Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1234/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-5001/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 oktyabr 2023cü il tarixində bağlanmış, 69/23 nömrəli Müqavilə və xx.xx.2025-ci il tarixli, 01/25 nömrəli Üzləşmə Aktına uyğun olaraq əsas 7319.80 AZN və ona əlavə edilmiş 1317.56 AZN ƏDV ilə birgə 8637.36 AZN dəyərində malların dəyərinin və dövlət rüsumu qismində ödənilmiş 106.37 AZN olmaqla, ümumilikdə 8743.73 AZN dəyərində vəsaitin cavabdehdən tutularaq xeyrimizə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-5001/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdеh Cavabdeh MMC-dən 26 oktyabr 2023-cü il tarixli 69/23 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 8637,36 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 106,37 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
74.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 361.2-ci maddənin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Məhkəmənin mövqeyi
6. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən şikayətin geri qaytarılması əsaslarından biri şikayətin imzalanmaması və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmasıdır.
8. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş şikayətdən görünür ki, cavabdeh tərəfindən verilmiş şikayət prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır.
9. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini elektron qaydada baş mühasib X1 imzalamış, lakin şikayətə cavabdehin adından həmin şəxsin adına verilmiş etibarnamə əlavə edilməmişdir.
10. Qeyd edilən hala əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
11. Beləliklə məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-5001/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
12. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq,
QƏRARAALDİ:
Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-5001/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.