Məhkəmə qərarları › İş №2-2(103)-123/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-123/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-123/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi Açar söz: sığorta ödənişi, öhdəliyin icra edilməsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4660/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, sığorta predmeti “Hyundai Granduer” minik markalı, buraxılış ili 2022-ci il, rəngi - ağ mirvari, 77AJ994 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qeyd olunmuş, sığorta məbləği 51500 manat, sığorta haqqı 2250,55 manat müəyyən edilmişdir.

2. Seriya nömrəsi BB108160 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Granduer” minik markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin sahibi İddiaçı MMC qeyd olunmuşdur.

3. İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 27 mart 2024-cü il tarixində məktubla müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Granduer” minik markalı, buraxılış ili 2022-ci il, ağ mirvari rəngdə olan, 77AJ994 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 3885 manat zərər məbləğinin şirkətin bank hesabına köçürülməsinin təmin olunmasını xahiş etmişdir.

4. İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 02 aprel 2024-cü il tarixində məktubla müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Granduer” minik markalı, buraxılış ili 2022-ci il, ağ mirvari rəngdə olan, 77AJ994 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 3105 manat məbləğində sığorta ödənişinin bank hesabına köçürülməsinin təmin olunmasını xahiş etmişdir.

5. X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Hyundai Granduer” minik markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci ümumilikdə 3885 manat məbləğində müəyyən edilmişdir.

6. X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Hyundai Granduer” minik markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci ümumilikdə 3105 manat məbləğində müəyyən edilmişdir.

7. “X5 Mərkəzi” MMC tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli YDQMN099- 029/2024 saylı rəydən görünür ki, “Hyundai Granduer” markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci 4040 manat məbləğində müəyyən edilmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-62/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə qeyd olunmuşdur ki, X3 özgənin avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən binanın qarajında yerləşən avtomobil yuma məntəqəsinə X1 tərəfindən yuyulma məqsədi ilə verilmiş İddiaçı MMC-yə məxsus “Hyundai Grandeur” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Məhərrəm Abdullayev tərəfindən verilmiş avtomobilə məxsus açarla mühərrikini işə salmaqla avtomobili qanunsuz olaraq ələ keçirib qaçırmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən əmlaka dəymiş zərərə görə 980 manat məbləğində sığorta ödənişinin, 60 manat dəbbə pulunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 140 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində olan “HYUNDAİ GRANDEUR” minik markalı (qeydiyyat nişanı-77AJ994; Buraxılış ili-2022, BAN:KMHF341DBPA507282; Rəngi-ağ mirvari) nəqliyyat vasitəsi “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin nəqliyyat vasitəsinə 3885 manat məbləğində zərər dəymişdir (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-62/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilmişdir). Həmin sənədlər sığorta şirkətinə xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən təqdim edilmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı MMC-yə 3885 manat əvəzinə 2905 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta hadisəsi üzrə ödənişin tam edilməməsi nəticəsində İddiaçı MMC-nin hüquqları pozulmuşdur. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətin xx.xx.2024-cü il tarixli məktubla (pretenziya qaydasında) müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4660/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sığortalı İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Granduer” minik markalı, buraxılış ili 2022-ci il olan, 77AJ994 dövlət qeydiyyat nişanlı avtomobili cavabdehdə sığorta etdirməsi, həmin nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadsəsi nəticəsində zərər dəyməsi, dəymiş zərərlə bağlı iki qüsur aktının tərtib edilməsi, sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalıya 2905 manat məbləğində sığorta ödənişinin edilməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-62/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə istinad etməklə, məhkəmə istintaqı dövründə, həmçinin məhkəmə araşdırması zamanı iddiaçıya dəymiş zərərin məbləğinin 3885 manat olduğunu, cavabdeh tərəfindən iddiaçıya 3885 manat məbləğindən 2905 manatın ödənildiyini, yerdə qalan 980 manat məbləğində sığorta ödənişinin ona ödənilməsini tələb etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır. Belə ki, sığortalıya məxsus avtomobilə dəymiş zərərin məbləğinin məhkəmə hökmündə qeyd edilməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır. Çünki MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir, həmin iş üzrə dəymiş zərərin məbləği ilə bağlı preyudisial deyildir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icbari sığorta qanunvericiliyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edilir. İddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə bağlı ikinci qüsur aktı ilə razı olmadığını iddia etsə də, 02 aprel 2024-cü il tarixli məktubla sığortaçı tərəfindən ikinci qüsur aktı ilə müəyyən edilmiş ziyan məbləğinin ödənilməsinə razılığını ifadə etmiş və sığorta ödənişini almışdır. İddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından o, həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. İcbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqliyyat hadisəsi zamanı avtomaşınına 3885 manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin iddiaçı bu hüququndan istifadə etməmiş və ikinci qüsur aktı ilə müəyyən edilmiş ziyan məbləği ilə razılaşaraq sığorta ödənişini almışdır. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir.

13. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 925, 926, 927, İcbari Sığortalar haqqında Qanunun 10,16-cı maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4660/2024 saylı xx.xx.2024 tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4660/2024 saylı qətnaməsində göstərilmişdir: “Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, cavabdehə ilkin müraciət edilərkən məhkəmə istintaqı dövründə, həmçinin məhkəmə hökmündə dəymiş ziyan olaraq hesablanmış 3885 manatı ödənilməsi tələb etmişlər. İş materiallarında iki qüsur aktı vardır. İkisi də cavabdeh tərəfindən müəyyən edilmiş qiymətləndirici tərəfindən verilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən ikinci qüsur aktı üzrə ödəniş ediləcəyi bildirilmişdir. Hadisə baş verdiyi zaman iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə yaxınlaşmışdır. Onlar iddiaçını avtoservisə yönləndirmişdir. Sürücü avtoservisə yaxınlaşmış, qüsur aktı tərtib olunmuşdur. Həmin qüsur aktı hüquq mühafizə orqanlarına təqdim edilmişdir. İstintaq dövründə də iddiaçıya dəymiş zərər müəyyən olunmuşdur. Həmçinin məhkəmə hökmündə də həmin məbləğ müəyyən edilmişdir. Bundan sonra iddiaçının heç bir qüsur aktından məlumatı olmamışdır. Onlar məbləğin ödənilməsi barədə tərəfə müraciət etdikdə məlum olmuşdur ki, 2-ci qüsur aktı vardır. Hansıki sürücüyə təqdim edilmiş qüsur aktından əlavə bir dənə də qüsur aktı var. Bir qüsur aktı tərtib edilərək onların sürücüsünə, digər qüsur aktı isə sığorta şirkətinə göndərilmişdir. İddiaçıya məlumat üçün bildirmişlər ki, orada əmsallar fərqli olur. Belə ki, sürücü üçün bir əmsal olur, Sığora şirkəti üçün başqa əmsal olur. Dəymiş zərərlə bağlı cavabdeh bidirmişdir ki, iddiaçı vəsaiti onlara köçürsünlər, yerdə qalan məbləği isə məhkəmədə mübahisələndirərək alına bilər. İddiaçı həmçinin iş materiallarına “X5 Mərkəzi” MMC tərəfindən dəymiş zərərin məbləğinin 4040 manat müəyyən edildiyi rəyi də əlavə etmişdir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir.” X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Hyundai Granduer” minik markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci ümumilikdə 3885 manat məbləğində müəyyən edilmişdir. X2 (X11) tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Hyundai Granduer” minik markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci ümumilikdə 3105 manat məbləğində müəyyən edilmişdir. “X5 Mərkəzi” MMC tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli YDQMN099-029/2024 saylı rəydən görünür ki, “Hyundai Granduer” markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci 4040 manat məbləğində müəyyən edilmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4660/2024 saylı qətnaməsində göstərilmişdir: “Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icbari sığorta qanunvericiliyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edilir. İddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə bağlı ikinci qüsur aktı ilə razı olmadığını iddia etsə də, 02 aprel 2024-cü il tarixli məktubla sığortaçı tərəfindən ikinci qüsur aktı ilə müəyyən edilmiş ziyan məbləğinin ödənilməsinə razılığını ifadə etmiş və sığorta ödənişini almışdır. İddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından o, həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir”. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpa olunmasını ilə bağlı məhkəməyə müraciət edilmişdir. İş materiallarında olan Sığorta şirkətinə məbləğlə bağlı iki məktubun olması, xx.xx.2023-cü il tarixində sığorta şirkəti tərəfindən yönəldilən qiymətləndirici tərəfindən fərqli iki rəyin verilməsi (eyni şirkət), “X5 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyinin təqdim edilməsinə dair məhkəmə tərəfindən qətnamədə münasibət bildirilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 62/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə ilkin rəyə əsasən dəymiş zərər 3885 manat məbləğində göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının hüquqlarının pozulması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Nəticə olaraq, birinci instansiya məhkəməsi qətnaməsi ilə dəymiş zərərin ödənilməsi tələbinə dair mübahisəsinə düzgün qiymət verilməməsi nəticəsində İddiaçı MMC-nin hüquqları pozulmuşdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-4660/2024 saylı qətnaməsində göstərilmişdir: “İddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə bağlı ikinci qüsur aktı ilə razı olmadığını iddia etsə də, 02 aprel 2024-cü il tarixli məktubla sığortaçı tərəfindən ikinci qüsur aktı ilə müəyyən edilmiş ziyan məbləğinin ödənilməsinə razılığını ifadə etmiş və sığorta ödənişini almışdır.” Lakin birinci instansiya məhkəməsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba münasibət bildirilməmişdir. Həmin məktub iş materiallarına əlavə edilməsinə baxmayaraq, məhkəmə qətnaməsində göstərilməmişdir. X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Hyundai Granduer” minik markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci ümumilikdə 3885 manat məbləğində müəyyən edilmişdir. X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Hyundai Granduer” minik markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci ümumilikdə 3105 manat məbləğində müəyyən edilmişdir. Eyni gündə sığorta şirkəti tərəfindən yönəldilən qiymətləndirici tərəfindən fərqli iki rəyin olması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. Hesab edirik ki, həmin şəxslər məhkəməyə dəvət olunmalı və eyni gündə iki fərqli rəyin (eyni şirkət) verilməsinin səbəbi müəyyən edilməli idi.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir 925.4-cü maddəsinə əsasən sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3-cü maddəsinə əsasən sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4-cü maddəsinə əsasən müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə İddiaçı MMC tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4660/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, sığortalı İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Granduer” minik markalı, buraxılış ili 2022-ci il olan, 77AJ994 dövlət qeydiyyat nişanlı avtomobili cavabdehdə sığorta etdirməsi, həmin nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsi, dəymiş zərərlə bağlı iki qüsur aktının tərtib edilməsi, sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalıya 2905 manat məbləğində sığorta ödənişinin edilməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-62/2024 saylı xx.xx.2024- cü il tarixli hökmünə istinad etməklə, məhkəmə istintaqı dövründə, həmçinin məhkəmə araşdırması zamanı iddiaçıya dəymiş zərərin məbləğinin 3885 manat olduğunu, cavabdeh tərəfindən iddiaçıya 3885 manat məbləğindən 2905 manatın ödənildiyini, yerdə qalan 980 manat məbləğində sığorta ödənişinin ona ödənilməsini tələb etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır. Belə ki, sığortalıya məxsus avtomobilə dəymiş zərərin məbləğinin məhkəmə hökmündə qeyd edilməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır. Çünki MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir, həmin iş üzrə dəymiş zərərin məbləği ilə bağlı preyudisial deyildir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icbari sığorta qanunvericiliyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edilir. İddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə bağlı ikinci qüsur aktı ilə razı olmadığını iddia etsə də, 02 aprel 2024-cü il tarixli məktubla sığortaçı tərəfindən ikinci qüsur aktı ilə müəyyən edilmiş ziyan məbləğinin ödənilməsinə razılığını ifadə etmiş və sığorta ödənişini almışdır. İddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından o, həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. İcbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqliyyat hadisəsi zamanı avtomaşınına 3885 manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin iddiaçı bu hüququndan istifadə etməmiş və ikinci qüsur aktı ilə müəyyən edilmiş ziyan məbləği ilə razılaşaraq sığorta ödənişini almışdır.

22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun şikayətdə qeyd etdiyi hallar qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan iddiaçının cavabdehə ünvanlanmış 02 aprel 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, iddiaçı cavabdehdən nəqliyyat vasitəsinə görə dəymiş ziyana görə müəyyən edilən 3105 manat məbləğində pulun ödənilməsini xahiş edir. İddiaçı həmin məktubu cavabdehə təqdim edərkən dəymiş zərərin məbləği ilə razı olduğunu bəyan etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

23. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4660/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz, qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar