Məhkəmə qərarları › İş №2-2(103)-1235/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1235/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1235/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3582/2025 saylı qətnaməsindən ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “X1”nda göstərilən miqdarda gübrə və ya dərman vasitələrini alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edərək müqavilə dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən malın miqdarı, qablaşdırma növü, təhvil yeri və göndərilmə müddəti hazırki müqavilənin ayrılmaz hissəsi sayılan “X2”larında göstərilir. 2-ci bəndinə görə hər bir sifariş üzrə malların dəyəri və ödəniş qaydası razılaşma protokoluna əsasən müəyyən edilir və bu müqaviləyə uyğun olaraq (elektron-qaimə, hesab-faktura və s. ilə) rəsmiləşdirilir.

2. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 001 nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 168000 manat təşkil edir.

3. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 002 nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 00800 manat təşkil edir.

4. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 003 nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 168000 manat təşkil edir.

5. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 004 nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 50400 manat təşkil edir.

6. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 001 nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 10000 litr həcmdə alıcı tərəfindən təhvil alınmışdır.

7. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 002 nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 6000 litr həcmdə alıcı tərəfindən təhvil alınmışdır.

8. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 003 nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 10000 litr həcmdə alıcı tərəfindən təhvil alınmışdır.

9. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 004 nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 3000 litr həcmdə alıcı tərəfindən təhvil alınmışdır.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, MT2408 10036174 nömrəli 100819,20 manat məbləğində elektron qaimə göndərilmişdir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, MT2408 10034475 nömrəli 168032 manat məbləğində elektron qaimə göndərilmişdir.

12. Cavabdeh MMC tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş məktuba əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə hər hansısa bir sifariş daxil olmadığından (2024-cü ilin iyul-avqust ayları daxil olmaqla) "xxxx" MMC tərəfindən həmin şirkətə yükdaşıma fəaliyyəti həyata keçirilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

13. İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı “pulun tutulması” tələbinə dair xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 iyul 2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan 268.851,2 manat (ƏDV daxil) pul məbləği və 558,85 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 18 iyul 2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddaçı İddiaçı MMC satıcı qismində “X1”nda göstərilən miqdarda gübrə və ya dərman vasitələrini alıcı qismində Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, cavabdeh isə müqavilənin dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqaviləyə uyğun olaraq, mallar müvafiq tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və X4 qeyd edilmiş ünvanda alıcıya təhvil verilməlidir. Tərəflər arasında X5 qismində 18 iyul 2024-cü il tarixli müqaviləyə 4 ədəd əlavə imzalanmışdır. Əlavələr üzrə ümumilikdə 487.2manat məbləğində Malın alıcıya təhvil verilməsi razılaşdırılımışdır. Əlavələrdə malın təhvil verilmə məntəqələri kimimüxtəlif ərazilər qeyd edilmişdir. İddiaçı və cavabdeh şirkətlər tərəfindən imzalanaraq möhürlənmiş 4 ədəd təhvil-təslim aktına əsasən, iddiaçı (satıcı) İddiaçı MMC tərəfindən cavabdeh (alıcı) Cavabdeh MMC-yə ümumilikdə 29000 litr müqavilədə nəzərdə tutulmuş Mal qismində “Saxalinski” kalium humatı təhvil verilmişdir. İddiaçı və cavabdeh arasında təsdiqlənmiş 18 iyul 2024- cü il tarixli müqaviləyə 4 ədəd əlavədə Malın (“Saxalinski” kalium humat) 1 litri üçün 16,80 manat satış qiymətimüəyyən olunmuşdur. Bu hesabla, İddiaçı (satıcı) İddiaçı MMC tərəfindən cavabdeh (alıcı) Cavabdeh MMC-yə 487.200 manat (dörd yüz səksən yeddi min iki yüz) məbləğində malsatılmışdır. Lakin cavabdeh şirkət tərəfindən həmin mallar üzrə ona təqdim olunmuş xx.xx.2024-cü il tarixli 10036174 nömrəli və xx.xx.2024cü il tarixli 10034475 nömrəli elektron qaimələr üzrə ümumilikdə 268.851,2 manat (ƏDV daxil) pulməbləğini ödəməmişdir. Bununla bağlı cavabdehə pretenziya məktubu təqdim olunmuşdur. Cavabdeh tərəfindən pretenziya məktubuna münasibət bildirilməmişdir. Hazırda hesab edirlər ki, ümumilikdə 268.851,2 manat (ƏDV daxil) pul məbləği və 558,85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, 18 iyul 2024-cü il tarixli müqavilə, həmin müqavilənin xx.xx.2024-cü il tarixli 1,2,3,4 nömrəli Əlavələri və onların əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1,2,3,4 nömrəli malların təhvil təslim aktlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 18 iyul 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC-dən 268.851,2 manat ƏDV daxil pul məbləği və 558,85 manat dövlət rüsumunun tutulması barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. 18 iyul 2024-cü il tarixli müqavilənin və onun əlavələrinin mətnindən göründüyü kimi İddiaçı MMC Cavabdeh MMC-yə ümumilikdə 487,200 manat dəyərində malı satmalı və Cavabdeh MMC-də həmin malların dəyərini ödəməlidir. Ödəniş olunduğu tarixdən 3-5 iş günü ərzində mallar İddiaçı MMC Cavabdeh MMC-yə müvafiq olaraq, Bərdə, İsmayıllı, Tərtər, Bakı ərazisində təhvil verməlidir. 18 iyul 2024-cü il tarixli müqavilə, həmin müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr”inin və onların əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1,2,3,4 nömrəli “malların təhvil təslim aktı”ları etibarsızdır, yəni ki yalan əqddir. İşin faktiki halları: Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bugünədək heç bir işgüzar münasibətlər olmamış, yəni etibarlı və inama əsaslanan hər hansı müqavilə aralarında imzalanmamışdır. Hazırkı müqavilənin bağlanılmasına səbəb İddiaçı MMC ilə işgüzar əlaqəsi olan Rza Seyidov adlı şəxsin Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə təklifi olmuşdur. Rza Seyidovun təklifi ondan ibarət olmuşdur ki, onun özünün hüquqi şəxsi olmadığından İddiaçı MMC-dən malları rəsmi olaraq ala bilmədiyini bildirmiş və həmin malların alıcısı qismində Cavabdeh MMC-ni göstərərək onun bank hesabına pul vəsaiti qoyub köçürmə edərək malların alınmasının mümkün olduğunu və bunun müqabilində Qanuni nümayəndə əldə edəcəyi qazancdan gəlir verəcəyini bildirmişdir. Rza Seyidov İddiaçı MMC-nin bu cür müqavilə (faktiki olaraq malların alıcısının Rza Seyidovun olduğunu) münasibətindən xəbərdar olduğunu yalnız alıcı qismində hər hansı hüquqi şəxs olmasının kifayət olduğunu bildirmişdir. Bu minvalla Rza Seyidov şablon müqaviləni və onun əlavələrini habelə təhvil təslim aktlarını Qanuni nümayəndə göndərmiş və imzalamasını söyləmişdir. Bir müddət sonra İddiaçı MMCdən Qanuni nümayəndələ əlaqə saxlanılmış və Rza Seyidovun malları götürüb və ödənişlərini etmədiyi bildirilmiş, lakin müqavilə üzrə cavabdehlik hüquqi şəxsin üzərində olması bildirilmiş və ödəniş tələb edilmişdir. Qanuni nümayəndə öz növbəsində bildirmişdir ki, sözügedən malları görməmiş və təhvil almamışdır, Rza Seyidovla əlaqə keçmək istəsə də, ölkə xaricində olduğu barədə məlumat almışdır. AR Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. 18 iyul 2024-cü il tarixli müqavilənin, həmin müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr”inin və onların əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1,2,3,4 nömrəli “malların təhvil təslim aktları”nın yalan əqd olmasına və Cavabdeh MMC ilə faktiki müqavilə münasibətlərinə daxil olunmadığını sübut edən aşağıdakılara diqqət edilməlidir. 1. 18 iyul 2024-cü il tarixli müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr”ində qeyd edilmişdir ki, “Təslim müddəti: ödəniş olduğu tarixdən 3-5 iş günü ərzində” 18 iyul 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə heç bir ödəniş edilməmişdir. Necə ola bilər ki, heç bir ödəniş edilmədən 487.200 manat dəyərində mal Cavabdeh MMC-yə təhvil verilmişdir. 2. 18 iyul 2024-cü il tarixli müqavilənin, həmin müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr” üzrə elektron qaimə fakturalar xx.xx.2024-cü il tarixdə göndərilmiş, yəni müqavilənin bağlanılmasından 24 gün sonra edilmişdir. 3. 18 iyul 2024-cü il tarixli müqavilənin 1,2,3,4 nömrəli “malların təhvil təslim aktları”nın 18 iyul 2024- cü il tarixdə imzalandığı aydındır. İddia ərizəsinə əsasən malların 18 iyul 2024-cü il tarixində təhvil verildiyini qeyd edilmişdir. Əgər elədirsə, iddiaçın nümayəndəsi və vəkili 19 may 2025-ci il tarixdə “166-yükdaşıma və logistika” şirkətinə vəkil sorğusu vermiş və Cavabdeh MMC adına 2024-cü il İYUL- AVQUST ayları ərzində sifarişlər barədə məlumat əldə etmək istəmişdir. Göründüyü kimi iddiaçı tərəfdə 18 iyul 2024-cü il tarixli müqavilənin 1,2,3,4 nömrəli “malların təhvil təslim aktları”nın formal bağlanıldığını özü də bilmədən bilavasitə etiraf etmişdir. Bundan əlavə müqavilənin 5.1-ci maddəsinə əsasən malları çatdırmaq Satıcının öhdəliyi olaraq göstərilmişdir. Malların Cavabdeh MMC tərəfindən faktiki olaraq götürlmədiyini iddiaçı tərəfdə bilir, lakin formal olaraq bağlanılmış müqavilə Cavabdeh MMC ilə olduğundan məhkəməyə Rza Seyidovu verə bilməmişdir. 18 iyul 2024-cü il tarixli müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr”nə əsasən ümumilikdə 487.200 manat məbləğində mallar satılmışdır. Lakin məhkəmədə mübahisələndirilən 268.851,2 manat ƏDV daxil olmuşdur. Cavabdeh MMC tərəfindən heç bir ödəniş olunmadığı halda, 218,348,8 manat olan pul vəsaiti Cavabdeh MMC-dən tələb edilmir. 218,348,8 manat olan pul vəsaitini ehtimal ki, birbaşa nağd qayda da Rza Seyidov iddiaçıya ödəmişdir. Bu səbəbdən Cavabdeh MMCdən həmin məbləğ tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsini Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, buMəcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.” Odur ki, işin hallarından da göründüyü kimi AR Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3582/2025 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası təmin edilmişdir. Cavabdeh MMC-dən 268851,2 manat məbləğində pul, 558,85 manat dövlət rüsumu, ümumilikdə 269410,05 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İlk iddia ərizəsi verilərkən artıq ödənilmiş 131 manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılması qət edilmişdir. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Qarşılıqlı iddiası ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunub-olunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən “... məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır”. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da vurğulamışdır ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”. Məhkəmə qeyd edib ki, qarşılıqlı iddiaçı etibarsızlığını tələb etdiyi müqavilənin, habelə həmin müqavilənin əlavələrinin etibarsızlığından qanuni təmsilçisinin məhkəmə iclasında bildirdiyi kimi 2024-cü ilin 11 iyulundan məlumatlı olmasına baxmayaraq hazırkı iddia tələbi ilə yalnız 2025-ci ilin 28 avqust ayında məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırır. Bundan əlavə, qarşıqlıqlı iddiaçı tərəf qeyd edilən müqavilənin və əlavələrinin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Məhkəmə qeyd edib ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edib ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alıb ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə həmçinin vurğulayıb ki, qarşılıqlı iddiaçı müqavilənin ilk iddiaçı ilə işgüzar münasibətləri olan Rza Seyidovun təklifi ilə imzalandığını, malların ona deyil, Rza Seyidova təhvil verildiyini, müqavilənin formal olaraq qarşılıqlı iddiaçının adına rəsmiləşdirildiyini bildirsə də, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə ilk iddiaçının göstərilən haldan məlumatlı olmaqla malları məhz Rza Seyidova adlı şəxsə satmasını (alıcının qarşılıqlı iddiaçı deyil, özünün bildirdiyi kimi Rza Seyidov olması) təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, qarşılıqlı iddiaçı keçən bu müddət ərzində hazırkı müqaviləni ümumiyyətlə mübahisələndirməmiş, bu barədə ilk iddiaçıya hər hansı məlumat verməmiş, hazırkı müqavilə ilə bağlı ilk iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə etiraz etməmiş, onların ləğv edilməsini tələb etməmişdir. Cavabdehin qanuni təmsilçisi ona hər hansı mal təhvil verilmədiyi, habelə borcun gələcəkdə qarşılıqlı iddiaçıdan tələb ediləcəyini, MMC-nin vergi öhdəliklərinin yarana biləcəyini bildiyi halda, hansı səbəbdən küllli miqdarda (yəni 487200 manat dəyərində) malları təhvil alması barədə 4 ədəd təhvil aktını imza edib MMC-nin möhürü ilə təsdiq etməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra edərək ümumi dəyəri 487200 manat dəyərində malları cavabdehə təhvil vermişdir. Müqavilə üzrə təhvil verilmiş malların bir qisminin (yəni 218348,80 manat dəyərində) iddiaçıya geri qaytarılması barədə materiallarda hər hansı yazılı sübut olmasa da, belə bir halın baş verdiyini hər iki tərəfin nümayəndələri məhkəmə iclasında təsdiq etmişlər. İddiaçı hazırda qalıq 268851,20 manat pulun geri qaytarılmasını tələb etməklə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, ilk iddia təmin edilməli, cavabdehdən 268851,2 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə hesab edib ki, ilk iddia təmin edildiyindən 558,85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməli, ilk iddiaçı tərəfindən artıq ödənilmiş 131 manat dövlət rüsumu ona geri qaytarılmalıdır.

19. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 354.2, 567, 598.1, 598.2, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə istinad etmişdir.

20. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3582/2025 saylı əlavə qərardadı ilə təhvil-təslim aktlarının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi hissəsində iş üzrə icraata xitam verilmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 18 iyul 2024-cü il tarixli müqavilənin, həmin müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr”inin və onların əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1,2,3,4 nömrəli “malların təhvil təslim aktları”nın yalan əqd olmasına və Cavabdeh MMC ilə faktiki müqavilə münasibətlərinə daxil olunmadığını sübut edən aşağıdakı sübutlara məhkəmə düzgün qiymət verməmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, “qarşılıqlı iddiaçı müqavilənin ilk iddiaçı ilə işgüzar münasibətləri olan Rza Seyidovun təklifi ilə imzalandığını, malların ona deyil, Rza Seyidova təhvil verildiyini, müqavilənin formal olaraq qarşılıqlı iddiaçının adına rəsmiləşdirildiyini bildirsə də, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə ilk iddiaçının göstərilən haldan məlumatlı olmaqla malları məhz Rza Seyidova adlışəxsə satmasını (alıcının qarşılıqlı iddiaçı deyil, özünün bildirdiyi kimi Rza Seyidov olması) təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iclasında tərəflərindən Rza Seyidovla danışıqları təsdiq edən whatsapp səs yazıları və mesajlar əlavə edilmiş CD disk məhkəməyə təqdim edilsə də, əsassız olaraq CD disk sübut kimi qəbul edilməmiş və sübutlar siyahısına əlavə edilməmişdir. Həmin hal xx.xx.2025-ci il tarixdəki məhkəmənin iclasında baş vermişdir. (məhkəmənin real vaxt rejimində video yazısı aparılır) Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəmənin diqqətinə çatdırılmışdır ki, “166-yükdaşıma və logistika” şirkəti tərəfindən verilmiş məktubdan göründüyü kimi Cavabdeh MMC-yə heç bir xidmət göstərilməmişdir. İddiaçı tərəf də etiraf etmişdir ki, həmin daşıma şirkəti tərəfindən mallar təhvil alınıb, cavabdehə təhvil verilmişdir. Bu halda iddiaçı tərəfin nümayəndəsi və vəkilinin diqqətinə çatdırılmışdır ki, əgər dedikləri kimidirsə, o zaman malları daşıma şirkəti malları satıcıdan təhvil alan zaman və alıcıya təhvil verən zaman hər iki tərəfə yük qaiməsi adlanan sənəd təqdim edir, xahiş edir, həmin sənədi məhkəməyə təqdim edin. Bu dəlillər qarşısında iddiaçı tərəf cavab verə bilməmişdir. Lakin məhkəmə bu halları hüquqi qiymət verməmişdir. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.” Odur ki, işin hallarından da göründüyü kimi AR Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddia edir ki, müqavilənin bağlanılmasına səbəb İddiaçı MMC ilə işgüzar əlaqəsi olan Rza Seyidov adlı şəxs olmuşdur və onun qanunsuz hərəkətləri nəticəsində cavabdehin iddiaçı şirkətə borcu yaranmışdır. Bildirirlər ki, məhkəmənin araşdırdığı və istinad etdiyi sənədlərdən aydın olduğu kimi iddiaçı və cavabdeh arasında hər iki tərəfin təsdiq etdiyi müqavilə və təhvil-təslim aktları, qiymət razılaşdırma protokolları mövcuddur. Cavabdeh şirkət nəzərə almalıdır ki, onun adından onun möhürü ilə təsdiqlənmiş rəsmi sənədlər üzrə birbaşa məsuliyyət daşıyır. Buna görə də aparılan rəsmi yazışmalarda şirkətin daşıdığı məsuliyyət onun öz öhdəliyindədir və bu onu bağladığı müqavilələr üzrə bəhanələr gətirməklə məsuliyyətdən xilas etmir. Cavabdeh MMC malların onlara təqdim edilmədiyini iddia edir. 18 iyul 2024-cü il tarixli müqavilənin 1,2,3,4 nömrəli “malların təhvil təslim aktları”nın həqiqiliyini və mötəbərliyi haqqında bildirirlər ki, həmin təhvil-təslim aktlarının hər iki tərəfdən təsdiq olunmasından əlavə olaraq, cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə da məhkəməyə verdiyi izahatında malların həqiqətən iddiaçı tərəfindən təqdim olunduğunu etiraf etmişdir. Cavabdeh MMC niyə məhz müqavilə üzrə ümumi məbləği deyil, yalnız 268.851,2 manat ƏDV daxil məbləğ tələb edildiyini mübahisələndirir. Qarşı tərəfin nəzərinə çatdırmaq istəyirlər ki, rəsmi bağlanmış alqı-satqı müqavilələrə əsasən tərtib edilmiş elektron qaimələr üzrə bütün ödənişlər bank köçürmələri vasitəsi ilə edilməli və heç bir halda nəğd şəkildə edilməməlidir. O ki, qaldı iddianın məbləğinə dövlət vergi portalının çıxarışlarından göründüyü kimi, “Nobel az” şirkəti elektron qaimələrini təsdiq etdiyindən sonra sistem üzərindən göndərdikləri etiraz və xəbərdarlıq məktubuna baxmayaraq dəfələrlə bu qaimələrin ləğvinə dair müraciətlər etmiş və bu müraciətlərə rədd cavabı almışdır. İddiaçı şirkətin fəaliyyəti kənd təsərrüfatı olduğuna görə və mövsümün ən qızğın dövründə rayonlarda səfərlərin çox olduğu dönəmdə bu müraciətlərin bəzilərini nəzərindən qaçırmış olduğundan sistem tərəfindən avtomatik təsdiq olunub. İddiaçı şirkət məhz qaimələrdən ikisini səhvən ləğv etdiyi üçün etibarlı qaimələr üzrə borcu mübahisələndirmişdir. Cavabdeh MMC bildirir ki, məhkəmə xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, qarşılıqlı iddiaçı müqavilənin ilk iddiaçı ilə işgüzar münasibətləri olan Rza Seyidovun təklifi ilə imzalandığını, malların ona deyil, Rza Seyidova təhvil verildiyini, müqavilənin formal olaraq qarşılıqlı iddiaçının adına rəsmiləşdirildiyini bildirsə də, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə ilk iddiaçının göstərilən haldan məlumat olmaqla malları məhz Rza Seyidov adlı şəxsə satmasını (alıcının qarşılıqlı iddiaçı deyil, özünün bildirdiyi kimi Rza Seyidov olması) təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin də qətnaməsində qeyd etdiyi kimi, qarşılıqlı iddiaçı etibarsızlığını tələb etdiyi müqavilənin, habelə həmin müqavilənin əlavələrinin etibarsızlığından qanun, təmsilçisinin məhkəmə iclasında bildirdiyi kimi, 2024-cü ilin 11 iyulundan məlumatlı olmasına baxmayaraq hazırkı iddia tələbi ilə yalnız 2025-ci ilin 28 avqust ayında məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığın müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətb, i olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir. Belə ki, Mülkv Məcəllən,n 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində ,irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırır. Bundan əlavə, qarşıqlıqlı iddiaçı tərəf qeyd edilən müqavilənin və əlavələrinin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Cavabdeh tərəfin ümumiyyətlə qeyd etdiyi hallar əgər hər hansı şəxsin cinayət əməli nəticəsində baş veribsə, bu hal barədə aidiyyət, üzrə istintaq orqanına müraciət edilməli, cinayət işinin araşdırılması üçün cəhd göstərilməli idi. Lakin bu günədək cavabdeh tərəfindən bu barədə heç bir addım atılmaması da onu sübut edir ki, bütün bunlar qətnamə üzrə yaranan məsuliyyətdən yaxa qurtarmaq cəhdləridir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

24. İlkin cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, şikayətin təmin edilərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.

25. Qarşılıqlı cavabdeh, ilkin iddia üzrə iddiaçının vəkili isə izahatında apellyasiya şikayətinə etiraza uyğun izahat vermiş, şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

26. Mülki Məcəllənin: -340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. -339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. -339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Mülki Prosessual Məcəllənin 372.6cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia tələbi təmin, qarşılıqlı iddia isə rədd edildiyindən və ilkin cavabdeh, qarşılıqlı iddiaçı apellyasiya şikayətində qətnaməni tam şəkildə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı Aqrobiocore” MMC ilə ilkin Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda ilkin iddiaçı ilkin cavabdehə həmin müqavilə üzrə mallar təqdim edildiyini, lakin cavabdehin həmin mallara görə ƏDV daxil 268.851,2 manat məbləğində borcu ödəmədiyini əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir. İlkin cavabdeh, qarşılıqlı iddiaçı isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilənin yalan əqd olduğunu, təhviltəslim aktlarının formal imzalandığını, əslində müqavilə üzrə alıcının Rza Seyidov adında şəxs olduğunu, malları həmin şəxsin təhvil aldığını və malların dəyərinin bir hissəsini də elə Rza Seyidovun ödədiyini əsas göstərərək müqavilənin etibarsız hesab edilməsini və ilkin iddianın rədd edilməsini tələb edir.

33. Kollegiya ilk növbədə müqavilənin və müqaviləyə əlavələrin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı iddiasını mübahisəli müqavilənin və əlavələrin qarşılıqlı cavabdehlə Rza Seyidov adında şəxs arasında bağlanmış alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanmış yalan əqdlər olması, eləcə də həmin əqdlər bağlanarkən Rza Seyidov tərəfindən aldadılması ilə əsaslandırmışdır.

34. Mübahisəli müqavilənin və ona əlavələrin yalan əqd olması barədə dəlillərə münasibətdə kollegiya xatırladır ki, yalan əqdin subyektiv tərəfi qəsd formasında təqsirlə ifadə olunur. Bu zaman yalan əqdin bağlanması üçün tərəflərdən birinin iradəsinin olması kifayət etmir. Tərəflərin ümumi niyyətləri (pərdələnən əqdi gizlətmək) olmalı, eləcə də pərdələnən əqdin tərəfləri həmin əqdin mühüm şərtləri barədə razılığa gəlməlidirlər. Beləliklə, əqdin yalan əqd kimi qiymətləndirilməsi üçün əqdin hər iki tərəfinin qəsdi mövcud olmalıdır.

35. Odur ki, hazırkı halda qarşılıqlı iddiaçı ilə Rza Seyidov arasında mübahisəli müqavilə üzrə malların əslində Rza Seyidov tərəfindən alınması barədə razılaşmanın olmasını ehtimal etsək belə göstərilən hal mübahisəli müqavilənin yalan əqd olması barədə nəticəyə gəlmək üçün yetərli deyildir. Belə ki, iş materiallarına qarşılıqlı cavabdehin alqı-satqı müqaviləsini bağlayarkən həmin müqavilənin qarşılıqlı iddiaçı ilə deyil, Rza Seyidovla bağlanması barədə məlumatlı olması, yəni qarşılıqlı cavabdehin niyyətinin də Rza Seyidovla ilə aralarında bağlanmış əqdi pərdələməyə yönəlməsini təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir.

36. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi yalan əqd məqsədli olaraq bağlanır. Bir qayda olaraq yalan əqdin bağlanmasında məqsəd qanunun hansısa qadağasından yan keçməkdən və ya hansısa digər səbəbdən üçüncü şəxslərdə əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarət olur. Hazırkı halda isə qarşılıqlı iddiaçı yalan əqdin bağlanmasına hansı zərurətin mövcud olmasını, “pərdələnən əqd”in bağlanmasının hər hansı bir səbəbdən mümkün olmamasını və ya “pərdələnən əqd”in həmin əqdin tərəfləri üçün hər hansı mənfi nəticələrə səbəb olacağını, üçüncü şəxslərdə həmin əqd barədə yanlış təsəvvür yaradılması zərurətinin mövcud olmasını və s. də sübuta yetirə bilməmişdir.

37. Əqdi bağlayarkən Rza Seyidov tərəfindən aldadılması barədə qarşılıqlı iddiaçının arqumentlərinə münaisbətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər.

38. Hazırkı halda iş materiallarına əsasən əqd bağlanarkən qarşılıqlı iddiaçının Rza Seyidov tərəfindən aldadılması, eləcə də həmin aldatmadan qarşılıqlı cavabdehin məlumatının olması müəyyən edilmir.

39. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qarşılıqlı iddiaçı keçən müddət ərzində hazırkı müqaviləni ümumiyyətlə mübahisələndirməmiş, bu barədə ilk iddiaçıya hər hansı məlumat verməmiş, hazırkı müqavilə ilə bağlı ilk iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə etiraz etməmiş, onların ləğv edilməsini tələb etməmişdir. Cavabdehin qanuni təmsilçisi ona hər hansı mal təhvil verilmədiyi, habelə borcun gələcəkdə qarşılıqlı iddiaçıdan tələb ediləcəyini, MMC-nin vergi öhdəliklərinin yarana biləcəyini bildiyi halda, hansı səbəbdən küllli miqdarda (yəni 487200 manat dəyərində) malları təhvil alması barədə 4 ədəd təhvil aktını imza edib MMC-nin möhürü ilə təsdiq etməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, müqavilənin və əlavələrin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

41. İlkin iddiaya gəldikdə iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

42. Həmin tələblə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktlarına əsasən ilkin iddiaçı tərəfindən ilkin cavabdehə 487.200 manat məbləğində mal təhvil verilmişdir. Hər iki tərəf məhkəmədə verdiyi izahatlarda 218.348,80 manat dəyərində malların ilkin iddiaçıya geri qaytarılmasını təsdiq etmişdir.

43. Belə olan halda ilkin iddiaçı təqdim edilmiş mallara görə 268.851,20 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Qətnamə iddia tələbi hissəsində dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İlk cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3582/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum ilk cavabdeh, qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar