Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1239/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli, e-2-2(113)-4065/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 1229 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (MMMC) Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 8B,476-479-cu məhəllə m 87 saylı yaşayış binasının idarəedicisidir. İddiaçının balansında yaşayış binasının liftləri və su nasosxanası mövcuddur.16.06.2021-ci il tarixində cavabdeh “Azərişıq" ASC-nin Yasamal Rayon Enerji Satışı İdarəsinin (RETSİ) nümayəndələri həmin binanın sayğacına baxış keçirmişlər və guya çıxarılmış sayğacın dövlət möhürünün olmaması, alt menyusunda olan sayğac nömrəsinin üst qapaq nömrəsi ilə uyğun gəlməməsi müəyyən etmişlər. Cavabdehin əməkdaşları bu barədə əsassız NDQ 009737 saylı və 219281 saylı 17.06.2021-ci il tarixli Aktlar və 219259 saylı 18.06.2021-ci il tarixli Protokol tərtib etmişlər. Əsassız tərtib edilmiş və iddiaçının nümayəndələrinin imzası olan sənədlər nəticəsində cavabdehin əməkdaşları yenidən hesablaşma apararaq iddiaçıya 26.06.2021-ci il tarixinə 1546,43 manat məbləğində borc hesablamış və bu barədə xəbərdarlıq göndərmişlər. Xəbərdarlıqda hesablanan borc məbləğinin 318,15 manat binanın enerji sərfiyyatı xərcidir. Xəbərdarlıqda borc 3 gün ərzində ödənilməzsə yaşayış binasına verilən enerjinin kəsilməsi barədə xəbərdarlıq edilmişdir. Halbuki, iddiaçının cavabdehə hər hansı borcu yoxdur, sonuncu dəfə cavabdeh tərəfindən hesablanmış 26.06.2021-ci il tarixli 318,15 AZN məbləğdə borc, iddiaçı tərəfindən 28.06.2021-ci il tarixində tam olaraq ödənilmişdir (ödəniş qəbzləri əlavə olunur). Cavabdehin nümayəndələrinin bildirdiyinə görə Xəbərdarlıqla iddiaçıya tətbiq edilmiş 1229 AZN manat cərimə məbləğidir. Qeyd olunan yaşayış binasının idarəedilməsi 2019-cu ildə "xxxx" MTK tərəfindən İddiaçı MMMC-yə təhvil verilmiş, 2019-cu ildə təhviltəslim zamanı cavabdehin nümayəndələri yaşayış binasının, o cümlədən binanın sayğacına baxış keçirmişlər və heç bir qüsur olmadığı üçün həmin sayğacları "xxxx" MTK nın adından İddiaçı MMMC-nin adına keçirmişlər. Bundan başqa, cavabdehin ərazi nümayəndələri 2019-cu ildən sonrakı zamanlarda vaxtaşırı dəyişdiyi üçün yaşayış binasının, o cümlədən binanın sayğacına baxış keçirilərək, onlar əvvəlki ərazi nümayəndəsindən yeni ərazi nümayəndəsinə təhvil-təslim aktları əsasında təhvil verilmişdir. Bu cür təhvil-təslimlər zamanı iddiaçıya məxsus sayğacda hər hansı qüsur aşkarlanmamışdır. işin faktiki halları və əlavə olunan sənədlərlə aşağıdakılar müəyyən olunur: iddiaçı vaxtı-vaxtında cavabdehə olan enerji borcunu ödəmiş və onun cavabdehə hər hansı borcu olmamışdır; cavabdeh 2019-cu ildə binanın idarəediciləri dəyişən vaxtlarda iddiaçıya məxsus sayğaclara baxış keçirmiş, onları yoxlamış, sayğaclarda hər hansı qüsur olmadığı üçün həmin sayğacları binanın idarəçilərinin adlarından təhvil-təslim etmiş və addan-ada keçirmişdir;2019-2021-ci illərdə cavabdehin ərazi nümayəndələrinin dəyişdiyi vaxtlarda cavabdehin ərazi nümayəndələri iddiaçıya məxsus sayğaclara baxış keçirmişlər, onları yoxlamışlar, sayğaclarda hər hansı qüsur olmadığı üçün həmin sayğacları ərazi nümayəndələrinin adlarından təhvil-təslim etmiş və keçmiş ərazi nümayəndəsinin adından yeni ərazi nümayəndəsinin adına keçirmişlər; Bu səbəbdən də, hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş aktlar və protokol əsassız və qanunsuzdur və iddiaçıya hesablanmış əsassız borc (cərimə) silinməlidir. Binanın liftləri yay aylarında daha çox istismar edilir və binanın sərnişin liftinin birində texniki nasazlıq olduğu üçün fəaliyyəti uzun müddətdir ki, dayandırılıb. İddiaçı tərəfindən sayğaca müdaxilə etmək zərurəti yaransaydı, iddiaçı ilin 5 ayı daha çox fəaliyyət göstərən dövrdə və eyni zamanda liftləri hər ikisinin fəaliyyət göstərdiyi vaxtda binanın sayğacına müdaxilə edərdi, hal-hazırda işləməyən sərnişin liftinə görə sərfiyyatın aşağı düşdüyü dövrdə deyil. Çünki, qüsurun (sayğacın açılması, daxili sxemə müdaxilə edilməsi v.s.) iddiaçının faydalanmaq niyyəti ilə baş verməsini ehtiva edir, liftin işləmədiyi dövrdə isə hər hansı fayda istisna olunur. Beləliklə, cavabdehin tərtib etdiyi aktları və protokolları əsassız olmaqla, həmçinin məntiqsizdir. Cavabdehin tərtib etdiyi sənədlər və borc (cərimə) əsassız olmaqla yanaşı həmçinin də qanunsuzdur. Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli, e-2-2(113)-4065/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" ASC tərəfindən 04/12-87 saylı abunə kodu üzrə 17.06.2021 tarixli 009737 saylı akta əsasən İddiaçınə hesablanmış 1065,54 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına görə, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 17.06.2021-ci il tarixli NDQ seriyalı 009737 saylı akta əsasən iddiaçının idarə etdiyi yaşayış binasında elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, MTK-nın daxilində quraşdırılmış elektrik sayğacının dövlət və alt qapaq möhürlərində möhürün alt yuva və iç hissələrində zədə və cızıq izləri vardır, həmçinin sayğacın üzərində olan 3534 kvts enerji sərfiyyatı məlumat bazasına daxil edilməmişdir. Yoxlama mühafizəçi Nadir Teymurovun iştirakı ilə keçirilmiş və o, aktda göstərilənləri öz imzası ilə təsdiq etmişdir. Aktda qoyulan tələbə əsasən sayğac 17.06.2021-ci il tarixli 219281 saylı aktla abonentin nümayəndəsi Nadir Teymurovun iştirakı ilə yeni sayğacla əvəz olunaraq laborator müayinəyə göndərilmişdir. 18.06.2021-ci il tarixli 219259 saylı laborator müayinə protokoluna əsasən sayğacın daxili sxeminin dəyişdirilməsi, sayğaca müdaxilə olunması və dövlət möhürünün pozulması barədə rəy verilmişdir. Akt komissiyasının 25.06.2021-ci il tarixli icra vərəqinə əsasən, itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmək üçün 282 gün müddətinə 11839 kvts əlavə sərfiyyat (1.065,54 manat əlavə ödəniş) hesablanmışdır. Akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-nin 8.17ci bəndinin tələbinə əsaslanmışdır. Həmin bəndə əsasən, istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Aktda göstərilən hallar - elektrik sayğacının dövlət və alt qapaq möhürlərində möhürün alt yuva və iç hissələrində zədə və cızıq izləri, sayğacın daxili sxeminin dəyişdirilməsi, sayğaca müdaxilə olunması və dövlət möhürünün pozulması EEİQ-nin 8.17-ci bəndində nəzərdə tutulan hesablaşma uçot cihazlarının zədələnməsi və uçot cihazlarının qoşulma sxemlərinın pozulması halını ifadə etmişdir. Belə olan halda, məhkəmə mübahisəyə EEİQnin 8.17-ci bəndini tətbiq edib iddianı rədd etməli olduğu halda, əsassız olaraq tətbiq etməmiş və bununla maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Bundan başqa, məhkəmə akta əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsasız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarını tətbiq edərək, öz nəticəsini onunla əsaslandırmışdır ki, aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmamış, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, ona görə də onun hüquqi nəticələri qanunsuzdur. Halbuki, iddiaçı sahibkarlıq subyekti deyildir və qeyrikommersiya qurumudur, həmçinin cavabdehin apardığı yoxlama heç də onun maliyyətəsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının idarə etdiyi yaşayış binasında yalnız elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, qeyd edilən normalar hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi. İşə apelyasiya qaydasında baxılması 26.11.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsinin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakıni təmin etməmiş, məhkəmə MPMnin 376.-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli, e-2-2(113)-4065/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş halından görünür ki, iddiaçının silinməsini tələb etdiyi məbləğdən 1065,54 manat hissəsi 17.06.2021 tarixli 009737 saylı yoxlama aktına əsasən hesablanmış olan məbləğ, qalan hissəsi isə elektrik enerjisindən adi istifadə üzrə yaranmışdır. Məhkəmə iddianın təmin edilməli olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.34-cü bəndinə görə, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Qeyd edilən normaların tələbindən göründüyü kimi, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin hesablaşma elektrik sayğacına baxış keçirilməsi də sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı olan yoxlama hesab edildiyindən hazırkı halda cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamanın dövlət qeydiyyatından keçməməsi həmin yoxlama nəticəsində tərtib edilmiş aktın hüquqi qüvvəsinin tanınmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli, e-2-2(113)-4065/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “Azərişıq" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli, e-2-2(113)-4065/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1239/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1239/2021
26.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver