Məhkəmə qərarları › İş №2-2(103)-123/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-123/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-123/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X2 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı ASC-nin nümayəndəsi X5 oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı «borcun və cərimənin tutulması»na dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-158/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından (hakim Rüstəm Kərimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-158/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iddiası qismən təmin edilərək cavabdeh “xxxx” MMC-dən 83.410 manat əsas borc, 8.341 manat cərimə və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş apellyasiya şikayəti şikayəti imzalamış şəxsin buna səlahiyyəti olması barədə etibarnamənin əlavə edilməməsi əsası ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamış, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-158/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. “xxxx” MMC xx.xx.2019-cu il tarixdə səlahiyyətli şəxs tərəfindən imzalanmış apellyasiya şikayətini poçt vasitəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə göndərmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-158/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilk dəfə cavabdeh tərəfindən apellyasiya şikayəti nümayəndə tərəfindən vaxtında verilsə də buna səlahiyyətli olması barədə etibarnamənin olmaması əsası ilə məhkəmə mümkün hesab etməmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Halbuki ilk dəfə apellyasiya şikayəti vaxtında verildiyi və sonradan məhkəmənin tələb etdiyi sənədlər əlavə edilməklə verildiyi üçün müddət ötürülməmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-158/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilsə də cavabdeh tərəf məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin məhkəmə iclasının təxirə salınması barədə vəsatəti əsassız hesab edilərək təmin edilməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 oğlu məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-158/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3.-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdehin şikayətinin ilk dəfə apellyasiya şikayətinin 1 aylıq prosessual müddət ötürülmədən verilməsi barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC-yə məhkəmə qətnaməsi poçt vasitəsi ilə göndərilmiş və xx.xx.2019-cu il tarixdə rəsmi təqdim edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət xx.xx.2019-cu il tarixdə bitmiş, cavabdeh isə ilk dəfə məhkəməyə apellyasiya şikayətini xx.xx.2019-cu il tarixdə, prosessual müddət bitdikdən sonra təqdim etmiş, eyni zamanda apellyasiya şikayətini imzalamış şəxsin buna səlahiyyətli olması barədə etibarnamə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.4.-cü maddəsinə görə həmin Məcəllənin 363.1.1 və 363.1.2ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd edilən normanın tələbinə əsasən apellyasiya şikayəti verilərkən yol verilmiş MPM-nin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş qüsurlar yalnız qanunla nəzərdə tutulmuş prosessual müddət daxilində aradan qaldırıldıqda buraxılmış prosessual müddətin bərpası barədə ərizə verməyə ehtiyac olmur. Qüsurlar prosessual müddət başa çatdıqdan sonra aradan qaldırıldıqda müddətin bərpası barədə vəsatət verildikdən və təmin edildikdə sonra apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilə bilər. Hazırkı halda cavabdeh tərəfindən hər iki apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət başa çatdıqdan sonra verildiyindən və müddətin bərpası barədə vəsatət verilmədiyindən apellyasiya şikayəti düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən qaytarılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-158/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qər а r а а ldı : Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-158/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar