Məhkəmə qərarları › İş №2-2(103)-1227/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1227/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1227/2025 06.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması, lizinq obyektinin geri qaytarılması” tələbinə dair ilk, İddiaçı Cavabdeh1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması və müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı kommersiya mübahisəsi üzrə (açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinin qaytarılması, borcun tutulması) X4 Qocayevin sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi X1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3359/2025 nömrəli qətnaməsindən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. BB367297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə Chevrolet Cruze minik markalı, 77AL158 dövlət qeydiyyat nişanlı (ban:KL1JF69E9DK107048) nəqliyyat vasitəsi Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - iddiaçı) mülkiyyətindədir.

2. İddiaçı (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında 27 dekabr 2023-cü il tarixli, İF/06153 nömrəli X5i müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində 2013-cü il buraxılışlı olan, Chevrolet Cruze minik markalı, mühərrik N/Z SİL, ban № KL1JF69E9DK107048 olan nəqliyyat vasitəsini lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür; - 2.2-ci bəndinə əsasən lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür; - 2.3-cü bəndində əsasən lizinq müqaviləsi bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür; - 5.2-ci bəndinə əsasən lizinq obyektinin qiyməti 11 000 manat təşkil edir; - 11.1 və 11.1.4-cü bəndlərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq bir dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

3. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Chevrolet Cruze minik markalı, mühərrik N/Z SİL, ban № KL1JF69E9DK107048 olan avtomobil yararlı vəziyyətdə Cavabdeh2 təhvil verilmişdir.

4. İddiaçı ilə Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinə görə zamin müqavilə üzrə lizinq alanın lizinq verən qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür (bənd 1.1). Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik 27 dekabr 2023-cü il tarixli, İF/06153 nömrəli X5i müqaviləsindən, ona edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləridir (bənd 1.2).

5. Cavabdeh2 tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli qəbzə əsasən 505 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 505 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 455 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 250 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 505 manat məbləğində ödənişlər edilmişdir.

6. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2024/545 nömrəli etibarnaməyə əsasən Chevrolet Cruze markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək Cavabdeh1 etibar edilmişdir.

7. İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, iddiaçının mülkiyyətində olan Chevrolet Cruze markalı avtomobilə görə lizinq ödənişi olmadığı üçün tərəflərindən edilən müraciət əsasında hərəkəti məhdudlaşdırılmışdır. Hazırda lizinq ödənişi icra edildiyi üçün qoyulan məhdudiyyətin aradan qaldırılması xahiş edilir.

8. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2024/651 nömrəli etibarnaməyə əsasən Chevrolet Cruze markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək Cavabdeh1 etibar edilmişdir.

9. İddiaçı tərəfindən təqdim edilmiş ödənişlər üzrə çıxarışa görə Cavabdeh2 tərəfindən lizinq müqaviləsi üzrə 934,86 manat əsas borc, 1879,47 manat faiz borcu və 5,67 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 2820 manat vəsait ödənilmişdir.

10. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə Cavabdeh2 xx.xx.2023-cü il tarixli, İF/06153 nömrəli müqavilə üzrə əsas borcu 10065,14 manat, faiz borcu 2603,96 manat, cərimə borcu 110,25 manat olmaqla, cəmi borc 12779,35 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

11. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması və lizinq obyektinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, İF/06153 saylı X5 müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 12779,35 manat borc, 792 manat yolhərəkəti qaydalarının pozulmasına görə inzibati cərimə, dövlət rüsumu olaraq ödənilmiş 88,16 manat məbləğin tutulması və lizinq obyekti olan Chevrolet Cruze minik markalı, 77AL158 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli, İF/06153 saylı 36 ay müddətli X5 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Chevrolet Cruze minik markalı, 77AL158 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. X5 müqaviləsi ilə yanaşı, 31 may 2024-cü il tarixində Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Artıq beş aydan çoxdur ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 2820 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixinə olan borcu cəmi 12779,35 manat təşkil edir. Bundan əlavə, avtomobil cavabdehlərin istifadəsində olarkən 792 manat məbləğində yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır.

13. İddiaçı "xxxx" MMC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2025-ci il tarixə olan əsas borcu 10065,14 manat, faiz borcu 2603,96 manat, cərimə borcu 110,25 manat, cəmi 12779,35 manat, avtomobil cavabdehlərin istifadəsində olarkən 792 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin ödənilməsi və lizinq obyekti olan Chevrolet Cruze minik markalı, 77AL158 dövlət nömrə nişanlı avtomobilin müqavilənin tələbinə uyğun olaraq saz vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh1 tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmiş, etirazda göstərilmişdir ki, onun imzaladığı zaminlik müqaviləsi əslində aldatma yolu ilə, yəni lizinq müqaviləsi adı ilə təqdim olunaraq bağlanmışdır. O bildirir ki, müqavilə imzalanmamışdan əvvəl, 2024-cü ilin fevral ayından etibarən iddiaçı ilə əməkdaşlıq etmiş, bu dövrdə ona avtomobilin idarə olunması üçün etibarnamə verilmiş və aylar üzrə ödənişlər etmişdir. Cavabdeh qeyd edir ki, may ayında onunla lizinq müqaviləsinin bağlanacağı vəd olunmuş, lakin xx.xx.2024-cü ildə iddiaçı əslində lizinq müqaviləsi əvəzinə zaminlik müqaviləsi imzalatdırmışdır. Cavabdeh həmçinin qeyd edir ki, ona təqdim edilən nəqliyyat vasitəsi texniki cəhətdən nasaz olmuş, o, müxtəlif təmir xərclərinə məruz qalmışdır. Sentyabr ayında avtomobilin təhvil verilməsi məsələsi iddiaçının nümayəndəsi ilə razılaşdırılmış və cavabdeh avtomobili həmin nümayəndəyə qaytarmışdır. Buna baxmayaraq, sonradan cavabdehə borc barədə bildiriş təqdim olunmuşdur. Halbuki o, avtomobili təhvil verdikdən sonra bu cür tələbin irəli sürülməsi ilə razılaşmır.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3359/2025 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada cəmi 1491,98 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, ilk iddia tələbi qalan hissədə təmin edilməmiş, Cavabdeh1 iddiaçıya qarşı “pulun tutulması və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.

16. Məhkəmə mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia tələbi borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, lizinq müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1lə zaminlik müqaviləsi imzalanmış, sonuncu iddiaçı qarşısında öz üzərinə borclu ilə birgə məsuliyyət götürmüşdür. Cavabdehlər həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişlər. Cavabdeh1 tərəfindən təqdim edilmiş iddiaçı ilə olan “whatsapp” yazışmalarından görünür ki, lizinq obyektinin geri qaytarılması iddiaçı (həmin təşkilatda işçi olmuş Osmanov Məhəmməd adlı şəxs) tərəfindən Cavabdeh1 tələb edilmiş, sonuncu tərəfindən nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə iddiaçının işçisinə təhvil verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehlərdən lizinq obyektinin geri qaytarıldığı tarixə (xx.xx.2024-cü il) olan borc - 703,34 manat əsas, 724,33 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk iddia ərizəsini 110.25 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə isə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 30 manat müəyyən edilməlidir. Məhkəmə ilk iddia ərizəsini lizinq obyektinin cavbdehlərin istifadəsində olarkən 792 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin ödənilməsi hissəsində isə əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddəsində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Məhkəmə ilk iddianı lizinq obyektinin geri qaytarılması hissəsində də əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı lizinq obyekti olan nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən iddiaçının səlahiyyətli nümayəndəsinə (Osmanov Məhəmməd adlı işçi) geri qaytarıldığı müəyyən edildiyindən həmin tələb də təmin edilə bilməz.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3359/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən apellyasiya şikayət verilmişdir Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edilmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təşkilatın keçmiş əməkdaşı Osmanov Məhəmmədin nəqliyyat vasitəsini geri tələb edərkən məqsədi təşkilatın əməkdaşı kimi deyil, sadəcə ödəniş edə bilməyən Cavabdeh1 xahişinə əsasən onun istifadəsində olan nəqliyyat vasitəsinə yeni lizinq alan tapmaq istəyi olmuşdur. Məhkəmədən Osmanov Məhəmmədin şahid kimi dindirilməsi xahiş edilsə də, məhkəmə şifahi vəsatəti təmin etməmişdir. Məhkəmə cavabdehin müqavilə üzrə ödənilməyən lizinq ödənişlərinin ümumi məbləğini qeyd edərkən lizinq obyektinə dəymiş zərəri və bu zərər nəticəsində iddiaçı olaraq əldən çıxmış gəliri nəzərə almamışdır. Cavabdehin lizinq obyektini saz vəziyyətdə saxlamaq və müqavilənin şərtləri pozulacağı təqdirdə təşkilata qaytarmaq öhdəliyi vardır. Məhkəmə qərar qəbul edərkən bu məqamı nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən nəqliyyat vasitəsi onlar tərəfindən aşkar edilərək götürülmüşdür. Nəqliyyat vasitəsini onlara cavabdehlər təqdim etməyib. Yol hərəkəti qaydalarının pozulmasına görə yazılmış cərimələr elektron qaydada aşkar edilib. Həmin vaxt nəqliyyat vasitəsinin Cavabdeh1 istifadəsində olması barədə məlumat onlar tərəfindən yol polisinə verilib. Yaranmış cərimələr nə iddiaçı, nə də başqa şəxs tərəfindən ödənilməyib. İddiaçı avtomobili əvvəlcə Cavabdeh2 istifadəsinə vermiş, sonradan onun razılığı ilə 2024-cü ilin may ayında Cavabdeh1 adına etibarnamə rəsmiləşdirmişdir. Bu tarixədək İ. Quliyevin istifadəsi üçün iddiaçı tərəfindən heç bir rəsmi etibarnamə verilməmişdir. Fevral ayında iddiaçının işçisi Osmanov Məhəmməd tərəfindən verildiyi iddia olunan etibarnamənin isə yazılı forması mövcud deyildir. M.Osmanov avtomobili başqa müştəri tapmaq məqsədilə Cavabdeh1 təhvil almış, lakin bu prosesdən iddiaçının məlumatı olmamış və nəqliyyat vasitəsi ona faktiki qaytarılmamışdır. Yalnız xx.xx.2025-ci il tarixində iddiaçının məsul şəxsləri avtomobili ustadan təhvil almışlar.

21. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 bildirdi ki, o, avtomobil barədə elanı internet saytında görmüş, daha sonra elandakı telefon nömrəsi ilə əlaqə saxlamış və Cavabdeh2la görüşərək avtomobili almaq qərarına gəlmişdir. Avtomobil lizinqdə olduğu üçün iddiaçının işçisi olan Osmanov Məhəmmədlə onların ofisində görüşmüş, Osmanov Məhəmməd tərəfindən ona etibarnamə verilmişdir. Osmanov Məhəmmədlə bütün danışıqları ofisdə olmuşdur. 2024-cü ilin fevral ayından avqust ayına qədər aylıq 505 manat ödəniş etmiş, sentyabr ayında ödəniş edə bilmədiyi üçün Osmanov Məhəmməd ondan ya ödənişin ödənilməsini, ya da avtomobilin qaytarılmasını tələb etmişdir. Bundan sonra Osmanov Məhəmmədin dediyi yerdə avtomobili ona təhvil vermişdir. Avtomobili təhvil verdikdən sonra Osmanov Məhəmmədlə danışmamışdır. Əlavə suallara cavab olaraq isə bildirdi ki, sentyabr ayından yanvar ayına qədər olan cərimələr ona aid deyil, avtomobili başqası idarə edib. Ona aid cərimələrin bir hissəsini ödəmişdir. Maddi sıxıntısı olduğu üçün avtomobili qaytarmışdır.

22. İlk iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

24. Məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ... Maddə 433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi ... 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 747. Lizinq müqaviləsi 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ... Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri ... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. ... Maddə 1090. İcraçının hüquqları 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. ... Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. ... Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. ...

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi:

Maddə 25. İnzibati cərimə 25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. ...

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, qətnamədən ilk iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı ilk iddia üzrə tələbin təmin edilmədiyi hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. İddiaçı Cavabdeh2 ilə X5i, digər Cavabdeh1 ilə isə həmin müqavilənin təminatı kimi zaminlik müqavilələri bağlamışdır.

34. Cavabdehlər tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilməmiş və iddiaçı tərəfindən müqavilə ləğv edilərək avtomobilin geri qaytarılması və lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir.

35. Cavabdeh1 tərəfindən avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçının işçisi Osmanov Məhəmmədə verilmişdir.

36. Zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia rədd edildiyindən və həmin hissədə qətnamə mübahisələndirilmədiyindən göstərilən hallar işin mübahisəsiz hallarını təşkil edir.

37. Tərəflərin hazırkı apellyasiya baxışının predmetini təşkil edən mübahisəsi avtomobilin iddiaçıya hansı vaxtdan geri qaytarılmış hesab edilməsi və lizinq ödənişinin hansı tarixədək tutulmalı olması, habelə avtomobilin cavabdehlərdə olduğu dövrdə törədilmiş qayda pozuntularına görə onlara tətbiq edilmiş inzibati cərimənin ödənilməsi ilə bağlıdır.

38. İddiaçı hesab edir ki, iddiaçının keçmiş işçisi Osmanov Məhəmməd xx.xx.2024cü il tarixdə avtomobili iddiaçının nümayəndəsi qismində deyil, Cavabdeh1lə yeni müştəri tapmaq məqsədilə əməkdaşlıq çərçivəsində geri almış, iddiaçı isə avtomobilin faktiki qaytarılması barədə yalnız 2025-ci ilin fevral ayında məlumatlı olmuşdur. M.Osmanovun Cavabdeh1 avtomobili tələb edərkən iddiaçının nümayəndəsi qismində çıxış etmədiyi, daha sonra onun işdən azad edildiyi əsas gətirilərək, avtomobilin qaytarılma tarixi kimi xx.xx.2024-cü ilin qəbul edilməsinin əsassız olduğu qeyd edilmişdir.

39. Mülki Məcəllənin 433.3-cü maddəsinin məzmununa görə, ümumi qayda olaraq borclu icranı kreditorun özünə və ya onun ixtiyarlı şəxsi kimi çıxış edən şəxsə verdiyi halda öhdəliyi icra edilmiş sayılır. İş materiallarından görünür ki, Osmanov Məhəmməd xx.xx.2024 tarixində iddiaçı hüquqi şəxsin əməkdaşı olmuş, cavabdehlərlə lizinq münasibətləri üzrə lizinq verən hüquqi şəxs adından daim o çıxış etmiş və lizinq obyektinin qaytarılmasını tələb etmişdir. Lizinq verən hüquqi şəxs olaraq yalnız öz əməkdaşları və nümayəndələri vasitəsilə iradə ifadə edə bilər və lizinq alanın lizinq obyektini həmin hüquqi şəxsin əməkdaşına təhvil verməsi öhdəliyin kreditorun özünə icrası kimi qiymətləndirilməlidir. Lizinq verənlə onun işçisi arasında mövcud olan daxili münasibətlər, o cümlədən işçinin intizam və ya maddi məsuliyyəti borclunun hüquqi vəziyyətinə təsir göstərə bilməz. Avtomobilin sonradan iddiaçının faktiki nəzarətinə gec keçməsi iddiaçı ilə onun əməkdaşı arasında mövcud olan daxili münasibətlərin predmetidir və borclunun hüquqi vəziyyətinə təsir göstərmir.

40. Lizinq verənin öz əməkdaşının daxili səlahiyyət bölgüsünə istinad etməsi Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş vicdanlılıq prinsipinə ziddir və borclunun icranı qəbul edən şəxsə etimadını hüquqi cəhətdən etibarsız etmir. Qeyd olunan şəraitdə lizinq alanın həmin şəxsin səlahiyyətli nümayəndə olmasına inanması obyektiv və əsaslı olmuşdur və lizinq verənin sonradan həmin işçinin daxili səlahiyyətlərini aşmasına istinad etməsi borclunun öhdəliyinin icrasını etibarsız etmir.

41. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin bildirdiyi, M.Osmanovun avtomobili götürməsinin “lizinq obyektinin qaytarılması” yox, onunla Cavabdeh1 arasındakı əməkdaşlıq çərçivəsində başqa müştəri tapmaq məqsədi daşıması barədə dəlilini də əsassız hesab edir. M.Osmanovun avtomobili hansı motivlərlə qəbul etməsi lizinq verənlə onun arasında daxili münasibətlərin predmetidir və lizinq alan üçün hüquqi əhəmiyyət daşımır. Lizinq alan avtomobili kreditorun nümayəndəsi kimi çıxış edən şəxsə təhvil verdikdən sonra onun üzərində faktiki hakimiyyətini itirmiş və bu tarixdən sonra lizinq obyektinə görə məsuliyyət daşımamışdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi lizinq ödənişlərini avtomobilin iddiaçının işçisinə təhvil verildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə qədər hesablamaqda haqlı olmuşdur.

43. Apellyasiya şikayətinin yol-hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimənin cavabdehlərdən alınıb iddiaçıya verilməsi hissəsi də əsassızdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında avtomobilin cavabdehlərin istifadəsində olduğu zaman yol hərəkəti qaydalarının pozulması və nəticədə, inzibati cərimələrin tətbiq edilməsi faktı iddiaçıya həmin cərimələrin ona ödənilməsini tələb etməyə əsas vermir.

45. İddiaçı tərəfindən həmin cərimələr ödənilmiş olsa idi, bunun cavabdehin mənafeyinə uyğun olması halında özgə işlərini tapşırıqsız aparma, cavabdehin mənafeyinə uyğun olmaması halında isə əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən tələb edilməsi mümkün idi. İnzibati cərimə publik hüquqi öhdəlikdir və dövlətin xeyrinə tutulur; mülki-hüquqi müqavilə üzrə kreditorun əmlak hüququnu təşkil etmir. Bu səbəbdən, iddiaçı həmin cərimələri ödəmədiyi halda onların cavabdehlərdən alınıb iddiaçıya verilməsi hüquqi cəhətdən mümkün deyil.

46. Avtomobilə dəyən zərərin nəzərə alınmamasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində avtomobilə zərər dəydiyini iddia etsə də, cavabdehlərə qarşı həmin zərərin əvəzinin ödənilməsi barədə tələbi nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində irəli sürməmişdir. Bu səbəbdən, avtomobilə dəymiş zərərin əvəzinin tutulması mübahisə predmeti olmamış və birinci instansiya məhkəməsi də haqlı olaraq belə bir tələbə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddia tələbindən kənara çıxmaqla zərərin əvəzinin tutulması məsələsinə qiymət verə bilməz.

47. Beləliklə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

48. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3359/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3359/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar