Məhkəmə qərarları › İş №2-2(103)-1231/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1231/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1231/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3331/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının hesabına yazılmış 4477,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.08.2021-ci il tarixli e-2-2(113)-3331/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən X2 hesabına yazılmış 4300 manat borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi, 30 manat dövlət rüsumunun 28,80 manat məbləğinin Cavabdehndən, qalan 1,2 manat məbləğinin isə X1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi. İddiaçı X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqısatqısı müqaviləsi bağlanmışdır. İddiaçıya məxsus Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Banuçiçək” restoranının qaz xətti üzərinə 12 yanvar 2017-ci il tarixində şəxsi vəsaiti hesabına alınaraq Dövlət yoxlamasından keçirilmiş və SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən yararlılıq rəyi verilmiş G-40 markalı, 05629 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin tarixdən obyektdə istifadə olunmuş təbii qazın hesabatı qeyd edilən qaz sayğacı vasitəsilə aparılmışdır. İddiaçı bildirir ki, 2020-ci ilin mart ayında sayğacın elektron hissəsinin 68439 metr kub göstəricidə ilişərək qaldığı və hərəkətsiz olduğunu görmüşdür. Dərhal bu barədə Şirvan Xidmət Sahəsinə məlumat vermişdir. Elə həmin gün sahənin mütəxəssisləri tərəfindən qaz sayğacına baxış keçirilərək elektron göstəricinin hərəkətsiz qaldığı, istifadə olunan qazın hesabatını sayğacın mexaniki hissəsinin qeydə aldığı müəyyən olunmuşdur. Mütəxəssislər tərəfindən iddiaçıya sayğacın sərfiyyatının mexaniki hissə ilə aparacaqlarını bildirmişlər. 2021-ci ilin fevral ayında Şirvan Xidmət Sahəsinə rəsmi olaraq müraciət etmiş, Sahə rəhbərliyi iddiaçıya qaz sayğacının təmirə göndərilməsi üçün dəfələrlə Regional İdarəyə müraciət edildiyi, lakin hələ də nəticəsi olmadığını bildirmişlər. 18 mart 2021-ci il tarixində Cavabdeh İB-nin və Şirvan Qaz İdarəsinin nümayəndələri gələrək qaz sayğacını qazxətti üzərində açmışlar. Onlar sayğaca yerində texniki baxış keçirdikdən sonra sayğacın daxilinin təmiz olduğu, sayğacın normal işlədiyi barədə ******* nömrəli akt tərtib edərək qaz sayğacını yenidən qaz xətti üzərinə quraşdırmışlar və aktın bir nüsxəsini iddiaçıya təqdim etmişlər. Lakin problem bununla da yekunlaşmamış, yenə də elektron göstərici işləməmişdir. 30 aprel 2021-ci il tarixində qaz sayğaclarının aylıq göstəriciləri çıxarılan zaman Şirvan Xidmət Sahəsinin işçiləri elektron göstəricinin öz-özünə bərpa olunduğu və 68439 metr kub göstəricidən birbaşa 114008 metr kub göstəriciyə keçdiyini bildirmişlər. İddiaçı onlara həmin vaxt sayğacın mexaniki göstəricisinin 57005 metr kub olduğunu, elektron hissədə aşkar edilmiş qaz həcminin ondan 2 dəfə çox yazıldığını və bu rəqəmlərin həqiqətə uyğun olmadığını bildirmişdir. Şirvan Xidmət Sahəsinin nümayəndələri iddiaçıya haqlı olduğunu bildirərək baş vermiş hadisəyə görə narahat olmamasını demişlər. Lakin, may ayının əvvəlində iddiaçıya təqdim olunan hesabatda obyektə əlavə olaraq 4447 manat 80 qəpik hesabat aparıldığı barədə iddiaçıya hesab faktura təqdim olunmuşdur. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 2020-ci ilin mart ayında sayğacın elektron göstəricisi 68439 metr kubda sönmüş, mexaniki göstərici 32311 metr kub təşkil etmişdir. Elektron göstərici söndüyü səbəbindən də obyektdə istifadə olunan qazın həcmi mexaniki göstərici əsasında hesablanmışdır. Mexaniki göstərici əsasında restorana 2020-ci ilin aprel ayında 1033 (sayğac göstəricisi 33344), may ayında 1471 (sayğac göstəricisi 34815), iyun ayında 1228 (sayğac göstəricisi 36043), iyul ayında 1337 (sayğac göstəricisi 37380), avqust ayında 1629 (sayğac göstəricisi 39009), sentyabr ayında 1613 (sayğac göstəricisi 40622), oktyabr ayında 1812 (sayğac göstəricisi 42434), noyabr ayında 2914 (sayğac göstəricisi 45348), dekabr ayında 2172 (sayğac göstəricisi 47520), 2021-ci ilin yanvar ayında 2440 (sayğac göstəricisi 49960), fevral ayında 2143 (sayğac göstəricisi 52103), mart ayının birinci yarısı 982 (sayğac göstəricisi 55532) metr kub hesabat aparılmış, ümumilikdə (mart ayının birinci yarısında aşkarlanan 982 kub qazı çıxmaq şərti ilə) 22239 metr kub qaz hesablanmışdır. 16.04.2021-ci il tarixdə qeyri-əhali obyektlərinin qaz sayğaclarının göstəriciləri qeydə alınan zaman iddiaçıya məxsus sayğacın elektron göstəricisinin bərpa olunduğu müəyyən olunmuşdur. 30.04.2021-ci il tarixdə qaz sayğacının elektron göstəricisi 114008 metr kub, mexaniki göstərici 57005 metr kub qeydə alınmış və AQİS bazasına işlənmişdir. Nəticədə elektron sərfiyyat əsasında 45569 metr kub hesabat aparılmış, obyektin hesabında 9126,4 manat məbləğində borc yaranmışdır. Elektron göstərici istifadə olunmuş qaz sərfini göstərmədiyi müddətdə sayğacın mexaniki hissəsi əsasında “Banuçiçək” restoranına hesablanmış 4447,80 manat məbləğində borc (22239 metr kub qaz həcmi) elektron hissənin qeydə aldığı göstəricidən çıxılmış, borc azalaraq 4678,60 manat (9126,4-4447,8=4678,60) təşkil etmişdir. İddiaçıya məxsus qeyriyaşayış sahəsinə qaz sayğacının elektron göstəricisinə əsasən borc hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Lakin hazırki işdə cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc məbləği düzgün hesablanmamışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya məxsus Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Banuçiçək” restoranında quraşdırılmış Elster G40 RVG EK-220 05629 nömrəli qaz sayğacının elektron lövhəsi 13.04.2020-ci il tarixdən sönmüş, bundan sonra sayğacın göstəricisi mexaniki hesabatla aparılmışdır. 2021-ci ilin fevral ayında cavabdehin Audit komissiyasının yoxlaması zamanı sayğacın elektron lövhəsinin işləməməsi barədə akt tərtib olunmuşdur. Cavabdehin əməkdaşları tərəfindən 16.04.2021ci il tarixdə sayğaca baxış zamanı elektron lövhənin işləməsi müəyyən olunmuş və üzərindəki göstərici elektron 112178 m3, mexaniki 55532 m3 olaraq AGİS bazasına işlənilmiş və nəticədə abonentin hesabına 43739 m3 (8747,8 manat) sərfiyyat hesablanmışdır. Sayğacın hesabatı mexaniki göstərici ilə getdiyi dövrdə 22239 m3 (4447,8 manat) qaz sərfi abonentin hesabına işlənmiş və həmin sərfiyyat abonentin hesabına hesablanmış 43739 m3 sərfiyyatdan çıxılmışdır. Göründüyü kimi sayğacın elektron göstəricisi söndüyündən cavabdeh tərəfindən sayğac dəyişdirilməmiş, onun mexaniki göstəricisi əsas götürülməklə sərfiyyat hesablanmışdır. Yoxlama zamanı isə elektron göstəricinin uzun müddət sonra işlədiyini müəyyən edən cavabdeh, onun əvvəl sönməsini, eləcə də nasaz olmasını nəzərə almayaraq, elektron göstəricini əsas götürməklə iddiaçıya əlavə sərfiyyat hesablamışdır. Halbuki, “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin tələblərinə əsasən qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə (hazırki işə münasibətdə qaz sayğacının dəyişdirilməməsi və ya təmir olunmaması) görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya əlavə sərfiyyat hesablanması qanunsuz olmuşdur. İşin hallarından da göründüyü kimi yoxlama zamanı iddiaçının hesabına 43739 m3 (8747,8 manat) sərfiyyat hesablanmış, sayğacın hesabatı mexaniki göstərici ilə getdiyi dövrdə 22239 m3 (4447,8 manat) qaz sərfi 43739 m3 sərfiyyatdan çıxılmaqla iddiaçıya əlavə 21500 m3 (4300 manat) sərfiyyat hesablanmışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 4300 manat məbləğində əlavə hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3331/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.08.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar