Məhkəmə qərarları › İş №2-2(103)-1222/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1222/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1222/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6758/2024 saylı qətnaməsindən Cavabdeh Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə “Caspian Road“ MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, F140223NB1400X nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, Satıcı hazırki Müqavilənin şərtlərinə uyğun olaraq, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə müəyyən olunan markada və keyfiyyətdə sürtkü yağlarını və filterləri Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 2.1-ci bəndinə görə malların qiyməti bu müvafiq X4 göstərilir.

3. Müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, Alıcı Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir

4. Müqavilənin 7.3-cü bəndinə görə ödəniş hər gecikdirilmiş gün üçün müvafiq X5 ümumi məbləğinin 0,2 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür.

5. İddiaçı MMC tərəfindən “Caspian Road“ MMC-yə xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 614909 nömrəli 4250,78 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 869211 nömrəli 1767,64 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 392812 nömrəli 366,98 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 849844 nömrəli 4284,58 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 234237 nömrəli 2881,56 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 799043 nömrəli 1123,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 883562 nömrəli 811,98 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 760039 nömrəli 1216,57 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 760039 nömrəli 5732,74 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 249623 nömrəli 172,28 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 357783 nömrəli 2701,99 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 002192 nömrəli 472,09 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, ******* nömrəli 330,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 288960 nömrəli 542,80 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.

6. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023- cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli X1 və eyni tarixli təhvil-təslim aktları imzalanmışdır.

7. “X8” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 2500 manat vəsait ödənilmişdir.

8. Fortune Trade” MMC-nin ƏDV hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 450 manat ƏDV ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “Caspian Road“ MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.655,79 əsas borc məbləği, illik 5 % hesablanmaqla 1332,78 manat cərimə, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2 % həcmində - 19458,72 manat gecikdirmə faizi, ümumilikdə 47447,29 manat borc məbləği, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat, iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 233 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, F140223NB1400X nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin şərtlərinə uyğun olaraq, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən olunan markada və keyfiyyətdə sürtkü yağlarını və filterləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə malların qiyməti bu müvafiq X4 göstərilir. Müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, alıcı malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Müqavilənin 8.1-ci bəndinə görə hazırki Müqavilə üzrə vəzifələrini icra etməyən və lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Tərəflər arasında imzalanmış X2 və təhvil - təslim aktlarına əsasən aşağıda dəyəri qeyd olunmuş mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır: 1. 30 may 2023cü il tarixli, EBDG seriyalı, 614909 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 3671 manat, ƏDV 579.78 manat, ümumilikdə 4250.78 manat; 2. 01 iyun 2023-cü il tarixli, EBDG seriyalı, 869211 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 1 498.00 manat, ƏDV 269.64 manat, ümumilikdə 1 767.64 manat; 3. 21 iyun 2023-cü il tarixli, EBDİ seriyalı, 392812 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 311.00 manat, ƏDV55.98 manat, ümumilikdə 366.98 manat; 4. 10 avqust 2023-cü il tarixli, EBDL seriyalı, 849844 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 3 631.00 manat, ƏDV653.58 manat, ümumilikdə 4 284.58 manat; 5. 16 avqust 2023-cü il tarixli, EBDM seriyalı, 234237 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 2 442.00 manat, ƏDV439.56 manat, ümumilikdə 2 881.56 manat; 6. 24 avqust 2023-cü il tarixli, EBDM seriyalı, 799043 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 952.03 manat, ƏDV171. manat, ümumilikdə 1 123.40 manat; 7. 25 avqust 2023-cü il tarixli, EBDM seriyalı, 883562 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 688.12 manat, ƏDV 123.86 manat, ümumilikdə 811.98 manat; 8. 30 avqust 2023-cü il tarixli, EBDN seriyalı, 760039 nömrəlielektron qaiməfakturaya əsasən əsas məbləğ 1 030.99 manat, ƏDV185.58 manat, ümumilikdə 1 216.57 manat; 9. 07 sentyabr 2023-cü il tarixli, EBDN seriyalı, 760039 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 4 858.25 manat, ƏDV874.49 manat, ümumilikdə 5 732.74 manat; 10. 13 sentyabr 2023-cü il tarixli, EBDO seriyalı, 249623 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 146.00 manat, ƏDV26.28 manat, ümumilikdə 172.28 manat; 11. 15 sentyabr 2023-cü il tarixli, EBDO seriyalı, 357783 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 2 289.82) manat, ƏDV412.17 manat, ümumilikdə 2 701.99 manat; 12. 25 sentyabr 2023-cü il tarixli, EBDP seriyalı, 002192 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 400.08 manat, ƏDV72.01 manat, ümumilikdə 472.09 manat; 13. 03 oktyabr 2023-cü il tarixli, EBDP seriyalı, ******* nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 280.00 manat, ƏDV50.40 manat, ümumilikdə 330.40 14. 12 oktyabr 2023-cü il tarixli, EBDQ seriyalı, 288960 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 460.00 manat, ƏDV82.80 manat, ümumilikdə 542.80 manat; Odur ki, yuxarıda qeyd olunanlara əsasən yuxarıda qeyd olunanlara əsasən, 26 655.79 manat dəyərində borc məbləği alıcı tərəfindən satıcıya bu günədək ödənilməmiş və alıcı tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. Müqavilənin 7.3-cü bəndinə görə ödəniş hər gecikdirilmiş gün üçün müvafiq X5 ümumi məbləğinin 0, 2 % həcmində cərimə ödəməyi alıcı öhdəsinə götürür. Tərəflərindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubu göndərildikdən sonra 30 may 2023-cü il tarixli, EBDG seriyalı, 614909 nömrəli elektron qaimə-faktura üzrə əsas məbləğdən 2050 manat, ƏDV məbləğindən isə 450 manat olmaqla ümumilikdə 2500 manat məbləğində ödəniş edilmişdir. Lakin borc cöhdəliyi tam həcmdə icra edilməmişdir. Beləliklə, müqavilə üzrə 26 655.79 əsas borc məbləği, illik 5 % hesablanmaqla 1332, manat cərimə, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2 % həcmində, lakin ödənişi gecikdirilmiş məbləğin 10 % həcmindən çox olmamaq şərtilə 19458,72 manat gecikdirmə faizi, ümumilikdə 47447,29 manat borc məbləği yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi 567, 597, 598, 385, 386, 425, 442, 443, 445.1, 445.2.1, 445.7, 462.1-ci maddələri göstərilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6758/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 26655,79 manat əsas borc, 1332,78 manat faiz borcu, 1300 manat dəbbə pulu, 200 manat dövlət rüsumu, 300 manat hüquqi yardıma görə xərc, ümumilikdə 29788,57 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. Alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsi; 2. Dəbbə pulunun tutulması; 3. illik 5% olmaqla hesablanmış faiz borcunun tutulması. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab etmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin əlavələri ilə razılaşdırılmış mallar təhvil aktları əsasında cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş malların dəyərinin bir qismi (2500 manat əsas borc, 450 manat ƏDV) ödənilmiş, qalıq 26655,79 manat vəsait ödənilməmiş qalmışdır. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia ərizəsi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 26655,79 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbini ikinci hissədə qismən əsaslı hesab etmişdir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.3-cü bəndinə əsasən hesablanmış 19458,72 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1300 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbini üçüncü hissədə də əsaslı hesab etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə iddiaçıya vurulmuş zərər qismində 1332,78 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi (əsas borc 26655,79 manat * 5 faiz /100) tələbini də irəli sürmüşdür.

5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə borcun hesablanması üçün hər hansı ekspertiza keçirilməmiş və Cavabdeh məhkəmədə iştirakı olmadan qərar qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Tətbiq edilən hüquq:

10. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

- 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ... - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə və ya qanunla müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

11. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddia qismən təmin edildiyindən və qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə – Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq faiz məbləği 32,78 manat məbləğində müəyyənləşdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh “Caspian Road“ MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, F140223NB1400X nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı tərəfindən həmin müqavilənin əlavələri ilə razılaşdırılmış mallar təhvil aktları əsasında cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş malların dəyərinin bir qismi (2500 manat əsas borc, 450 manat ƏDV) ödənilmiş, qalıq 26655,79 manat vəsait ödənilməmiş qalmışdır.

17. Odur ki, iddiaçı Mülki Məcəllənin 567-ci və 598.1-ci maddələrinə əsasən alqısatqı müqaviləsi üzrə cavabdehə təqdim etdiyi malların dəyəri olan 26.655,79 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

18. Digər tərəfdən o da qeyd edilməlidir ki, iddiaçı mübahisəli müqavilə üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə müqavilədə nəzərdə tutulmuş dəbbə pulu və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin də tutulması tələblərini də irəli sürmüşdür.

19. Eyni pozuntuya (eyni müddət üçün pul öhdəliyinin icrasının gecikdirilməsinə) görə eyni zamanda iki fərqli maliyyə sanksiyasının (dəbbə pulu və Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən faizlər) tətbiq edilməsi mümkünlüyü məsələsinə gəldikdə kollegiya qeyd edir ki, göstərilən məsələyə qiymət vermək üçün ilk növbədə hər iki əsasla pul məbləğinin tutulmasının hüquqi təbiətinə aydınlıq gətirilməlidir.

20. Bu zaman dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulunun hesablanması üsuluna görə növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği olaraq tutulur, bundan fərqli olaraq dəbbə pulunun digər növü olan “penya” öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərindən göründüyü kimi həmin müqavilədə nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü (hər həftəsi) üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

21. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsində zərərlə nisbətinə görə 4 dəbbə pulu növü fərqləndirilmişdir. Belə ki, həmin maddəyə görə qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə xarakterli dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur. Başqa sözlə desək, cərimə xarakterli dəbbə pulu istisna olmaqla dəbbə pulunun sadalanan digər növlərinin tətbiqində məqsəd şəxsin öhdəliyin pozuntusuna görə cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etmək və öhdəliklərin pozulması nəticəsində zərərçəkmiş şəxsin hüquqlarını bərpa etməkdən ibarətdir.

22. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavildə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.

23. Odur ki, məhkəmə kollegiyası iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 1300 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

24. Digər tərəfdən Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.

25. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

26. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

27. Odur ki, hazırkı halda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq ödənilməsi tələb olunan faizlərin məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu məbləği (1300 manat) ilə əhatə edilməmiş hissəsi 32,78 manat (1332,78-1300) təşkil etdiyindən Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faizlərin tutulması hissəsində qətnamə dəyişdirilərək tutulmalı olan faizlərin məbləği 32,78 manat məbləğində müəyyənləşdirilməlidir.

28. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməməsi barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, hazırkı halda cavabdehin iddiaçıya olan borcunun hesablanması mühasibatlıq sahəsində xüsusi bilik tələb etmədiyindən, həmin borcun adi riyazi hesablama vasitəsilə müəyyənləşdirilməsi mümkün olduğundan birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq eskpertizasının təyin edilməsini zəruri hesab etməməkdə haqlı olmuşdur.

29. Məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi tərfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirilməklə bərabər poçt vasitəsilə də cavabdehin ünvanına göndərilmişdir. Odur ki, istinad edilən dəlillərin əsassızlığı açıq-aşkardır.

30. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən– Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq faiz məbləği 32,78 manat məbləğində müəyyənləşdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə cavabdehə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6758/2024 saylı qətnaməsi – faiz tutulması hissəsində dəyişdirilsin, cavabdehdən iddiaçının xeyrinə tutulacaq faiz məbləği 32,78 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilsin, dövlət rüsumunun qalan hissəsi isə cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar