış qaimələrində malların cavabdeh tərəfindən "təhvil alındı" statuslu qrafasına imza çəkən Tağıyev Ruslan barəsində hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində AR Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2. 179.2.3, 179.2.4 və 320.1-ci maddələri ilə başlanılmış cinayət işinə baxılmaqdadır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə iddia təmin olunan hissədə apellyasiya şikayətinin dəlilləri həddə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işdən müəyyən edilir ki, tərəflər arasında 21.07.2020-ci il tarixdə 384 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: 1-ci bəndinə əsasən, satıcı satır, alıcı isə müqaviləyə əsasən çap, tipoqrafiya, dəftərxana və təsərrüfat mallarını və /və ya xidmətlərini alır. Müqavilə alıcı və satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqları və yazışmaları əvəz edir; 3.1-ci bədinə görə, alıcı bu müqavilə üzrə alqı-satqını satıcıya öncədən yazılı sifarişlər təqdim etməklə həyata keçirməlidir. Bu cür sifarişlər malların qiymətini, kəmiyyətini, təsvirini, tələb olunan təhvil verilmə tarixini və təhvil yerini göstərməlidir; 3.2-ci bəndinə əsasən, heç bir sifariş satıcı tərəfindən yazılı qəbul olunmayanadək satıcı üçün öhdəlik yaratmır. Sifarişlərin qəbulu və ya ləğvi yazılı şəkildə təqdim olunmalıdır və qəbul olunduqda təhvil yerini və vaxtını müəyyən etməlidir; 4.1-ci bəndinə görə, mallar üzrə qiymət və müvafiq ödəniş şərtləri sifarişlərdə müəyyən edilir; 4.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərində başqa hal müəyyən edilməyibsə, malların ödənişi mallar təhvil verildikdən sonra satıcının hesab-faktura təqdim etdiyi təqvim günündən 30 təqvim günü ərzində ödənilməlidir. Ödənişlər bu müqavilədə müəyyən edilən satıcının bank hesablarına edilməlidir; 4.4-cü bəndinə görə, alıcı mallar üzrə ödənişi bu müqavilənin 4.2-ci bəndində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, Satıcının hər gecikən gün üzrə ödənməyən məbləğə görə alıcıya həmin məbləğin bir faizi məbləğdə dəbbə pulu tətbiq etmək hüququ var. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdehin nümayəndələri tərəfindən imzalanmış 27.07.2020-ci il tarixli 20660 nömrəli satış qaiməsinə əsasən 42,80 manat məbləğdə, 27.07.2020-ci il tarixli 20664 nömrəli satış qaiməsinə əsasən 30,90 manat məbləğdə, 28.07.2020-ci il tarixli 20659 nömrəli satış qaiməsinə əsasən 312,94 manat məbləğdə, 28.07.2020-ci il tarixli 20761 nömrəli satış qaiməsinə əsasən 11,40 manat məbləğdə, 28.07.2020-ci il tarixli 20798 nömrəli satış qaiməsinə əsasən 134,00 manat məbləğdə, 27.07.2020-ci il tarixli 20660 nömrəli satış qaiməsinə əsasən 42,80 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21095 nömrəli satış qaiməsinə əsasən 3,50 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21128 nömrəli satış qaiməsinə əsasən 3,50 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21131 nömrəli satış qaiməsinə əsasən 3,50 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21121 nömrəli satış qaiməsinə əsasən 3,50 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21134 nömrəli satış qaiməsinə əsasən 3,50 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21125 nömrəli satış qaiməsinə əsasən 3,50 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21124 nömrəli satış qaiməsinə əsasən 15.58 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21123 nömrəli satış qaiməsinə əsasən 31,54 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21133 nömrəli satış qaiməsinə əsasən 3,50 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21130 nömrəli satış qaiməsinə əsasən 3,50 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21129 nömrəli satış qaiməsinə əsasən 31,54 manat məbləğdə, 03.08.2020-ci il tarixli 2127 nömrəli satış qaiməsinə əsasən 15,58 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21088 nömrəli satış qaiməsinə əsasən 15,58 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21119 nömrəli satış qaiməsinə əsasən 15,58 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21126 nömrəli satış qaiməsinə əsasən 31,54 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21118 nömrəli satış qaiməsinə əsasən 31,54 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21084 nömrəli satış qaiməsinə əsasən 31,54 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21132 nömrəli satış qaiməsinə əsasən 31,54 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21153 nömrəli satış qaiməsinə əsasən 55,00 manat məbləğdə, 03.08.2020-ci il tarixli 21874 nömrəli satış qaiməsinə əsasən 95,00 manat məbləğdə, 24.08.2020-ci il tarixli 23838 nömrəli satış qaiməsinə əsasən 3.003,00 manat məbləğdə, 25.08.2020-ci il tarixli 24207 nömrəli satış qaiməsinə əsasən 2.616,00 manat məbləğdə, 31.08.2020-ci il tarixli 24866 nömrəli satış qaiməsinə əsasən 95,00 manat məbləğdə, 04.09.2020-ci il tarixli 25633 nömrəli satış qaiməsinə əsasən 257,40 manat məbləğdə, 27.10.2020-ci il tarixli 32210 nömrəli satış qaiməsinə əsasən 91,50 manat məbləğdə mal təqdim edilmişdir. İddiaçı tərəfindən 4460 nömrəli hesab-fakturaya əsasən ƏDV daxil 7.628,41 manat dəyərdə malların təqdim edilməsinə dair 01.09.2020-ci il tarixli EBAP 430529 nömrəli; 4587 nömrəli hesab-fakturaya əsasən ƏDV daxil 303,73 manat dəyərdə malların təqdim edilməsinə dair 07.09.2020-ci il tarixli EBAP 635884 nömrəli; 6666 nömrəli hesab fakturaya əsasən ƏDV daxil 107,97 manat dəyərdə malların təqdim edilməsinə dair 16.11.2020-ci il tarixli EBAS 618129 nömrəli elektron qaimələr tərtib edilərək, elektron sistem vasitəsilə cavabdehə göndərilmişdir. Bank ödəniş tapşırıqlarına görə, cavabdeh tərəfindən iddiaçının hesabına 23.04.2021-ci il tarixdə 348,9 manat, 29.09.2020-ci il tarixdə 847,46 manat, 27.10.2020-ci il tarixdə 593,22 manat, 25.11.2020-ci il tarixdə 423,73 manat, 04.12.2020-ci il tarixdə 300 manat, 18.12.2020-ci il tarixdə 300 manat, 28.12.2020-ci il tarixdə 220,34 manat, 13.01.2021-ci il tarixdə 423,73 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Eyni Məcəllənin 176-cı maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya yaranan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığını, iddiaçının ona malları təqdim etdiyini, malları qəbul etdiyini, aldığı mallara görə qismən ödəniş etdiyini, elektron qaimələrə 5 gün ərzində etiraz etmədiyi üçün qaimələrin qüvvəyə mindiyini mübahisə etmir. Cavabdeh ümumi ifadələrlə qaimələrdə göstərilmiş malların iddia edilən həcmdə, əksər hissəsinin təhvil alınmadığını bildirsə də, bu mülahizələrini konkret fakt və rəqəmlərlə dəqiqləşdirməmiş, bununla bağlı Məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Satış qaimələrində malların cavabdeh tərəfindən “təhvil alındı” qrafasını imzalayan R.Tağıyevin hərəkətlərinin məsuliyyəti isə həmin şəxsin əmək münasibətlərində olduğu cavabdehə aiddir. Dəbbə puluna gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, eləcə də əsas borcun cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləği azaldaraq 400 manat məbləğdə müəyyən etməsi qanuni, əsaslı və ədalətli olmuşdur. Bütün qeyd olunanlar isə apellyasiya şikayətinin dəlillərinin bütövlükdə əsassızlığına dəlalət edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2318/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar