Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1224/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-942/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh1 şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı məhkəməyə müraciət edərək, 17.07.2014-cü il tarixli 627/45/2014 nömrəli “X1” müqaviləsi üzrə yaranmış 410.000 ABŞ dolları əsas borc, 177.821,58 ABŞ dolları faiz borcu, sığorta haqqı əvəzi olaraq ödənilmiş 4.646 ABŞ dolları, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla ümumilikdə 592.467,58 ABŞ dolları pul vəsaitinin cavabdehlərdən birgə tutularaq onun xeyrinə ödənilməsi və 2 ədəd HP2/52C modelli spesifikasiya 5gg, 6 ədəd HP2/52C modelli spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli spesifikasiya 14 gg olan düz hörgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələrinin (sap yönləndirən rolikləri və iynələri) tam işlək vəziyyətdə cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 965.086,21 manat məbləğdə pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.08.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Qərardadla razılaşmayan Cavabdeh1 ondan şikayət verərək, qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, qarşılıqlı iddia ərizəsinin məhkəmə baxışı zamanı verilməsinin səbəbi iş üzrə lazımi faktların müəyyən olunması üçün kifayət qədər əhəmiyyətlidir və hesab edirik ki, iş üzrə icraata qəbul olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, MPM-in 155.1-ci maddəsinə görə, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Lakin işdən görünür ki, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi işin baxılmasına başlandıqdan sonra verilmişdir. Cavabdeh bu faktı şikayətində də etiraf edir. Bundan əlavə, MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normadan göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən qarşılıqlı iddia ərizələrinin məhkəməyə göndərilməsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır. Lakin işdən məlum olur ki, cavabdeh qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq qarşılıqlı iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. MPM-in: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassız olmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-942/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1224/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1224/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver